AMEA-da akademik Bəxtiyar
Vahabzadənin 100 illiyinə
həsr olunan elmi sessiya keçirilib
Martın 11-də AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda Azərbaycan
poeziyasının görkəmli nümayəndəsi, Xalq
şairi, pedaqoq və ictimai xadim, ədəbiyyatşünas
alim, akademik Bəxtiyar Vahabzadənin
anadan olmasının 100 illiyinə həsr edilən “Ədəbiyyatımızın
Bəxtiyarı” adlı elmi sessiya keçirilib.
Tədbirdə millət vəkilləri,
elm və mədəniyyət xadimləri, Ədəbiyyat
İnstitutunun əməkdaşları, Azərbaycan
Yazıçılar Birliyinin nümayəndələri,
universitet tələbələri, şairin ailə üzvləri
və KİV mənsubları iştirak ediblər.
Əvvəlcə şairin həyat və
fəaliyyətini əks etdirən sərgiyə baxış
olub.
Elmi sessiyanı giriş sözü ilə
AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru
akademik İsa Həbibbəyli açaraq müasir Azərbaycan
ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar
Vahabzadənin mübariz şəxsiyyəti və
çoxşaxəli
yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində
mühüm rol oynadığını bildirib. O, bugünkü
elmi sessiyanın Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamının
işığında ölkə
üzrə şairin yubileyinə həsr olunan ilk tədbir
kimi böyük əhəmiyyət daşıdığını
vurğulayıb.
AMEA rəhbəri dövlət
başçısının müvafiq Sərəncamından
irəli gələn vəzifələrin icrası
çərçivəsində təşkil olunan tədbirdə Bəxtiyar Vahabzadənin yaradıcılığını
müstəqillik, Azərbaycançılıq
ideologiyası və istiqlal düşüncəsi
nöqteyi-nəzərindən daha dərindən tədqiq etməyin vacibliyini vurğulayıb:
“Bu gün biz böyük şairimizin irsini müasir reallıqlar, qazandığımız qələbə
və müstəqil dövlətimizin siyasi-ideoloji
düşüncəsinin müşayiəti
ilə qeyd edirik”.
O, Bəxtiyar Vahabzadənin ideyaları əsasında
yeni cəmiyyətin tərbiyə edilməsi, xüsusilə gənc nəslin formalaşmasının
əhəmiyyətini vurğulayıb.
Bildirib ki, şairin yubileyinin yüksək səviyyədə
təşkili müstəqillik
ideallarının yeni
nəsillərin düşüncəsində
daha da möhkəmləndirilməsi,
milli-mənəvi dəyərlərin
qorunması baxımından
mühüm vasitə
ola bilər.
Akademik İsa
Həbibbəyli qeyd edib ki, Bəxtiyar
Vahabzadə istiqlal ədəbiyyatımızın bayraqdarı, Azərbaycan istiqlal hərəkatının
görkəmli nümayəndəsidir.
O, görkəmli şairin
ölkəmizin ən
ali mükafatlarından
olan “İstiqlal” ordenini ilk dəfə
alan 3 nəfərdən
biri olduğunu diqqətə çatdırıb.
Bəxtiyar Vahabzadənin
çoxcəhətli yaradıcılıq
fəaliyyəti ilə
XX əsr Azərbaycan
ədəbiyyatının əsas
yaradıcıları sırasında
fərqli yer tutduğunu söyləyən
AMEA rəhbəri bildirib
ki, qüdrətli şair daim milli azadlıq və istiqlal eşqi ilə yaşayıb, XX əsrdə
ana dilimiz haqqında ən cəsarətli şeiri yazıb. Böyük sənətkar müasir Azərbaycan poeziyasında
bir tendensiya xarakteri daşıyan fəlsəfi lirikanın gözəl nümunələrini
yaradıb.
Bəxtiyar Vahabzadəni
fəlsəfi və böyük vətəndaşlıq
poeziyasının yaradıcısı
kimi xarakterizə edən AMEA prezidenti şairin zəngin poetik söz dünyasının milli çalarlarından danışıb,
ədibin fəal vətəndaşlıq mövqeyi
ilə fikirlərini cəsarətlə qələmə
aldığını bildirib.
Vurğulayıb ki, Bəxtiyar Vahabzadə milli azadlıq hərəkatında ən
fəal ziyalılardan,
azadlıq mücahidlərindən
olub. Şairin poeziyası milli istiqlal, azadlıq uğrunda savaş müstəvisində istiqlal,
azadlıq, haqq-ədalət,
mübarizə yoluna, yolçuluğuna yönələn
poeziyadır.
Akademik İsa
Həbibbəyli qeyd edib ki, Bəxtiyar
Vahabzadə Azərbaycançılıq
məfkurəsinə dərindən
bağlı olan və özünüdərkə
çağıran çoxsaylı
əsərləri ilə
ədəbiyyatımızın inkişafına misilsiz töhfələr verib.
Bəxtiyar Vahabzadənin
alim kimi Azərbaycan elmi qarşısında xidmətlərindən
də bəhs edən AMEA prezidenti onun Səməd Vurğunun yaradıcılığını
dərindən araşdırdığını,
böyük Azərbaycan
şairinə həsr
edilmiş ilk fundamental tədqiqat əsərlərinin müəllifi
olduğunu diqqətə
çatdırıb.
Çıxışının sonunda akademik İsa Həbibbəyli şairin Azərbaycan və türk dünyası üçün böyük
söz adamı olduğunu, yaradıcılığının
oxucular tərəfindən
sevilərək oxunduğu
söyləyib. O, görkəmli
sənətkarın 100 illik
yubileyi ilə bağlı AMEA-nın elmi müəssisə və təşkilatlarında,
regional elmi bölmə və mərkəzlərində silsilə
tədbirlərin keçiriləcəyini,
yeni nəşrlərin
hazırlanacağını bildirib.
Sonra çıxış
edən Milli Məclisin deputatı Cavanşir Feyziyev görkəmli şair Bəxtiyar Vahabzadənin Azərbaycanın və dünyanın ən qüdrətli şairləri
sırasında layiqli
yer tutduğunu bildirib. Bəxtiyar Vahabzadənin şəxsiyyəti
barədə düşüncələrini,
onunla bağlı xatirələrini bölüşən
Cavanşir Feyziyev ədibin Azərbaycanla bərabər, Türk dünyasının da dərdlərini daima özünəməxsus istedad
və cəsarətlə
qələmə aldığını
deyib.
Daha sonra şairin həyat və yaradıclığından
bəhs edən videoçarx nümayiş
etdirilib.
Elmi sessiyada
filologiya elmləri doktorları Vaqif Yusifli “Poeziyamızın Bəxtiyarı”, Elnarə
Akimova “Bəxtiyar Vahabzadənin poetik məni”, Əlizadə Əsgərli “Bəxtiyar Vahabzadə yaradıcılığında
insan konsepsiyası” və Esmira Fuad “Bəxtiyar Vahabzadənin yaradıcılığında
ana dili mövzusu” mövzusunda məruzələrlə çıxış
ediblər.
Məruzələrdə Bəxtiyar
Vahabzadənin elmi və bədii yaradıcılığından, ictimai fəaliyyətindən
geniş bəhs olunub. Bildirilib ki, sənətkar ədəbi və elmi yaradıcılığını
uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında
müstəsna rol oynamışdır. Bəxtiyar
Vahabzadə ictimai xadim kimi xalqın
taleyüklü məsələlərinə
münasibətdə həmişə
əsl ziyalı mövqeyi nümayiş etdirmişdir.
Ədəbiyyat qəzeti.- 2025.- 14 mart
(№10).- S.19.