Şirin(dil) bir xatirətək...

 

Tənqid - ədəbiyyat mozaikasında ayrıca pazldır.

Bu pazl yerinə oturmayanda mənzərə dəyişir.

Onda məcbur olub pazlı pazlla çıxarırlar.

Yəni tənqidi tənqid edirlər.

Bəzi tənqid(çi) şeiri (nəsri) tanımır, bəzisi şairi (nasiri).

Onlara sözümüz olmaz.

Bəzi tənqid(çi) şeiri (nəsri), şairi (nasiri) görməzdən gəlir.

Onlara da sözümüz yoxdur, ehtiyat elədikləri, umduqları qələm sahiblərindən kitab bağlayanlara da. Heç onların da bizə sözü olmaz. Çünki "hörmət" eləyənik, hay-küy salan!

Şirindil Alışanova isə sözümüz həmişə olub. Sağlığında deməsək , barı indən sonra susmayaq. "Ulduz" jurnalının bir nömrəsinin eksperti olanda yaxından tanıdım onu. Sözü yuxarıda tuta-tuta, həm heç bir müəllifi aşağılamadan gənclərin yaradıcılığını təhlil elədi. Cəsarətli intellektual rəy! Üstəlik, maarifçi! Zəng vurub təşəkkür elədim, qonorar üçün sənədini istəyəndə heyrətləndi, dedi, onu cavanlara yazın, ardınca da xoş bir zarafat...

Yeni yazılar göndərəsiydi, araya pandemiya düşdü, hamı bir müddət gizləndi sanki, camaat üzə çıxanda Şirindil müəllim dünyanın qapılarını biryolluq bağlayıb qeyb oldu. Amma nələrsə qoydu özündən sonra: özünəməxsus üslub, xarakter əlbəttə, gözü-könlü toxluq!..

Bir : Şirin(dil) bir xatirə...

 

27 fevral 2025

 

Qulu AĞSƏS

 

Ədəbiyyat qəzeti.- 2025.- 14 mart (№10).- S.29.