Şəhriyarın "Heydərbabaya
salam" mənzuməsi
qazax mədəniyyəti
müstəvisində
2024-cü ilin son rübündə qazax
mütərcimləri Akedil Touşanulı Qədirbəy
Kunipiyalı və Aynur Maemerova M.H.Şəhriyarın
"Heydərbabaya salam", Amantay Şərif isə B.Q.Səhəndin
"Atamın kitabı" mənzumələrini qazax
oxucularına təqdim etmişlər. Şəhriyarın
"Heydərbabaya salam"
poemasının tərcüməsindən
öncə qazax şairi və əsərin mütərcimlərindən
biri Akedil Touşanulı tərcüməyə
"Azadlığın ən
ünlü şairi"
adlı analitik məqalə yazmışdır.
Burada o, Şəhriyarı
Azərbaycan şeirinin
və sözünün
zərgəri hesab etməklə, həm də bədii fikir daşıyıcılarımızın
ən ünlüsü
kimi təqdim edir. Poetik sözümüzlə
bağlı Nizami Gəncəvidən tutmuş,
Xəstə Qasıma
qədər bəhs edir. Mütərcim-şairin
Ön sözündə
digər bir məqam da maraqlıdır.
O, qazaxların meydangir
akını Qasım Amanjolovun Nizami Gəncəvinin 1947-ci ildəki
Bakıda keçirilən
800 illik yubileyində iştirakından və bu səfər zamanı yazdığı
"Azərbaycan qızına"
şeirindən və
s. məqamlardan söhbət
açıb, Qasım
Amanjolovun həmin şeirindən bəndlər
verməklə yanaşı,
həm də Şəhriyarın "Heydərbabaya
salam" poemasından
gərəyincə danışır.
Qeyd etdiklərimizdən
sonra Şəhriyarın
"Heydərbabaya salam"ı
yuxarıda adlarını
çəkdiyimiz mütərcimlərin
tərcüməsində ortaya
qoyulur. Bəri başdan deyək ki, Azərbaycan və qazax dilləri eyni türk dili ailəsinə aid edilməsinə baxmayaraq, onlar arasında xeyli fərqlər də mövcuddur. Yəqin elə buna görədir ki, türkmən,
türk, qaqauz, özbək türkcələrinə
tərcümələr qıpçaq
türklərinin dilinə
tərcümədən daha
parlaq, daha oxunaqlı və daha harmonik alınır.
Biz bunu Azərbaycan türkcəsindən qazax
türkcəsinə çevrilmiş
Nizami, Nəsimi, Füzuli və başqa bu kimi
klassiklərimizin əsərlərinin
tərcümələrində yaxşı müşahidə
etmişik.
İndi də keçək
söhbətimizin ana xəttinə,
yəni qazax mütərcimlərinin tərcümələrinə
və bildirək ki, nəinki ritm, intonasiya, harmoniya, həm də struktur-kompozisiya baxımından
qazax qardaşlarımız
Şəhriyarın "Heydərbabaya
salam" poemasının
aparıcı struktur-kompozisiya
və məzmun-ideya atributlarını doğru-dürüst
mövqedən yaratmağı
bacarmışlar. İki
hissədən ibarət
olan bu mənzuməni
mütərcimlər də
olduğu şəkildə
verməyə müvəffəq
olmaqla, həm də tərcümə mətnində, demək olar ki, ciddi kənarlaşmalara yol verməmişlər.
Elə buradaca qeyd edək
ki, qazax dilində də Azərbaycan dilində olduğu kimi vurğu sözün sonuncu hecasının üzərinə
düşür. Və
bu da qazax dilinin struktur-tipoloji xarakteristikasının əsasən
bizim dildə olduğu kimi, onun iltisaqi (aqlütinativ) dillərə
məxsus olması ilə bağlıdır.
Odur ki, aqlütinativ dil tipinin təsvirində
nəinki fonetik, həm də morfoloji və sintaktik xüsusiyyətlərin
cəmi kimi əlamətlər nəzərə
alınmalıdır.
A.Touşanulı,
Q.Kunipiyalı və A.Maemerova bu əsərin tərcüməsində
əsasən, Şəhriyarın
zəngin xalq dilinin imkanlarından yararlanmasına söykənməklə
el adət-ənənələri,
atalar sözləri, zərbi-məsəllərini, əski
psixoloji-mənəvi, mədəni-estetik
düşüncə xüsusiyyətlərini
qoruyub saxlamağa müvəffəq olmuşlar.
Dediklərimizi əsərin
birinci hissəsindəki
üçüncü bəndin
qazax dilinə tərcüməsi üzərində
illüstrasiya edək:
Bayram yeli çardaqları
yıxanda,
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin
sıxanda,
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.
Eyni bəndi
qazax tərcüməsi
ilə müqayisə
edək:
Meyram jeli
şatırları jıkkanda,
Naurız quli kardı jarın şıkkanda
Akşa bulttar koylekterin sıkkanda,
Aram tulep mazdasınşı
key umit,
Tayday kayqı
umıtılsın seyilip.
Biz Azərbaycan dilindən
qazax dilinə edilmiş xeyli tərcümə nümunələri
ilə tanış olduğumuz üçün
adlarını çəkdiyimiz
mütərcimlərin tərcüməsinin
digərlərinin tərcümələrindən
daha keyfiyyətli alınması qənaətindəyik.
Əslində bu tərcüməyə dərindən
nəzər saldıqda
elə təsəvvür
yarana bilər ki, sanki Şəhriyar "Heydərbabaya salam" mənzuməsini elə qazax dilində qələmə almışdır.
Hətta kənar, qeyri-mütəxəssis gözü
ilə baxdıqda belə, burada doxsan faiz söz
və ifadələrin
üst-üstə düşdüyü
də görünə
bilər.
Qazax mütərcimlərinin
tərcümə nümunələri
ilə mahiyyəti üzrə tanış olduqda görürük
ki, onlar burada heç də Azərbaycan mətnində
olan söz və ifadələri qazax dilinə tərcümə ilə məşğul olmur, bu prosesdə orijinalın ruhunun və mənasının,
şairin yaradıcılıq
stixiyasının yüksək
dərəcədə qorunması
qeydinə qalırlar.
Və onlar yaxşı dərk edirlər ki, tərcümə
sənəti Azərbaycan
və qazax xalqları arasında son dərəcə zəruri
etnik-mənəvi yaxınlaşma
və birləşmə
rolunu oynayır. Bununla da onlar "Heydərbabaya salam"ın
tərcüməsi ilə
xalqın fəlsəfi
dünyasını və
incə mental hisslərini
öz ana dilində yarada bilirlər. Qazax müəllifləri üçün bu, tərcümə etdikləri
şair qarşısında
mütərcim məsuliyyəti
kimi qəbul edilməlidir. Onların başlıca məqsədində
əsərin melodikasını,
ahəngini, strofikasını,
estetik keyfiyyətlərini,
dil əlvanlığını
qazax dilində yaratma istəyi üstünlük təşkil
edir.
Müşahidələrimizi
orijinalla tərcüməni
tutuşdurmaqla davam etdirək:
Heydərbaba, kəndin toyun tutanda,
Qız-gəlinlər
həna, piltə satanda,
Bəy gəlinə damnan alma atanda,
Mənim də o qızlarında gözüm var,
Aşıqların
sazlarında sözüm
var.
Bu isə qazax şair-mütərcimlərinin tərcüməsidir:
Xaydarbaba, auıl toy qıp jatkanda,
Kız-kelinder kına, pilte satkanda,
Kuyeu kelinqe
tamnan alma atkanda,
Menin de sol kızdarda
edi közderim,
Akındardın əninde edi sözderim.
Göründüyü
kimi, burada tərcüməçilər əsərdə
ritm və melodikanı ustalıqla qoruyub saxlayaraq qazax oxucusuna Azərbaycan şairinin mənəvi dünyasının
zənginliyini bütün
rəngləri ilə
çatdırmışlar. Şeirin tərcüməsi
sanki qazax qardaşlarımıza Azərbaycan
xalqının canatmalarını,
ənənələrini, tarixini
mahiyyətincə dərk
etməyə imkan vermişdir. Əlbəttə,
Şəhriyarın "Heydərbabaya
salam" mənzuməsini
onlara qazax dilində adekvat səsləndirməsi heç
də asan başa gəlməmişdir.
Çünki bu Azərbaycan müəllifinin
poeziyası elə tarixi, etnik, etnoqrafik, folklor, psixoloji, epik spesifik konstruksiyalarla zəngindir ki, oradakı məna, ritm, məzmun və onların emosional təsirinin qazax dilində doğru-dürüst
yaradılması imkanını
oxucuya ötürmək
məqsəd kimi ortada olmuşdur. Yəni demək istəyirik ki, Şəhriyarın
yaradıcı dəst-xəttinin
tərcüməsi üçün
onun poemasındakı
tarixi və mədəni kontekst qazax oxucularında doğru-dürüst poetik
assosiasiyalar yarada bilməlidir. Bir də qeyd edək ki, əsərin orijinalındakı
müxtəlif məqamlarda
işlənən tarixi,
folklor və etnoqrafik ifadələr mətn altında əlavə izahlarla oxuculara çatdırılmışdır.
Bu tipli etnoqrafik örnəkləri qazax mütərcimləri birbaşa
tərcümə mətninə
daxil etmişlər. Orijinaldakı bu tipli ifadələrə
"vərəndil", "girdəkan", "sövmək",
"şəbçərə",
"cünəmmək", "sövəndə", "kürək
züvəndə", "cövcü", "yadeş
bəxeyr", "Məlkamıl",
"qəza", "vərzişkar",
"bərq", "ücrət",
"albaq, əblaq",
"fınqılış", "İmamiyyə qəhvəsi",
"vədiə", "məkəs" və s.
aid edilir. Eyni zamanda onlardan başqa digər "Şengüli", "minəcat",
"bozbaş", "Koroğlı",
"Qırat", "Əvəz"
kimi ifadələri isə onlar tərcümə mətninin
içində əridirlər.
Mənzumənin ikinci hissəsindən bəzi məqamlara yenə də tərcümədə müqayisəli-qarşılaşdırıcı
kontekstdə nəzər
salmaq əyani sübut baxımından yaxşı olardı:
Ketkenderdin
bos orını köriner,
Xanım tətem ak kebinqe
oranar.
Jerlester bar, juzderinde surau bar.
"Kaydan keldin,
neqe munşa keş keldin?
Saqındık koy, deydi olar,
koş keldin".
İndi isə həmin
bəndi orijinaldakı
misralarla müqayisə
edək:
Gedənlərin yeri burda görünür,
Xanım nənəm ağ kəfənin bürünür,
Dalımcadır, hara gedim, sürünür:
- Bala, gəldin? Niyə
belə gec gəldin?
Səbrim sənnən güləşdi,
sən güc gəldin.
Yaxşı məlumdur ki, poetik dilin ən mühüm
göstəricisi səslərin
yetərincə səliqə-sahmana
salınması və
təşkili ilə bağlıdır. Odur ki,
mütərcimlər Azərbaycan
poeziyasından qazax dilinə tərcümə
zamanı mövcud qaydalara söykənərək
müvafiq tərcümə
üsullarından məqsədyönlü
şəkildə istifadə
etməklə, həm
də hər iki - tərcümə edilən və tərcümə edən dillər arasındakı təbiət etibarı ilə fərqli məqamların olduğunu
mahiyyətincə təsəvvür
edirlər.
Buna görə qazax
dilinə tərcümə
zamanı mütərcimlər,
bir tərəfdən,
milli oxucuya istiqamət
götürürlərsə, digər tərəfdən,
milli spesifik elementləri
nəzərə alır,
üçüncü bir
tərəfdən, orijinalla
tərcümə arasında
yaxınlığın zəruriliyini
nəzərdə tuturlar
və onu ortaya qoymağa çalışırlar. Başqa
sözlə desək,
mütərcimlər bütün
tərcümə prosesində
Şəhriyarın idioüslubunu
daha dolğun verməyə çalışmaqla,
mətnin məna və estetik informasiya yükünü,
formal-linqivistik xarakterini
yaratmağa müvəffəq
olurlar.
Qazax mütərcimlərinin
Şəhriyarın "Heydərbabaya
salam" mənzuməsində
orijinalda ustalıqla yaradılmış şeir
misralarındakı qafiyə,
strofika və ritmika elementləri tərcümədə də
mütəmadi olaraq təkrarlanmaqla və poetik mətnin ritminin təşkilinə
yardımçı olub,
misraları bir-birinə
birləşdirməklə strofanı uğurlu şəkildə formalaşdırdığını
görürük. Leksik
əlamət baxımından,
demək olar ki, orijinalda olduğu kimi, tavtoloji qafiyə (yəni sözlərin eyni təkrarı), omonimik qafiyə (qafiyələnən
sözlərin yazılışı
və səslənişi
yox, onların fərqli mənaları), kalambur qafiyələrin (müxtəlif sözlərin
oxşar fonetik səslənişi), paronimik
qafiyələr (səsləniş
və yazılışa
görə) yaxınlıqları
fərqləndirmək olur.
Akedil Touşanulı,
Qədirbəy Kunipiyalı,
Aynur Maemerova tərcüməsində orijinalda
olduğu kimi qafiyə həm də şeir sətirlərinin ritm vahidlərinə bölgüsünə
şərait yaradır.
Belə yanaşma ritmin qavrayışını
təmin etməklə
ona zəruri məna-məzmun çalarları
gətirir.
Nizami Məmmədov
Tağısoy
Ədəbiyyat qəzeti. - 2025.- 14 mart
(№10).- S.26.