"Koroğlu" eposu İraqda

 

"Çənlibel", "Qırat" və "Dürat"ın etimologiyasına yeni baxış

 

Sanballı məqalələri ilə ədəbi ictimaiyyətin diqqətini cəlb edən "Ədəbiyyat qəzeti"nin 21 28 fevral tarixli saylarında filologiya elmləri doktoru, professor Yusif Səfərovun ""Koroğlu" eposunun mənşəyi, tarixi-milli səciyyəsi coğrafi arealı" adlı maraqlı məqaləsini oxudum. Sevindim. Ona görə sevindim ki, Yusif Səfərov doktorluq dissertasiyası müdafiə edəndə birinci rəsmi opponent olaraq dissertant haqqında rəyimdə yazmışdım ki, folklorçularımız sırasına folklorçu üçün çox vacib olan təfəkkür təxəyyül sahibi alim qoşulur. Alimin bu məqaləsi illər öncə dediyim sözlərə dayaq oldu. Təəssüf ki, tədqiqatçı "Koroğlu"nun coğrafi arealından söhbət açarkən "Koroğlunun Bağdad səfəri"ni unudub. Yeri gəlmişkən, Bağdad ətrafında, Dəclə çayı sahlində "Koroğlu" adlı kənd olub. Bu barədə XVI əsrə aid qeydiyyat dəftərində yazılıb (Bax: Nicat Kövsəroğlu. İraqda türkcə yer kılavuzu. Kərkük, 2012, s.317).

Yusif müəllim "Koroğlu"nun coğrafi məkanından danışarkən eposun Türkiyədə yayılmasına üstünlük verir. Halbuki tədqiqatçının məqaləsində adıkeçən türk alimi P.N.Boratavın göstərdiyinə görə, dastanları Türkiyəyə Güney Quzey Azərbaycandan azərbaycanlılar gətirərək, XIX əsrin ortalarından 1928-ci ilə qədər İstanbulda 15-dən artıq dastanın çapına nail olmuşlar (P.N.Boratav. Xalq hekayələri xalq hekayəçiliyi. (türkcə) Ankara, 1946, s.211; P.N.Boratav. Türk xalq ədəbiyyatı 100 soruda (türkcə). İstanbul, 1969, s.66).

P.N.Boratavın göstərdiyi dastanlar sırasında qəhrəmanlıq dastanı "Koroğlu" qara sevda dastanı "Əsli Kərəm" vardı. Hazırda Türkmanelində sazla çalınıb-oxunan yeganə dastan "Əsli Kərəm"dir. Dastanın sazla ifasına daha çox Telafərdə təsadüf edilir. Telafərli Aşıq Rza "Əsli Kərəm"in ən gözəl ifaçısı kimi məşhur idi. Toylar onsuz keçməzdi. Sonra onun şəyirdləri arasında Aşıq Sadiq "Sazıgözəl" məşhurlaşdı. Mən İraqda işləyən vaxtlarda onun çalıb-oxuduğu havaları tez-tez radioda səsləndirirdilər. Aşıq Sadiq gözəl çaldığına sazının çox bahalı şirmayi ilə bəzədildiyinə görə "Sazıgözəl" ləqəbini qazanıb.

Bu yazımızda "Koroğlu"nun İraqda yaşayan soydaşlarımız arasında yayılmasından, Çənlibel, "Qırat" "Dürat"ın fərqli real etimologiyasından söz açmaq istərdik.

"Koroğlu" dastanı İraq-türkman folklorunda belə başlayır:

 

Mən bir kor oğluyam, dağlar gəzərəm,

Dağ sultanı yeldən qüvvət sezərəm.

Zalımların başlarını əzərəm,

Əcələ yap, usta, mənim sazımı

 

- deyərək, intiqam almağa tələsən qəhrəman, tüfəng icad edildikdən sonra məyus olur, "Mərdliyin pozulduğu"nu bildirir:

 

Düşmən gəldi, tabır-tabır düzüldü,

Alnımıza qara yazı yazıldı.

Tifək icad oldu, mərdlik pozuldu,

Əgri qılınc qında paslanmalıdır

 

- deyir tale ilə barışmalı olur:

 

Mən zalımlar düşməniyəm,

Zavallılar aslanıyam.

Təqdir beləysə razıyam,

Haqq belə yazmış yazımı - deyir.

 

Göründüyü kimi, dastanın sonu da Azərbaycan variantından o qədər fərqlənmir.

Kərkük dolaylarında "mərdliyin pozulduğu"ndan şikayət edən Koroğlu Azərbaycanda "mərdlik əldən getdi" deyə haray çəkir:

 

Axır əcəl gəldi yetdi, hay-haray!

Çəkdiyim qovğalar bitdi, hay-haray!

Tüfəng çıxdı, mərdlik getdi, hay-haray!

Mənmi qocalmışam, ya zəmanəmi? - deyir.

 

Təbii ki, burada elə böyük bir fərqə rast gəlmək mümkün deyildir. Bunu iraqlı tədqiqatçılar Əbdüllətif Bəndəroğlu, İbrahim Daquqi başqaları da təsdiq edirlər. Bununla belə, İraq-türkman folklorunda "Koroğlu" dastanı ilə bağlı hələ uşaqlıqdan adı hər azərbaycanlı üçün doğma olan Qırat, Dürat, Çənlibelin etimologiyasına dair yeni fərqli fikir söyləmək mümkündür.

Məlumdur ki, atlara, bir qayda olaraq müəyyən bir nişanına rənginə əsasən ad vermişlər. Türkmanelində atlara aşağıdakı adlar verilir: Qısraq at ya Madyan, Tay, Fənil-al at, Qaşqa at, Dəmiri at, Küveyti at, Yağırı at, Dorat, Qırat.

Azərbaycanda Qırat Dürat adlarının hansı nişanlara əsasən verildiyi böyük tədqiqat mövzusu olub. Folklorşünaslarımız "Qırat" sözünün real mənasına fikir vermədən onun yalnız astral-mifik mənasından çıxış edərək Qıratın "qor at", "qara at" olduğu fikrinə gəlmişlər. "Qırat", "Dürat" sözlərinin astral-mifik mənasına toxunmadan, onların Kərkük dialektində bu gün belə işlənən real əsasına arxalanaraq Qıratın - zil qara rəngli at, dörü ya doru atın - kəhər at, boz at olduğunu söyləyə bilərik.

Maraqlıdır ki, mifik mətnlərdə "boz at", "kəhər at" işlənir:

 

Mən Xızırın quluyam,

Boz atının çuluyam.

 

ya:

 

Gün çıx, çıx,

Kəhər atı min, çıx.

 

Xoşbəxtlikdən həmin sözlərin etimologiyasına dair son tədqiqatlarda bu sözlərin astral-mifik mənası dediklərimizlə üst-üstə düşür (bax: Elbrus Əzizov. "Qırat" "Dürat" sözlərinin etimologiyası. ADU-nun Elmi əsərlərinin tematik məcmuəsi. Bakı: 1981-ci il, s.102-103).

"Koroğlu" dastanında verilən uydurma bir süjet dediklərimizi təsdiqləyir. Koroğlunun tacir Əhmədi aldatmasının əsl mahiyyətini dərk etməyən bəzi tədqiqatçılarımız belə bir rəvayət uydurmuşlar ki, guya Koroğlu bir sərnic qatıq, arxasınca da yapıncısını atmış, tacir Əhməd Koroğlunun çıxıb getdiyini düşünərək aldanmışdır. Əlbəttə, Koroğlunun özü ilə qatıq gəzdirməsi real deyil. Əslində Koroğlu zil qara rəngli atına minərək tacir Əhmədi aldatmışdır.

Maraqlıdır ki, İraqdakı soydaşlarımızın ləhcəsində siyah - qara, qir - zil qara, bəyaz - mənasında işlənir.

Qıratın qara rəngli olmasını Kərkük dolaylarında geniş yayılan "Alma, alı, min dörü, bəslə qiri, sat yağızı" məsəlinə dair folklorşünas Məhəmməd Xurşidin gəldiyi nəticə maraq doğurur: "Bu söz əskilərdənqalma atsevərlərin ögüdüdür. Al rəngli atı alma, çünki rəğbətsizdir. Dör ata min, çünki təhlükəsizdir. Bəyaz rəngli qir atı bəslə, çünki dəgərli bəgənilən bir atdır".

Dürat məsəlinə gəldikdə isə, deməliyik ki, dür at - kəhər at, boz at mənasında əksər türkdilli xalqlarda doru, toru at kimi, Azərbaycan dilində dür at kimi işlənmişdir. Dür atın Boz at olmasını "Kitabi-Dədə Qorqud"dan götürdüyümüz, "Koroğlu" süjeti ilə səsləşən maraqlı fakt da təsdiqləyir:

"Baybörəgin oğlıyçun bir dəniz qulunı - boz ayğır aldılar".

Açması gecə-gündüz olan Azərbaycan tapmacasında da Qır atla bərabər, elə Boz at işlədildiyinin şahidi oluruq:

 

Qır at qovar, Boz at qaçar.

Boz at qovar, Qır at qaçar.

 

(Gün, Ay)

 

Maraqlıdır ki, Azərbaycan qəhrəmanlıq dastanı "Qaçaq Nəbi"nin baş qəhrəmanı Qaçaq Nəbinin atı da "Bozat" adlanıb. Bozata "Bozat səni sərtövlədə bəslərəm" adlı mahnı da qoşulub.

Onu da demək lazımdır ki, əksər tədqiqatçılar Koroğlunun tarixi şəxsiyyət olduğunu göstərirlər. Belə olan halda, təbii ki, Qırat Dürat sözlərinin astral-mifik mənasından daha çox, onların real əsasına arxalanmaq daha ağlabatan, daha məntiqli olardı.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycan dilində Qazax, Tovuz, Salyan, Cəbrayıl s. dialekt şivələrində işlənən "dördəm" - at kimi qaçmaq sözünün Kərkükdə işlənən "Dörat"la bağlılığını söyləmək olar.

Çənlibel sözünün etimologiyasına gəldikdə isə, deməliyik ki, folklorşünaslarımız bu sözü "çənlə örtülü dağ beli", "danın söküldüyü bel" kimi izah etmişlər. Lakin tarixdən məlumdur ki, xalq qəhrəmanları, adətən zülmkarlara, istismarçılara, hakimlərə qarşı mübarizə aparmaq üçün dəstəsini yığıb, ətrafı meşəli dağlarda məskən salmışlar. Koroğlu da belə etmişdir. Bunu XVIII əsrin əvvəllərində Təbriz Azərbaycanın başqa yerlərindən toplanaraq "Nəğmələr" adı altında verilən folklor materiallarından da görürük. "Nəğmələr" kitabında Koroğlu barədə maraqlı məlumat vardır: "O, bir çox atlıların başında duraraq yollarda ağalıq edərmiş. Bəzən keçən tacirləri soyar, bəzən onlardan razılıqla pul alarmış... Orada böyük bir meşə var, indi Soğanlı adlanır. Orada bir qala da tikdirmişdir ki, Koroğlu qalası adlanır"

Deyilənlərə Azərbaycan dilinin Kərkük ləhcəsində işlənən "çəm" "çəm ağacı" sözləri söykək olur. Kərkük dolaylarında "meşə" sözü əvəzinə, "çəm" sözü işlənir (Türkiyə türklərində yalnız "orman" sözü işlədilir - Q.P.). Bundan başqa, Kərkükdə böyük ağaclara "çəm ağacı" - meşə ağacı deyirlər. Beləliklə, Çənlibelin "Çəmlibel" - meşəli bel, ətrafı meşəli dağ olduğu fikrini söyləmək olar.

"Çənlibel"in etimologiyasından söz açan Mirəli Seyidov bu sözün bəzi türk xalqlarında ağacla bağlı yarandığını təsdiqləyir.

Koroğlu dastanından danışarkən Hənəfi Zeynallı "Çamlıca", "Çamlı dağ" terminlərini işlədir nümunə üçün şeir verir. Tədqiqatçının misal gətirdiyi beş bəndlik şeirdən verdiyimiz nümunədən göründüyü kimi, "Çənlibel" deyəndə ətrafı meşəli dağ nəzərdə tutulur:

 

Meşədən enərkən Çamlı dağından,

Çəkinməyin həramıdan, yağıdan.

Səflər pozan, düşmənləri dağıdan,

Öndəki düşməndən xəbərdar olsun.

 

Onu da deyək ki, Türkiyədə çap olunan "Koroğlu" dastanında "Çənlibel" əvəzinə "Çamlıbel" yazılır.

Professor Dilarə Əliyevanın üzə çıxardığı dastanın 28 qolunu - boyunu əhatə edən, tədqiqatçılar üçün böyük əhəmiyyət kəsb edən qədim əlyazma nüsxəsində "Çamlıbel" işlənir.

Burada bir məsələyə aydınlıq gətirmək istərdik.

"Koroğlu" eposundakı çoxsaylı faktlar, tüfəngin icad olunması, Koroğlunun tarixi şəxsiyyət olması, dastanda yer alan, Azərbaycan poeziyasının çiçəkləndiyi dövrünü əks etdirən qoşmalar, gəraylılar az qala ona başqa nöqteyi-nəzərdən yanaşmağı şərtləndirir. Nigar xanımın övladsızlıq dərdini izhar etdiyi

 

Necə baxım ev-eşiyə,

Yaralı könlüm üşüyə.

Toz bürümüş boz beşiyə

Şirin Layla çalan yoxdur

 

- gəraylısı ilə XIX əsrdə yaşamış Qasım bəy Zakirin

 

Qəm evində var olalı,

Eşqə giriftar olalı,

Yarımadıq yar olalı

sən məndən, mən səndən

 

- gəraylısı arasında dil baxımından bir fərq görmək mümkün deyil.

Bununla belə, unutmaq olmaz ki, bir çox dastanlar, məsələn, "Leyli Məcnun", "Yusif Züleyxa", "Fərhad Şirin", "Arzu Qəmbər" başlanğıcını nağıldan almışlar. Bəzi dastanlar isə nağıl-dastandan yaranmışlar. Odur ki, təfəkkür təxəyyül məhsulu olan belə dastanlarda mifik elementlərin çoxluğu təəccüb doğurmamalıdır. Dastanda əfsanəvi ünsürlərin olması onu daha da maraqlı edir.

Professor Mirəli Seyidovun göstərdiyi kimi, çağlar keçdikcə, çevrədəki hadisələrə münasibət dəyişdikcə, yeni çağ öz görüşünü zor-xoş dastana qəbul etdirdikcə, boylarda bir sıra obrazlar, hadisələr az-çox müasirləşir, yeniləşir.

"Koroğlu" eposu da, bu qarşısıalınmaz tarixi prosesdən yan keçməmişdir.

 

Qəzənfər PAŞAYEV

Ədəbiyyat qəzeti.- 2025.- 14 mart (№10).- S.22.