Ədəbiyyat adamları Şirindil Alışanlı haqqında
Şirindil Alışanlı ədəbiyyat
nəzəriyyəsi ilə ədəbi tənqidin
qovşağında olan ədəbiyyatşünas
olmuşdur. Bir çox araşdırmaları və
məqalələrində isə
o, ədəbi tənqid
meyilli ədəbiyyat
nəzəriyyəçisidir.
Çox təəssüf ki, Şirindil
Alışanlı doğulduğu
"Azərbaycanın mərdlik
qalası" - doğma
Laçına getmək
arzusuna çata bilmədi. Lakin laçınlıların
artıq elliklə doğma yurda qayıdıb əbədi
məskən salmaları
onun arzularının həyata keçirilməsinin
ifadəsidir.
Şirindil Alışanlı Azərbaycan
Milli Elmlər Akademiyasında
nəşriyyat-poliqrafiya işinin
əsas qurucularından
idi. O, uzun müddət Akademiyanın
"Elm" nəşriyyatına bacarıqla rəhbərlik
etmişdir.
Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunda "XX əsr
(sovet dövrü) Azərbaycan ədəbiyyatı"
şöbəsinin müdiri
kimi də Şirindil Alışanlı
ədəbiyyatşünaslıq elminin müasir problemlərinin tədqiq edilib öyrənilməsi
işinin təşkilinə
mühüm töhfələr
vermişdir. Hazırda
Ədəbiyyat İnstitutunda
hazırlanmaqda olan 10 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin
VII cildinin yazılmasında
da professor Şirindil Alışanlının
böyük zəhməti
olmuşdur.
Tərcümeyi-halı
və idealı Milli Elmlər Akademiyası ilə üzvi surətdə bağlı
olan professor Şirindil
Alışanlının bu
elm ocağında silinməz
izləri vardır.
İsa Həbibbəyli
Şirindil Alışanlı Azərbaycan
filologiyasının dünya
miqyasında inkişafı
və tanınması
qayğıları ilə
yaşayır, bu sarıdan elmi-ədəbi
əlaqələrin yaradılması
və intişarı yolunda səylərini əsirgəmirdi. O, Rusiya Estetika və Azad sənətlər Akademiyasının
akademiki, nüfuzlu
"Akademiçeskiye tetradi",
"Nauçnaya kniqa"
jurnallarının beynəlxalq
redaksiya heyətinin üzvü idi, məhz Şirindil Alışanlının gərgin
əməyi sayəsində
M.Qorki adına
Dünya Ədəbiyyatı
İnstitutu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaxın və uzun sürən
əməkdaşlığı başlamış, bu günə qədər də davam edir.
Şirindil Alışanlı böyük
bir ədəbiyyatşünaslıq
məktəbinin davamçısı
idi; müəllimləri
Yaşar Qarayevə,
Yuri Borevə, o cümlədən,
dərs aldığı,
çiyin-çiyinə çalışdığı
ustad ədəbiyyatşünaslara qarşı olduqca həssas, diqqətli, qədirbilən idi. Ağır xəstə ikən, şair-ədəbiyyatşünas
Qasım Qasımzadənin
yüz illiyinə yazdığı, "Ədəbiyyat
qəzeti"ndə dərc
olunan geniş məqaləsində bu əvəzsiz insani keyfiyyəti bir daha gördük, duyduq.
Şirindil Alışanlı qədirbilən
idi, özü də qədirbilənlik qazanmışdı. Həmkarlarının,
dostlarının, tələbələrinin
hədsiz sevgisi halal qazancı idi. Elmdə prinsipial olduğu qədər də, həyatda həlim, qayğıkeş
idi, ona üz tutan hər
kəsə yardımını
əsirgəmirdi...
Tehran Əlişanoğlu
Böyük ədəbiyyat məbədinə
qədəm qoyanda o çox gənc idi, cəmi 23 yaşı vardı. Beş illik Universitet təhsili və üç aylıq Quşçu kənd orta məktəbində müəllimlik
təcrübəsi arxada
qalmışdı. Öndə
isə ədəbiyyatşünaslıq
elmimizin çağdaşlıq
duyğusu ilə yoğrulmuş, yeni milli təfəkkürlə
incələnmiş çətin
və mətin mərhələləri ? geniş ədəbi
üfüqlər, uca
zirvələr onu gözləyirdi... Reallığın
zaman və məkan əqrəbi 1976-cı ilin
yanvar ayını və Nizami adına Ədəbiyyat İnstitutunu nişan verirdi. İlk ədəbi
tənqidi məqalələrini
həmin il, baş laborant işlədiyi vaxtlarda, dövrün ən nüfuzlu mətbuat orqanlarında dərc etdirmişdir.
"Konfliktsizlik" simfoniyasının
sədaları altında
mürgüləyən ədəbi
mühitin səmasında
"Həqiqi poeziyanın
xətrinə" adlı
tənqidi yazı şimşək kimi çaxdı, göy gurultusunu andıran dalğavari əks-sədaları
gündəmə çevrildi.
Çoxlarının (elə
bu sətirlərin müəllifinin də!) yaddaşına əsl, həqiqi poeziyanın xətrini istəyən, qədrini bilən, təəssübünü çəkən
gənc və istedadlı tənqidçinin
imzası həkk olundu - Şirindil Alışanlı!
Asif Rüstəmli
Əqidəsinə,
amalına sadiq, sözübütöv, mərd
insan olan Alışanov Şirindil Həsən oğlu son dərəcə pozitiv enerjiyə malik bir insan idi. Tanınmış
ziyalı ətrafındakı
insanlarla xoş rəftarı, ünsiyyət
bacarığı, yüksək
mədəniyyəti, prinsipiallığı,
gələcəyə yüksək
inam hissi ilə diqqəti cəlb edirdi. Yaxından tanıyanlar Şirindil müəllimə
böyük hörmət
və rəğbət
hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş
və yaradıcı şəxsiyyət kimi qəbul edirlər. Azərbaycan xalqı belə nəcib, xeyirxah, mərd şəxsiyyətləri ilə
daim qürur duyub, onları özünün milli sərvəti
sayıb.
Şirindil Alışanlının elmi
fəaliyyət dairəsi
genişmiqyaslıdır.
Şirindil Alışanlı yarım
əsrə yaxın, ədəbi-elmi yaradıcılıqla
yanaşı, milli-mənəvi
irsimizin nəşri və təbliği sahəsində səmərəli
fəaliyyət göstərmişdir.
"Sabah" nəşriyyatının təsisatçısı, "Elm" qəzetinin baş redaktoru (1993-1998) kimi klassik və müasir ədəbiyyatımızın,
tarixi və dini mənbələrimizin
onlarca nümunəsini
nəşr etmişdir...
Vüqar
Əhməd
Şirindil Alışanlı mənim
üçün saqqalı
ağarmamışdan ağsaqqal
olmağı bacarmış
fenomen bir insan; daim ayaqda
olan alim, həm mehriban, həm də müdrik dost idi... Şirindilin heç bir atributa, kanonlara, ölçü-biçiyə boyun əyməyən özünəməxsus həyat
konstitusiyası vardı
və bunu yazan da o idi, əməl edən də, amma pozan vaxtını görməmişdim!.. Onun heç
kimə bənzəməyən
öz həyat kultu, yaşam tərzi vardı, bura məişət həyatı da, elm həyatı
da daxildir. Əslində
o, ən çox elm adamı idi! Pedant elm adamı yox, elmi canı-qanı, övladı, həyatı
qədər sevən,
həyat eşqi ilə dolu elm adamı...
Qurban
Bayramov
Şirindil Alışanlı institutun
sayılıb-seçilən alimlərindən idi; Elmi Şuralarda və Müdafiə Şuralarında
özünün obyektiv
çıxışları ilə bu toplantılara
bir rəng qatırdı. Onun bu xarakterindən çoxları çəkinirdi;
lakin mən yaxşı bilirdim ki, o, bunu qərəzli şəkildə etmir. Ona
görə də heç kim ondan narazı qalmırdı. O da heç
kimə pislik etmirdi. Şöbə əməkdaşlarına öz
ailəsinin üzvləri
kimi baxırdı; lazım olduğu yerdə onları müdafiə edirdi.
Bədirxan
Əhmədov
Şirindil xaraktercə möhkəm adam idi. Bunu
onun ədəbiyyata münasibətindən də
görürdüm. O, Səməd
Vurğunu çox sevirdi, məqalələrinin
bir çoxunu Səməd Vurğuna həsr etmişdi, bu böyük şairin elmi-nəzəri
fəaliyyətini tədqiq
edirdi...
Şirindilin həqiqi alim mövqeyi, həqiqətpərəstliyi, sözü
üzə düz deməyi - heç kimdən çəkinməməyi
(təbii ki, məqamında)
onun xarakterinin dəyişilməz xüsusiyyəti
idi. O, institutda Sovet ədəbiyyatı şöbəsinin müdiri
idi. Mən tez-tez Şirindilin şöbə müdiri olduğu otağın yanından keçirdim, çox vaxt o, şöbədə iclaslar
aparırdı. Onun şöbəsinin əməkdaşları
hər həftə, hər ay gördükləri
işlər barədə
məlumat verirdilər.
Vaqif
Yusifli
Düşünürəm
ki, Şirindilin həyatda
qazandıqları mənəvi-əxlaqi
keyfiyyətlərin əsasında
iki aparıcı xətt keçir: qədirbilənlik və
milli təəssübkeşlik. Kökdən, yurddan, torpaqdan, nəsildən başlayan, orta məktəbdə, universitet
illərində bəxtinə
düşən müəllimlərə,
qazandığı dostlara
münasibətdə inkişaf
edən və sonra 47 il ərzində
alim kimi yetişdiyi Ədəbiyyat İnstitutunun
elmi-əxlaqi mühitində,
xüsusən, 70-80-ci illərə
aid, habelə bir müddət çalışdığı
Dünya Ədəbiyyatı
İnstitutunda keçdiyi
təcrübədə formalaşan
bu nəcib keyfiyyət - qədirbilənlik
yalnız ata-babaya, dostlara, müəllimlərə
və s. minnətdarlıq
deyil. Şirindilin qədirbilənliyi qan yaddaşının daşıyıcısı
kimi ona həyat seçimlərində
daxili istiqamət və ilham verən
immanent, üzvi qüvvə
idi ki, bu, ətrafdakılara da əxlaqi
təsir gücünə
malik idi.
Sara Osmanlı
Professor Şirindil Alışanlı
xasiyyətcə nə
qədər xeyirxah, gülərüz, mehriban idisə, elmin təmizliyi, saflığı,
dürüstlüyü naminə
bir o qədər də ciddi və
naqisliyə qarşı
kəskin, barışmaz
idi. Təbiətən
düz danışan,
hər sözü şax üzə deyən insan idi. Onun bu
xasiyyəti 70-ci illərdə
"Ədəbiyyat və
incəsənət" qəzetində
çap olunmuş kəskin tənqidi məqaləsində özünü
təsdiq edir. Tənqidçi alimin poeziyada tanınmış,
kifayət qədər
təbliğ olunmuş
iki şairin şeir kitabları haqqında əks-sədaya
səbəb olan tənqidi resenziyaları ictimaiyyəti təəccübləndirmişdi.
Belə cəsarətli
məqalələrə görə,
hətta onun çap olunmasına bir müddət qadağa qoyulmuşdu da.
Elza Rəhimova
Qədirşünaslıq,
müəllimlərinə sonsuz
ehtiram, elmi irslərinə sahib çıxmaq
Şirindil Alışanlı
xarakterini əks etdirən mühüm dəyərlərdir. "Elm" nəşriyyatının direktoru
olduğu müddətdə
Şirindil Alışanlı
akademiklər Tofiq Hacıyev və Bəkir Nəbiyevin, AMEA-nın müxbir üzvləri Yaşar Qarayev və Azadə Rüstəmovanın,
professor Mir Cəlal Paşayevin,
Ağa Laçınlının,
Hüseyn Kürdoğlunun
və neçə-neçə
özünə müəllim
bildiyi alimlərin əsərlərini çap
etmişdi. Hətta nəşriyyatdan ayrıldıqdan
sonra da "Yaşar Qarayev: yaxından və uzaqdan", "Hüseyn Kürdoğlunun
poetik dünyası"
və başqa kitabların naşiri kimi ustadlarını əbədiləşdirmişdi. Nəşrində yaxından
iştirak etdiyim bu əsərlərin işıq üzü görməsi ilə Şirindil müəllim bizə elmi mirasa sahib çıxmağın
önəmini, qədirşünaslığın
nə demək olduğunu yenidən xatırlatdı.
Səbuhi
Qəhrəmanov
1990-cı il faciəsinin zamanında idik, yanvarın 19-dan 20-nə
keçən gecəni
də yaşamışdıq
artıq. Camaat qana bələnmiş Bakı küçələrinə
axışıb tökülmüşdü,
amma heç kim bir-birini görmürdü
elə bil... Həmin gün cismi ələgələn
şəhidlərimiz dəfn
olunacaqmış, bunu
da küçədə adamlardan
eşitmişdik.
Dəfn karvanının maneəsiz
gedişini əl-ələ
verib yanakı gedən bir dəstə kişi təmin edirdi, ən ağır yük də elə onların boynuna düşmüşdü.
Bu, yay kimi tarım gərilmiş dəstənin
içində birdən-birə
lap yaxınlığımdan keçən, adətkərdə
səliqəsi, saçı-başı
dağınıq Şirindil
müəllimi gördüm.
Bütün görkəmindən
çox ağır bir əzab tökülürdü,
qayaya zəncirlənmiş
Prometeyə bənzəyirdi,
ağlayırdı sakitcə.
İki gündə
ilk dəfəydi ki, tanış
bir sima gördüm. Elə doğma gəldi ki mənə, dönüb gəlinimizə
"Şirindil müəllimdir
o gedən" - dedim,
sanki bayaqdan axtardığım qardaşlarımın
hansınısa tapdım.
Ayıldım elə bil, ürəkləndim, ayaqlarım hərəkətə
gəldi, izdihama qoşulub getdik.
Güldəniz
Qocayeva
1994-cü ildə müdafiəyə
hazırlaşırdım. Dissertasiyamın qısa xülasəsini, yəni avtoreferatını çap
etdirmək lazım idi. O zaman "Sabah" nəşriyyatının
direktoru işləyən
Şirindil müəllim
həm avtoreferatın
redaktəsində, Ali Attestasiya
Komissiyasının Əsasnaməsinə
uyğun tərtibində
mənə çox kömək etdi, həm də lazımi sayda nüsxəni tam təmənnasız
çap edərək
qaçqınlığın ağır zərbəsinə
düçar olmuş
məni xeyli xərcdən qurtardı. Avtoreferatımı pulsuz-parasız
çap edən naşir Şirindil Alışanlı içdən
gələn xeyirxahlığı
ilə mənə çox böyük yaxşılıq etmişdi.
Bunu heç unutmadım!
...Şirindil Alışanlını
Ədəbiyyat İnstitutunda,
xüsusilə, uzun illər rəhbərlik etdiyi şöbədə
çox istəyirlər.
Xatirə mərasimlərində
bu sevginin şahidi oldum. Onun haqqında indiyədək bilmədiyim
çox gözəl fikirlər eşitdim. İnsanlara münasibətdə
qayğıkeşliyinin təzahürü
olan neçə-neçə
əhvalatla tanış
oldum. Dedilər ki, Şirindil müəllim akademiyadakı xadimənin
cibinə arabir xərclik qoyarmış. Alimlərin təvazökar
maaşla dolandığını
nəzərə alsaq,
məncə bu, çox böyük jestdir. Xanımlardan biri danışdı ki, ailə başçısını
itirəndən sonra iki uşaqla çətinlik çəkirdim,
evin təmiri yaman gündəydi. Günün birində Şirindil müəllim bir torba divar
kağızı gətirdi
ki, bunlar bizim təmirdən artıq qalıb, apar, uşaqların
otağına vur...
Mənzərə
Sadıqova
Şirindil Alışanlı sözün,
sənətin xiridarı
idi. Onun siyahısında hər əlinə qələm alan böyük alim sayıla bilməzdi, böyük şair, yazıçı sayıla
bilməzdi. Ş.Alışanlının
rəhbərlik etdiyi nəşriyyatların (əvvəl
"Sabah", sonra isə
"Elm" nəşriyyatının) əməkdaşı olmuşam
və şahidiyəm
ki, Şirindil müəllim
istər bədii ədəbiyyat nümunəsinin,
istərsə də elmi bir əsərin
iki-üç abzasını
və yaxud şeir kitabıdırsa iki-üç bəndini oxuyan kimi müəllifin
hansı səviyyədə
olduğunu bilirdi. Bu onun dərin erudisiyasından və biliyindən, bir ədəbiyyatşünas kimi
böyük təcrübəsindən
xəbər verirdi. Şirindil qrafoman müəllifin yazdıqlarının
ədəbi dövriyyəyə
daxil ola bilməyəcəyini
çox gözəl anlayır və cızma-qaraçı müəlliflərə
meydan vermirdi.
Nasir Alışanlı
Nə yaxşı ki, şöbəmizin
həyatına gənc
olmasına baxmayaraq, belə mövcud fəlsəfi-estetik cərəyanlarından
məlumatlı, klassik
və çağdaş
bədii irsimiz, onun tədqiqi və nəzəriyyəsi
sarıdan müfəssəl
savadlı, milli və
dünya ədəbi-ideoloji
proseslərindən xəbərdar
bir ədəbiyyat adamı daxil oldu. Çox keçmədi ki, vəzifəsinin
səlahiyyəti ilə
hər birimizin bilik və qabiliyyət
bazasını bələdlədi,
hər birimizin yarıda biləcəyimiz
işin əhatəli
planını tutub elmi yaradıcılığa
yönləndirdi...
Nə yaxşı ki, səninlə
işlədikcə İnsan
namına deyilən işıqlı kəlamların
ünvanını tanıdıq.
Hərəsi bir xasiyyətdə olan bizləri xəbərimiz belə olmadan yaxınlaşdırdın, doğmalaşdırdın,
şöbəmizdə ailə
çırağı yandırdın...
Təkcə, elmi bacarığımızın səmtini
dürüst təyin
edən mayakımız
olmadın, hər dürlü qayğılarımızı
bölüşən güvənc
yerimiz, dayağımız,
fikir ayrılıqlarında
hər kəsin tapındığı məhək
daşımız oldun.
Safurə
Quliyeva
Hər kəs Şirindil müəllimin şöbəmizdə
yaratdığı gözəl
mühitdən danışırdı. Çərşənbə
günlərində keçirdiyimiz
yığıncaqlarda onun
elmi söhbətlərindən,
məsləhətlərindən, dünyagörüşündən faydalanırdıq.
nsanları çox sevirdi. Təmənnasız yaxşılıq
etməkdən, düz
danışmaqdan, kömək
etməkdən zövq
alırdı, ürəkdən
gülməyi bacarırdı
(təmizürəkli, yaxşı
insanlar belə gülə bilirlər). Əsil şəxsiyyət
olan Şirindil müəllim bizə dürüst dost olmağı,
ətrafdakıların qayğısına
qalmağı, xırdaçılıqdan
qaçmağı tövsiyə
edirdi. Şöbəmizdə
hər kəsin işini yoluna qoymağı, dərdinə
şərik çıxmağı
özünə borc bilirdi.
Şöbəmizin
əməkdaşları yığışaraq
tez-tez bizim Novxanıdakı bağımıza
gəlirdilər. Bayramlar,
ad günləri və
s. Bizim alimlər bağda nəyin harda olduğunu evdəkilər qədər
yaxşı bilirdilər.
Bu da Şirindil müəllimin
xidmətləri siyahısına
daxil idi. Gələn kimi özünü səmimi,
öz evindəki kimi aparırdı. Hamı da onun kimi... Belə görüşlər, istirahət
saatları şöbə
əməkdaşlarını daha da yaxınlaşdırır,
doğmalaşdırırdı. Həmin günlərin gələcəkdə xatirələrə
çevriləcəyini hiss etmirdik. Sadəcə, sevincimizi yaşayır, deyib-gülürdük.
Yadigar
Əsgərova
XX əsr Azərbaycan
ədəbiyyatı şöbəsi
elmi müzakirələr,
böyüklü-kiçikli maraqlı söhbətlərlə,
bir ailə kimi araya gələn
əməkdaşlarımızı mənən-ruhən, elmi-nəzəri
cəhətdən zənginləşdirən
doğma məkana çevrilmişdi. Hər
həftənin 3-cü günləri
bu şöbənin işığına yığışanlar
ədəbiyyat söhbətləri
edir, institutun keçmişinə, dünəninə
baxır, dəyərlərini,
ənənələrini qorumaq,
yaşatmaq, dünya elminin nəzəri prinsiplərinə uyğun
olaraq yeni kitablar, layihələr üzərində
çalışırdı. Bütün bunlar Şirindil Alışanlının
rəhbərliyi ilə
həyata keçirdi.
Şirindil müəllim
tələbkar, ciddi, prinsipial, amma bütün bunlara rəğmən həssas, səmimi, güzəştə getməyi
bacaran insan idi. O hər bir cəhətdən hər kəsdən fərqli insan idi. "Laçın bənövşəsi"ni xatırladan
uşaq kimi kövrəkliyi, doğulduğu
Laçının əzəmətli
dağlarını, qayalarını
xatırladan sərtliyi
ilə. Həssaslığından
prinsipiallığına qədər
insana məxsus keyfiyyətlərin ən ali dərəcəsini daşıyırdı. Düzü-düz,
əyrini-əyri görmək
onun əsas həyat meyarı idi. "Mənim üçün yeganə
meyar ədalət prinsipidir. Axı, bizə himayədarlıq edənlər, əlimizdən
tutanlar heç bir təmənna güdməyiblər. Kim onlara
xəyanət edirsə,
bədbəxtdir" (Şirindil
Alışanlı).
O, müəllimi, yaxın
dostu, həmkarı olduğu insanlara qarşı sağlığında
verdiyi dəyəri yoxluğunda da qorumağı,
qiymətləndirməyi bacaran
alim idi.
Şirindil müəllim fenomenal yaddaşa, geniş mütaliəyə, elmi-nəzəri
biliklərə, erudisiyaya
malik insan idi. Hələ onu tanıdığım bu illər ərzində yadıma gəlmir ki, o nəyi isə xatırlayanda düşünsün,
uşaqlıq dövründən
bu günümüzə
qədər müxtəlif
vaxtlarda baş verən hadisələri sanki bir az
əvvəl baş vermiş kimi xüsusi jest və tərzlə danışar,
özünəməxsus şəkildə
müsahibinin diqqətini
söhbətinə yönəldərdi.
Günay
Qarayeva
...Günlər
keçdi, günlər
ayları, aylar illəri əvəz etdi. Bir də geriyə dönüb baxanda bir igidin
ömrünü yaşadıq
bərabər... Şöbədə
hamını başına
toplayıb bir ailə yaratdı - mehriban bir ailə.
Ailənin başında
duran, hər birimizin qayğısını
çəkən, çətinliklərimizi
asan edən qaygıkeş bir ata oldu hər
birimizə. Biz - şöbə
əməkdaşları onu
səsini yüksəldən
bir müdir kimi yox, sözünü
yüksəldən bir
müdrik insan kimi tanıdıq. Hamı bu böyük
insanı belə gördü, belə tanıdı və ondan sonra da yaddaşında belə yaşadacaq. Çünki
sevilən və seçilən insanlar heç zaman nə ölür, nə də unudulur. Bu gün bu hisslərlə
bu sözləri onun yoxluğunda düşünmək və
yazmaq necə də ağır və iztirablıdır...
Təranə
Aslanova
Özülü akademik Məmməd Arif tərəfindən qoyulan
XX əsr Azərbaycan
ədəbiyyatı (sovet
dövrü) şöbəsi
Şirindil Alışanlının
rəhbərlik etdiyi
20 ildə özünün
intibah dövrünü
yaşadı. Onlarla dissertasiyalar müzakirə
və müdafiə olundu, elmi sessiyalar
keçirildi. Kollektiv
kitablarımız, almanaxlarımız
işıq üzü
gördü, məqalələr
yazıldı, məruzələr
hazırlandı. Hamı
parladı, inkişaf etdi, öz yerini
tapdı, vəzifələrə
getdi. Azımızı
çox gördü,
tərifləyə-tərifləyə hər birimizi irəli itələdi. Nə istədiyimizi, bizə nəyin lazım olduğunu, nəyə qadir olduğumuzu özümüzdən
yaxşı bilirdi...
Dilarə
Adilgil
Yəqin mənim Şirindillə qardaşlıq münasibətlərimdən
xəbərdar olanlar onun dünyasını dəyişməsi ilə
bağlı reaksiya verməməyimə, ağzıma
su alıb susmağıma təəccüblənmişlər.
Amma səbəb çoxdur,
bir-ikisini demək istəyirəm. Dost itkisi ağır dərddir - insan içinə qapılır, kədərini
heç kimlə bölüşmək istəmir.
Şair demişkən,
"acı kədərin
aydın, dərk olunan ağrı"ya çevrilməsini gözləyir.
Bir də gözləyir
ki, protokol səciyyəli
başsağlıqları səngisin.
Əstəğfürullah, mən qətiyyən protokol çıxışlarının
səmimiliyini şübhə
altına almıram.
Amma bu da bir həqiqətdir ki, "dərin
hüznlə" kəlməsinin
altında həqiqi dərin hüzn də, gəlişigözəl,
zaman-zaman təkrar olunaraq
metal pul sayağı sürtülmüş, heç
bir hiss-həyəcan ifadə etməyən söz də gizlənə bilər.
Şirindil, adına rəğmən heç də şirin dilli deyildi. Ötkəm idi. Düşündüyünü,
ağlından keçəni
şax adamın üzünə deyirdi... Mən ötkəm Şirindilin müqavimət
məmləkətində yaşamaq
istərdim...
Qorxmaz
Quliyev
Səni çox gözlədi Laçın dağları,
Eyvah! bu
ayrılıq əbədi
oldu.
Qurub-yaratdığın
elmin məktəbi
Neçə tələbənin məbədi
oldu.
Sən sözdən əbədi bir qala yapdın,
Daşların süslədin ürək
qanınla.
Bir ömür Fərhaddək
qayalar çapdın,
Elmə şərəf oldun adın-sanınla.
Dünya dəyirmandı üyüdür,
gedir,
İllər ötüşsə də
yaşıyacaqsan.
Dünənin, bu günün arzularını
Nəsildən-nəsilə
daşıyacaqsan...
İlham Məmmədli
Bizim bir
çoxumuza Şirindil
müəllim tanıtdı
ölümü... Ondan
sonra öyrəndik
ki, yarımçıq qalan
söhbətdir, tamamlanmamış
yazıdır, cavabsız
qalan suallardır, işığı qəfil
sönən kadrdır,
ünvanını tapmayıb
geriyə qayıdan məktubdur ölüm. Həyatda çox şeyi bizə öyrədən ustad ölümün
də gözlənilməzliyini,
çağırılmamış qonaq olduğunu öyrətdi.
Sağlığında
ucaldığı mənəvi
yüksəklikdən, qərar
tutduğu elmi tribunadan, mərdlik və cəsarət kürsüsündən bu
gün də bizə və ədəbiyyata yeni gələn
nəslə yol göstərməyi bacaran
Şirindil Alışanlı
ədəbiyyatşünaslığımızda
özünə bir abidə yonub cilaladı. Onun bizə özünü görməyib əsərlərindən,
tədqiqatlarından tanıdığımız
Məmməd Arif Dadaşzadə,
Məmməd Cəfər
Cəfərov, Mir Cəlal
Paşayev, Mirzəağa
Quluzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev kimi alimlərdən
danışdığı kimi, biz də Ədəbiyyat İnstitutuna
yeni gələnlərə haqqında danışacağımız
bir zamanlar gerçək, indi əfsanəyə çevrilən
Şirindil Alışanlımız
var. Laçında dünyaya
salam deyib, dağların saflığını
və əzəmətini
özü ilə götürüb paytaxta gələn, böyük alimlərdən dərs alan, sonra özü
bir görkə, nümunəyə, bir gün də daş kitaba çevrilən Şirindil
Alışanlı. Olduğu
mühiti fərqli edən, rənginə rəng qatan, getdiyi məkanın yaddaşına hopan, tələbələrinə, yetirmələrinə
elmi ilə yanaşı, qədirşünaslığı,
xeyirxahlığı, mərhəmət
və prinsipiallığı
öyrədən Şirindil
Alışanlı. Əzəmətli,
sərt, o qədər
də kövrək və mülayim, elmi mülahizə və fikirləri ilə, yumorlu, yaddaqalan xatirə və atmacaları ilə məktəb olan Şirindil Alışanlı. Varlığına,
müdafiəsinə güvənib
bir qədər ərköyünlük edən
tələbələrini, əməkdaşlarını
çaşqın qoyan
Şirindil Alışanlı.
Həqiqətin meyarı,
tərəzinin ədalət
gözü. Mən belə tanıdım öz ustadımı. Biz tələbələri bundan
sonra yeni titullar, adlar qazana bilərik,
amma bu adlardan ən ülvisi və ən nüfuzlusu "Şirindil
Alışanlının tələbəsi"
epiteti olacaq.
Aygün Bağırlı
Ədəbiyyat qəzeti. - 2025.- 14 mart (№10).- S.14-15.