Olan olub, olacağa...
Heç köklənmə dərdə,
qəmə, nəbadə,
Taleyində hər bir işə
vaxt, vədə
Qoyulub ki, şər xeyirlə növbədə.
Addımında tək Tanrıdan çəkin, qorx,
Olan olub, olacağa
çarə yox.
Sevincinin çevrilməsi kədərə
An söhbəti, bu
qəzavü-qədərə
Bağlı, cəhdin, səyin boşa, hədərə
Gedər, onda ola xeyli, xeyli çox,
Olan olub, olacağa
çarə yox.
Uyğunlaş ki, zəmanədə gərdişə,
Yaşatmaya sənə acı, əndişə.
Haqqı gözlə, çevir adət, vərdişə
Yaxşılığı,
öz nəfsini tutub tox,
Olan olub, olacağa
çarə yox.
Baxma, uyma
ondan-bundan söz-sova,
Aldanmaqla düşməməyə "tilova".
Çıxanlar var dürüst, düzü bil "ova".
Dillərində sözlər neştər,
süngü, ox,
Olan olub, olacağa
çarə yox.
Yaradanın ətəyindən yapış,
tut,
Olan sənə pislikləri
sil, unut.
Rəbbə eşqi yaşat, ruhda qəlb ovut,
Qurtulmazsan hey qaç, başı kola
sox,
Olan olub, olacağa
çarə yox.
Razısansa...
İstəyin nə, diləyin nə, de, bilim,
Yetər, bəsdir, boşla getsin him-cimi.
Dilin ki var, eləcə
də var dilim,
De, beləcə azdırırıq
biz kimi?!
Yox gizlinim
çəkinməyə kimsədən,
Haqq danışır, haqq deyirəm həmişə.
Pıçıltıya
keçim onda bəs nəsədən
Şübhə çəkə görəcəyim
hər işə.
Açıq-aydın
söylə, bilim sözün nə,
Yox qəlbini
oxumağa həvəsim.
Qoy eşidim,
görüm əyri, düzün nə,
Düşünmə
də rəyim üçün tələsim.
Şərtim də var, qer-qeybətdən
gen duraq,
Mənə nə ki, kim nə edib harada?!
Hər barədə ixtilatı düz quraq,
Aramızda bir etibar yarada.
Razısansa, onda buyur, de gəlsin,
Nəyin varsa, vurmamaqla sağ-sola.
Saxtalıqdan titrəməsin ha səsin,
Beləliklə, getmərik də heç yola.
Üstünsən çoxundan
Nifrətə qəlbimdə yox ki, zərrə yer,
Məhəbbət fəth edib onu büsbütün.
Barəndə fikrim nə? - sualı boş ver,
Üstünsən mənimçün, çoxundan
üstün.
Nə sən, nə də ki mən, deyilik mələk,
Olub, var, olacaq
yenə səhvimiz.
Diləyim, dilə də birgə istəyək,
Təki Yaradandan ola əhvimiz.
Getmirəm heç zaman ucuzluqlara,
Kim harda nə dedi, kim nə
eşitdi.
Çıxmıram
söz üçün
ova, şikara,
Dedin, cavab
verdim, orda da bitdi.
Günahkar özümü sanıram
ancaq,
Kimləsə anlaşa bilməyəndə
çox.
Belədə köksümdə qalanır
ocaq,
Qərarım olur ki, onda günah
yox.
Bitirək söhbəti yetər, burda biz,
Yox ki ünvanına
xırda iradım.
Əgər olsaydı da vallah ki, şəksiz,
Səbəbkar özümü sanar, qınardım.
Nifrətə qəlbimdə yox ki zərrə yer,
Məhəbbət fəth edib onu büsbütün.
Barəndə fikrim nə? - sualı boş ver,
Üstünsən mənimçün, çoxundan
üstün.
Ucalığa
yol
Artıqlığı
yaratmaz malın, pulun, dövlətin,
Qazandığın
hay-küylə ucuz şanın, şöhrətin.
Bax, bu
işdə önəmli,
şəksiz, ruhun, xislətin,
Əxz etdiyin haqqa yön,
bilimlər damla-damla,
Şərəflənərsən
ancaq elm, əxlaqla, imanla.
Üstün şəhid qanından mürəkkəbi alimin,
Çoxlarına görünməz sirlərini
aləmin.
Açmaqla, saysızlara yaşama rahat zəmin
Yaradır ki, dərkindən nur işıqlı imkanla,
Şərəflənərsən
ancaq elm, əxlaqla, imanla.
Saflıq, paklıq, ədalət hopub keçsə qanına,
Bəxş etməyi dürüstlük
ömrünün hər
anına.
Düşüncəndə
dönərsə dəyişilməz
qanuna,
Fikrin keçməz
əmələ onda zənlə, gümanla
Şərəflənərsən
ancaq elm, əxlaqla, imanla.
Yaşatmaqla qəlbində uca Rəbbin əksini,
Göndərdiyi Qurandan al kamillik dərsini.
Başla onun adıyla söz-söhbətdə bəhsini,
Şəhadətə
hazır ol, hökmündə başla,
canla,
Şərəflənərsən
ancaq elm, əxlaqla, imanla.
Bu üçlüyü cəhd-səylə kamalına
et ki, cəm,
Şəxsiyyəttək
olmaya, varlığında
kəsir-kəm.
Uşaq, gənclik, ahıllıq, qocalıqda hər dönəm,
Ucalığa yerlərsən bax belə, mümkün, anla,
Şərəflənərsən
ancaq elm, əxlaqla, imanla.
De mənə
Tək kəlmənlə din də,
barı,
Al, qadanı al, de mənə.
Həsrətindən
dərd, qubarı,
Sal, köksünə sal, de mənə.
Ruhumu sis, duman
ala,
Çaş-baş
düşəm haldan-hala.
Ümid verməsən Vüsala,
Dal, xəyala dal, de mənə.
Yetər nazla bircə baxış,
Taleyimə ola naxış,
Dilindəki ən xoş alqış,
Çal, qəlbimi çal, de mənə.
De, sitəmin nə
vaxt bitər?
Zülm olmaz ki bundan betər.
Əlacıma dillən, yetər,
Qal, yanımda
qal, de mənə.
Yaxınlığı
bitirdin
Tutmadın neçə yol verdiyin sözü,
Bundan inamımı
tamam itirdin.
Olsa da ağrılı, söyləyim düzü,
Dostluq, yaxınlığı şəksiz
bitirdin.
Mənasız, etdiyin and-aman daha,
Təkrar aldanımmı yenə bir kərə?!
Suçun başa gəlib mənə çox baha,
Düşmüşəm
heç nədən xeyli zərərə.
Düşüncəm:
- Dəyişməz, yəqin
xislətin,
Xeyri yox
öyüdlər, nəsihətlərin.
Tanıdım ki, kəssən çətindən
çətin,
Əməlsiz, dilində saxta "hünərin".
Dilə, istəsən nə, hazıram verəm,
Mənəsə heç nəyin yox, gərək deyil.
Əlində dərdimə tək əlac görəm,
Ondan da imtina
edəcəyəm, bil.
Bitdi aramızda
olan hər nə var,
Məhəbbət, istilik, sevgi, doğmalıq.
Ayırdı orada qurduğun "divar,"
Görərsən, ayılsan onu, bir anlıq.
Tutmadın neçə yol verdiyin sözü,
Bundan inamımı
tamam itirdin.
Olsa da ağrılı, söyləyim düzü,
Dostluq, yaxınlığı, şəksiz,
bitirdin.
Nə ad qoyaq?
Zaman, dövran çoxlarını
salıb çaş,
O möhtəşəm dəyərlərə bir
də kaş
Dönəydik də, yana-yana gözdə yaş,
Diləyiylə uyur, dalır xəyala,
Bilən də yox, nə
ad qoya bu
hala.
Qohum-qardaş bir-birinə olub yad,
"Mən-mən"iylə dillərində mən
"azad",
Bir insanam,
göstərməklə tərs
inad,
Deyir: - "Hər
kəs gərək məndən dərs
ala",
Bilən də yox nə
ad qoya bu
hala.
Qurşananlar var yığmaqda çal-çapa,
Cəhd-səydədir
fırıldaqla yol
tapa,
Hardan nəsə
qamarlaya, hey qapa.
Qulluqdadır sahibindən az "yal"a,
Bilən də yox, nə
ad qoya bu
hala.
Bayağılıq
hopub adət, vərdişə,
Qulp qoyuruq
babalardan hər işə,
"Top atırıq" tarixlərə, keçmişə,
Qururuq ki, himsiz nəsə ucala,
Bilən də yox, nə
ad qoya bu
hala.
Riya, yalan, zəbtlə
tutub hər yanı,
Yanıltmaqla mat qoyuruq şeytanı,
Kökləyirik tək ac nəfsə imkanı,
Anlamırıq ki, gedərik zavala,
Bilən də yox, nə
ad qoya bu
hala.
Hərə bir cür iddiada,
həvəsdə,
Deyən də yox, "bala, dayan, bir
həsdə.
Birlik yoxdur
hər millətdə
min dəstə,
Önə gedək deyir, biri çək dala,
Bilən də yox, nə
ad qoya bu
hala.
Əşrəfindən
düşüb sanki tələyə,
Dünyamızın
işi qalıb fələyə,
Ümidliyik təkcə bəxtə, taleyə,
Gedə bəlkə üstümüzdən
şər, bəla,
Bilən də yox, nə
ad qoya bu
hala.
Yox ki indi
aqil, müdrik dinləyən,
Bəşər üçün sızıldayan,
inləyən.
Bu kəslərdir gözü
göyə zilləyən,
"Daş görənlər"
cavab günah, babala,
Onlar bilər,
nə ad qoya bu hala.
Narazı deyiləm
Özümə çox olub əzablarım, çox,
Bax, bundan
batmışam xeyli günaha.
Heç kimdən, heç nədən şikayətim
yox,
Səbəbəm dilimdən olan vay-aha.
Yaradım hamının işinə
hər dəm,
Çözəm bir dərdimi, vaxtım çatmadı.
Bu haldan köksümdə
qüssə, kədər,
qəm
Boldu, kimsə
ona sevinc qatmadı.
Fikrim "düzəltmək"di
sanki dünyanı,
Cumurdum çətinlik olsa, harda, nə.
Yox, yox,
düşünmürdüm görrəm ziyanı,
Dururdum elə bil canım
qəsdinə.
Ötdü yaşamımda beləcə
illər,
Zərrə azalmadı cəhdim, səyim də.
Gəlmədi başıma aman, ah, nələr?!
Hərə qoydu dərin iz ürəyimdə.
Narazı deyiləm öz taleyimdən,
Bunu Tanrı
mənə bilib məsləhət.
Onundur nəyim var, cismim, ruh, bədən,
Ömür yolumsa bu, etməliyəm
qət.
Demədim
Tapşırdılar,
bir "təpə"yə
"Dağ" demədim
qazanc üçün.
"Qara"ya olanda
yiyə,
"Ağ" demədim
qazanc üçün.
Düşdüm boşa, düşdüm bərkə,
Gördüm çox dava, mərəkə.
Ömrümdə aqil, müdrikə
Lağ demədim qazanc üçün.
Bir kimsə əkə,
böyüdə,
Ucala, tuta
göyü də.
Çəpərdə
çinar, söyüdə
Bağ, demədim qazanc üçün.
Boş, mənasız nəsə
sora,
Hədyanıyla zehni yora,
Gövdəli, dərkində kora
"Sağ", demədim
qazanc üçün.
Öz nəfsimə olmadım qul,
Azdırmadı var-dövlət, pul.
Yığam sərvət, bax, bu məqbul,
Çağ, demədim qazanc üçün.
Düşünüb
çıxar, gəlimi,
Öyrətdim düzə əlimi.
Sözü, etməklə dilimi,
"Yağ", demədim
qazanc üçün.
Haqqa keşikdə
durmuşam,
Çox işi başa vurmuşam.
Oyunun "qola
qurmuşam,
Tağ", demədim qazanc üçün.
Şeir əhvalı
Unuduram ətrafımı, büsbütün,
Heç bilmirəm, necə gəlir, ötür gün.
Yetmir, çatmır
kimdən, hardan haray, ün,
Kökləyirəm
ilhamıma xəyalı
Fəth edəndə ruhumu, şeir əhvalı.
"Kəs ətimi,"
olmaz inan, xəbərim,
Fikrim olur,
"söz bağçamdan
gül dərim".
Xırdalanar dərkdən dürrüm,
gövhərim,
Dolanıram, keytək başı havalı
Fəth edəndə ruhumu, şeir əhvalı.
Qurmağımla öz-özümə ixtilat,
Deyimlərə nəfəs verə, can, həyat.
Beyt, misralar
sıralana çox rahat,
Yaşayıram tamam başqa bir halı
Fəth edəndə ruhumu, şeir əhvalı.
Onda deşir ürəyimi
ağrılar,
Yer, göy olur dar, başıma cahan dar.
Sığınıram
sirr, sehrli həyat var,
Nemətləri "hikmət dadlı", şəfalı,
Fəth edəndə ruhumu, şeir əhvalı.
Varlığımı
tutur vallah, başqa "mən",
Anlamıram, necə, nə cür, güman, zənn.
Etmirəm də ki, kimlərə tayam, tən,
Adiyəmmi, igidəmmi, zavallı?
Fəth edəndə ruhumu, şeir əhvalı.
Nəcməddin Mürvətov
Ədəbiyyat qəzeti.- 2025.- 14 mart
(№10).- S.27.