Bütpərəst
müsəlmanlar
Hekayə
Qəbiristanlıqları
gəzmək mənə əvəzsiz rahatlıq verir.
Xüsusilə, başdaşıların üstündəki
adları, epitafiyaları, vida qeydlərini, tarixləri oxuduqca,
daşlaşmış xatirələrə "toxunduqca"
mövcudluğun faniliyini, maddi olanın acizliyini, öləriliyini
təzədən xatırlayıram.
Adını
unutduğum şairin dediyi kimi, qəbiristanlıqlarda gəzdikcə
düşünürəm ki, elə bil "kim yaşamaq istəyir?"
sualına hamı başdaşına dönmüş əlini
qaldırıb.
Fəqət,
məni çaşdıran odur ki, bəzi qəbirüstü
abidələrə elə effekt verilib, deyərsən, bu,
ucalan heykəl deyil, ölənin özüdür, dirilib durub
qəbrinin üstündə.
Qara mərmərin
ön tərəfində - mərmərlərin də yerlisi,
xaricisi, bahalısı, ucuzu olur - mərhumun rəngli şəkli,
arxasında cavanlığında çəkilmiş başqa
əksi, yanında güldanlar, üçqatlı sinədaşı,
qızılı hasarlar... eləsi var, çardaq tikdirib qəbrin
üstündə, üstəlik, çardağın
altına işıq da vurdurub. Ki, bəs, amanın
günüdür, rəhmətlik qorxub-eləyər.
Sözsüz,
başqa ölkələrdə də var belə qəbir-bütlər.
Rumıniyanın
Sepınça kəndindəki məşhur
Çimitirul-Vesel məzarlığında qəbirlərin üstünə
ölənin məşğuliyyəti haqqında parlaq
boyalarla karikatura-məlumat vurulur.
Hətta
bəzi karikaturalar satirik şeirlərlə təqdim olunur.
***
Yaxud
Bonapartın əleyhinə yazan məşhur jurnalist Viktor
Nuarın Parisdə - Per-Laşez qəbiristanlığındakı
qəbirüstü abidəsi.
Hər il
minlərlə qadın Viktor Nuarın "dodaqları"ndan
öpür, onun "bədəni"ni oxşayır.
İnanırlar ki, Nuarın qəbirüstü abidəsini
öpüb-oxşamaqla hamilə qalacaqlar, sağlam uşaq
doğacaqlar.
Bu
daşüstü "birgəlik"dən sonra hansı
qadının uşağı olsa, həmin uşağın
şəklini gətirib Nuara "göstərir".
Fikir
verin, yazıq Nuarın öpülməkdən, oxşanmaqdan
turuncu çıxıb.
Biz
dünyanın ucqarında "deşik" pirinə lağ
edirik, camaat Avropanın göbəyində heykəldən mədət
umur.
Bu
müstəvidə ruslar, xüsusilə seçilirlər.
Əliqədəhli kişilər, gözəllikdə modellərə
meydan oxuyacaq gözəl qızlar açıq-saçıq
geyimlərlə qara mərmərdən gülümsəyir.
Ən
qeyri-adi qəbiristanlıqlardan biri də İranın Məşhəd
şəhərində, cəfəri şiələrin 8-ci rəhbəri
İmam Rzanın türbəsindədir.
Deməli,
türbənin altında çoxqatlı qəbiristan var.
Özü də, orada dəfn olunmaq hər adamın
başı üçün deyil. Qiymət 30 min dollardan
başlayır. Yox, əgər sən İmam Rzaya "daha
yaxın" olmaq istəyirsənsə, heç olmasa, 100 min
dollar verməlisən...
Əlbəttə,
bu müstəvidə ən gözəl nümunə
Tac-Mahaldır. Babur hökmdarı Cahan şahın həyat
yoldaşı Mümtaz Mahal üçün tikdirdiyi türbə
dünyanın ən gözəl memarlıq abidələrindən
biri hesab olunur.
Siyahını
uzatmaq olar, fəqət, məqsədim ayrıdır. Yoxsa, bu
barədə xeyli maraqlı faktlar tapa bilərsiniz.
Görünür,
oralarda qəbiristanlığa "öldü-bitdi" yeri
kimi baxmırlar, əksinə, mərhuma xüsusi diqqət
ayırırlar.
Bir tərəfdə
ehtiram, sonuncu mənzilə dəbdəbəynən
uğurlamaq istəyidirsə, digər tərəfdə də,
fanilik qorxusudur. Bir növ, ölünü daha çox
yaşatmağa, daha çox "saxlamağa"
çalışırlar.
Fəqət,
bizimkilərin niyyəti nə özlərinə, nə də
ölülərinə xidmət edir.
İki məsələ
var.
Birincisi,
biz Allah qoysa, müsəlmanıq və İslamda bu cür dəbdəbəli
qəbirüstü abidələr qəbuledilməzdir.
İfratçılıq, israfçılıq hesab edilir, hətta
deyərdim, bu daşı-betonu bəzəmək dini ədəb-ərkan
qaydalarını pozmaqdır. Düzdür, soruşsan, deyəcək,
nə danışırsan, əlbəttə, müsəlmanam,
qurban olum Allaha, fəqət, bilmir ki, elədiyi bütpərəstlikdir.
Bu mərmər hərisliyi, bu daş həvəsi nə
Allahın buyruğudur, nə də - Allah var adamın
başı üstdə, səhabələr də, imamlar da,
şeyxlər də bu barədə eyni qənaətdədirlər,
- peyğəmbərin.
İkincisi,
başdaşılarında çox məzmunsuz, mənasız
epitafiyalar yazılır.
Məsələn,
"Ailəsindən xatirə", yaxud, "Həyat
yoldaşından yadigar", "Övladlarından xatirə".
Bir-birinin
bəhsinə ucaldılmış daş abidələr,
bayağı vida qeydləri, şeir cümlələri bir
yana, ölənin ailə üzvlərinin mərmərə
döydürdükləri xüsusi qeydlərdən aydın
olur ki, məqsəd ölünün ruhunu xoş etmək yox,
öz əzilmiş, alçaldılmış və təhqir
edilmiş eqolarını yemləməkdir.
O ayrı
mövzudur, əlbəttə, istəsən, Kafkadan sitat gətir,
istəsən, Baləlidən; istəyirsən, Fransada öl,
istəyirsən, Ucarda - fərqi yoxdur, ölüm
ölümdür və nə qəbirüstü abidənin,
nə də vida qeydlərinin ölənin özünə zərrə
xeyri var...
Dəbdəbəli
qəbirüstü abidələrə xərclənən
pulla xeyli ehtiyaclını sevindirmək, harasa yol çəkmək,
harasa işıq vermək olar, - belə didaktik cümlələrlə
ağsaqqalıq eləmək istəmirəm, fəqət, dəbdəbəli
qəbirüstü abidələr ölümün ağ
heçliyi, daş yoxluğu haqqında düşüncələri
urvatdan salır.
Adam
ölüb torpağa düşər, torpaq da daşa
çevrilər, sən də o daşa çevrilmiş adama,
xatirəyə baxıb öz sonun haqqında, həqiqətin
ciddiliyi haqqında, ölümün məşum mahiyyəti
haqqında düşünərsən, düşünüb
özünə, yaşayışına, düşüncələrinə
əl gəzdirərsən, özünü
yığışdırarsan... Yoxsa ki, vallah, bu rəngli mərmərlərə,
bəzəkli qranitlərə baxıb heç nə
düşünmək olmur, heç nə hiss etmək olmur.
Elə bilirəm, muzeydəyəm.
Özü
də, adam gərək vaxtında ölə, üstəlik,
unudula.
Bir ara
söz-söhbət gəzirdi ki, dəbdəbəli qəbirüstü
abidələr qadağan olunacaq, daha heç kim öləninin
qəbri üstündə özünün əzilmiş
eqosunu nümayiş etdirməyəcək.
Fəqət,
nə oldusa, bir-iki ağız danışıldı, sonra o
söhbət də öldü.
Düzü,
o söhbəti kim öldürüb, o söhbətin qəbri
haradadır, bilmirəm, fəqət, dəqiq bilirəm ki, o
söhbət mütləq eskumasiya edilməlidir.
Ömər
XƏYYAM
Ədəbiyyat
qəzeti.- 2025.- 7 mart, №9.- S.28.