Mükafatlar, konyunktura
və sənət
Şon Beykerin ötən il Kann film festivalının əsas mükafatına layiq görülmüş
"Anora" filmi, bu
il də əsas nominasiyalar üzrə
Oskar mükafatını silib-süpürdü.
Film haqqında hələ
aylar öncə proqnoz vermişdim, di gəl, məni linç eləmişdilər.
Yazmışdılar ki, bəs
sən Beykerə paxıllıq edirsən, bəs "Anora" son illərin ən yaxşı ekran işidir.
Siyasi gündəmin
diktəsi, LGBTQ söhbətlərinin
calaq olunması... beləcə, sənət
cılızlaşır, mahiyyətini
dəyişir.
Zamanla ali estetik meyarlar
da texnikiləşir, sintetikləşir
və hər şey kimi dadını-duzunu
itirir.
O şeydə ki sənət
məqsəd yox, vasitədir, o şey teyxa zibildir, - fərqi yoxdur, səhnədə, ya küçədə.
Əlbəttə, sənət əzəldən
vasitə olub. İdeologiyaların, nəzəriyyələrin
ədəbiyyat şəkli,
musiqi həlli, yaxud ekranizasiyası...
Məlum, bu yumşaq təbliğat mexanizmlərini
elə müəlliflərin
özü zamanla mənalandırmış, dağ
belinə qaldırmış;
bəzən bütə
çevirmiş, az qala, öz yaratdıqlarına
sitayiş etmiş.
Mən nəsə təzə söz demirəm. Bilirik ki, təzə nəsə yoxdur. Hər şey mahiyyətcə təkrar,
formaca fərqlidir.
Götürək, "Anora" filmini. Yenidirmi? Əsla! Orijinaldırmı? Əsla!
Orijinal olan heç nə yoxdur! Orijinal olan nəsə
olası da deyil indən belə!
İndiki rejissorlar, yazıçılar,
elə bəstəkarlar
da, uzağı, yaxşı
redaktorlardır. Yəni,
yeni kimi təqdim olunan hər şey, əslində köhnədir, sadəcə,
təğyiri-libas olubdur,
bəzənibdir.
Bir az ondan, bir az bundan...
qat-qarışdır, olsun
təzə. Məsələn,
gözünün birini
Tarkovskidən götür,
birini Hiçkokdan, obrazların hekayələrini
dəyişdir: tutalım,
Kabiriyanın adını
Anora qoy, taleyinə azca barmaq elə, gətir Amerikanın lupanarlarından birinə.
Sonra da de ki, pastiş eləmişəm,
bəs rekonstruksiya belə, dekonstruksiya elə...
Bəs necə? Başqa necə ola bilər ki?! Ümumiyyətlə, köhnədən
qaçmaq mümkündürmü?
Qətiyyən!
Fellini "Kabiriyanın gecələri"ni çəkəndə
"Kabiriyanın gecələri"
çəkilməmişdi, rejissor, tutalım, Cülyetta Mazinanın canlandırdığı obrazın
taleyini "Dekameron"dakı
əhvalatların, yaxud
"Gilqameş"in Enkidusunu
əhliləşdiran İştarın
hekayəsi əsasında
qurmuşdu.
Necə ki, "Dekameron" da o dövrün
miflər, nağıllar
əsasında yazılmış
yenisi idi...
O vaxtdan danışıram
ki, hələ kreativ məzmunlar bədahətən
yaranırdı, fəhmi
rabitə qırılmamışdı.
Yəni, qələmin başını
həqiqətin cazibəsi
döndərirdi.
"Qələm" dedim, yadıma düşdü. Bu əhvalatı
"Tarixçi" səhifəsindən
oxumuşdum.
"Kakraz" Rusiya haqqında danışırıq. Həm
də şirinlik olsun.
Deməli, diyircəkli qələm
ABŞ-da 1945-də istehsal olunmağa
başlasa da, SSRİ-də
1965-də, atom bombasından 16 il, kosmosun fəthindən 4 il
sonra, - İsveçrədən
alınan avadanlıq hesabına buraxılıb.
SSRİ 1953-cü ildə
hidrogen bombası istehsal etmişdi, 1957-də
kosmosa it göndərmişdi,
1958-ci ildə atom sualtı
qayığı, bir
il sonra atom buzqıran
gəmisi düzəltmişdi,
1961-ci ildə sovet vətəndaşı kosmosu
fəth etmişdi,
amma diyircəkli qələm
buraxa bilmirdi.
Fəqət, bu günün kreativ məzmun yaradıcısı əsrlər
əvvəl bir-birindən
xəbəri olmayan, bir-biri haqqında on-on beş ildən sonra öyrənən, ya da heç vaxt öyrənməyən
müəlliflər barədə,
ümumiyyətlə, bütün
müstəvilərin qıtlıq
dövrü haqqında
bir dəqiqənin içində məlumat
ala bilər, üstəlik,
haman illəri qrafik canlandıra da bilər.
Məsələn, nə yazılmayıb ki?
İlin-günün
bu vaxtı Jorj Poltinin "36 dramatik situasiya"sını
sayaq?
Lap istəyirsən, götür
dramatik situasiyaların
yerini dəyiş, xoşuna gəlməsə,
əlavə et, yenə
bəyənməsən, təzədən
redaktə et.
Mahiyyət dəyişmir. Dəyişən
təkcə formadır.
Yaxşı, əgər belə isə, bəs mən Şon Beykerdən nə istəyirəm?
Özü də, Şon Beykerdən əvvəl münsifləri qınamışam.
Məsələn, Kanndakı münsiflər
heyətinin rəhbəri
Qreta Qerviq xanımı. Qadınlar, həmrəylik-zad...
Hə. Deməli, təxminən, öyrəndik ki, hər şey kimi kinematoqrafiya
da cılızlaşır.
Siyasi məsələlər,
qadınlar, homoseksuallar,
feminizm, ənənəvi
kişi obrazının
ayrı cür mənalandırılması və
sair və ilaxır.
Yəni, filmlər siyasi-mədəni
konyunktura vasitəsinə
çevrilib. Fəqət,
həm də öyrəndik ki, sənətin
məqsədi, sən
demə, ta əzəldən
budur.
Ümumiyyətlə,
mədəniyyətin özü
də konyunkturadır
- deyirəm mən, di
gəl, bu ayrı mövzudur.
Baxmayanlar üçün qısa məzmun:
Film striptizklubda işləyən, fahişəlik
edən özbək əsilli qızın həyatından bəhs edir.
O bir gün
rus oliqarxının oğlu İvanla tanış olur.
Valideynləri
İvanı Amerikaya təhsil almağa yollasa da, o, gününü
əyləncələrdə keçirir. Atası onu təkidlə vətənə çağırır.
İvan isə özbək qızı, fahişə Anora ilə evlənməyə
qərar verir, fəqət, domino daşları
bir-bir dağılmağa
başlayır...
Mənim təəssüratım:
"Anora" filminin
qələbəsi tamamilə
rəzillikdir.
Təəssüf, kinematoqrafiya da hər şey kimi cılızlaşıb.
Konyunktura, siyasi maraq, diktə...
Məsələn, Şon
Beykerin rusofobluğu...
Obrazın adı "İvandır".
Kimdir bu
İvan? Cındırın biri. Bilirik ki, ruslarda "İvan" əsas
adlardan biridir; demək olar, rus simvoludur.
Fahişə qız isə özbəkdir. Sovetlər-zad.
Erməni obrazları da rus oliqarxın qulluğunda.
Üstəlik, rusofobiya, yaxud digər məsələlərin
heç biri dərindən işlənməyib,
eləcə... Ötəri
və bəsitdən bəsit. Bəzən lap
"Yeşilçam" filmlərini
andırır. Primitiv
gediş, primitiv həll.
Tamamilə ləlöyünçülükdən ibarət filmin bunca uğur qazanmağı, əlbəttə,
kinematoqrafiya adına biabırçılıqdır.
Mus-mus... Nəhayət,
Mustafa...
Rusiya, sanksiya...
Bu haqda uzun-uzadı danışmağa ehtiyac yoxdur, məncə. Elə bilirəm, bir-birimizi aydın başa düşürük.
Hə Rusiya, sanksiya-zad, gözünə qatırsan
fahişəni, insan taleyini, əbədi kədəri... mühacirlərin
problemi, bla...bla...bla...
Mən deyirəm ki, ay mötədil...
Məsələn, çox uzağa getməyək, götürək
elə, Andrey Zvyagintsevin,
təxminən, on il öncə
Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin
maliyyə dəstəyi
ilə - bu da taleyin ironiyasıdır - çəkdiyi "Leviafan"
filmini...
Bax, mən
bunu deyirəm... Aşağı-yuxarı, eyni
məzmundur. O da Rusiyanı,
rus hakimiyyətini yıxıb-sürüyüb.
Sözsüz, ondan əvvəl də bu işi
görənlər olub.
"Leviafan" bugünkü
Rusiya cəmiyyətinin
gerçəklərini - dövlət,
məhkəmə, bütünlükdə
hüquq-mühafizə orqanlarının
korrupsiya bataqlığına
qərq olmasını,
mənəviyyatsızlıq, ədalətsizlik və əxlaqsızlığın həyat
tərzinə çevrilməyini
tam çılpaqlığıyla göstərir. Pravoslav (Ortodoks) kilsəsinin din xadimləri isə korrupsiyaya bulaşmış,
ədalətsiz və
əxlaqsız dövlət
məmurlarına dəstək
verir.
Film elə ikili standartla yaşayan, mənəviyyatını itirmiş
yepiskopun xütbəsiylə
bitir: "İnsanın
əsas xüsusiyyəti,
mənası heç
vaxt pravoslavlığa
xəyanət etməmək
və doğruları
söyləməkdir. Doğru
- Allahın nemətidir,
gerçəkləri təhrif
etmədən göstərməkdir.
Və yalnız həqiqətə sahib olanlar
doğrulardan xəbərdar
olur. Həqiqətsə
İsa Məsihin özüdür".
Həmin vaxt mer oğlunun
qulağına "Bu bizim
Allahımızdır, o, hər
şeyi görür"
- pıçıldayır və İsa Məsihin ikonasını göstərir.
Xatırladım ki,
"Leviafan" İncildəki
mifolojik dəniz canavarının adından
götürülüb və
nümayiş olunandan
sonra ciddi səs-küyə səbəb
olmuşdu, hətta
filmi bir ara qadağan da etmişdilər.
"Leviafan"ın əvvəldən başı
bəlalıdır. Hələ
filmi demirəm, Tomas Hobbsun
1651-ci ildə yazdığı
"Leviafan, yaxud materiya, kilsə və vətəndaş dövlətinin forma və
hakimiyyəti" kitabının
da başı bəlalıdır.
O da zamanında İngiltərədə
qadağan olunub, rus dilinə tərcüməsi isə
yandırılıb.
"Leviafan" dövlət və insan haqqındadır.
Tomas Hobbs "Leviafan"ında dövlətin və hüququn yaranması nəzəriyyəsini irəli
sürüb. Onun yazdığına görə,
dövlətə qədər
insanlar "hər kəs hər kəsə qarşı müharibə" kimi təbii vəziyyətində
idi.
Yəni, ümumi ədalət yox idi, hər
kəs hər şey haqqına sahib idi.
Yəni, hər kəsin hər kəsi öldürməkdə hüquq
bərabərliyi var idi.
Və hər kəs hamı ilə müharibə vəziyyətində
idi.
Sonra onlar öz təbii haqlarından həmin təhlükəsizliyə
nəzarət edə biləcəyi dünya naminə könüllü
imtina etdi, dövlət qurdu.
Hobbs dövləti öz
qüdrətinə görə
"ölümlü Allah" adlandırır. Ona bir təyin də verir: Leviafan.
Leviafan İncildə təbiətin
gücünü təcəssüm
etdirən əjdahadır.
Hobbs isə onu dövlətin obrazı kimi götürür.
Andrey Zvyagintsevin filmində "Leviafan"ın
skeletini görürük.
"Leviafan" öz
qüdrətini itirib,
amma onun skeleti insanları öz qəfəsində saxlayır.
O öz skeleti ilə Kolyaları həbs edir.
Bu, artıq insanın haqlarını qoruyan dövlət yox, onu öz
məngənəsində sıxan
qəfəsdir.
Film şəhərdən kənarda, Kolyanın evinin yerində ucalan kilsə ilə şəhərin mərkəzini - həm də idarəetmə mərkəzini birləşdirən
körpünün təsvirləri
ilə bitir.
Bahalı avtomobillər şəhərə
doğru gedir...
Gör
Zvyagintsev məsələni necə həll edib? Hansı dərinliyə baş vurub...
Eyni informasiyanın
bədii həlli və təqdimat fərqi adamın gözünə girir.
Məsələ budur, student qədeş...
Ömər XƏYYAM
Ədəbiyyat qəzeti. - 2025.- 14 mart
(№10).- S.31.