Unutmağa kimsə var
"Ədəbiyyat qəzeti"nin bu
sayından etibarən Xalq yazıçısı, akademik Kamal
Abdullanın yeni yazdığı
"Unutmağa kimsə var" adlı emuarını təqdim
edirik.
Mənim Sizinlə söhbətim, Sizə
demək istədiklərim təkcə bir adam ilə
bağlı söhbət deyil. Həm də bu adamın həyat, ədəbiyyat, tarix, mədəniyyətlə bağlı
düşüncələri, yaşadıqları barədə
söhbətdir. Bəlkə
də bu yazıları oxuduqca Siz balaca bir
uşağın, sonra
bir gəncin, daha sonra yaşlı
bir adamın bioqrafiyası, həyat yolu ilə yanaşı,
onun yaşadığı
dövrün, zəmanənin,
o illərin də hənirtisini duyacaqsınız.
50-ci, 60-cı, 70-ci, 80-ci 90-cı illərə,
daha sonra gələn 2000-ci illərə
qayıdacaqsınız, gördüklərinizi,
yaşadıqlarınızı bir daha xatırlayacaq,
bir daha yenidən o illərin energiyasını, Sizdə
buraxdığı əks-sədasını
hiss edəcəksiniz. Fiziklər
deyir ki, kainatın yaranmasına səbəb sinqulyar nöqtənin partlayışı olmuşdur.
Milyard illər bundan öncə baş vermiş bu Böyük Partlayışın əks-sədası
indi də fəzada dolaşmaqdadır.
Bu əks-sədanın hənirtisini
tapan alimlərə bu gün Nobel mükafatı verilir. Buradan belə çıxır ki, deməli,
bizim də təsəvvürümüzdə əvvəllər yaşadığımız
illərin əks-sədası
dolaşır. Onların
bir daha təsəvvürümüzdə zühur etməsi qeyri-real deyil, mümkün olan bir haldır. Mən Sizinlə, əziz oxucu, belə bir zühur
halından söz açmaq istəyirəm.
Belə bir söhbət, əlbəttə
ki, Böyük Partlayışdan
üzü bəri gələn zamanı əhatə etməyəcək.
Olsa-olsa, gözəgörünməz
atom qədər kiçik
bir zaman kəsiyindən
söz gedə bilər.
Mənim maraqlı adam olduğumu deyənlər (belələri
isə kifayət qədər çoxdurlar)
gərək bir məsələni unutmasınlar.
Mən həyatım boyu maraqlı adamların əhatəsində
olmuşam ki, bu, belə olmuşdur. Nyutonun bu sözləri
dərk etməyi bacaran uğurlular üçün qulaqda sırğa olmalıdır.
O deyirdi: "Mən uzaqları onun üçün görə
bildim ki, nəhənglərin
çiyninə çıxmışdım."
Mən də nəhənglərin çiyninə
çıxmışdım. Onun üçün kiminsə istəməyindən,
kiminsə istəməməyindən
asılı olmayaraq ən azından maraqlı olmaq mənim alın yazıma çevrilib.
Həyatda əldə edilən uğurların səbəbini Nyutonun bu sözlərindən daha aydın və daha mənalı
şəkildə ifadə
eləmək, yəqin
ki, mümkün deyil.
Ümid edirəm ki, bu kitabda əgər
oxucu uğurlu adam, yaxud adamlar
tapacaqsa, ona, yaxud onlara Nyutonun
müdriklik səviyyəsindən
baxa biləcəkdir.
Həyatımın ən yaddaqalan
günlərini müxtəlif
yerlərdə keçirdim.
Başqa ölkələri,
başqa şəhərləri
hələ demirəm.
Uşaqlıq və
ilk gənclik zamanı
Bakıda, Naxçıvanda,
Şuşada keçirdiyim
gözəl günlər
ən şirin xatirələrə çevrildi.
O günlər gözümün
qabağında indi də canlı kimi yaşaya bilirlər. Mən, elə bil, bu
gündən ayrılıb
o vaxta, o məhləyə,
o uşaqlara, o əhvala
bir daha qayıda bilirəm.
Naxçıvanda babamın evi Hüseyn Cavidgilin evi ilə divarbir qonşuluqda idi. Onlar uzaq qohum,
yaxın qonşu idilər. Bağçaları
ayıran divarda balaca bir qapı
da var idi. Gediş-gəliş
təkcə küçədən
deyil, bağçadan
bağçaya olsun deyə.
Biz - 10-11 yaşlı uşaqlar yayda, qızmar günəşin
amansız şüaları
altında bir həyətdən o biri həyətə qaçar,
gizlənpaçın bir
hissəsini babam Məşədi Abdullanın
bağçasında, o biri
gizlənmək hissəsini
isə Hüseyn Cavidgilin həyətində
oynardıq. Gül-çiçəyin
ətrindən, bolluğundan
doymaq olmurdu. Baxdıqca baxırdın,
yorulmurdun. Qızılgül
kollarının arasında
kənardan səni seçməyə bilərdilər.
İllər keçdi,
mən Hüseyn Cavidgilin bağçasında
bitən qızılgüllərin
ətrini bir daha heç bir yerdə ala bilmədim. O güllər
qədər ürəkdən,
arzu-kamla açan gülləri bir daha heç yerdə görmədim.
Şuşada babamın evinin qabağında açıqlıq var idi.
Mən artıq yaşlanmışdım, 15 yaşım
var idi və mənə elə gəlirdi ki, artıq sevə bilərəm. O açıqlıqda axşamlar
qonşu həyətlərdən
çıxan, dövrələmə
oturub-durub bir-birilə
bəzən qızğın,
bəzən də tənbəl-tənbəl söhbət
edən, mənimlə
və digər məhlə uşaqları
ilə həmyaş, bəzənib-düzənmiş qarabuğdayı,
gözəl qızların
oğrun-oğrun baxan
baxışlarındakı doğmalığı mən
daha heç vaxt, heç yerdə görmədim.
Bakıda Mirzə Fətəli küçəsində
qoşa tut ağacının
altında köhnə
əskiləri bir-birinə
sıxıb-bağlayıb yumru top kimi bir şey düzəldərək
biz - məktəb yaşı
hələ çatmamış
məhlə uşaqları
bir-birimizi itələyə-itələyə,
ciddi-cəhdlə üzbəüzdəki
qapısı bağlı
qalmayan darvazadan bu topu keçirməyə
çalışardıq. Guya
futbol oynardıq. Və biz topu qapıdan keçirəndə
üzümüzdəki sevinci,
ağzımızdan qopan
bağırtını, qışqırığı
unutmaq olarmı, olmaz.
Həyatım boyu gücüm
çatan qədər
kağız üzərində
qələmlə əsrarəngiz
səyahətlərə çıxıb
elə hey yazdım.
Elmi əsərlər, dərs
vəsaitləri, monoqrafiyalar,
ədəbi-tənqidi məqalələr,
rəylər, publisistika,
qəzet köşələrinə
yazılar, televiziya verilişləri, intervülər,
şeirlər, tərcümələr,
pyeslər, esselər,
hekayələr, romanlar...
Hər cümləyə,
hər misraya mən ağrı və məşəqqətlə,
eyni zamanda daxili bir rahatlıqla
nail oldum. Çünki
yazdığım hər
söz ürəyimdən,
beynimdən gəldi. Mənimki olmayan heç nəyə imzamı qoymadım. Bütün bunlar oldu. Və mən
hər yazdığım
kiçik, yaxud böyük mətndən
sonra elə bildim ki, bir daha əlimə qələm ala bilməyəcəyəm.
Mənimki, düşündüm,
elə bura qədərmiş. Mənə
elə gəldi ki, beynimdə, qəlbimdə
nəyim vardısa, onu yazdığım son yazıya vermişəm.
Sonra da özümü boşalmış
çuval kimi hiss etdim. Amma yox. Belə deyilmiş. Hansısa bir gücün iradəsilə
hər dəfə yazdığım son yazı
sonuncu yazı olmurdu. Bir qədər keçirdi, mənə, elə bil, hardansa
yenidən güc gəlirdi. Çuval təzədən öz-özünə
dolurdu. Mən yenə də yazmağa başlaya bilirdim.
Yazmaq həvəsi göylərin bir inayətidir. Oxuduğum kitablardan gələn ideyalar, yuxuda gördüyüm, yaxud şahidi olduğum hadisələr, eşitdiyim
əhvalatlar, tanıdığım
adamlar beynimdə yazacağım mətnin sxeminə, bu sxemin işarətlərinə
dönürdü. Xüsusilə
də, kitablardan gələn energiyanı heç nə ilə əvəzləmək
olmaz. Bəzən mübahisə edirlər
ki, yazıçının formalaşdığı yer
hara olmalıdır - kənd,
yoxsa, şəhər?
Başqa sözlə,
bu fikri ümumiləşdirsək, belə
ifadə eləmək
olar: yazıçının
vətəni haradır,
kitab, yoxsa, həyatdır?!
Yazıçı ədəbiyyata
hardan gəlir - kitabdan, yoxsa, həyatdan?!
Bəziləri düşünür
ki, yazıçının uşaqlıqdan başlayaraq
çarıqlı, ya
da yalın ayağı
hökmən torpağa
dəyməli, o, səhər
obaşdandan burnunda təzək iyi duymalı,
kənd həyatının
bütün keşməkeşlərindən,
zibilliklərindən keçməlidir.
Kənd adamı kimi həyatın sərt üzünü görməli, torpağın
şirəsini əllərində
ovxalamalı, dumanlı
havasını (əgər
dağ kəndidisə)
ciyərlərinə çəkməlidir.
Belə deyilsə, şəhərdə asfalt
üstündə yeriyib
böyüyən adamdan,
kitabı kitab dalınca
oxuyandan sonra əlinə qələm alandan yazıçı olmaz. Yazıçı, daha doğrusu, əsl yazıçı ədəbiyyata kitabdan yox, həyatdan gəlməlidir. Bütün
bu cəfəng söhbətlərə, bir
sözlə, son qoymaq
olar.
Kənddə boya-başa çatan, kənd həyatının bütün
incəliklərini bilən,
folkloruna, etnoqrafik özəlliklərinə bələd
olan bir adam kitabsız mühitə düşərsə,
kitab tanımazsa, hərfi
hərfin yanına gətirib hər hansı bir mətn yarada bilərmi? Bu, qətiyyən,
mümkün deyil. Mənim və yəqin ki, bütün dünyanın həqiqi ədəbiyyatsevərlərinin sevimli yazıçısı
Xorxe Luis Borxes deyirdi ki, mən ədəbiyyata kitabdan gəlmişəm və bununla fəxr edirəm. Mən də Borxesin dediyini təkrar edə bilərəm. Mən də bununla fəxr edirəm. Neçə-neçə
sənət fədaisi
də bununla fəxr edər.
Mənim əsas peşəm müəllimlikdir.
Mənim ən yaxşı bacardığım
iş budur - dərs demək. Bununla bağlı bir qədim deyimi, hətta özümə deviz seçmişəm. Bu, bir
latın ibarəsidir:
"Docendo discimus".
Tərcüməsi belədir:
öyrədərək öyrənirəm.
Diqqətli oxucu, yəqin ki, fərqinə vardı. Universitet müəlliminin
bir vəzifəsinin adı da elə "dosent"dir, yəni, deyə bilərik ki, ilkin mənasında "öyrədən" sözü
bu ibarədəki
"docendo" sözündən
yaranmışdır. Hələ
qədim romalılar belə bir ibarəni
yaradırkən artıq
başa düşürdülər
ki, öyrətmə prosesi
birtərəfli ola bilməz.
Müəllim öyrədirsə,
o eyni zamanda öyrətdiyi adamdan həm də öyrənir. Bu proses öz
əzəli anlamında
ikitərəfli prosesdir.
Öyrətmə prosesi zamanı
həm də öyrənə bilən müəllim, mən belə hesab edirəm ki, xoşbəxt
adamdır. Bu mənada,
deyə bilərəm
ki, mən xoşbəxt
adamam. Çünki həmişə auditoriyada
öyrətdiyim zaman özüm
də auditoriyadakı
tələbələrdən öyrənməyə cəhd
etmişəm. Orası
da var ki, öyrədə-öyrədə
öyrənmək asan
məsələ deyil,
o, çox böyük
bir bacarıq tələb edir. Bu, qürur duyulası və fəxr ediləsi bacarıqdır.
Mən də həmişə dərs dediyim tələbələrimdən
öyrənməyimlə həm
qürur duymuşam, həm də onlarla fəxr etmişəm.
Sual edilə bilər ki, necə olur ki, sən dərs deyə-deyə həm də öyrənirsən?! Tələbələrin
də, öz növbəsində, dərs
zamanı sənə dərsmi deyirlər?! Dərs dediyin adamdan eyni zamanda
sən özün necə öyrənə bilərsən?! Bu mümkün
ola bilərmi?!
Bu mümkün ola bilər! Vacib deyil ki, onlar da mənim onlara dediyim kimi mənə
dərs desinlər. Mənim onlardan öyrənməyim tamam başqa müstəvidə
baş verir. Mən necə və nədən öyrənmişəm?! Mən
onların mənə
qulaq asdıqları
zaman özlərini unudub
diqqətlərini tam şəkildə
dediklərimə yönəldə
biliblərsə, mən
bundan öyrənmişəm.
Belə məqam milçək uçsa, sanki təyyarə uçur kimidir. Təkcə qulaqları ilə deyil, gözləri ilə də qulaq asdıqları
andan öyrənmişəm.
Verdikləri suallardan öyrənmişəm. Mənimlə
razılaşmadıqları və mübahisə etdikləri məsələdən
öyrənmişəm. Və
bu zaman özümçün
aydınlaşdırmışam ki, öyrətdiyim hansı məsələnin təqdimatı
tələbə üçün
maraqlı, diqqətçəkəndir,
hansı isə suallar doğurur. Bu bilik mənə özümün özümü
korrektə etmək imkanı verib. Auditoriyada oturmuş tələbəndən öyrənməyin
mənəvi vüsəti
böyükdür. Adam rahatlayır,
özünü quş
kimi hiss edir. Sanki bir ailənin içinə düşürsən.
Hərdən mənə elə gəlir ki, oxucularımla da mən bir ailənin üzvləriyik. Və bu kitab mənim onlara ünvanlamaq istədiyim son müraciətdir.
Bundan sonra başqa bir müraciət olmayacaq. Mənə elə gəlir ki, bu kitabda öz müəllimlərim, dostlarım,
yaxınlarım, uzaqlarım
barədə xatırlayıb
yazdıqlarımın səmimiyyətinə
mənim oxucum inanacaqdır. Doğrudan
da, bu yazdıqlarımın
hər səhifəsi,
hər cümləsi həyatın ağrılı,
sevincli günlərinə
bükülmüş bir
dərs kimidir. Hər epizodu, hər passajı, hər fəsli burada haqqında söhbət gedən adam, yaxud hadisə
ilə bağlı bir dərs kimi
qəbul edilə bilər. Oxucuma ünvanladığım dərslə
yanaşı, eyni zamanda oxucumdan mənə ünvanlanan
son dərs kimi qəbul edilə bilər. Məndən oxucuma, oxucumdan mənə ünvanlanan dərs kimi. Vəsiyyət kimi. Ömrüm boyu deyə bilməyib ürəyimdə saxladığım
məhrəm hisslərin
dünyaya gəlişi
kimi qəbul edilə bilər. Nəhayət, mənim sənə, Əziz oxucu, bir hesabatım
kimi qəbul edilə bilər. Mən bu hesabat
dərslərini ürəyimin
istəyilə hazırladım,
ürəklə qələmə
aldım. Sən də, əziz oxucu, inanıram ki, onu öz ürək
genişliyinlə qəbul
edəcəksən.
Məni sevən vəfalı oxucum pərişan olmasın
ki, mən burada
"son dərs" ifadəsini
işlətdim. Lirika həmişə öz sözünü deməyə
can atır. Bu dərslərin
son olmasına gəlincə,
təskinlik olaraq onu deyim ki, elə
indicə ağlıma
bunu təkzib edən bir fikir
gəldi: hər halda ömür vəfa etsə, deməyə yeni söz həmişə tapılacaq.
Mən buna inanıram.
Sonuncu dayanacağa hələ var. Son yox, sonuncu dayanacağa.
Bilirsənmi, Əziz oxucu, hansısa sonuncu anın gəlişini mən heç də arzuedilməz bir hal kimi qəbul
etmək istəməzdim.
Bir yazı adamı üçün ən ağır olan şey nədir?! Hələ yaza bildiyini, amma yazmaq istəmədiyini dərk eləmək. Bu, çox zalım məsələdir.
Yaza bilə-bilə yazmamaq göründüyü
qədər də asan deyil. Yəqin
ki, ona dözmək mümkün olmazdı.
Bir körpə doğulacaqsa,
o hökmən ana bətnini
tərk etməli, doğulmalıdır. Mən
belə deyərdim: vazkeçilməz yazmaq eşqi qoy vaxtilə
Bakı milyonçularının
həyətindən fışqıran
nöyüt kimi göylərə ucalsın.
Onu da bildirmək istəyirəm ki, Əziz
oxucu, sən bu kitabı oxuduqca mən sənin reaksiyanı, diqqətli baxışlarını,
hətta vermək istədiyin sualları pərdənin o biri tərəfində olsam belə, hökmən hiss edəcəyəm. Bu inam heç cür yaxa qurtara bilmədiyim
pessimizmdən, kədər
və qəm-qüssədən
irəli gəlmir. Bu inam mənim daim
öyrənməyə canatım
istəyimdən və
cəhdimdən irəli
gəlir. Bu inam yaşadıqlarımı bir
daha yaşamaq ehtirasım, ruhumun hansısa başqa biçimdə zühur etməsinə olan arzumdur. Nəhayət etibarilə, bu mənim harda oluramsa olum - ya torpağın üstündə, ya da altında - əbədi həyat eşqimdir.
Son dərsə xoş gəldin, Əziz oxucu. Biləsən ki, bu son dərs mənim sənə, sənin mənə məhəbbətimiz
və etibarımız
üzərində qurulacaq.
Kamal ABDULLA
Ədəbiyyat qəzeti. - 2025.- 14 mart
(№10).- S.23.