Sarı ipək şərf
İnsan iki dəfə uşaq olur, -
deyirlər. Bir elə dünyaya gəlib körpə, uşaq olanda, bir də
qocalanda...
***
...Yenə onu bağlı qapı qarşıladı, asma kilidli xonçalı taxta qapı. Kilidi açıb qapını araladı, içəri keçdi.
Qapı-pəncərəsi
gün ərzində bağlı qaldığından
otağın havası
ağırlaşmışdı. Asta addımlarla yeriyib pəncərəyə
yaxınlaşdı, qalın
pərdəni çəkib
kənara itələdi,
nəfəsliyi açdı.
Salonun divarları boyunca düzülmüş rəsmləri
bir-bir gözdən keçirdi. Sütunlarının
dibinə yemişan kolu pərçimlənmiş,
gövdəsini böyürtkən
sarmış, zirvəsi
günəşə boylanan
məğrur Qala; bu
da kollardan çay yığan qızlar, köhnə koma...
Bu rəsmin önündə
dayandı...
***
Qəribə, çox maraqlı, həm də təzad dolu bir təsvirdir. Kişi başında şlyapa, boynunda da ağ köynək, üstündən köynəyə
uyğun taxılmış
qalstuk, sağ əli ilə alnından ənsəsinəcən
ağappaq sıyırma
bir qaşqa kəhər atın boynunu qucaqlayıb. At sıyırma qaşqadırsa,
deməli, ən azı ayaqlarından biri səkildir. Çuxura düşmüş,
gecənin ayazından,
gündüzun istisindən
kölgələnmiş gicgahlar
illərin ötən
yaxşı-yamanından soraq
verir. Gözlər isə diridir, dipdiri, dumduru... Tablodakı gicgahların o
nisgilli halını aydın, diri baxışlar ört-basdır
edir, qalır bircə qalstuk...
Əl-üzünə
su vurmağı sonraya saxladı. Birbaşa küncdəki guşəyə, əlindəki
işdən ayrıla
bilməyib evə dönməyi unudanda, elə salonda gecələdiyi vaxtlarda, ya da gün ərzində məişət
qayğılarını tamamlayandan
sonra "istirahət guşəsi" adlandırdığı
otağa yaxınlaşdı.
Yeyəcək tədarükünü
qabağa çəkməliydi,
yoxsa, son vaxtlar "qırmızı xətt"ə
yetişən "şəkər"
adlayıb irəli keçər, ona zəhər qusdurardı.
O, "müsamirənin televiziya ilə yayımı başlayana qədər bu zəruri ehtiyaclarımı
bitirə bilsəydim",
- deyə öz-özünə
mızıldandı. Onu düşündü,
könül dostunu.
İlk dəfəydi belə
uzaq diyara, uzun səfərə çıxırdı. Müsamirə
nə az, nə çox, iki həftə sürəcəkdi.
Bu gün isə
onun da qatıldığı
müsamirənin neçənci
günüydü, hesablamağa,
ötən vaxtı dəqiqləşdirməyə çalışdı. Televizoru
elektrik xəttinə qoşub pultu da yanına qoydu. Verilişi televiziya ilə izləyəcəkdi.
İzləməliydi, o müsamirənin
uğurlu bitməsini arzuladığı qədər
də gedişini, həyəcanını, bəlkə
elə onun özündən artıq
yaşayırdı... Darıxdı,
əlindəki işi
bir kənara qoyub yadına düşən xatirələrinə
tərəf boylandı,
səfərqabağı görüşlərini
yadına saldı.
...Danışdıqca elə hey sağ əlinin baş barmağı ilə saçını qulağının
ardına xəfifcə
itələyirdi. Elə
çöhrəsinin hər
əzası kimi o açıq qalan qulağı da gözəldir,
biçimlidir, - deyə
düşündü.
Rəssama bax ee, - düşünür,
gülümsünür, qoca
ki qoca. Sanki kimsə kənardan baxıb dodağının qaçdığını
gördü, yəqin
üzü də qızardı. Çiyinlərini
qaldırır, nə
görən var, nə
bilən, çay qəfədanıdır, sobanın
üstündə şaqqanaq
çəkir, dimdiyi də yuxarı qalxıb-enir, elə bil əl çalır.
- Qismətinizə düşüb,
gedin, həm də gəzin, bir yer görün,
belə müsamirələr
hələ çox olacaq... Onun yaraşıqlı çöhrəsini
diqqətlə süzür,
davamlı baxırdı.
O isə susur, dinib-danışmırdı. Üzünün
cizgiləri tərpənmirdi,
deməli, sözü
hələ hədəfə
dəyməmişdi, davam
edib: - Adam belə fürsəti əldən
verməz, eşidən-bilən
nə deyər, kimsə bu "getmirəm"i başa düşməz, - gedin, sevinə-sevinə, uça-uça
gedin, heç bir izahata da daha yer yoxdur,
- deyə təkid edir, onu inandırmağa
çalışırdı.
Axır ki, başını qaldırıb,
şirin-şirin gülümsündü:
- Nə bilim, - deyib nəzərlərini kənara çevirib baxışlarını gizlətməyə
çalışdı.
Qoca ürəklənmişdi.
Deyəsən, yumşalır,
məqsədimə, onu
inandırmağa nail oluram,
inandırmışam, gedəcək,
- deyə özlüyündə
sevinmişdi. İndi isə
geri dönməsinin, həm də qalib qayıtmasının
intizarını çəkirdi.
Ürəyi darıxır, könlü
heç açılmırdı.
Aradan beşcə gün ötmüşdü.
Gözləri yol çəkdi, düşüncələri yenə
haçalandı. Ötən
o gün, ogünkü
yaşantılar bir
lent yazısı kimi anbaan xatirəsində canlandı.
...Ona "sizi nə
iləsə təəccübləndirmək
çətindir", - demişdi.
Köks ötürmüşdü,
yəqin ki, çox dəqiq demişdi.
***
Emalatxananın səssiz, sanki sükuta dalmış gen-geniş həyətində
qoşa addımlayır,
dinib-danışmırdılar. Gül kolları ilə çevrələnmiş cığırla
bağçaya yaxınlaşdılar.
O, ətrafa nəzər
salıb çiyni üstdən qocaya sarı döndü:
- Nə yaxşı
bağdır, səliqəlidir,
- sonra da, - ağacların
üstündə meyvələr
də var, - dedi.
Qoca rəssam
uşaq kimi udquna-udquna:
- Hə, elədir,
hər meyvədən
var. Başını qaldırıb
üzünə baxdı,
gülümsəyirdi. Ona çox
yaraşan gülümsər
çöhrəsində qeyri-adi
təravət verən
xəfif bir utancaqlıq da sezilirdi. Bu halı qocanı məmnun etdiyi qədər də hərəkətlərində çox
diqqətli olmaq, davranışında ölçü-biçini
gözləmək məsuliyyətini
daha da gücləndirirdi...
İndi o görüşü xatırladıqca hər şey olduğu kimi yadına düşür, özünü
məzəmmət də
edirdi.
Elə salonun girişindəki yan otağın açıq qapısından
içəri ani bir nəzər salıb, - sizin rəsmlərinizdir? Rənglər nə qədər əlvandır,
bu salona yəqin heç işıq lazım deyil, - sözünə davam edib: - Belə
zəngin fond həm də öz əsərlərinizi çox
sevdiyinizdən, ayrılmaq
istəmədiyinizdən soraq
verir, - dedi və rəsmlərə baxa-baxa salondan ötüb baş tərəfdəki yazı
stoluna yaxınlaşdı.
- Burada rahat işləmək olar, - dedi, sonra da molbertin üstünə atılmış bəyaz
örtüyə toxunub
işə işarə
edərək: - nə
çəkirsiziniz? - soruşdu.
Qoca rəssam
lap yaxına gəlib örtüyü qaldırdı,
- baxın, - dedi.
Gənc rəssam heyrətlə:
- Bu ki mənim əsərimdir,
sərgiyə göndərmişdim,
"bəyənilib, satılıb"
demişdilər, deməli,
mənim sevincimə səbəb olan o adam sizmişsiniz, - deyib, məmnun-məmnun qoca rəssama baxdı.
Alnının ortasından başmaqlarının
ucunacan göy qurşağına bürünmüş
qadın təsviri.
Bu, onun əsəri
idi, ruhunun əkizi saydığı,
gənc rəssamın,
"Real həyat və
fantastik dünya" peyzajı. Əlbəttə
ki, əslində belə
deyildi, əsər tamamlanmışdı, ancaq
baxana elə gələ bilərdi ki, bəlkə də bu yarımçıq rəsmi tamamlamağa elə özü də əl yetirməlidir. "Abstrakt
düşüncənin təfəkkür
meydanı".
Gənc rəssam molbertdəki yarımçıq işə
toxunmaq istədi.
- Köhnə işdir,
lap köhnə, "Məryəmin
intiqamı", bu o qədər də maraqlı deyil, - deyə onu qabaqlayıb
rəsmi əlinə alaraq bir kənara
itələdi. O da daha
rəsmlərə baxmadı,
geri dönüb bağçaya baxan pəncərənin önünə
gəldi.
İndi xatırladıqca düşünürdü ki, molbertin
önündə oturub
qeydlərinə baxmağı
niyə ondan istəmədi. İndi düşünürdü
ki, yəqin baxmaq istədiyi yarımçıq
işi, onu qabaqlayıb alıb kənara qoymağı, bəlkə də xətrinə dəymişdi,
ya da ayrı bir şey düşünmüşdü.
Ancaq daha olan olmuş, keçən keçmişdi.
İndi bunları niyə
düşünür, xatırlayırdı,
çünki onun hüzurunu qaçıran
o hərəkətindən, davranışından narazıydı.
***
Duruxdu, qəfədan hələ zümzümə edirdi,
"şaqqanaq" çəkməsinə
bir az vardı.
Yerindən qalxdı, - əşi, nə çəkələk,
nə qaloş, ikicə addımdır, - deyib yerindən qalxdı, elə ayaqyalın yerə salınmış kilimin üstü ilə irəli yeriyib sobanın önünə
çatdı, piltənin
düyməsini sıxıb
odu söndürdü.
Qəfədanın lüləsindən
qalxan buxar divarı yalayır, sanki duman topasıydı,
əlçimlənib, yamacla
üzü yuxarı, yoxuşa cilvə ilə süzüb gedirdi...
Qayıdıb yenə qoltuğa çökdü, yerini rahatladı. Kiçik masanın üstünə
səpələnmiş kağız-kuğuza
bir də göz gəzdirdi. Adətinə uyğun yığcam süfrəsini
salmaq üçün
əlinin altındakı
balaca "meydançanı"
təmizləməli idi.
Vərəqlərdən birini
götürüb o birisinin
üstünə qoydu,
küncə itələdi.
Daha birisinə əl atdı, rəngli karandaşla çəkdiyi cizgilər
diqqətini cəlb elədi. Şəvə kimi qapqara saçları
qulağının arxasından
sağ çiyninə
tərəf tellənmiş
bir "mələk"
ona baxırdı. Sinəsi qabardı. Onu, yolunu səbirsizliklə gözlədiyi könül
dostunu elə bu görkəmində çəkəcəkdi. Elə
beləcə, çiyinlərindən
sinəsinə doğru
havalanıb süzən
ipək qumaşda, rəngli boyalarla kətanın üstündə,
vaxt-bivaxt görüşüb
şirin-şirin söhbət
etdiyi, əslində hər görüşü
bir həyat hekayəsi olan, indi özü kimi qoca, naxışlı
taxtaları küskün-küskün
baxan emalatxanasında...
Bu onun neçənci
əsəri olacaqdı,
sayını xatırlaya
bilmirdi. Ancaq içində bir səs ona bu
tablonun ötən uzun ömründə daim axtardığı, nəhayət, sonunda tapdığı, yaradıcılığının
zirvəsi və bəlkə də elə son nidası olacağını, ürəyində
öz-özünə pıçıldayırdı...
***
İnsan iki dəfə uşaq olur, - deyirlər. Bir elə dünyaya gələndən
sonra, uşaq yaşlarında, bir də yaş üstünə yaş gəlib qocalanda...
Rəngləri çox sevmişdi, - yaşılı, sarını,
qırmızını, bir
sözlə, yaranışın
bütün rənglərini.
Çiy kərpiclə
hörülüb palçıqla
suvanan, buxarıdan çıxan ələnmış
küllə ağardılan
evlərinin arxa divarına bir ağac rəsmi də çəkmişdi,
iri, lap hündür bir Çinar ağacının rəsmini.
Həm də hələ onda nə boya bilirdi,
nə də fırça, heç qara karandaşı, rəngli qələmləri
də yox idi. Ocaqda yanmış
odunun kömürü
ilə evlərinin arxa divarında çəkdiyi o ağac rəsminə görə atasının qınağına
gəlmiş: - Ev-eşiyin
yan-yörəsini pis günə qoymusan, - deyə cəza olaraq sağ qulağını ikicə
barmağı ilə tutub sıxdığı
yerin ağrısı
indi də yadına düşəndə
elə həmin o andakı kimi sızıldayırdı...
İndi isə nə
lazımsa, hər şeyi var. Rəng də, kətan da, hətta gen-geniş olmasa da, babat rəsm salonu, rahatca işləmək üçün münasib
emalatxanası da. Çəkdiyi
tablolar, əl-əl, el-el, diyar-diyar gəzib dolaşıb. Fəqət, daha yorğundur, dizləri, biləkləri yavaş-yavaş
girdən düşür.
***
...Neçə gün
idi ki, anasının:
- Oğlum, qorxma, qaçma, atan acıqlansa da, sənə
qıymaz, incitməz,
gəl qardaşlarının
yanına. İndi, bax
indi də uşaqlığın ahıllığını,
yox, yox, ahıllığın uşaqlığını
yaşayır... Bacılarına
qarış, yerində
yat, - desə də "qoca uşaq" ehtiyat edir, günü-gündüzü
evdə, həyət-bacada
dolaşır, atasının
sorağını alan
kimi gözdən itir, ailənin keçinəcəyinin toplanıb
saxlandığı əl
yerinə, olacağa, özü üçün
qurduğu daldalanacağa
çəkilirdi. Gözdən
uzaq durmaq üçün seçdiyi
bu hücrə həm də ona görə çox romantik idi. Döşək əvəzinə saman dolu
kisəni yastılayıb
altına sərmişdi.
Başını da dəsdələyib
tikandan, çöpdən
arıtdığı bir
koma otun üstünə qoyurdu. Qurudulub aşılanmış
qoç dərisi də tapmışdı.
Onu da uzananda sinəsinin
üstünə çəkirdi.
Darısqal olsa da, bura ona görə
əsl saray idi, ona aid olan,
ona məxsus saray.
Buğda dolu toxunma çuvalların
arxasında gizləndiyi
yerdən, sığınacağından
başını qaldırıb
ətrafa dinşək
kəsildi. Bir neçə
dəqiqə beləcə
qalıb yan-yörəsinə
döyükdü. Səs-səmir
gəlmirdi, sakitlikdi, atası evdə olsaydı, hay-harayı indiyəcən həyət-bacanı
başına götürmüşdü,
deməli, kişi erkəndən çıxıb
harasa getmişdi. Arxayınlaşdı, buğda
dolu çuvalların
üstündən tullanıb
balaca otağın qapısının ağzındakı
elə iki ayağının güclə
yerləşdiyi darısqal
meydançaya düşdü.
Qapının ağzındakı
un kisəsinin ağzı
açıq qalmışdı,
deməli, səhər
açılar-açılmaz, anası xəmir yoğurmaq, ya sıyıq, ya da elə umac bişirmək
üçün gəlib
un götürmüşdü. Burnuna isti fətirin
qoxusu gəldi, canı qızındı.
Otağın qapısını
itələyib astaca araladı. Əvvəlcə
başını qapıdan
uzadıb ətrafı
yaxşıca nəzərdən
keçirdi, qulaq verdi, atasının evdə olmadığından
bir daha əmin olandan sonra ayaqlarını da yerdən üzüb otaqdan çölə adladı.
İkicə sıçrayışla həyəti
ötüb keçib
eyvana çatdı. Özündən kiçik
bacı-qardaşlarının yanına yetişib anasının səliqə
ilə yerdən sərdiyi, tən ortasında da şorba dolu qazan buğlanan
süfrənin kənarında
oturub yerini rahatladı.
***
Uzaqdan atasının evlərinin
arxasındakı yamacın
döşündən keçən
cığırla həyətə
doğru gəldiyini gördü. Kişinin ötənlərdə elə
divarları boyadığına
görə ikicə barmağı ilə sıxdığı sağ
qulağı sızıldadı.
Atası elə uzaqdan: - oğlum, qaçma, bir gör hələ sənə nə almışam, - deyib, əlini uzadıb çiynindən asdığı
xurcunun ön tərəfdəki cibinə
işarə elədi.
Yamanca yaxalanmışdı, daha
qaçacaq yeri yox idi, atası
da onu beləcə uzaqdan oxşayıb hələ bir hədiyyə ilə də müjdələməyi
onu ümidləndirirdi.
Atası gəlib yetişdi, başını hələ
də aşağı
salıb dayanmış
oğlunun qarşısında
durdu, sol əli ilə uşağın çənəsindən tutub
yuxarı qaldırdı,
sonra da çiyinlərindən
yapışıb özünə
tərəf çəkib
qucaqladı. Belini dikəldib oğlunun üzünə baxdı.
- Şəkil çəkmək
istəyirsən? - deyə
soruşdu. Əhmədin
üz-gözü alışıb-yanırdı,
həyəcanlı idi,
qorxusu hələ də ötüb keçməmişdi, ancaq
cavab verməliydi, həm də düzünü deməliydi.
- Hə, dədə,
çəkmək istəyirəm,
- dedi.
Atası:
- Yaxşı eləyirsən,
oğlum, ancaq daha bundan belə
evin-eşiyin divarlarını
boyama. Bax, gör bir sənə
nə almışam?!
- deyib xurcunun ön tərəfindəki
qoltuğundan qalın
rəsm dəftəri
və bir qalaq rəngli qələm çıxarıb
ona uzatdı. Sonra da əlini salıb xurcunun o biri qoltuğundan bir sıxım noğul çıxarıb oğlanın
pencəyinin yan cibinə boşaltdı...
***
...Bu da uşaqlığın ahıllığı, yox,
yox, ahıllığın
uşaqlığı...
Çəkməliydi,
nə zamandı xəyalında canlandırıb
o mənzərəni, o anı...
Mütləq çəkməliydi.
"Birdən çatdırmaram,
nisgilim məzarımı
yandırar", - deyə
hərdən düşünür,
az qala xoflanırdı.
***
Darısqal cığırla başını
aşağı salıb
ləngərlə yeriyirdi.
Xəyalı isə rəsm emalatxanasında, yaradacağı tabloda qalmışdı.
***
Qoca rəssam
şəhərin darısqal
küçələrinin adamlarla
dolu, gediş-gəlişin
çox olduğu bu yerini tez
ötüb keçmək,
sakit bir məcraya çıxmaq uçün dizlərinə
güc vurub addımlarını yeyinlətməyə
çalışırdı.
Bazarın bu başından girib, o başından çıxmışdı. Demək
olar ki, hər köşə-bucağını gəzib-dolaşmışdı. Parça axtarırdı,
ipək parça... Baxdığı parçaların
heç biri ürəyincə olmamışdı.
Artıq qərara gəlmişdi; gəzməkdən
bir şey çıxmaz, - deyib daha fərqinə varmadan ilk rastına çıxan paltar-parça
satandan gördüyünü
alacaqdı. Elə bu düşüncələr
içində də aram-aram yeriyirdi. Gəliş-gedişin sıx
olduğu yerdə, yol kənarında uşaq pal-paltarı satan bir qadının
boynuna saldığı
sarı ipək şərf diqqətini çəkdi. Qadına yaxınlaşdı. Qadın
yerindən ayağa qalxmaq istədi. Ancaq yəqin ki, buna məcbur olmadığını
düşünüb oturduğu
yerdə yayxanıb yerindən tərpənmədi.
Əli ilə satdığı malları
göstərirmiş kimi
bir vəziyyət aldı, kişinin verəcəyi sualı gözlədi. Kişi nə qadına, nə də pərakəndə halda yan-yörəyə səpələnmiş
mallara baxırdı, diqqəti qadının boynundakı bağlanmaqdan
bəzi yerlərinə
qırış düşmüş
ipək şərfdəydi.
Şərf sanki rənglər çələngi
idi. Bu ipək şərfin üzərindəki
naxışlar olduqca şəffaf və canlı idi.
Qadın yenə də nəsə yerində qurcuxdu, yəqin ki, boynunda-boğazında gəzən
kişi baxışlarını
həssas qadın fəhmi ilə duymuşdu. Şərf qadının boynundan sürüşdü, qanadlanıb
kənara düşəcəkdi
ki, kişi əl atıb onu havadaca
tutdu. Şərfi sinəsinə sıxıb
öpüb qoxlamaqdan özünü güclə
saxladı. Əlindəki
şərfi qadına
uzadıb: - Buyurun, - dedi. Qadın şərfi alıb boynuna atdı, uclarını da sinəsi
üstə çarpazlayıb
saçaqlarını sığallaya-sığallaya,
qocanı süzüb
soyuq-soyuq gülümsündü.
Kişidəki qeyri-adilik,
bazar əhlinin az-az rastlaşdığı fərqli
davranış, incə,
ağayana rəftar, görünür, onu təsirləndirmişdi. Kök
qadın axır ki, təkan verib yerindən qalxdı, kətan donunun ətəyini dartıb düzəltdi.
- Bir istədiyiniz varmı?
- deyə kişini bir də başdan
ayağa süzüb soruşdu.
- Bu şərfi satarsınızmı?
- deyə kişi barmağını qadına
tərəf uzadıb
boynundakı şərfə
işarə elədi.
- Bu şərfi? Bu ki, lap köhnəlib... Nəyinizə
gərəkdi bu nimdaş şərf? - deyərək qadın təəccübləndiyini gizlətmədi.
- Gərəyimdi, köhnə
olduğunu mən də görürəm. Ancaq almaq istəyirəm,
onu satın mənə, xahiş edirəm, - deyə qoca ehtiramla qadını razı salmağa çalışdı.
Qadın nə deyəcəyini bilməyib kəkələdi,
nəzərlərini satmaq
üçün qarşısındakı
pal-paltara dikdi. Qoca rəssam qadının qırımını
anlamışdı. Qadının,
bəlkə də bugünkü ən böyük arzusunu yerinə yetirmək gücündə olduğunu
bildirmək qərarına
gəldi.
- Bütün bu
paltarların qiyməti
nə qədər edir? - deyə soruşdu.
- Bütün bunlarımı
deyirsiniz? - Qadın eşitdiyini dəqiqləşdirmək
üçün bir də soruşdu.
- Bəli, bütün
bunları, hamısının
pulunu ödəyirəm,
əlbəttə ki, çiyninizə
atdığınız o şərfin
müqabilində.
Nəhayət, qoca rəssamın alveri baş tutmuşdu, qadının dediyi məbləği ödəyəndən sonra
şərfi alıb köksünə sıxdı,
yola düzəldi. Satıcı qadın kişinin ardınca səslənib: - Dayanın,
ay kişi, aldığınız
o biri mallar qaldı ki, bəs bunları da yığışdırın,
aparın, - desə də qoca heç
dönüb geriyə
də baxmadı, o artıq çoxdan bazardakı adamların arasına qarışıb
gözdən itmişdi.
Qoca rəssam
yol gedir və getdikcə də düşündükləri
onda xoş və həyəcanlı hisslər yaradırdı.
Hər yeni əsərinin
üzərində işləməyə
başlayanda olduğu
kimi, yenə də ürəyi atırdı. Bu dəfə
isə əhvalı həm də bambaşqa idi.
***
Nəhayət ki, emalatxanasında idi. Sulu boyaların tanış qoxusu canına hopdu. Masanın üstündə də, nə desən, vardı... Real həyat və qoca rəssamın
fantastik dünyası.
Fırçalarla dolu
sandığı, palitra,
yer-yerdən sanki üstünə gəlirdi.
Rəngləri, suyu, fırçaları bir-bir
götürüb baxır,
tələsə-tələsə sağa-sola yerlərini dəyişirdi. Vaxt keçdikcə ürəyi
şiddətlə vurur,
həyəcandan bədəni
süstləşirdi. Molbertdəki
ağ kətanda süslənəcək rənglərin
qoynunda xəyal dünyasındakı o könül
dostunu qucaqlayıb nəvazişlə oxşayacaqdı.
Şərfi taxtın üstünə
sərmişdi. Taxtın
üstü göz qamaşdıran bəyaz parça ilə örtülmüşdü. Qoca
rəssam kiçik, ancaq kifayət qədər hündür və əlverişli mexaniki hərəkət sistemi olan qoltuğa
əyləşib, gah molbertə,
bir azdan sinəsini fırçalayacağı
kətana, gah da taxtın
üzərinə sərilmiş
sarı ipək şərfə baxırdı.
Qapı cırıldadı. Yerindən
dik atıldı. Qapıya tərəf addımladı, cəftəni
çəkib araladı,
gələn yox idi, heç kim gözə dəymirdi, külək idi əsirdi. Qayıdıb yerində oturmaq istəyərkən
susadığını hiss etdi. Küncə qoyduğu səhəngdən
iri gil parçı
doldurub başına çəkdi. "Yanırmışam
ki" - öz-özünə mızıldandı... Yenə
doldurub içdi. Şərfin istisi əlini yandıraraq bütün bədənini
rənglərin alovuna
bələmişdi. Taxtın
üstünə əyilib
onu götürdü.
İndi bir əlində
su dolu stəkan,
o biri əlində od tutub yanan
sarı ipək şərf...
***
Uzaq səfərdən
geri dönüb. Hələ ki, onu görməmişdi. Ancaq nigarançılığı ötüb keçmişdi.
Daha xiffət çəkmirdi. Axı daha əzizlərinin, onu sevənlərin yanındadır, - deyə
toxdamışdı. İntizar
isə sevənlərin
qismətidir, yol gözləyənlər üçün
hələm-hələm ötüb
keçmir...
Nədənsə onun dönsə də, gəlməyəcəyini
düşündü, keçib
hərəkətli qoltuğa
yayxandı. Daha molbert arxasında qəhrəmanını gözləyəcək
halətdə deyildi. Bütün beyni ağır düşüncələrdən
yorulmuş sakitliyə
can atırdı. Şərfi
elə oturduğu yerdə dizlərinin üstünə sərdi,
stəkandakı suyu axıracan içməsə
də, əlindən yerə qoymurdu. Qoltuğu hərəkət
etdirərək pəncərənin
önünə çəkdi.
***
...Qoca sinədolusu,
dərindən nəfəs
aldı, sol qolunun üstünə atdığı
şərfi sağ əli ilə sol çiyni üstdən geriyə atıb o biri ucunu köksünə
sıxdı, saçaqlarını
sığalladı. Köks
ötürüb: - eheyy,
- deyə hayladı, boynu asta-asta çiyni üstə meyilləndi, gözlərini
yumub sanki dərin bir yuxuya gedibmış kimi düşüb qaldı....
***
O idi. Məlahətli
rəssam xanım. Müsamirədən dönmüşdü,
hələ ayağının
tozunu çırpmamış
tələm-tələsik sevimli
ustadının, mürşüdünün
yanına, görüşünə
tələsmişdi, fəqət!..
Gənc rəssamın əlində
fırça, qarşısında
isə üzü ənginliklərə tərəf
açıq pəncərədən
baxar kimi görünən bir tablo, rəsm vardı. Ağır, dərin, əbədi yuxuya getmiş, elə yatdığı yerdə də gülüşü dodağında
donmuş, çiyninə
saldığı nimdaş
ipək şərfin saçaqları şana barmaqlarının arasında
tellənən bir qocanın portreti...
Novruz NƏCƏFOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 14 mart (№10).- S.20-21.