Anar sevgisi
Eyniadlı kitaba Önsöz
əvəzi
87 yaşı ərəfəsində
milyonların sevimlisi
Anar haqqında yazdıqlarımı
cəmləyib kitab bağlamaq
istədim. Az deyildi, bir kitablıq vardı. "Anara oda",
"Anar tezisləri", "Anarı anlamaq zamanı", "Yazıçı
Anarın hünəri",
"Anarın Söz dünyası", "Çağdaş
Ədəbiyyat dastanı"...
- Anar haqqında çox
yazmışam, az qala ismin bütün
hallarında. Bunu illər deyir.
Anar sevgim mənim
həmişə Ədəbiyyat
istəyi-təşnəliyi olub; bu barədə
xatirələrim danışır
("Anarı anlamaq zamanı"). İlk gəncliyimdə
dərnək müəllimim,
yazıçı Tofiq
Qəhrəmanov bu sevgini mənə aşılayandan, çox-çox
uzaq sovet əyyamlarında, daim Anar
fanatı, Anar pərəstişkarı
olmuşam. Elə sonralar da, Ədəbiyyatda
Anar davasından heç
zaman əl götürməmiş,
çəkinməmişəm; bunu da 1983-dən 2025-ci iləcən
altında tarixin dürüst rəqəmləri
yazılarım xəbər
verir. Həm də tək fanat-çağlarımda yox,
Anardan kəskin küsüb AYB-dən gedəndə də
("AYB-dən YeniSiyə
getdi"), məlum olanda ki, heç yana getməmişəm
(Anar müəllim ərzimə-ərizəmə
sadəcə imza atmayıb), gedəmməmişəm
- onda da...
Ədəbiyyatdan həmişə Anar sevgisi
ummuşam. Bir mən yox ki; təkcə elə Anarın son illərdə işıq üzü görmüş
fundamental "Söz dünyası"nın
IV kitabını vərəqləsək,
Sözardı qismində
nə qədər də Ədəbiyyat yolçularının bu xüsusda etiraflarını
görə bilərik
(ərinməyib mən
40-dan çoxunu saydım).
70-cilər, 80-cilər, 90-cılar; Anarı
istəyənlər də,
istəməyənlər də,
elə gah istəyib-gah
istəməyənlər də
yenə, yenə Anardan danışır.
Bu bir epoxadır, artıq bitmiş, dünəndə qalmış
zamanlardır; Söz dünyasının özü
də təsdiq edir, özəllikləri,
gözəllikləri olan
bizim zamanımızdır
- hazırda xatirələr
zamanı... (bax: Anar, Söz dünyası, III cild. Bakı, "Şərq-Qərb", 2022, 728 səh.; IV cild. Bakı, "Şərq-Qərb",
2022, 624 səh.)
Dövrün başlanğıcında, 1960-cı illərdə(n) Ədəbiyyatda
Anar bizimçün müasirlik
ölçüsü-etalonu, böyük Müasirlik hərəkatının generatoru,
lokomotivi olubdur...
("Anar tezisləri") Sonra Müstəqillik
illəri, hərəkatın
davamı, "Gecə
düşüncələri" gəldi; epoxanın Ədəbiyyatda flaqmanı,
emblematik adı, simvolikası bildik Anarı ("Simvol adlar"). Üstəgəl
həm də "Qarabağ dastanı. Otuz ilin həsrəti
- 44 günün zəfəri",
var-oluşumuzun başqa
bir halı... ("Çağdaş Ədəbiyyat
dastanı") İndilər,
Anardan sonra isə - post, post, post... post-, meta-, meqa-, maqa-... - yerinə nə gəlibdisə də gəlibdir... ("Yazıçı
Anarın kədərli
ironiyası")
Modern epoxa, müasirlik
çabalarımız, darlıqdan
çıxıb Dünyaya
yazılmaq ehtirasları...
- həmin o uzun, up-uzun Sevda yolunda, heç fərqinə varmadan, bir də
ayılıb görmüşük
ki, can atdığımız, uzaqda bildiyimiz Anarla həmyaşıdıq,
əsrdaş, həmməslək,
əqidə yoldaşıyıq.
Uzun məsafələr
qət etmiş, ömür xərcləmiş,
böyük mətləblər
yormuşuq. Az olmayıb
ki, çox umub da küsmüşük də
Anardan...
Hələ gənclik çağlarımda(n),
1970-cilərdə Şəxsiyyət azadlığı istəmişik,
Sənət azadlığı
ummuşuq Anardan,
"ekzistensiya" sorağına
çıxmışıq... ("Ağ liman" povestində forma və məzmun vəhdəti",
"Əlaqə sorağında")
İstəmişik, sorğulamışıq,
almışıq da: "Ağ
liman"da, "Molla Nəsrəddin-66"-da,
"Yağış kəsdi"də,
"Mən, sən, o
və telefon"da,
"Gürcü familiyası"nda,
"Dantenin yubileyi"ndə...
Biz bu təmənnada
("ekzistensiya" axtarışlarında)
ikən, qayıdıb
Anarın epos yazması,
kino-dastan bağlaması ("Dədə Qorqud"), yaxud Klassika sorağında universal gəzişmələri
("Dədə Qorqud
dünyası", "Şairin
hünəri", "Şairin
kədəri", "Şairin
zəfəri", "Anlamaq
dərdi"...), durmadan
geniş Maarifçilik
işi ("Qobustan"
jurnalı,"Sizi deyib gəlmişəm",
"Nigarançılıq", "Qəm pəncərəsi",
"Üzeyir ömrü", "Cavid ömrü", "Sübhün
səfiri"; "Min beş
yüz ilin oğuz şeiri"...) xeyli heyrətləndirib, şaşırdıb, çaşdırıbdı
da... Vaxt olub "əyri güzgülər"də,
kosmopolitizmdə suçlamışıqsa
Anarı, sonra qayıdıb millətçilikdə,
millət davasında damğalamışıq da ("Anar nəsrində forma və məzmun vəhdəti").
İrəli qaçıb
Sartr ola bilmədi, Kamü ola bilmədi dediyimiz də olub, dərindən-dərin,
millilik adına uzun-uzadı düşünməyimiz
də ("XX əsr Azərbaycan nəsrinin poetikası"). Həmişə
də sonda Anar haqlı çıxıbdır...
Yazıçı fəhminə nə söz?! Görmüşük
ki, mücərrəd ekzistensializm
olmur, təqlidlə Ədəbiyyat heç olmur ("Azərbaycan
"yeni nəsri")...
Anlamışıq; bəlkə
də bizə öncə milli eposun bərpası lazımdır.
Milyonların qəlbinə
girən, ruhunu çalan kino-dastan lazımdır:
"...O torpağı ki, qoruya
bilmədin, onu əkib-becərməyə dəyməz.
O torpağı ki, əkib-becərmədin,
onu qorumağa dəyməz...". Fərqinə
varmışıq, - "Axı
biz elə deyildik, ay əmi... Yaxşı, bəs indi bizə
nə olub, ay əmi..." - fərdin azadlığına varmazdan
əzəl bəlkə
sosial ekzistensializmə
baş vurmağımız
gərəkir ("Macal",
"Şəhərin yay günləri"...).
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"nə qalxanda
çox-çoxlarımız Anarı qınamış, daha
bir mərtəbə endi deyib, qəhrəmanlarını
meşşanlıqda suçlamışıq
da ("Anar nəsrində forma və məzmun vəhdəti"). Gəl
ki, hər dəfə
çarpışa-vuruşa, nəsildən-nəsilə Təhminə
teması ("Ağ liman", "Beşmərtəbəli
evin altıncı mərtəbəsi", "Təhminə
və Zaur", "Təhminə",
"Təhminənin son sirri")
daha da geniş oxucu-tamaşaçı məhəbbəti
qazananda, baho, Anar ki milli varlığımızın
melo-dramatik kodunu-damarını
daha yey bilirmiş deyib qail olmuşuq ("Təhminənin son sirri"
hekayəsi haqqında)...
Vaxtilə "Evləri köndələn
yar" tele-tamaşası Eldar
Ryazanovun "Həmişə
təmizlikdə"sini Yeni il axşamlarından vurub-çıxaranda
nəsə bir az da peşman olur, "şap-şup"u
hardasa ucuz zarafata yozurduq. Demə, Anar bizi zərif yumoru ilə hələ nə qədər də (bugünün) kütləvi şou-şitlikləri,
şitənmələrindən qoruyur, saxlayırmış...
Milli varlığın ekzistensial halını çözməklik, zaman-zaman millətin
ekzistensiyasını yazmaqlıq
daha necə olur ki?!
1960-1980-ci illərin sonu,
yeni eranın başlanğıcı
yazıçı bir
dəfə özündən
baş götürüb
getmiş millətin ekzistensial halını
"Otel odası"na
gömdü, "basdırdı"...
("Otel otağı"nda
bir ömür) Qane olmadıq, Anar, Anar! - dedik.
Bu dəfə Anar dizini
qatlayıb, millətin
qorxusunu, xofunu, qara yuxularını -
"Ağ qoç qara qoç"u ərz elədi, bir az da utopiyasını-xəyalatını
böyrünə qatdı
ki, çox da qorxmayaq,
sərvaxt olaq...
("Proza önə çıxdı") Anar, Anar! - deməkdən yenə usanmadıq...
İndi Anar bizi irreal, irrasional dünyalara aparıb, astral yer-göy,
mental xeyir-şər səltənətlərində
azdırdı, fərz
qılaq ki, qeybə, qeyblər aləminə yönəltdi... ("Göz
muncuğu") O yanda
amma rasional dünyamızdan
da qoparmadı: "Ötən
günə gün çatmaz, calasan günü-günə..." - "Söz dünyası"nı
yazdı. Hətta vəsiyyətini də etdi, "Sizsiz", "Mübarizə bugün də var", "Həyatım
ağrıyır", "Kərəm kimi", lap bugünlərdə isə
"2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı,
dörd Xalq şairi" əsərlərinin
ardınca "Yaşamaq
haqqı"nı qələmə
aldı: "Bu kitab xalqıma
vəsiyyətimdir..." - dedi. Anar! - çağırdıq
yenə: - Anar!,
Anar!..
Gördü olmur, köhnə qəhrəmanlarını köçürdü
təzə dünyamıza,
dekonstruksiyasını etdi,
baxaq görək nə deyəcəksiz...
("Yazıçı Anarın
kədərli ironiyası")
Və son, qəhrəmanını
günə qənşər
sırf biznesmen eləyib dəfn elədi qərib bir diyarda... ("Qatardan qalan adam")
Nə deyəyim, bundan da artıq Ədəbiyyatda(n)
Anar sevgisi (ummaq) olurmu?! Anar, bizim Anar...
Bir-iki kəlmə
də Ədəbiyyat
- Dövlət - Cəmiyyət
münasibətləri barəsində
("Yazıçı Anarın
hünəri"). Anar hələ
1971-ci ildə Azərbaycan
KP MK-nın diqqətinə
gəlmiş yazıçıdır:
"Respublika partiya təşkilatının
rəhbəri kimi ən yüksək instansiyalardan gələn siqnallara reaksiya verməli olduğu üçün "Qobustan"ı
yüngülvari tənqid
etdi, amma Azərbaycan vətənpərvəri kimi
toplunu dağılmağa
qoymadı..." ("Unudulmaz
görüşlər"); "Yaxşı padşahın
nağılı"na (1970) cürət etmiş, ondan sonra da həmişə Anar olmağa
cəsarəti çatmış
yazıçıdır...
Anar Müstəqillik illərində
Ulu Öndərə Dədə
Qorqud bayramı təklifini vermiş, Heydər Əliyev Fondu ideyasını irəli sürmüş ("Unudulmaz
görüşlərin izi
ilə"), Azərbaycan
Prezidenti İlham Əliyevə
təklifini verərək,
Heydərabad yaratmağın
təməlini qoymuş
yazıçıdır ("Yazıçı Anarın
hünəri"). Çün
Anarın həmişə
Xalq, Cəmiyyət, Dövlət qarşısında
real, aydın, dürüst
Ədəbiyyat platforması,
Ədəbiyyat hesabatı
olubdur. Bir yazımda
da dolayısı yazmışam.
Həndəvərində olanların
heç birisinin belə bir platforması
yoxdur. Anarınsa vardı...
Kitabda mən ömrün müxtəlif çağlarında,
müxtəlif nöqtələrdən,
müxtəlif ruh halında yazılmış,
eyni bir Anar sevgisini ifadə edən yazıları topladım. O sevgi ki, adına Ədəbiyyat sevgisi deyirik...
Tehran ƏLİŞANOĞLU
Ədəbiyyat
qəzeti. - 2025.- 14 mart (№10).-
S.8.