Həqiqi hekayə
Yelenanın ağlı kəsəndən
yuxarı mərtəbədəki
qarı ölüm ayağında idi. Yelena anası ilə onun üçün təzə meyvə-tərəvəz
gətirdiyi vaxtlardan yorğan-döşəkdə mumdan
düzəldilmiş qarı
kimi yatırdı. Bu gün artıq Yelena qadın idi, saçını boynunun arxasında toplayıb bağlayırdı. Hər
gün səhər gün çıxan kimi durur, ocağı
yandırır, qırmızı
gözlü pişiyi
evə buraxırdı.
Bir çaydan çay
hazırlayıb kənd
evinin arxa tərəfindəki yataq otağına çıxır,
kor gözləri heç yumulmayan qarının üstünə
əyilirdi. Hər səhər qarının
göz boşluqlarına
baxır, əlini üstündən keçirirdi.
Qadının nəfəs
alıb-almadığını başa düşmürdü.
"Saat səkkizdir, səkkiz olub artıq", - dedi. Kor gözlər gülümsədi. Yorğanın
altından büzüşmüş
bir əl çıxdı, Yelena onu
öz balaca, ətli əlinə alıb çay fincanına dolayana qədər gözlədi.
Fincan boşalanda
Yelena onu yenə doldurdu, çaydandakı çay qurtarandan sonra ağları dəyişdirdi. Qarı gecə paltarında uzanmışdı. Dərisinin
rəngi başında
qalmış axırıncı
saçları kimi boz idi. Yelena yeri düzəldəndən
sonra çaydanı götürüb aşağı
düşdü. Səhər
yeməyini bağda işləyən oğlanla
bir yerdə yeyirdi. Arxa qapını
açıb baxdı,
əlində bel işləyən
oğlanı gördü.
Kifir oğlan idi, gözləri pişiyin gözlərindən
də qırmızıydı.
Yelena oğlanın yeməyini
qabağına qoydu, özü qıraqda oturub əllərini ocağa tutdu. Oğlan həmişə yeyib ayağa duranda, "etməyimi istədiyin nəsə
var?" - deyə soruşurdu.
Qız heç vaxt ona "hə" deməmişdi.
Oğlan bostandan kartof çıxartmağa,
ya da toyuqların yumurtalarını saymağa
gedirdi, bağdakı böyürtkən kollarında
yığılmalı meyvə
vardısa, günortaya
qədər qız da
ona kömək edirdi. Xırda qırmızı meyvələri
əlinə yığdıqca
qarının yatağının
altındakı pulları
fikirləşirdi. Toyuq
kəsilməli idisə,
toyuğun boğazını
yarıya qədər
kəsib bıçağı
qoluna silən oğlandan daha yaxşı edirdi bu işi. Toyuğu
tutub kəsir, isti qanın qoxusunu duyur, başsız toyuğun həyətdə qaçıb
can verməyinə baxırdı.
Sonra içəri girib
əllərini yuyurdu.
Baharın ilk həftəsi idi.
Yelenanın iyirmi yaşı tamam olmuşdu, qarı hələ də əlini çay fincanına uzadırdı,
gecə paltarının
yaxası hələ də tərpənmirdi nəfəs aldıqca, o xəzinə hələ də yatağın altında idi. Yelenanın istədiyi o qədər şey vardı ki... Özünə
aid bir kişi istəyirdi, bazar günləri
geyinmək üçün
qara rəngli paltar, çiçəkli
şlyapa istəyirdi.
Heç pulu yox idi. Oğlan
bazara tərəvəz
və yumurta apardığı günlərdə
qarının verdiyi altı pennini ona verir, oğlanın
cib dəsmalına büküb gətirdiyi pulu qarının əlinə sayırdı.
Yataq yeri və bir qarın
yemək üçün
işləyirdi, oğlan
da elə. Tək fərq o idi ki, qız ikinci mərtəbədəki otaqda
yatırdı, oğlan
isə anbardakı
saman yataqda.
Günəşli bir bazar səhəri
başındakı azğın
fikirlər dağılsın
deyə bağa çıxdı. Göydə
iki bulud gördü, günəşin
başına fırlanan
iki kələ-kötür
əl. "Ah, uça
bilsəydim", fikirləşdi,
"açıq pəncərədən
içəri girib dişlərimi qarının
boğazına keçirərdim".
Amma sərin külək
bu düşüncəni
alıb apardı. Adi qız olmadığını
bilirdi, çünki qış gecələrində
oğlan samanların içində yuxu görəndə, qarı
qaranlıqda tək olanda kitablar oxumuşdu. Pul kimi yerə enmiş bir Tanrıyla, insan səsi çıxaran ilanlarla, dağın zirvəsində dayanıb
atəşdən bir şeylə söhbət edən adamla bağlı şeylər.
Bağın lap qırağına, düzəngahla bağın
arasına çəkilmiş
çəpərin yanındakı
balaca təpənin yanına getdi. Toyuqları boğduğu üçün öldürdüyü
iti bura basdırmışdı. Xaçın
üstündə "Nur içində
yatsın" yazılmışdı,
ölüm tarixi isə tərsinə qeyd edilmişdi. Beləcə, it hələ
ölməmiş olurdu.
"Onu bura basdıra bilərəm",
- Yelena öz-özünə fikirləşdi, "itin yanında, gübrələrin
altına, onu burda heç kim tapmaz". Əllərini çırpdı,
iki kələ-kötür
əl günəşə
dolananda evin arxa qapısına çatdı.
İçəridə qarı üçün hazırlanmalı
xörək, katrof vardı. Təkcə bıçağın səsi
gəlirdi, külək
kəsmişdi, ürəyi
bir neçə qat boğçaya sarılmış
kimi səssiz idi. Evin içində
heç nə tərpənmirdi. Qucağındakı
əli ölü kimiydi, bacadan çıxan dumanın göyə milləndiyini fikirləşə bilmirdi.
Dünyada təkcə
onun zehni maşın kimi işləyirdi. Hər şeyin ölü olduğu bu saatda bir xoruz
banladı və qız bir azdan
bazardan qayıtmalı
olan oğlanı fikirləşdi. Əlinin
yenə qucağında
öldüyünü hiss etdi.
Elə bu ölümün ortasında
idi ki, oğlanın əlinin qapının cəftəsini burduğunu
eşitdi.
Oğlan
içəri girdi, Yelenanın kartof soyduğunu gördü, cib dəsmalını stolun üstünə atdı. Qız dəsmalın içindəki
pulun cingiltisini eşidəndə başını
qaldırıb oğlana
baxdı və gülümsədi. Oğlan
əvvəllər heç
vaxt qızın gülümsədiyini görməmişdi.
Qız onun yeməyini qabağına qoyub bir qıraqda, ocağın yanında oturdu. Qız oğlana tərəf əyiləndə oğlan
onun saçındakı
yonca qoxusunu hiss etmiş, dırnaqlarının
arasına dolan yaş torpağı görmüşdü. Qız
toyuq kəsmək və böyürtkən yığmaqdan başqa bayır-bacağa çox
da çıxmırdı. "Yuxarı yemək aparmısan?" - oğlan
soruşdu. Qız cavab vermədi. Yeməyini qurtarandan sonra ayağa duranda indiyə qədər min dəfə
soruşduğu kimi,
"etməyimi istədiyin
nəsə var?" - deyə
soruşdu. "Hə",
- Yelena dedi.
İndiyə qədər heç
vaxt ona "hə" deməmişdi.
Oğlan indiyə qədər heç bir qadının onunla belə danışdığını eşitməmişdi. Qızın
döşlərinin kölgəsi
heç vaxt bu qədər tünd olmamışdı.
Səndələyə-səndələyə
mətbəxin o biri tərəfinə, qızın
yanına getdi, qız əllərini onun çiyinlərinə
qoydu. "Mənim üçün nə edəcəksən?" - Yelena soruşdu və paltarının çiyin
bağlarını açdı.
Paltarın yaxası sürüşdü və
qızın çılpaq
döşləri göründü.
Oğlanın əlini
götürüb döşünün
üstünə qoydu.
Oğlan qızın çılpaq sinəsinə
baxdı, qızı qucaqladı. "Mənim üçün nə edəcəksən?" - qız
soruşdu. Yatağın
altındakı pulları
fikirləşə-fikirləşə oğlanı özünə
çəkdi, paltarının
yerə düşməsinə
imkan verdi, alt köynəyini çıxartdı.
"Nə istəsəm,
edəcəksən", - dedi.
Bir dəqiqə sonra oğlanın qollarından
çıxıb otağın
bu biri tərəfinə
qaçdı. Çılpaq
kürəyini yuxarı
mərtəbəyə çıxan
qapıya söykəyib
barmaq işarəsi ilə oğlanı yanına çağırdı,
nə etməli olduğunu dedi. "Varlı olacağıq",
- dedi. Oğlan barmaqlarını ona toxundurmağa çalışdı,
amma qız onun əlini tutdu. "Mənə kömək edəcəksən?"
- dedi. Oğlan gülümsədi, başını
razılıq əlaməti
kimi tərpətdi. Qız qapını açdı, onu yuxarı çıxartdı.
"Sən burda dayan, səsini çıxartma", - dedi.
Qarının otağındakı
çatlaq məhəccərə,
yarıaçıq pəncərəyə,
divardakı yazıya baxdı. "Saat bir olub", - qarının qulağına
dedi, kor gözlər gülümsədi.
Üç yüngül
zərbə bəs etdi, başı yumurta kimi partladı.
"Neylədin?" - oğlan
qışqırdı. Yelena onu içəri çağırdı. Oğlan
qapını açdı,
əllərini yorğanüzünə
silən çılpaq
qızı, divarda qırmızı ləkə
əmələ gətirmiş
qanı görəndə
dəhşət içində
qışqırdı. "Sus!" -
Yelena dedi, amma oğlan qızın sakit dediyi sözlərə
qarşılıq kimi
yenə qışqırıb
aşağı qaçdı.
"Belədirsə, Yelena uçmalıdır",
qız öz-özünə
dedi, qarının otağından uçub küləyə qarışmalıdır.
Pəncərəni tam açdı,
bayıra addım atdı, "Uçuram",
- dedi.
Amma Yelena
uçmurdu.
Dilan
TOMAS
Tərcümə etdi: Həmid PİRİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 14 mart, №10.- S.32.