Vətənə məhəbbət və gözəlliyə vurğunluq
Əliağa Kürçaylı poeziyasına bir nəzər
Hələ yeniyetmə və gənclik çağlarında
istedadı ilə xalq şairi Səməd Vurğunun diqqətini cəlb edən, keçən əsrin sonlarında klassik şair səviyyəsinə yüksələn
Əliağa Kürçaylı
bədii yaradıcılığı
ilə ədəbiyyatımızı
zənginləşdirən müqtədir sənətkarlarımızdan
biridir.
Ə.Kürçaylı
həyatın çətinliklərini
görmüş, yaradıcılığı
ilə poeziyasevərlərin
rəğbətini qazanmışdır.
Ancaq, təəssüf
ki, bənzərsiz poeziyası
ilə fərqlənən
bu qüdrətli sənətkarın yaradıcılığı
tənqidçilər və
tədqiqatçılar tərəfindən
yetərincə araşdırılmamış,
lazımi qiymətini almamışdır.
Düzdür, şair ömrünün
son illərində dövlətimiz
tərəfindən "Əməkdar
incəsənət xadimi"
adına və "Bütövlük" kitabına
görə Azərbaycan
Dövlət Mükafatına
layiq görülsə
də, onun istər vətənpərvərlik,
istərsə də məhəbbət mövzusunda
qələmə aldığı,
insanı düşündürən
poeziyası kifayət
qədər elmi təhlilini tapmamışdır.
Ə.Kürçaylının
şeirləri öz üslubu və bədii məziyyətləri
ilə digər sənətkarların əsərlərindən
asanlıqla fərqlənir,
oxucunun qəlbinə yol tapır, yadda qalır. "Daşlar"
silsilə şeirləri
sanki şairin həyat kredosunu müəyyənləşdirir.
Əsiri olmadım dövlətin, varın,
Axı, nəyi yoxdu bizim diyarın?!
Əli kəsilsəydi talançıların
Qızıldan olardı dirəyim mənim.
Şair üçün vətən,
onun bərəkətli
torpağı, geniş
düzləri, əzəmətli
dağları, zümrüd
meşələri, yaşıl
bağları çox
əzizdir. "Vətən",
"Torpağım", "Bizim planet" və digər şeirlərində
Vətən məhəbbətinin
özünəməxsus bədii
boyalarla təqdimatı
öz yeniliyi ilə diqqəti cəlb edir:
Mən səndən istədim açıq bir alın,
Sən mənə bəxş etdin əzəmət, vüqar.
Mən də başıaçıq,
ayağı yalın
Yolunda can qoysam, yenə az olar.
Ə.Kürçaylı
şeirlərində Vətənin
florasının tablosunu
yaratmaqla sadəcə,
təsvirçiliyi ön
plana çəkmir, bu
şeirlərdə torpaq,
çay, bulaq, ağac, sünbül insan kimi canlandırılır.
Şair bu yurdun vətəndaşı
olmağı ilə fəxr edir. Ə.Kürçaylıya
görə insan Vətənin gözəlliyindən,
çayından, gölündən,
dağından, düzündən,
göy çəmənindən,
buz bulağından, şəhər və rayonların qeyri-adi təbiətindən zövq
almalıdır. Axı
insan ömrü müvəqqətidir!
Vətən intəhasız, ömür
azdı, az,
Bu qısa ömür
də keçməsin
hədər.
Adam səadəti evə
çağırmaz,
Adam səadətin dalınca
gedər.
Ə.Kürçaylı
şeirlərində, obrazlılıq,
bədii təsvir vasitələri, xüsusən
də, təşbehlərdən
yerli-yerində istifadə
etməsi diqqəti cəlb edir. Ə.Kürçaylının
gözələ, gözəllik
anlayışlarına öz
baxışı, münasibəti
var. Belə ki, süni
bər-bəzəyi, bahalı
zinət əşyaları
və müxtəlif boyalardan istifadə edərək özünü
göstərən qızların,
gözəllərin tərəfində
dayanmır, əksinə,
o, təbii gözəlliyə
böyük önəm
verir. Şairin təbirincə: "insan fitrətən gözəl
olmalıdır". Şeirdəki
təşbehlər, mübaliğələr,
metaforalar o qədər
cəlbedicidir ki, oxucu
istər-istəməz şairin
bu obrazlı təsvirinə "təslim"
olur. Bu baxımdan
"Kəndimizin gözəli"
adlı şeirinə
diqqət edək:
Durdu,
əl-üzünü
yudu o, şehlə,
Geydi göy
çəməni ayaqlarına.
Saçını daradı qövsü-qüzehlə,
Bir cüt ulduz taxdı qulaqlarına.
Hardasa qalmışdı bir parça gecə -
Götürüb sürmə tək çəkdi gözünə.
Qızıl dan yerini dərib gizlicə
Sürtdü yanağına, sürtdü
üzünə.
Beləliklə, təbii gözəllik və bu gözəlliyin
insanda yaratdığı
xoş əhval-ruhiyyə
və cazibə şairin poeziyasının
ana xəttini təşkil
edir. Şairin şeirlərinə sirayət
edən gözəllik
anlayışı təbiiliklə
çuğlaşaraq oxucunu
süni gözəlliyə
"yox" - deməyə
fokuslaşdırır, onu
təbii gözəlliyə
aludə olmağa səsləyir:
Axma, axma
- desə axan suya da,
Kimdir o gözəlin
sözündən keçə?!
...İnsan çöhrəsinə
rəng də, boya da
Gərək təbiətin özündən
keçə.
Şairin lirik "mən"i insan ruhunu incələyən,
onu mənən qidalandıran gözəlliyə
çatmağın, onu
əldə etməyin
asan yolunu sevinc dolu anlarda
axtarmır, sevgisinə
qovuşmağın dadını,
ləzzətini kədərli
anların "süzgəc"indən
keçməkdə görür.
"İstərəm" şeirində bu məziyyət özünü
aydın göstərir.
Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.
Həyatda hər şeyin əndazəsi, ölçüsü
olur. Ancaq bu mizan pozulanda,
yəni istək və arzu əlçatan
olmayanda insan "dəli" vəziyyətinə
düşür:
Mən bilmirəm zarafatdır, həqiqət,
Deyirlər ki, hərə bir cür dəlidir.
Özgəsinə söyləməyə nə
hacət,
Bu söz elə
mənə deyilməlidir.
Şair burada dəliliyi sözsüz ki, Vətənə,
təbiətə vurğunluq
mənasında işlədir.
İçində sonsuz
Vətən sevgisi olan insan öz
yurdunu, tarixi yerlərini, bənzərsiz
məkanlarını dəlicəsinə
sevə bilər. Gündən-günə Vətənimizin
müxtəlif guşələrindəki
dəyişiklik və
tərəqqi vətənpərvər
şairi riqqətə
gətirir, onu yaxşı mənada
"dəli" edir.
"Səfərdən qayıdanda"
adlı şeirdə bu cəhət çox obrazlı şəkildə əlaqələndirilmişdir:
Bəzən uzaq səfərlərə
çıxıram,
Bir ay sonra qayıdıram
Vətənə.
El-obama başqa gözlə baxıram,
Elə bu vaxt dəli
deyin siz mənə.
Şair üçün gözəlliyi
duymaq, ondan həzz almaq sadəcə olaraq istək və ehtirasın, ötəri və keçici hisslərin ram edilməsi anlamından çox uzaqdır. Ə.Kürçaylı
gözəlliyi, təmiz
duyğu və hisslərin insana bəxş edilən ruhi bir qida
kimi təqdim edir. İnsanın əhval-ruhiyyəsinə və
ovqatına xoş təsir edən bu bənzərsiz
sentimental, romantik duyğuların
yüksək cazibə
qüvvəsinin orbitindən
qurtulmaq, kənara çəkilmək mümkün
deyil. Yaranmışların
əşrəfi olan insanın həyatda sevib-sevilmək və gözəlliyi dərindən
duymaq instinkti gənclik dövründən
ta ömrünün axırına
kimi onu tərk etmir.
Nəsimi, Füzuli və digər klassiklərimizin qəzəllərində rast
gəldiyimiz bədii obraz, təşbeh və mübaliğələr
Ə.Kürçaylının
heca vəznli şeirlərində özünəməxsus
yetkin bir formada təqdim olunur.
Bədii təsvir gücünə
malik belə şeirlər
heç də qəzəllərdəki aforizmlərin
kölgəsində qalmır,
yeniliyi və orijinallığı ilə
özünü təsdiq
edir.
Bu baxımdan şairin
"Mən insanam"
şeiri diqqəti çəkir:
Mən elə sevərəm - məhəbbətimi
Bölsən, bəs eyləyər bütün bəşərə.
Elə kin bəslərəm - ədavətimi
Töksən daşqın düşər
bəhri-Xəzərə,
Mənim nifrətimdən yanar dağ-dərə.
Ə.Kürçaylı
yaradıcılığının ana xəttində onun doğma Vətənimizə
olan sonsuz sevgisi durur.
Bəllidir ki, Azərbaycan torpağının
əsrlər boyu hissə-hissə parçalanması
ucbatından xalqımızın
böyük bir hissəsi bir-birindən ayrı düşübdür.
Zaman-zaman şairlərimiz xalqımızı sarsıdan,
onu düşündürən
bu taleyüklü məsələyə münasibət
bildirmişlər.
İnanırıq ki, İranda təhdidlərə
məruz qalan xalq azadlığı və müstəqilliyi uğrunda mübarizə apararaq gec-tez öz istəyinə - azadlığına qovuşacaqdır.
Bu düşüncə və
hisslər hələ
keçən əsrin
60-70-ci illərində vətəndaş
şair Ə.Kürçaylını
da narahat etmiş, Vətəni bütöv görmək arzuları məhəbbət dolu qəlbini hədsiz dərəcədə narahat
etmişdir:
Arabir gülsəm
də, demə arsızam,
Məqam gözləyirəm, demə
karsızam.
Nə qədər Təbrizsiz, Şəhriyarsızam
Gülmür, gülməyəcək gözlərim
mənim!
İnanırıq ki, Ə.Kürçaylının
canından əziz sevdiyi Vətəni bütöv görmək arzusu yaxın gələcəkdə, inşallah,
reallaşacaqdır.
Ehtiram SƏFƏROV
Ədəbiyyat qəzeti. - 2025.- 14 mart
(№10).- S.30.