Başdaşındakı şəkil...
...Yayın istisi bir tərəfdən, hövsələsizlik
də bir yandan. Tər alnından
aşağı süzülür.
Ağappaq köynəyi
yapışıb bədəninə,
düymələri də
açılıb, tüklü
qarnı görünür.
Əli ilə alnının tərini silib əvvəlcə yerə çırpır,
sonra üstünə
sürtür, deyinə-deyinə
ora-bura vurnuxur. Bəli, məhz vurnuxur: qəssaba aparılacaq danalar kimi.
"Ay sənin!.." Qəbirlərin
arasını gəzə-gəzə
ürəyində deyinir,
dədəsinin (atasının)
arxasınca söyüş
söyür.
Arvadı da oturub köhnə, paslı vedrənin üstündə, qorxa-qorxa
bir ətrafa, bir də ərinə
baxır. "Bu vedrə də, yəqin qəbirlərə
su tökmək üçündür", - deyə
ürəyində fikirləşir,
əti ürpəşir,
ayağa durub, bir vedrəyə, bir də başdaşılarına
baxır, yarıuçuq
qəbirlərə göz
gəzdirir, vahimələnir.
Sanki yuxu görür. Ancaq yuxu olmadığını
da bilir. Yəqin başına gün vurub, ondandır. Narazılığı
üz-gözündən tökülür
və hərdən də içini çəkib soruşur:
- Tapmadın?
O da özünü eşitməzliyə
vurur. "Ay sənin!
Buna bax da!.." - deyinir.
Suallar təkrarlananda qumbara kimi partlayır, əlini yelləyir, ağzından bircə söz çıxır:
-
Eeehhh!..
Amma
arvadı əl çəkmir. Gün vurub-nədi, elə hey, dayanmadan soruşur:
-
Tapmadın?!
Hər şeyə dözərdi,
bircə arvadının
bu narazı baxışları və sualları olmasaydı.
"Ay sənin dədənin
kəlləsini, var-yoxunu..."
- ürəyində söyür.
Söyüşün biri
bir qəpik.
Ay
dədə vay, belə də iş olar?! Özü öz əli ilə qəbri qazmadımı? Qazdı! Dədəsinin meyidini bura dığırlatmadımı?
Dığırlatdı! Sözə
bax e! Yandığından
deyir. Bəs indi hanı? "Əşi, nə bilim, hanı!? Cərə olsun, cəhənnəmə olsun!"
-
Tapmadın? - Arvadı
bu dəfə soruşmadı inildədi.
Çünki bu sualı verməkdən yorulmuşdu.
Bu
dəfə, nədənsə,
çığırıb-eləmədi,
eləcə mızıldandı:
-
Yox, amma burdaydı, burda olmalıydı. Bax, burda!
Axtarış davam edir. Arvadının
gözləri ora-bura döyükən, qəbirlərin
başına fırlanan
ərini müşayiət
edir:
-
Axtar, axtar, taparsan. Ay tapdın, hay!
Arvadı, sanki onu hirsləndirmək
üçün deyir.
Heç belə olmasa da, o belə başa düşür.
-
Bu sahat səni! - arvadına tərəf bir-iki addım atır, ac və qəzəbli canavar kimi dişlərini qıcadır. İşə
bax, köpək dişləri də canavarınkına oxşayır,
amma bir az əyridi...
Arvadı durduğu yerdəcə dik atılır. Qorxusundan dalı-dalı gedir. Ayağı nəyəsə ilişir,
səndirləyir, amma yıxılmır.
Yenə də söyür, dədəsinin goruna, arvadının var-yoxuna, cəmi əqrəbasına,
yeddiarxa dönəninə...
Arvadı öyrəncəlidi. Ona görə
də ürəyində
ona qaramat atır, söyür, bir müddət dinmir, sual da vermir. Neyləsin? Dəlinin əlində qalıb da!
Üzü çopur-çopur, bədəni
ayaqlarından uzun, başı dazdı. Qabaq dişləri yekə və əyridi. Yaxşı ki, siqaret çəkmir, yoxsa, sapsarı olardı. Ona görə yox ki, ürəyi istəmir, sadəcə, xəsislik edir, siqaretə pul verməyə qıymır.
Əvvəllər siqaret
çəkəndə ondan-bundan
alardı, axırda hamı bezdi. "Xeyir ola, özün siqaret satırsan, amma çəkməyə qıymırsan!"
O da siqaretin daşını
atdı. Ona görə
yox ki, bu məzəmmətlərdən utanırdı,
sadəcə, siqaret almaq büdcəyə ziyan idi. Bir növ o, siqareti yox, siqaret onu
tərgitdi.
"Bunun
nəyinə ərə
getdim, görən?!"
- deyə arvadı dəfələrlə özünə
verdiyi sualı bir də verir.
"Başlarından eləmək
üçün. Qaçqınlıq
idi də, neyləyəydilər?.."
Əri də, elə bil, onun ürəyindən
keçənləri duyur,
bir qədər sakitləşir və özü eşidəcəyi
səslə, həm də təəccüblə
deyir:
-
Gedim o biri tərəflərə də
baxım. Sən burda gözlə. Özün də az zırılda.
-
Sən də az söyüş söy!
Elə bil himə bənd
imiş. Yenidən kükrəyir:
-
Kəs, az, zəhləmi tökmə!
Dədənin kəlləsini!.. Söydürmə, söyməyim
də!..
Onun ovqatı
kardioqram dalğası
kimi enib-qalxır.
Arvadı da sakitləşən kimi olur, büzüşür
və inildəyir:
-
Mən burda qala bilmərəm. Qorxuram.
-
Nədən? Ölülərdən?
Onlardan diri olarkən qorxmaq lazımdı. Öldü,
getdi. Qurtardı! - Bilinmədi ki, bu sözləri öz-özünə
deyir, yoxsa, arvadına? Bəlkə burda yatanlara eşitdirirdi?! Ya bəlkə
özünə ürək-dirək
verirdi?..
Qəbiristanlığın
o biri başına tərəf getdi, bir də baxdı
ki, arvadı da dalınca
gəlir. Əlini yellədi. "Cəhənnəmə
gəl. Yel əsib-qoz tökülüb
burda! Özün gəlmək istədin də. Güd məni, güd, üzərriyimə qarovul
çək. Guya, qəbiristanlığa özgə
arvadla gələcəkdim!
Axmağın biri axmaq! Bütün nəsliniz axmaqdır!"
Onu
qınamaq da olmazdı.
Qəbiristanlıq çox
böyümüşdü. Ötən 29 ildə bura bir dəfə
də olsun, baş çəkməmişdi.
Ona görə də axtardığını tapa bilmirdi.
Özü belə fikirləşirdi, özünə
bəraət qazandırırdı.
Bu boyda da qəbiristanlıq
olar!?
Düz 29 il əvvəl, yəni qaçaqaç düşəndən
bir il sonra atası müvəqqəti
yerləşdikləri tələbə
yataqxanasında ölmüşdü.
Yurd dərdi onu öldürmüşdü.
Qaçqınlıqda ölənlərin
hamısına - yaşından
asılı olmayaraq -
"yurd, el-oba dərdi öldürdü
yazığı", deyirdilər.
O da "dədəm yurdumuza
yaxın olsun", - deyib cənazəni, el arasında "murovey" deyilən motorollerinə qoymuş, kəndlərinə yaxın
rayonların birinə
aparmış və ordakı qəbiristanlıqda
basdırmışdı. Cəbhə
bölgəsinə giriş
qadağan olunduğundan
post-patrul polisi: "Nə aparırsınız?"
soruşmuş, o isə:
"şəhid aparırıq"
cavabını vermişdi.
Həyasızlığa bax
e! Amma bu ötən illərdə bir dəfə də olsun, bura ayaq
basmamışdı. Gün-güzəran
yaratmaq üçün
dəridən-qabıqdan çıxmış,
"bakkuş", saqqız,
siqaret alverindən başlamış, qatıq-süd
satmağa qədər
bütün yolları
keçmiş, əlində
maya tutandan sonra başdaşı sexləri
şəbəkəsini qurmağa
nail olmuşdu...
İşin tərsliyinə bax ki, atasına başdaşı
da qoydurmağa macal tapmamışdı. Yurdları
erməni işğalından
azad olunandan sonra fikirləşmişdi
ki, kişinin qəbrini
tapsın və ona bu xoş
müjdəni versin. Özü də bu xəbəri elə çatdırsın
ki, o dünyanın sakinləri
də xəbər tutsun və elə bilsinlər ki, torpaqları işğaldan
o özü azad edib. Eşitmişdi ki, yurdları, kənd-kəsəkləri
azad olunanlar qəbiristanlığa gedir
və əzizlərinə
yeni başdaşı qoydururlar.
Çünki yağılar
(ermənilər) qəbirləri
goreşən kimi dağıtmışdılar. "Müsəlmanlar qızılı
çox sevir, özlərinə qızıl
diş qoydururlar!"
məntiqiylə hərəkət
eləmişdilər...
Birdən işdi-şayət, dostları
ondan soruşsa, nə cavab verəcəkdi?
Toy-düyündə təşər-təşər
gəzən, var-dövlətdən,
ar-namusdan ağızdolusu
danışan bu yekəqarın, pullu, amma xəsis dazbaş nə cavab verəcəkdi?
Son sözləri çoxlarından
eşitmişdi, amma bilmirdi
ki, onu nəzərdə
tuturlar, ya yox. Hər halda,
bu obraz ona tanış idi. Deyəcəkdilər
ki, özünün başdaşı
sexləri olsa da, atasına niyə başdaşı qoymayıb?
Deməzdilər? Deyərdilər,
lap canını da alardılar.
Əslində, dostlarının,
tanış-bilişlərinin tənələrindən də
qorxmurdu. Sadəcə,
gecələr yatanda fikirləşirdi ki, olmadı
belə, oldu elə, birdən o dünya olsa və o da dədəsini orda görsə, nə cavab verəcək?
Deməyəcəkmi ki, ay köpəyoğlu,
ay qancığın qarnından
çıxan, çobanlıqla
səni böyütdüm,
əlini çörəyə
çatdırdım, pulun
dərdindən məni
şəhərdə yox,
tanınmaz-bilinməz bir
yerə gətirib atdın, bir dəfə də olsun qəbrimin üstünə gəlmədin,
başdaşı qoydurmadın,
Quran oxutmadın!? Yurd
azad olunan kimi, başqaları dədə-nənəsinə başdaşı
qoydurdu. Amma mənim qəbrim azadlıqda
ola-ola, sən qoydurmadın!?
Deyər, niyə deməz ki?
İşə bax: atasına başdaşı qoydurmaq istəyir, özü də başı daşlı gəzir.
Son
zamanlar Quran oxumağa
girişmiş, mollalara,
dindarlara o dünyanın
olub-olmaması barədə
çox suallar vermiş, nəhayət, axirətə inanmağa başlamışdı...
Gəzib yoruldular. Bir sinədaşının
üstündə oturdular.
-
Vaxtında bir başdaşına qıysaydın,
indi tapardın! - Bunu da arvadı qorxa-qorxa dedi.
-
Sən də zəhləmi tökmə!
- deyə arvadına çəmkirdi. - Vaxt elədim ki!
-
Vaxt yox, pul eləmədin! Cibindən bir qəpiyin çıxsa, canın çıxar, - arvadı yanpörtü cavab verdi. Odey, qardaşlarım kişini
də, arvadı da şəhərdə basdırdılar,
özü də kasıb canlarıynan. Yaxında basdırdılar
ki, heç olmasa, hərdənbir baş çəksinlər, qəbirlərinin
üstündə Quran oxutsunlar.
Sənsə bu günün istisində məni gətirib soxmusan ölülərin içinə.
-
Mən gətirdim səni!? Özün gəlmədin?! Gəzməyin
tutmuşdu, gəzdin də! Di hı! Get, rədd ol, otur
maşında!
-
Maşın sərindi
ki? Kondisioneri də yandırmağa qoymursan. Xəsis!
-
Hardan biliydim ki, qəbiristanlıq bu qədər böyüyəcək?!
Həm də fikirləşdim ki, kəndə
yaxın olsun da!.. Mən bilən,
bax oraydı. Odey, o uçuq qəbir olar, bəlkə, - sanki özü-özünə
dedi.
-
Burda uçuq qəbir çoxdu, - arvadının sakitləşmək
fikri yox idi, deyəsən.
-
Dur, rədd ol da! - deyə arvadını itələdi.
Arvadı dalı üstə yıxıldı, toppuş
ayaqları göyə
qalxdı. "Dəli
şeytan deyir, elə bunu burdaca!"
Amma dəli şeytanın
sözünə baxmamaq
üçün bircə
kəlməylə kifayətləndi:
-
Cəhənnəm ol dedim.
Arvadı ayağa durub, üst-başını təmizləyə-təmizləyə
maşına tərəf
getdi. Əyilib baldırına batan yağtikanını çıxardı.
Bir az uzaqlaşandan sonra geri dönüb,
ərinin arxasınca bir "alley" də verdi.
-
Qəhbələrdən başın
açıldı ki, qudurmuş
köpəyoğlu...
Arvadının bu hərəkətini görmədi, amma bəsirət
gözü ilə anladı ki, arvadı onun haqqında heç də yaxşı düşünmür.
Ürəyindən keçdi
ki, bu hay-hayı keçmiş arvadından
elə buradaca yaxa qurtarsın. Uçuq qəbirlərin içinə atıb, üstünü də basdırsın, özü
də diri-diri. Özü yaşlansa da, çox xanımların onda gözü vardı, daha doğrusu, pulunda...
Telefonuna zəng gəldi. Danışan işçisiydi.
Başdaşını gətirirdilər.
-
Müdir, siz deyən kəndə yaxınlaşırıq, hara gələk?
Nə cavab verəcəyini bilmədi. Nə desin? "Cəhənnəmə-gora
gətirin!" desin? Necə desin ki, atasının qəbrini
tapa bilmir. Bəs deməzdilərmi ki, bu 29 ildə niyə bir dəfə də olsun atanın
qəbrinə baş çəkməmisən? Deyərdilər.
Onsuz da gözü
bayaqdan uçuq bir qəbri almışdı. Bu oydu, ya o deyildi, əhəmiyyəti
yox idi. Ona görə də:
-
Hara gətirəcəksiniz?! Qəbiristanlığa! Yox
bir Fəxri Xiyabana! Qəbiristanlıq
yolun sağındadır,
- əsəbi halda dedi və bayaq
gözü aldığı
uçuq qəbrin yanına gəldi.
Mərasim maşını çala-çuxurda
atılıb düşə-düşə
onun dediyi yerə gəldi. Qorxdu ki, başdaşı
bu çala-çuxurda
qırıla bilər,
amma gec idi, aralıdan çığırsaydı
da, eşitməyəcəkdilər.
İncəvardan başdaşına heç
nə olmamışdı.
-
Bax buradır, - dedi, - bura qoyun.
Elə inamla dedi ki, özü də dediklərinə inandı.
İşçiləri
onun dediyi kimi elədilər, palçıq qatıb, pilətə döşəyib
qəbrin üstünü
örtdülər, sinədaşını
uzatdılar, elə bil, dədəsini uzadırdılar...
Arvadı maşından heç düşmədi də. Çantasından ətir
çıxarıb, tikan
batan yerin qanını təmizlədi.
O
da başdaşını çək-çevir
edənlərə baxır,
ürəyində fikirləşirdi
ki, bu da kimsəsiz bir qəbirdir. Yəqin, onun da övladları əzizlərini
yaddan çıxarıblar...
Atasının başdaşı şəkli
yaxşı çıxmışdı.
Aralıdan ədalı-ədalı
və gülümsəyə-gülümsəyə
oğluna baxırdı.
Bəlkə də ona elə gəldi.
Atasının belə
şəkli yox idi, axı! Hər nəydisə, bu baxışdan çaşdı. Başdaşı
qoydurduğuna görə,
deyəsən, peşman
da oldu. Dünya-aləm atasının
vecinə deyildi.
- Ay sənin!..
Oktyabr, 2023
Elçin HÜSEYNBƏYLİ
Ədəbiyyat qəzeti.- 2025.- 14 mart
(№10).- S.24.