Kimsən,
insan?
Kimsən, insan?
Zər qanadlı o böcəkdən,
Mavi, xallı kəpənəkdən,
O çiçəkdən,
bu yarpaqdan,
O ağacdan, bu budaqdan,
Yarandığın
boz torpaqdan
Fərqin nədi?
Doğulursan, böyüyürsən,
Çoxalırsan, ölürsən...
Bilirsən ki, ölərisən!
Kimsən, insan?
Ağ bənizli dənizlərdən,
Yaşıl donlu meşələrdən,
Quşları sevən səmadan,
Çiskindən, çəndən, dumandan
Fərqin nədi?
Düşüncənmi,
sözlərinmi,
Gülüşünmü,
yerişinmi?
Düşüncən
nəyə yetəndi,
Sözlərin nəyi dəyişən?!
Fərqi varmı o ötəri
gülüşlərin
göz yaşından?
Düşün, insan!
Bu sonsuz, tutqun fəzada
Bir nöqtəsən,
bir nöqtəsən...
Bir nöqtə sən, bir nöqtə
mən...
Bir də sonsuz yad nöqtələr...
Düşün, insan,
Düşünməkçün yaranmısan...
Hicran
HÜSEYNOVA
Ədəbiyyat qəzeti. - 2025.- 14 mart
(№10).- S.31.