"Təzadlar toplusu" Abdullah Cövdət
Abdullah Cövdəti, milliyyətcə kürd bilənlər də var, onu türkçülük
hərəkatının aparıcı
simalarından biri hesab edənlər də çoxdur. Hər şeyə rəğmən, o, həyatının
bütün qaynar, enerjili dönəmlərini
türk millətinin fikri yüksəlişinə
həsr etmişdir. Türkləşmənin və
türkləşdirmənin mümkün olan və olmayan bütün aspektlərinə
müdaxilə etməsi
də elə bu səbəbdən idi. Cövdətə görə,
türkləşdirmə heç
də türkün türkləşməsiylə məhdudlaşmamalıydı:
"Fransa, yüksək
kültürünün yayılmasıyla
millətləri fransızlaşdırır"
demək daha doğrudur. Şərqdə
də, Qərbdə də aydınların və seçkinlərin hamısı az-çox fransızlaşmışdır... Lamartin "Fransanın aydınlatdığı hər
yer Vətənimdir, fransız kültürünün
aydınlatdığı və
fəth etdiyi hər yer Fransadır"
- deyir. Fransız, Fransada "Vətəndaş,
fransızca danış!"
deməyə möhtac
deyildir. Danışmaq
bir yana dursun, Parisdə fransız şairi olmuş ingilis, alman, yunan... şairi də görmüşük...
Bizim qüvvətli, səs salan və parlaq bir kültürümüz,
bir dilimiz, bir ədəbiyyatımız,
bir mütəfəkkir
zümrəmiz olsun, o
zaman türkləşdirməklə məşğul olmağa
qətiyyən hacət
qalmadan, türkləşmə
sürətli bir şəkildə genişlənər
və dərinləşər...
Tanıdıqlarımızdan Stüart Mill bir ingilis olduğunu heç xatırlamazdı
və mükəmməl
bir fransız şairiydi. Con Morias bir yunanlı olduğu halda, guzidə bir simvolist fransız
şairi olaraq öldü. De Musset yəhudi
çocuğu ikən...
fransızca tərənnüm
və fransız ədəbiyyatını ehya
etdi. Yəhudi Heyne alman şairlərinin
ən ünlülərindəndir"...
Abdullah Cövdət kimdir?
Jon Türklərdəndir. Namiq
Kamaldan, Əli Suavidən... sonra çağdaş Türkiyədə
istiqlalın, demokratizmin
ideya təməlini qoyanlar sırasında Əli bəy Hüseynzadə, İshaq Sükuti,
Bahəddin Şakirlə,
eyni sırada, birincilərdən olub. Ancaq buna rəğmən,
Abdullah Cövdətə münasibət
heç vaxt birmənalı olmayıb. Elə indi də.
Cövdət Əli bəy Hüseynzadənin yaxın
dostlarından biriydi.
İstanbul Darülfünununda bir yerdə təhsil almışdılar.
Əsgəri-tibbiyəni biri
dəri-zöhrəvi həkimi,
digəri isə göz həkimi olaraq tamamlamışdı.
"İttihad və tərəqqi"ni
bir yerdə yaratmışdılar. Atatürkün
düşüncələrinə təsir göstərən
fikir adamlarından biriydi. Ziya Gökalpa
Qərb mədəniyyətinə
yönəlməsini təlqin
edən Abdullah Cövdət
olmuşdu. Abdullah Cövdət
barədə ilk yazını
1906-cı ildə Bakıda
Əli bəy Hüseynzadə, Hüseynzadə
barədə ilk yazını
- "İhyayi layəmut.
Həkim, ədib Əli bəy Hüseynzadə" sərlövhəli
məqaləni 1908-ci ildə
o zaman Qahirədə çıxan
"İctihad" dərgisində
Abdullah Cövdət qələmə
almış, məqalədə
"Rəsuli-həqq" adlandırdığı
Hüseynzadəni Prometeylə
müqayisə etmişdi.
Hüseynzadənin imzası
ilk dəfə 1891-ci ildə
Abdullah Cövdətin "Ramazan baxçası"nda görünmüş,
Əli bəy burada Bodenşdetin Xəyyamla bağlı məqaləsini təqdim etmişdi...
"Çox yaxın
dost idilər" deyərkən,
Tarık Zafer Tunayanın
Abdullah Cövdətin cənazə
törəni barədə
yazdıqlarını xatırlamalı
oluram: "Günlərdən
29 qasim 1932 salı. Ayasofiya camesinin arxa qapısında bir cənazə törəni. Seçkin bir qalabalıq dr. Abdullah Cövdət bəyin tabutu başında. Cənazə namazına başlanacağı sırada
gənc bir müəllim, İlhan Şövkət
bəy doktorun dinsiz olduğunu, dini törən yapılarsa, məzarında
rahatsız olacağını
söyləyir. Abdullah Cövdət
bəy kimi, 1889-cu ildə "İttihad və
Tərəqqi"nin İstanbuldakı
ilk qurucularından dr. Hüseynzadə Əli, onun dinsiz olmadığını
bəlirtir... Qısa bir sürə sonra mübahisə kəsilir. Zamanın bəzi qəzetləri, özəlliklə 1 aralıq
1932-ci il tarixli Cümhuriyyət
belə yazırlar. Yaşamında olduğu kimi, tabutu başında
belə dartışma
yaradan doktorun cənazə arabası, iki yüzdən çox avtomobilin müşayiətilə Mərkəzəfəndiyə
hərəkət edir..."
Əli bəy Hüseynzadə
Abdullah Cövdətin axirət
evinə namazsız yola salınmasına imkan verməmişdi. Bu başqa bir söhbətin mövzusudur.
Əli bəy Hüseynzadənin təkcə
Cövdətin dünyasını
dəyişdiyi 1932-ci ildə
deyil, hətta
1906-cı ildən başlayaraq,
Abdullah Cövdətlə yaxınlığını
xoş görməyən
müasirlərinin xəbərdarlıqlarına
da təmkinli bir sükutla cavab verirdi. Hələ "Füyuzat"ın ilk saylarında
Abdullah Cövdətin türk
fikir həyatındakı
məqamını yüksək
dəyərləndirən Hüseynzadə
bunu da bilirdi ki, Cövdəti nəinki sevməyən, hətta ondan ikrah edənlər
də yox deyil. Hətta əziz dostu Bahəddin Şakir Əli bəyə yazdığı bir məktubda Abdullah Cövdət
məsələsində diqqətli
olmağı, ifrata varmamağı tövsiyə
edirdi: "Vətənin
və millətin səlaməti naminə bu adam ortadan
qalxmalıdır... Rica edərim,
sizə ciddən söyləyim ki, Doktor
A.C. namıyla qəzetənizi
kirlətməyiniz. Onun
haqqında qəzetənizdə
bir kəlimə yazmaq, onun bir
sətrini qəzetənizdə
nəşr etmək sizin üçün silinməz bir ləkədir. Bana inanmıyorsanız
iyicə sorunuz, öyrəniniz".
Əli bəy isə kimin kim olduğunu
başqalarından soruşub
öyrənənlərdən deyildi.
Cövdətin dinsizliyini Hz. İsa üçün
qeysərlər ölkəsinə
yol açan Lukretsinin, ateist deyil, deist olan Volterin və Xəyyamın dindarlığı
ilə qiyaslandıran
Hüseynzadə yazırdı:
"Şairliyə qırx
il əvvəl "Nəti-şərif"
ilə başlayan bu arkadaşıma vəfatından üç-dörd
ay əvvəl Darülfünün
professoru Ədhəm
Akif bəyin hüquq fakültəsindəki odasında
rast gəldim; orada... Hötedən bəhs açıldı,
bir az şaka
tərzində dedim
ki: Cövdət, Höte
şairliyə Məhəmməd
əleyhdarı bir gavur olaraq başlamışkən,
nəhayət, Onun peyğəmbərliyinə inanaraq
öldü; qorxuram
ki, şairliyə müsəlman
imanıyla başlayan
sən, aqibət gavur olaraq öləcəksən!..
Həqiqət şu
ki... onun şəxsiyyəti
ruh ilə cismin, mənəviyyat ilə maddiyyatın, ideal ilə ehtirasın daimi çarpışmasına
səhnə olmaqdan ibarət qalmışdır..."
Hüseynzadəyə
görə təzadlar
toplusu olan Cövdət "dindar bir dinsiz və
ya dinsiz bir dindar" idi. Cövdət isə etiraf edirdi ki, onu bu hala qoyan,
dinsiz edən "amil içində yaşamış
olduğu təzadlar toplusundan ibarət olan ictimai mühitimizdir!.."
Abdullah Cövdət 1908-ci ildə niderland tarixçisi Reynxart Dozinin
"İslam tarixi" əsərini
tərcümə etdiyinə
görə Osmanlı
Məclisi-Məbusanı tərəfindən
sərt tənqid olundu. Tərcümə etdiyi əsər yasaqlandı. Müasirləri
onu, hətta "İslamın quduz düşməni" adlandırırdılar.
Abdullah Cövdət məfkurəsinin
ən dərin qatlarında, fikrinin, düşüncəsinin alt yapısında
dinsiz deyildi, yuxarıda da bildirdiyim kimi, Peyğəmbəri vəsf edən "Nəti-şərif" yazmışdı.
Dozinin kitabını çevirdiyi illərdə
qələmə aldığı
"Türk-İslam və
müasir mədəniyyət"
məqaləsində ümid
edirdi ki, "İslamın
cəzb edə bilmədiyini türklük,
türklüyün cəzb
edə bilmədiyini islam cəzb edəcək".
Bu fikirləri söyləyən
bir adam, necə dinsiz, özü də "islamın quduz düşməni" ola bilərdi?
Abdullah Cövdətin davası
başqaydı...
Tutaq ki, bəhailər
barədə yazdığı
bir məqaləsinə
görə Abdullah Cövdəti
həbs etmişdilər
və Əli bəy də Peyğəmbəri vəsf
edən "İncizablarım"
şeirini dostunun həbsdən qurtulmasına
vəsilə olmaq üçün onun "İctihad" dərgisində
dərc etdirmişdi.
Əslində, Abdullah Cövdətin bəhailiyə
münasibəti barədə
danışarkən, o dönəmdəki
Osmanlı camiasının
mənəvi-siyasi durumunun
nəzərə alınması
şərtdir. Mənəviyyatla
maddiyyat, idealla ehtiras təkcə Cövdətin ruhunda toqquşmurdu, bütün
Osmanlının mənəvi
varlığı belə
ziddiyyətlərin məngənəsində
sıxılırdı və
Abdullah Cövdət bəhailiyi
ümmətçilikdən milliyyətçiliyə yönələn
Osmanlıda keçid
mərhələsi olaraq
tətbiq etmək istəyirdi.
Abdullah Cövdət "ruhban sinfi və
ayinləri olmayan bu məzhəbi (bəhailiyi) toplumun dinin yerinə bioloji materializmi qəbul etməsi sürəcində...basamaq
olaraq qəbul edirdi" (Hanioğlu).
Abdullah Cövdətə görə, Bəhaullahın
təsis etdiyi bəhailik "məhəbbət
və mərhəmət
dini idi. Məhəbbət dini isə Abdulla Cövdətə
elə dərindən
nüfuz etmişdi ki,
hətta: "Deyil dini hüsumət, dinimiz dini-məhəbbətdir"
- deyə təkcə
özünün deyil,
ümumilikdə, Osmanlı
camiasının etiqad
üfüqlərini bu
istiqamətə yönəltmək
istəyirdi. Cavid də belə düşünürdü: "Məhəbbətdir ən
böyük din".
Ancaq Abdullah Cövdət
bəhai deyildi. İpə-sapa yatmayan fikirləri ilə əxlaqda bir təbəddülat yaradan
Cövdətin düşüncələri,
xüsusən, tərcümə
etdiyi əsərlər
onu nə qədər yeretik müstəvidə göstərsə
də, o, mahiyyət etibarilə osmanlının
qərbləşməsini istəyən
səmimi bir müsəlman pozitivisti idi. Yaradıcılığında
bəhailik təliminin
izləri kimi görünən məqamlar,
əslində ənənəvi
təsəvvüf zehniyyətinin
pozitivizmlə qaynayıb-qarışaraq
doğurduğu bir hal idi. Bu təmayül
Tefik Fikrətin də, Hüseyn Cavidin də yaradıcılığında qabarıq şəkildə
görünür... Abdullah Cövdəti türk pozitivistləri sırasında
görmək gərəkdir.
İstanbul kimi müəzzəm
dini ənənələrə
malik olan bir şəhərdə Qafqazlardan
gəlmiş Əli bəy Hüseynzadəni rəsul deyə təqdim etməsi əslində, Kontun
"elm adamı bir rəsuldur" düşüncəsinə
söykənirdi.
Abdullah Cövdətin 1906-cı ildə "Füyuzat"da
yazdıqlarından da, Paris yaxınlığındakı Annamasse
qəsəbəsindən Bakıya
- Əli bəy Hüseynzadəyə ünvanladığı
məktublarda da bizim məzhəbimizdə, həqiqi
müsəlman məzhəbində
ibadətlərin ən
vacibi insanlara xidmət etməkdir, ən gözəl ibadət elm öyrənməkdir.
Cövdətin başyazarı olduğu
"İctihad" məcmuəsi
o dönəmdəki Türkiyədə
qərbçiliyi təbliğ
edən, bəlkə də yeganə kürsü olub. Cövdət Şillerin
"Vilhelm Tell" pyesini, Bayronun
"Şilyon məhbusunu
tərcümə edir.
Tərcümə etdiyi
mətnə yazdığı
müqəddimədə Bayronun
sözlərini xatırladırdı:
"türklər nə
aldadıcıdırlar, nə
alçaqdırlar, nə
də qatildirlər, etiqadsızları atəşə
atıb yandırmazlar.
Daima inkviziyonsuz olaraq öz bir olan Allahlarına
sadiqdirlər". Abdullah Cövdətin
Bayrondan gətirdiyi bu fikirlərə Əli bəy Hüseynzadə tamamilə
başqa bir aspektdən dəyər verirdi: "Bir əsr əvvəl Bayron kimi haqpərəst, bir böyük dahi tərəfindən söylənən
bu sözlər, bu gün türkləri
vəhşilikdə ittiham
etmək istəyən
qərəzkəranə mətbuata
gözəl bir cavab olduğuna diqqət etməlidir".
Nəinki XX yüzilin
əvvəllərində, hətta
indi, XXI yüzilin
20-ci illərində də
diqqət etməyə
dəyər.
"Cövdət Şekspiri
qətlə yetirdi",
- deyən Süleyman
Nazifdən fərqli olaraq, Əli bəy Hüseynzadə
Abdullah Cövdətin tərcüməçilik
istedadını "Abdullah Cövdət Avropa şairlərini bəzən
nəzmən, bəzən
də nəsrən tərcümə ediyor. Fəqət, hansı surətlə olursa-olsun, bu tərcümələr
fövqəladə gözəl
düşüyor. Adətən
əslindən heç
vəchlə geri qalmıyor!" - deyə çox yüksək dəyərləndirirdi.
Abdullah Cövdət "Hamlet"i, "Maqbet"i,
"Kral Lir"i,
"Yuli Sezar"ı,
"Romeo və Cülyetta"nı,
ümumiyyətlə Şekspiri
türkcəyə tərcümə
edirdi. Onun fikrincə, "Şekspir
başlı-başına bir
cahandır; başlı-başına
bir kainatdır; başlı-başına bir
kövnü-məkandır... Məşhur Volter ilə Rusiya imperatriçəsi böyük
Katerina arasında təati
olunmuş məktubları
vaxtilə oxumuşdum.
Bunlardan birində Volter diyor ki, Türkiyəyi təqsim etməli, türkləri məhv etməli, çünki onlarda zövqi-şeir və ədəb yoxdur". Bu bir iftiradır, o başqa bəhs, fəqət bən şimdi az qalıyor
ki, "Şekspiri sevməyən,
Şekspiri təqdir etməyən millətləri
yer yüzindən qaldırmalı" deyəyim".
Elə A. Cövdətin
yazısının bu
əsəbi yerində
Əli bəy Hüseynzadə özünü
saxlaya bimir, mətnə müdaxilə
edib Tolstoyun Şekspiri rüsvay etməsini xatırladır:
"Tolstoy Şekspiri öylə
kəlmələrlə söydü
ki, o kəlmələri qələm
bir ədəbi cəridə sütunlarına
zikrdən utanır. Məmafih "Füyuzat"
Şekspirin əhəmiyyətini
nə Cövdət qədər mübaliğələndirmək,
nə də Tolstoy qədər tənqis etmək (azaltmaq) istər".
Hər halda, Abdullah Cövdət heç bir tərcüməsində "Şekspiri
qətlə yetir"məyib.
A.Cövdət
1895-ci ildə İstanbuldan
çıxarıldı, sürgün
olundu. Trablisdə, Qahirədə, Tunisdə,
Parisdə, İngiltərədə,
Almaniyada, İsveçrədə,
Avstriyada yaşadı.
Fransız dilini fransızca mükəmməl şeirlər
yazmaq dərəcəsində
öyrəndi. "Pafale
de parfums" kitabındakı orijinal şeirlərini Qərb ədəbiyyatçıları
yüksək dəyərləndirdi.
"Lyre Turque" adlı şeir
kitabının yayınlanmasını
Paris şairləri 1901-ci ildə
böyük şövqlə
qutladılar.
Şekspirlə yanaşı, Mövlana Cəlaləddin Rumini, Heyne ilə eyni sırada Ömər Xəyyamın
rübailərini də
türk dilinə o çevirirdi. Qustav Le Bonu türk aləminə o tanıtdırdı...
Abdullah Cövdətin çarpıcı və türk cəmiyyətini bəzən diksindirən,
qəzəbləndirən, hövsələdən çıxaran,
bəzən də mağmın edən fikirləri çoxdur. O, heç kəsin demədiyini, heç də hamının inanmayacağını, qəbul
etməyəcəyini dilə
gətirirdi: "Digər
vacib bir tədbir qanımıza qan əlavə etməkdir. Türkiyə içinə bir köç sistemi axımı gerçəkləşdirilməlidir.
Mən bu sistemi incələyirəm.
Bunun ana cizgiləri, İtaliya,
Almaniya kimi müdhiş bir dərəcədə artan
və daşan millətlər vardır... Sosial durumları layiq olan bu ölkələrin
adamları Türkiyədə
evlənərək əqrabalıq
qurub türk irqi içində qaynarlar. Türkləşirlər".
"Tevhidi Əfkar"da
yazdığı bu sözlərdən sonra İstanbulda, xüsusən,
dinçi kəsimlərdə
aləm bir-birinə dəymişdi. Abdullah Cövdəti
qınamışdılar.
Cövdət isə fikirlərində israrlıydı. Cavab verirdi ki, "müsəlman
və türk olmaq istəyi ilə qanı aşıb-daşan köçmən
selləri vardır
ki, bunlardan yararlana bilərik deməklə (damazlıq insan) və qan (artımı)nın nə əlaqəsi vardır".
Hilmi Ziya
Ülkenin də bildirdiyi kimi, "Cövdətə işıq
kimi görünən
nöqtə Qustav Le Bonun "mələzləşdirmə"
nəzəriyyəsidir".
Əlbəttə, bu nöqtədə o, ifrata varırdı.
Abdullah Cövdətin Azərbaycanla əlaqəsi
geniş olub. Dostları sırasında
Əlimərdan bəy
Topçubaşov, Əhməd
Ağaoğlu da var. İlk dəfə Azərbaycan cəmiyyətinə tanıtdırılması
isə Əli bəy Hüseynzadənin əvvəlcə "Həyat"ı,
sonra da "Füyuzat"ı
vasitəsi ilə gerçəkləşir. "Həyat"da da, "Füyuzat"da
da Əli bəy dönə-dönə Abdullah Cövdət
barədə yazmışdı,
onu "insanlıq yolunda yorulmaq, usanmaq bilməyərək
çalışan... zati
aliqədr, vücudi-nadirüləmsal"
adlandırmışdı. O isə Əli bəyi "nuri-didəm", - deyə
əzizləyirdi. Hüseynzadə
yazırdı ki, Abdullah Cövdətin
"vətən və
millət xeyrinə etdiyi dad və fəğandan naşi görmədiyi bəla, çəkmədiyi əziyyət,
uğramadığı möhnət
qalmamışdır. Hürriyyət,
haqq və həqiqət üzündən
məhbəslərdə, mənfalarda,
qürbətlərdə sürünməklə,
vücud çürütməklə
Dantelər, Tassolar kimi şərəfyab olanların da biri bu zatdır". O isə darülfünunda birlikdə təhsil aldıqları illəri xatırlayıb: "Əli
bəy, sakit, mütəfəkkir haliylə,
əsrarəngiz vəzi-uzlətpərvəranəsiylə
(rahatlıq və sükun dolu öyudləriylə) üzərimizdə
bir rəsul təsiri icra edərdi. Əvət o rəsul-Allah deyildi, fəqət bir rəsulül-həqq idi. Haqqa, həqiqətə pərəstiş və mərbutiyət hissi-büləndi
(uca, ali duyğuları) onu Türkiyəyə mürsəl
qılmışdı", - deyə Əli bəyin böyüklüyünü
iqrar edirdi.
Abdullah Cövdət əvvəlcə
"Füyuzat"ın həm
ardıcıl oxucusu, həm də ardıcıl müəlliflərindən
biri olmuşdu. Hətta həmin illərdə gah Parisdə,
gah da Misirdə yaşamasına
baxmayaraq, Bakıda dərc olunan yazılara da dərhal münasibət bildirirdi. Cövdət Misirdə
"Füyuzat"ı, Hüseynzadə
isə Bakıda "İctihad"ı diqqətlə
izləyir... Bir-birləri
haqqında xoş sözlər deməklə
yetinmirdilər, barışmadıqları
nöqtələrdə də
bir-birlərinə qarşı
açıq və səmimi davranırdılar.
Tutalım, Cövdət
Əli bəy Hüseynzadənin "Qırmızı
qaranlıqda yaşıl
işıqlar" məqaləsindəki
bir məqama etiraz edərək "Simvolizm ilə dekadanlığı bir
qiyas etdiyində yanılıyorsan:
bunlar, bana qalırsa başqa-başqa
şeylərdir. Bodler
dekadanların ünmüzəcidir.
Fəqət, simvolist deməkdə mütərəddidəm...",- deyə yazır və Cövdətin bu qeydləri böyük məhəbbətlə
"Füyuzat"ın növbəti
saylarından birində
dərc edilirdi.
Yaxud, "İctihad"
məcmuəsində görünən,
İsgəndəriyyə kitabxanası
xəlifə Ömərin
əmrilə Əmr
bin As tərəfindən
yandırılıb - kimi
əsli, kökü olmayan məlumatları Əli bəy jurnalında təshih edir və bildirirdi
ki, belə məsələlərdə
İran mənbələrinə əsaslanma. Həqiqəti
öyrənmək istəyirsənsə,
Şibli Nemaninin bu münasibətlə yazdığı əsərini
oxu...
8 yaşında özünü
güllələyən Ziya
Gökalpı o zaman ölümün
pəncəsindən doktor
Abdullah Cövdət xilas
etdi. Ardıyca ona qərbçiliyi təlqin etdi. Gökalpın Qərb mədəniyyətinə türk
qanlı, islam imanlı bir fədai olaraq daxil olmasını Hüseynzadə təmin etdi: "Ailəsinin doktor Abdullah Cövdətlə
görüşməsini yasaqlamasına
rəğmən, onunla
yaxınlığını artıran Ziya Gökalp, fransız sosioloq və pozitivistlərini onun tövsiyə etdiyi əsərlərdən öyrənmişdir...
Ziya Gökalpın
Abdullah Cövdət cizgisindən
uzaqlaşması Hüseynzadə
Əli bəylə tanışlıqdan sonra olmuşdur... Ziya Gökalpın üzərində
ən böyük təsiri isə "İttihat və Tərəqqi"nin qurucularından
olan Hüseynzadə Əli bəy yapmış və onun iyi bir türkçü
olmasını təmin
etmişdir" (Abdurrahman Dodurğalı).
Abdullah Cövdət tibbə
dair kitablar da yazıb. "Dimağ""
(Beyin), "Fiziyologiyai-Təfəkkür"...
əsərləri dövrünün
istinad edilən tibbi kitablarından olub. İstanbulda göz
həkimi işləyib.
Və Əli bəyin təbirincə, sadəcə,
cismani gözlərin deyil, mənəvi gözlərin də təbibinə çevrilib...
Abdullah Cövdət fikirlərində,
davranışlarında Əli
bəy Hüseynzadənin
təbirincə, ziqzaqlı
bir ömür yaşasa da, özünü
bəzən qarışıq,
dolaşıq düşüncə
labirintlərinə salsa da, hər halda, XX yüzil türk fikir həyatının ən maraqlı
simalarından biri olub. Atatürkün rəğbətini qazanıb.
...Əli bəy
Hüseynzadə Abdullah Cövdətin
nəzərində təkcə
rəsuli-həqq deyil.
Sanki "ölümsüz, əbədilik doğulmuş
bir şairdir, fəqət zincirlənmiş
Prometey kimi bir şairdir... Prometey bir Titan idi ki, bəşəri ərzin palçığından
yaratdıqdan sonra, ona həyat vermək üçün
səmadan nuru oğurladı, bəşərə
yolladı... Səmadan
oğurlanan nur elm və irfandır, maarif nurudur. Nuru çalıb insanlara verən Prometey ədiblər və alimlərin rəmzidir... Hüseynzadə
bir Prometeydir ki, taleyi onu yenə
Prometeyin əzəmətli
və uca qərargahı olan Qafqaza" çidarlayıb.
"Sən zülm
gördün, ya Əli!" - deyə Parisdən Hüseynzadəyə səslənən
Abdullah Cövdət bir
təzadlar toplusu olaraq yaşadı, yazdı, yaratdı və ziddiyyətlər qoynunda öldü. Və məncə, dünyada Abdullah Cövdəti
Əli bəy Hüseynzadə qədər
yaxından tanıyan,
Cövdətə sona
qədər vəfalı
olan ikinci bir adam da heç
olmadı və yoxdur. Bundan sonra da olmayacaq. Cünki Əli bəy Hüseynzadə onu bütöv görməyi bacarmışdı.
Çünki bu günəcən çoxlarının
həzm edə bilmədiyi Abdullah Cövdət
dərdlərini yalnız
Əli bəyə açmışdı: "Mən
məşəqqət gördüm,
ya Əli!"
Azər TURAN
Ədəbiyyat
qəzeti. - 2025.- 14 mart (№10).- S.16-17.