55
ilin işığında
Şair Qorxmaz Kadusinin
55 illiyinə
Məşhur ingilis yazıçısı
Qilbert Kit Çesterton
yazır ki, "Yaxşı
roman öz qəhrəmanı
haqqında, pis roman isə öz müəllifi haqqında həqiqəti söyləyir".
Bu fikri poetik nümunələrə də
şamil etmək olar. Doğrudan da, hər bir bədii
əsərin arxasından
müəllifi boy verir.
Adətən işıqlı
fikirlər işıqlı
insanlardan, işıqlı
ürək sahiblərindən
dünyaya göz açar. Sənətin şəxsiyyətlə vəhdəti
isə hər yazara qismət olmur.
Bu yazım sözün
dəyərini bilən,
onu əzizi kimi qoruyan və
uca tutan, məsuliyyətini hiss edən,
şəxsiyyəti ilə
sənəti bir-birini
tamamlayan bir şair, bir söz adamı haqqındadır.
Qorxmaz Kadusinin imzasını bir neçə on il əvvəldən tanısam
da, şəxsi tanışlığımızın
yaşı təxminən,
on iki il olar. AYB-nin Lənkəran Bölməsində baş
tutan tədbirlərdə
canlı tanış olduq, aramızda səmimi münasibətlər
yarandı. Mən Bölmədə sədr olandan sonra isə
görüşlərimiz mütəmadi
xarakter daşıdı.
Şair kimi sözünə bələdliyim
olsa da, həyatı ilə bağlı bəzi məlumatları sonradan öyrənə bildim.
Qoxmaz Kadusi
(Qorxmaz Kamil oğlu Məmmədov) 13 mart 1970-cı ildə Lənkəranın
Separadi kəndində
dünyaya göz açıb. Doqquzuşaqlı
ailənin səkkizinci
uşağı olub. Kənd məktəbini bitirib. Hələ məktəbə getməmiş
əlifbanı, hesabı,
yazmağı öyrəndiyindən
məktəbdə seçilən
şagirdlərdən olub.
Doqquz yaşında olarkən evlərinin yanından keçən Ulum çayına "Çay" şeirini yazıb. Həmin şeir rayonda nəşr olunan "Leninçi" qəzetində
çap olunub. Artıq 6-cı sinifdən
məktəbdə onu
"şair" deyə
çağırmağa başlayıblar.
Qorxmaz danışır:
- Sinif otağımız
məktəbin ədəbiyyat
kabinetində yerləşirdi.
Kabineti bəzəyən
portretlərin içində
Səməd Vurğuna
tamaşa etməkdən
yorulmurdum. Ağ saçını arxaya darayan şairə çox oxşamaq istəyirdim. Həmin vaxtlardan başlayaraq saçımı arxaya daramağa başladım və bu günə
kimi də davam edirəm. Bəlkə də şeirə, sənətə
olan sevgimin üzə çıxmasında
bu amil əsas rol oynadı.
Qorxmaz orta məktəbdən sonra mühasib uçotu kursunu bitirib. Sovet Ordusunda, Macarıstanın
paytaxtı Budapeşt
şəhərində xidmət
edib. Xidmətdən sonra kəndlərindəki
heyvandarlıq fermasında
kiçik mühasib işləyib. Bakı Yeyinti Sənaye Texnikumunda qiyabi təhsil alıb.
Qorxmazın kövrələrək mənə
danışdığı başqa bir xatirə:
- Əlimə aldığım
ilk əməkhaqqı 120 manat - on iki ədəd qırmızı onluq sovet pulu oldu.
Pulu alıb düz evə gəldim. Anam həmin vaxt evdə xəstə yatırdı.
Sevincək anam olan otağa keçdim. Məni görən kimi dikəlib yerində oturdu. Üzündən öpüb pulu onun ovcuna qoydum.
İşlədiyimdən, bu
günlərdə ilk maaşımı
alacağımdan anam xəbərdar idi. Odur ki, bir söz
demədi. Gözləri
yaşardı. Bütün
deyəcəklərini yanaqlarına
süzülən göz
yaşlarından oxudum.
Amma bu sevinc göz yaşları idi. Məni də kədərləndirə
biləcəyindən ehtiyatlanıb
tez başındakı
ləçəklə gözlərini,
yanaqlarını sildi.
Boynumu qucaqlayıb üzümdən öpdü.
O istiliyi, o hənirtini
indi də hiss edirəm. O zaman dediyi sözləri hər dəfə xatırlayanda ürəyim ağzımdan
çıxmaq istəyir.
Taqətsiz halda: "Ölmədim, bu günü gördüm",
- dedi və biz bir neçə dəqiqə qol-boyun qaldıq. Ağrıdan nəfəsi çətinliklə
aldığını görüb
uzanmağını xahiş
etdim. Digər uşaqlardan fərqli olaraq biz bir-birimizə çox bağlı idik. Anamın öz əziz-girami oğluna necə fəxrlə, sonsuz sevgi ilə baxdığını görüb
gözlərim yaşardı
və otaqdan çıxdım. Amansız
fələk anama bu sevinci çox
gördü. İki aya yaxın ölümlə çarpışdı
və sonda təslim oldu. Hüzr məclisindən sonra bacım anamın balışının
altından tapdığı
həmin 120 manat pulu ağlaya-ağlaya mənə
qaytardı. Həyatımın
ən ağır, heç vaxt, heç kimə arzulamadığım anları
yaşadım. Həmin
pulu evimi bəzəyən anamın
portretinin arxasında
35 ildir ki, əziz xatirə kimi saxlayıram.
Qorxmaz Kadusi onunla əkiz
dünyaya gələn
ədəbiyyat sevgisindən
bir an belə aralı düşmədi.
2000-ci illərin əvvəlindən
başlayaraq artıq ciddi ədəbiyyata qədəm qoydu. Mütəmadi olaraq ədəbi dərgilərdə,
qəzet və jurnallarda çap olundu. 2006-cı ildən
AYB-nin üzvü oldu. "Bir gün dönəcəyəm" (2005), "Məni zirvələrə
qaldıran əllər"
(2008), "Ruhum göyə
dönən gün"
(2010), "Mənim Akademiyam"(2013),
"Özünü tapan
adam" (2021),"Xısrof
iyən Şirin"
- talış dilinə
tərcümə (2023), "Düşüncə" (2023) və "Sən elə sev ki..." (2024) adlı kitabları işıq üzü görüb.
Bu yazımda Qorxmaz
Kadusinin 55 illiyi münasibəti ilə nəşr
etdirdiyi son illərdə
yazdığı poetik
nümunələrin cəmləndiyi
"Sən elə sev ki..." kitabı ilə bağlı fikir və düşüncələrimi
sizlərlə bölüşəcəyəm.
Qarşımda qalın cildli, 390 səhifəlik bir kitab
var. Kitab 2024-cü ilin dekabr
ayında "Apostrof-A"
nəşriyyatında nəşr
olunub. Kitabın redaktoru gənc şair Ziya Dilsuz, Ön sözün müəllifi
isə tanınmış
tənqidçi, AMEA-nın
Ədəbiyyat İnstitutunun
ədəbi tənqid
şöbəsinin müdiri,
filologiya elmləri doktoru Vaqif Yusiflidir.
İlk öncə onu
deyim ki, Qorxmaz Kadusi artıq çağdaş ədəbiyyatımızda
imzası təsdiq olunan şairlərdəndir.
Əsasən, heca vəzninin əksər ölçülərində yazan
- təbii ki, sərbəst
vəzndə də şeirləri çoxdur,
- şairin özünəməxsus
üslubu, fərdi şeir dünyası var.
Bu səbəbdəndir ki, onun
şeirləri səmimiliyi,
obrazlılığı, yaşadığımız
həyatın reallıqlarını
özünəməxsus şirin
bir poetik dillə ifadə etmək baxımından oxucu rəğbəti qazanır. Oxucu onun şeirlərində özünü, həyatını
və yaşadıqlarını
görə bilir və bütün bunlar barədə düşünməyə məcbur
olur.
Kitabda toplanmış şeirlərdə
şairin nəzmin əsas əlamətləri
olan ölçü,
rədif, qafiyə, bölgü və s. şərtlərinə ciddi
əməl etdiyi məlum olur. Şeirlərdəki məcazlar,
epitetlər, təşbehlər,
metaforalar şairin ustalığından, sözdən
istifadə etmək bacarığından xəbər
verir.
Qorxmaz Kadusi sözün dəyərini bilən, sözü doğma balası kimi əzizləyən, oxşayan
və lazım olanda ələyib dürlüsünü üzə
çıxara bilən
şairdir. "Sözü"
şeirində özü
demişkən:
...Olmasam da, yenə
var söz,
Kimə əğyar, kimə var söz.
Ruhunuzu oxşayar söz,
Sizinçün ələdim sözü.
Sözə olan sevgidəndir ki, şair özündə yenilməz güc tapır, sözünün
nuruna bələnərək
zülməti dəlib
keçə bilir.
"Şairəm" şeirindən:
Ünvanı sənədir yazdıqlarımın,
Sözümün nuruna bələn, şairəm.
İşıqlı
sabahlar qismətin olsun,
Nurumla zülməti dələn
şairəm.
Vətəni sevmək imandandır, - deyirlər. Vətənini
sevməyən, qorumayan,
lazım gələndə
həyatını belə
qurban verməyə hazır olmayan şəxsin nəinki vətəndaşlığı, hətta insanlığı
belə şübhəlidir.
Əksər şairlərdə
olduğu kimi Qorxmaz Kadusinin yaradıcılığında da vətənpərvərlik qırmızı
xətt kimi keçir. "Vətən"
şeirində:
Vətən - yerim, göyüm, evim,
İsti, əziz odam sənsən.
Şəxsiyyətim,varlığımsan,
Kimliyimdə adım sənsən,
- deyən şair
Vətənin doğmalığını
və müqəddəsliyini
oxucuya çatdırmağı
bacarır. Şair vaxtaşırı olaraq bu mövzuya müraciət edir, gənclərimizdə Vətən
sevgisinin aşılanmasında
xidmətini göstərməyə
çalışır. Vətənin
şad günündə
sevinən şair çətin, ağır
günündə də,
necə deyərlər,
qələmini silah edib qorxmadan düşmənin üstünə
şığıyır. Şairin
"Xocalı", "Azərbaycan
əsgəri", "Bükün
məni", Vətən
müharibəsinin ilk günlərində
yazdığı "Qibləm
Şuşa olmalıdır",
Şuşa alınandan
sonra yazdığı
"Şuşa alındı"
şeirləri, antiterror əməliyyatından
sonra yazdığı
"23 saat 43 dəqiqə"
şeiri, şəhidlər
haqqında yazdığı
"Şəhidim", "Qəbrin hardadır?" və sair çoxsaylı
şeirləri vətənpərvərlik
mövzusunda yazılan
gözəl poetik nümunələrdir.
Qorxmaz Kadusinin yaradıcılığında
sevgi notları, insanları sevib-sevilməyə
çağırış, sevginin müqəddəs
hiss olaraq tərənnümü,
Vətən torpağındakı
gözəlliklərin, əsrarəngiz
təbiətimizin vəsfi,
gəncliyin əzəmətini
qoruyub saxlamaq, uşaqlara qayğının
vacibliyini göstərmək
və s. ən çox müraciət etdiyi mövzular sayıla bilər. Şairin ən kövrək, ən duyğulu hisslərini valideynlərə, uşaqlara
həsr etdiyi şeirlərində görmək
olar. Bu mövzuda onun ən gözəl
şeirlərindən biri
"Anamın qəbrində
məni dəfn edin" şeiridir.
Məsum bir mələyə qanad mən idim,
Doqquz ay əynimə
onu geyindim.
Bəlkə, öldüyümə belə
sevindim,
Anamın qəbrində məni dəfn edin.
Və sonda. Yazıçı, şairlər, adətən
kitablarını hər
hansı bir bədii nümunənin adı ilə adlandırırlar. Qorxmaz Kadusi fərqli seçim edərək kitabına seçdiyi
"Sən elə sev ki..." adı
"Tapa biləsən" şeirinin son bəndindəki
bir misranın son sözləridir. Diqqət
edək:
İmandır, inamdır, həyatdır sevgi,
Sevənə yorulmaz qanaddır sevgi.
Sən elə sevil ki, sən elə sev ki,
Özünü özgədə tapa biləsən.
Qorxmaz Kadusi ömrünün
55-ci ilində gənclik
ehtirası ilə yazıb-yaradır, tükənməz
enerji ilə hiss və duyğularını,
fikir və düşüncələrini gözəl
poetik nümunələrlə
xalqımıza, sevimli
oxucularına ərməğan
edir. Şair dostuma uğurlar diləməklə həmişə
sevib sevilməyi arzulayıram.
Qafar CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2025.- 14 mart
(№10).- S.25.