Rəşad Məcid - Sözün sehrkarı, fikrin memarı
Onun 60 illiyinə yazı hazırlamaq istəsəm
də, cəsarət etməmişdim. Əgər
bu yaxınlarda Azərbaycan Yazıçılar
Birliyinin Natəvan Klubunda qatıldığım
tədbirdə baş
verənləri müşahidə
etməsəydim, yəqin
yenə tərəddüd
edəcəkdim yazıb-yazmamaqda.
Təqdimatın təşkilində
müəyyən qüsurlar
vardı. Tanınmış
bir xanım qüsurlara görə təşkilatçı xanımı
az qala çarmıxa
çəkirdi.
Təşkilatçı
xanım çox mütəəssir olmuş,
kövrəlmişdi. Bunu
hamımız kimi Rəşad müəllim
də görürdü.
Hamı susmuşdu, o isə çox alicənab bir tövrlə təşkilatçı
xanımı çağırıb
yanında əyləşdirdi,
söhbət etməyə
başladı. Hiss olunurdu
ki, xanım sakitləşib,
üzü gülür.
Rəşad müəllim
tədbir bitmədən
getdi. Tədbir bitdi və təşkilatçı
xanım Rəşad Məcid haqqında bunları dedi: "Bu insan duyğuların və fikirlərin rəssamıdır, yaddaşımda
ən dərin iz buraxan şəxsiyyətlərdən
biri kimi qalacaq..."
Azərbaycan ədəbiyyatında, jurnalistikasında
və ictimai həyatında özünəməxsus
yeri olan şəxsiyyətlərdən biridir Rəşad Məcid. O, təkcə şair,
yazıçı, jurnalist
deyil, fikrin, sözün, zamanın ruhunu duyan və
onu cəmiyyətə
çatdıran qələm
əhlidir. Onun varlığı, fəaliyyəti,
yaratdıqları ədəbiyyatın,
mətbuatın və
ictimai mühitin ayrılmaz parçasına
çevrilib. Rəşad
Məcidin qələmi
ilə yazılan hər sətir həyatın dərinliklərindən
süzülüb gələn
həqiqətdir, hər
misrası zamanın içindən boylanan bir duyğudur.
Daxili zənginliyi
ilə
fərqlənən
şəxsiyyət
Hər insanın öz iç dünyası var -
bəziləri bu dünyanı gizlədir, bəziləri onu yaşamaqla kifayətlənir,
amma Rəşad Məcid
onu sözə çevirir, misralara düzüb insanlara ötürür. Onun həyat fəlsəfəsi
təkcə kitablarda,
məqalələrdə və
şeirlərdə deyil,
davranışlarında, danışığında,
baxışlarında da görünür.
O, sadəliyin böyüklüyünü,
səmimiyyətin gücünü,
dürüstlüyün dəyərini
anlayan və bu dəyərləri gündəlik həyatında
yaşadan bir insandır.
Ünsiyyətdə
olanlar bilir ki, o, mürəkkəb yolları
aydınlıqla keçən,
çətin anlarda təmkinini itirməyən,
insanları anlamağa
çalışan bir
qəlb sahibidir. Həyatın sərt reallıqları qarşısında
sarsılmayan, eyni zamanda bu reallıqların
doğurduğu ağrını
duyan, bu ağrını sözə
çevirən bir qələm ustasıdır.
Onun insani keyfiyyətləri bir çox gənc yazar və jurnalist
üçün nümunədir
- Rəşad Məcid
təkcə söz öyrətmir, həm də həyatın özünü öyrədir.
Rəşad Məcidin yüksək insani keyfiyyətləri haqqında nasir-publisist
Mustafa Çəmənlinin bu fikri dediklərimizi
daha da qüvvətləndirir:
"...Rəşad Məcid
öz əxlaqi keyfiyyətlərinə, sözü
ilə əməlinin
vəhdətinə, sözə
namuslu münasibətinə,
ziyalılığına görə
bu günümüzə
keçmişimizdən gəlib.
Rəşad Məcid
milli-mənəvi dəyərlərimizin
daşıyıcısı, hamının doğması,
simsarı, güman yeri olmağı bacarıb. Bu, insan üçün böyük
xoşbəxtlikdir. Şübhə
etmirəm ki, Tanrı
ona hamıya doğma, məhrəm olmaq statusunu hələ beşikdə ikən bəxş edib". Düşünürəm
ki, şərhə ehtiyac
qalmır.
Fikir meydanının memarı
Rəşad Məcid jurnalistikada təkcə müşahidəçi
deyil, eyni zamanda hadisələri yönləndirən, cəmiyyətin
düşüncələrinə təsir edən bir qələm sahibidir. O, Azərbaycan mətbuatında öz izini qoyub, jurnalistikanın
inkişafına töhfələr
verib, media dünyasına
yeni bir nəfəs gətirib. "525-ci qəzet"in
baş redaktoru kimi uzun illər
ərzində ölkənin
ən aktual mövzularını gündəmdə
saxlayıb, cəmiyyətin
maariflənməsinə, ziyalı
fikrinin formalaşmasına
xidmət edib.
Onun ictimai
fəaliyyəti yalnız
mətbuatla məhdudlaşmır
- Azərbaycan Yazıçılar
Birliyinin katibi kimi, ədəbi mühitin canlanmasına, gənc yazıçı
və şairlərin
üzə çıxmasına,
ədəbiyyatın yeni nəfəs
qazanmasına da töhfələr
verməkdədir. O, hər
zaman söz adamlarının
qayğısını çəkən,
onların problemlərini
dinləyən, dəstək
olan bir ziyalıdır. Cəmiyyətin
içindən gələn
suallara cavab tapmağa çalışan,
ictimai-siyasi prosesləri
dərinliklərinə qədər
duyan və bunları jurnalistikanın,
publisistikanın dili ilə cəmiyyətə
ötürən bir qələm ustasıdır.
Duyğuların
və fikirlərin rəssamı
Rəşad Məcidin poeziyası həyatın özüdür
- süni bəzəklərdən
uzaq, səmimi, gerçək və duyğulu. Onun şeirləri oxucunun qəlbinə yol tapır, çünki bu şeirlər yalnız sözlərin birləşməsindən ibarət
deyil, bu misralarda yaşanmışlar,
hisslər, göz yaşları və təbəssümlər var.
Onun poeziyasında
həm keçmişin
nisgili, həm bu günün reallığı, həm
də gələcəyin
ümidləri görünür.
O, şeirə yalnız
romantik duyğuların
ifadəsi kimi yanaşmır - onun şeirləri həyatın
fəlsəfəsini, insanın
varoluşunu, zamanın
içindəki axını
da özündə əks
etdirir. Bəzən bir misra ilə
bütöv bir tale danışır, bəzən
isə bir bənddə minillik bir tarix gizlənir.
Rəşad Məcidin şeirləri oxucunu düşündürür,
hiss etdirir, bəzən
hüznləndirir, bəzən
güldürür, bəzən
isə həyata başqa bir gözlə baxmağa vadar edir. O, adi sözləri sehrə çevirən, duyğulara yeni çalarlar
qatan, fikirləri yeni istiqamətə yönəldən
bir şairdir. Onun poeziyası süni gözəllikdən
uzaq, səmimi və içdən gələndir - məhz bu səbəbdən də oxucu onun
şeirlərində özünü
tapır.
Rəşad Məcidin söz dünyası haqqında akademik İsa Həbibbəyli
"Bütün yönləri
ilə yaradıcı"
kitabında yazır:
"Rəşad Məcidin
şeirləri təpədən
dırnağa qədər
həyat və insan haqqında lirik düşüncələrdən
yoğrulmuş təbii
bir daxili monoloqdur. Rəşad Məcidin zərif və dərin şeiriyyəti ilə müqayisədə, hətta
monoloq məfhumu da müəyyən dərəcədə
pafoslu səslənir.
Bu şeirlər dünyadan,
həyatdan və insandan danışan işıqlı və obrazlı düşüncələrdən
yoğrulmuşdur. Fikrimcə,
bu mənada, Rəşad Məcidin lirikası müasir Azərbaycan şeirinin inkişafında fərqli
hadisədir... Rəşad
Məcidin şeirlərində
dərin lirizm, obrazlı düşüncə,
aydın mövqe, bədii ümumiləşdirmələr
bir-birini tamamlayır".
Yaddaşlara yazılan şəxsiyyət
Rəşad Məcid həm insan, həm ictimai xadim, həm də şair kimi Azərbaycan mədəniyyətinə
və ədəbiyyatına
öz töhfəsini
vermiş, bu sahələrdə silinməz
iz qoymuş bir şəxsiyyətdir. Onun yazdıqları zaman keçdikcə daha da dəyər qazanır, çünki o, yalnız bu günün yox, həm də
gələcəyin müəllifidir.
O, sözlə həyat
qurmağı bacaran, fikirləri ilə cəmiyyətə yol göstərən, duyğuları
ilə insan ruhuna toxunan bir sənətkardır.
Onun həyatı
və yaradıcılığı
bir məktəbdir - bu məktəbdə sözün gücünü
anlamağı, fikrin azadlığını dərk
etməyi və insanı duymağı öyrənmək mümkündür.
O, yalnız özü
üçün yaşamır,
yalnız özü üçün yazmır
- o, cəmiyyət üçün,
oxucu üçün,
gələcək nəsillər
üçün düşünür
və yaradır. Məhz bu səbəbdən
Rəşad Məcidin
adı, imzası və əsərləri daim yaşayacaqdır.
Şəhla TAHİRQIZI
Ədəbiyyat qəzeti.- 2025.- 14 mart
(№10).- S.23.