Teatral Adam
Kənan Hacının 50 yaşına
Kənan Hacı ilə tanışlığımızın tarixçəsi o qədər də uzun deyil. Amma mənə elə gəlir ki, onu lap qədimdən tanıyıram. Onun teatr tariximizə dərindən bələdliyi hər dəfə məni heyrətləndirir. Stanislavski, Meyerhold, Tovstonoqov, Piter Bruk və digər teatr xadimlərinin nəzəriyyələrinə bələdliyi də öz yerində. Mən təəccüb edirəm ki, o, niyə teatrşünas olmayıb. Kənan teatrı dərindən bilməklə yanaşı, həm də onu hiss edir, bəzən hansısa tamaşa haqqında söhbət edərkən onun dəqiq mükalimələrini diqqətlə dinləyirəm və bir ədəbiyyat adamının teatr sənətinin incəliklərinə bu qədər bələd olması məni yaxşı mənada təəccübləndirir.
Mən Kənanın teatr tamaşaları haqqında resenziyalarını oxuyanda məmnunluq hissi keçirirəm. Görürəm ki, aktyorlar da onun resenziyalarını maraqla oxuyur. O, rejissor ideyasını daxili bir fəhmlə hiss edir və aktyorların potensial imkanlarına bələd olduğu üçün hansı aktyorun hansı rolu oynaya biləcəyini də hiss edir. Bəli, məhz hiss edir. Mən son zamanlar tamaşa hazırlayarkən onunla müəyyən məsələlərdə məsləhətləşirəm. Tale elə gətirdi ki, biz Kənanla birgə işləyəsi olduq. Dramaturq və rejissor tandemi uğurlu alındı. Mən ondan özbək yazıçısı Abdulla Qədirinin "Ötən günlər" romanını səhnələşdirməyi xahiş etdim. Çünki ona inanırdım, bilirdim ki, bir neçə pyesi teatrlarımızda oynanılıb. Kənan bu romanın motivləri əsasında gözəl bir pyes yazdı, o, rejissorun nə istədiyini bildiyi üçün əsərin ilk oxunuşunda teatrın kollektivi də pyesi qəbul etdi və mən məşqlərə baxdım. Kənan məşqlərdə aktiv iştirak edirdi, mən onunla yaradıcılıq prosesindən sözün əsl mənasında zövq aldım.
O, rejissoru, aktyorları diqqətlə dinləyir, zərurət yarandıqda hansısa səhnəyə əlavələr yazır, özü də müəllif olaraq müəyyən təkliflərini bildirirdi. Yaxın günlərdə tamaşanın premyerası olacaq. Bu müddət ərzində mən Kənanı daha dərindən tanıdım. Bəzən çay süfrəsi arxasında söhbətlərimiz zamanı mən görürdüm ki, Kənanın fikri hələ də tamaşa ilə məşğuldur. Tamaşa üçün musiqi seçimlərində də öz dəyərli fikirlərini bildirir, mənə yaxından köməklik göstərirdi. Biz bu tamaşanı demək olar ki, birlikdə hazırladıq. O, vaxtının çox hissəsini bu tamaşanın hazırlanmasına sərf etdi. Bu müddətdə hansısa roman və ya hekayəsini yaza bilərdi. Amma onun işə vicdanla, məsuliyyətlə yanaşmasını gördüm və sənətdə uğurlar qazanmasının səbəbi mənə aydın oldu.
Teatr cameəsində də Kənanı doğma adam kimi qəbul edirlər və bu, məni çox sevindirir.
Bu gün təəssüf ki, teatr
tamaşaları haqqında ciddi söz deyən teatrşünaslarımız azdır. Hansısa jurnalistin tamaşa haqqında səthi yazı
yazması
teatrşünas yanaşması deyil. Son illərdə
hansısa tamaşa haqqında nadir hallarda rezonans doğuran yazılar olur. Daha çox diletant yanaşmalar gözə dəyir ki, bu da rejissor və aktyorlar tərəfindən ciddi qəbul olunmur. Mən dəfələrlə
müşahidə etmişəm
ki, Kənanın hansısa
tamaşa haqqında yazısı aktyorlar tərəfindən müzakirə
olunur. Bəzi aktyorlar öz rolları haqqında onun söz deməsini
arzulayırlar və bunu mənə bildirirlər. Kənanın
təhlil bacarığı
yazısının sambalını
artırır. Bu da praktiki
və nəzəri bazasının olduğundan
irəli gəlir. Məhz buna görə o, baxdığı tamaşa
haqqında operativ yazılar hazırlaya bilir. Premyeranın səhərisi günü
onun yazısı artıq mətbuatda dərc olunur.
Əlbəttə, Kənan Hacı
hər şeydən əvvəl yazıçıdır.
O, uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub, gözəl əsərlər müəllifidir.
Teatra dərindən sevgisi onu məcbur
edir ki, qələmini
teatr sahəsində də sınasın və bu, heç
də həvəskar yanaşma deyil. Onun yazıları peşəkarlığı ilə
seçilir. Yazıçı
olmasaydı, Kənan çox gözəl teatrşünas ola bilərdi.
O, qələmini ədəbiyyatın
müxtəlif janrlarında
sınayıb - şeir,
roman, esse, ədəbi
tənqidi məqalələr.
Tərcümə ilə
də ardıcıl məşğul olur. Həyatım boyunca onun qədər kitaba, ədəbiyyata içdən bağlı
olan ikinci bir adam təsəvvür
edə bilmirəm. Həmişə əlində
kitab, ya da qəzet görmək olar. Yolboyu oxuyur, qeydlər edir. Güclü yaddaşı
var, 80-ci illərdə hazırladığım,
hətta mənim özümün belə unutduğum tamaşalarım
haqqında o qədər
yerli-yataqlı danışır
ki, deyirəm, ay Kənan,
sən bütün bunları hardan bilirsən?! Gülümsəyir
və deyir ki, mənim uşaqlıqdan teatra böyük sevgim olub.
Bu günlərdə böyük
şairimiz Rəsul Rzanın "Vəfa"
pyesini Bakı Bələdiyyə Teatrı
üçün hazırladığımı
ona dedim. Kənan dedi ki, Mərahim müəllim, siz bilirsinizmi, Rəsul Rza hələ 40-cı illərdə
üçrəngli bayrağımıza
şeir yazıb. Bu mənim üçün göydəndüşmə oldu.
Kənan o şeiri gətirdi, mən "Vəfa" pyesinin finalına həmin şeiri əlavə etdim. Bu, Kənanın tapıntısı idi.
Ədəbiyyat Kənanın alın
yazısıdır, özü
demiş, taledən qaçmaq mümkün deyil. O, bütün ömrünü ədəbiyyata
həsr edib. İyirmi altı kitabı çıxıb.
Xeyli sayda romanları var. Bunun müqabilində
həddən artıq
təvazökar, umacaqsız,
iddiasız adamdır.
Beləcə, 50 yaşa
gəlib çatıb.
Mən inanıram ki, onun ədəbiyyatımızda
xidmətləri layiqincə
qiymətləndiriləcək. Kənan buna layiqdir. Mən dəyərli dostuma bu yubiley
günlərində uzun
ömür, yaradıcılıq
uğurları arzulayıram!
İnanıram ki, iş
birliyimiz bundan sonra da davam edəcək.
Mərahim FƏRZƏLİBƏYOV
Ədəbiyyat
qəzeti.- 2025.- 7 mart, №9.- S.9