Bakı. Berlin. Səs. Sükut
Qayıdış
Aeroportun
şüşəbənd salonunda ağır hava vardı.
Küçədən boylanan boz Bakı səhəri,
adamların yorğun baxışları, səslərin
içində itən tək-tük sevinc nidaları...
O, ətrafına baxdı. Hər
kəsin kimsəsi var idi.
Əllərində ad-soyad yazılmış
kağızlar tutan sürücülər,
gözləri ilə kimisə axtaran adamlar, bəlkə illər
sonra ilk dəfə bir-birini görən qohumlar... Hamı kimin
üçünsə gəlmişdi.
O isə tək idi.
Hindistanlı və ərəb
turistləri hava limanında xüsusi
qarşılayan sürücülər diqqətini çəkdi.
Onları mehmanxanalara aparacaqlar, lüks maşınlar,
beşulduzlu otellər... O isə 28 May metrosuna
düşüb köhnə şəhərə gedəcək,
qoca binaların divarlarına baxacaq, köhnə daş pilləkənlərdən
qalxacaq.
Bakıya
qayıtdığı üçün
özünü qərib hiss edirdi.
Əslində, harda özünü doğma hiss edə bilərdi
ki?
Oturacaqlardan birinə çökdü.
Nə vaxtsa burada bir işi olsa, fotoqraf olardı, deyə
düşündü. İnsanların görüş
anlarını çəkərdi.
Bir-birini illərdir görməyənlərin qucaqlaşmasını,
gözlərindəki yaşı, gülüşü, həyəcanı...
O şəkilləri qəzetlərə verməzdi. Onsuz da
introvert idi. Kütlə üçün nəsə etməyi
bacarmırdı.
Bəlkə də, sənət
elə fərd üçün idi.
Görüşlər, ayrılıqlar,
yenidən qovuşmalar...
Onun həyatında isə nə real görüş, nə
ayrılıq, nə də qovuşma var idi.
O, aeroportdan çıxanda Bakı üzərinə boz bir yorğan
çəkmişdi. Yağış yağacaqdı.
Şəhərin mərkəzinə çatan
kimi ilk addımlarını 28 May
küçəsinə yönəltdi. Onun
uşaqlığı, gəncliyi, sevgisi, ümidləri
buradan başlamışdı. O illər küçələr
daha geniş, insanlar daha mehriban görünürdü. 28 may
onun üçün çox doğma idi, burada
özünü azad, öz evində, ocağında hiss edirdi.
Bakı
- 28 May küçələrində xatirələr
Bakı
küləklidir. Amma ən çox da xatirələri ilə
adamı üşüdür.
28 May küçələri ilə
addımlayanda keçmişlə indi arasındakı incə
sərhədi hiss edirsən. Bura həm tanışdır, həm
də yad. Bir zamanlar bu küçələrdə gənclik
gülüşləri səslənirdi. Tramvay relslərinin
üstündə qaçışan uşaqlar, köhnə
kinoteatrlara tələsən tələbələr, buzlu
qış səhərlərində işə tələsən
insanlar...
İndi isə binalar yüksəlib, həyatlar isə
qısalıb. Şüşəli göydələnlər
Bakı səmasını yarır, amma o şüşələrin
arxasında neçə-neçə yadlaşmış insan
var, insanlar istilikdən, doğmalıqdan, səmimilikdən
çox aralı düşüb.
28 May metrosunun çıxışında
dayandı. Burada hələ də köhnə çörək
iyini hiss etmək olur, taksilərin səs-küyü
qulaqları doldurur, adamların addımları bu
daşların üstünə yazılmış minlərlə
hekayəyə qarışır. Bəziləri burada ilk dəfə
sevdiyini gözləyib. Bəziləri isə bir daha geri
qayıtmamaq üçün gedib.
Şəhər dəyişib. İnsanlar da. Amma
külək hələ də Bakı küləyidir. O, yada
qulağına həzin şəkildə
qayıdışın yox, xatirələrin şəhəri
olduğunu pıçıldayır.
28 May...
Burada addımlamaq həm mövcud olmaq, həm də xatirəyə
çevrilmək deməkdir.
***
Berlin -
böyük bir zavod idi. O, illər boyu orada sərt qaydalara
tabe olmuş, gündəlik iş həyatının
içində ruhunu basdırmışdı. Səliqə,
nizam, soyuqluq... O şəhərdə insanlar bir-birinə
toxunmadan yaşayırdılar. Bəzən məhz
qarışıqlıqdan, xaosdan qaçmaq naminə getdiyi
Berlin onun üçün cəhənnəm kimi görsənirdi.
O, orada hər gün robotlaşdığının, mənəvi
dəyərlərə yadlaşdığının fərqində
idi. Bakı isə bir zamanlar insan istiliyi ilə dolu idi.
Amma indi o küçələrdə
soyuqluq hiss edirdi. İnsanlar baxışlarını
qaçırır, sanki özləri də bu şəhərə
yadlaşmışdılar. Oğrun-oğrun baxan adamlar,
hündür hasarlarla əhatələnmiş bağlar,
bir-birindən uzaqlaşmış qonşular...
Abşeron bağları da, ordakı
ağaclar da, toplanlar da bir-birinə qarşı
yadlaşmışdı.
Azadlıq
prospektində köhnə xatirə
O,
Azadlıq prospektindən keçəndə ayaq saxladı.
Burada bir vaxtlar Xəlil Rza Ulutürk insanları başına
yığıb şeir oxuyur, odlu-alovlu çıxışlar
edirdi. Gənclik illərində o da bu cərgədə
durmuş, şairin alovlu səsini dinləmişdi.
İndi o
yerdə bir evsiz
uzanmışdı. Titrəyən əllərində köhnə
bir araq şüşəsi vardı. O, bu mənzərəyə
dözə bilmədi. Bir zamanlar azadlıq uğrunda
bağıran səslər, simalar indi susqun bir bomjun gözlərinə
çəkilmişdi.
İtirilmiş xəyal
O,
küçənin kənarında dayanıb Xəyaləyə
baxırdı.
Xəyalə qabaqkı Xəyalə
deyildi. Gözlərində həyat yox
idi. Yorğun idi, amma təkcə fiziki yorğunluq deyildi bu.
Sanki bütün ömrü onun çiyinlərinə
yığılmış, ağır bir yük kimi
üstündə oturmuşdu.
Əlləri çatlamış, dərisi kobudlaşmışdı.
Sabun köpükləri ilə örtülmüş
barmaqları, iri boşqablarda süzülən su
damlaları... Hər şey o qədər adiləşmişdi
ki, Xəyalə indi bu həyatı suyun dalğasız səthi
kimi yaşayırdı - heç nə hiss etmədən.
O, yaxınlaşdı. Xəyalə
başını qaldırıb ona baxdı.
- Sən qayıtdın? - Səsi
tanış idi, amma içində heç nə yox idi.
- Bəli.
- Neçəyə qədər
qalacaqsan?
Bu
sualın arxasında heç bir maraq yox idi. Sadəcə, səslənmiş
bir cümləydi, elə qabyuyan sular kimi axıb gedən bir
cümlə.
O, Xəyalənin həyatından
xəbərdar idi. Həyat yoldaşı
narkoman olmuşdu. Əvvəl evdəki hər şeyi
satmışdı, sonra küçələrə
düşmüşdü, sonda da həbsə getmişdi -
oğurluq üstündə. Xəyalə isə əvvəlcə
yaşamaq üçün çalışmış, sonra
sadəcə var olmaq üçün işləməyə
başlamışdı.
- Necəsən?
Xəyalə bir anlıq dayandı. Sanki sualı başa düşmək
üçün öz içində nəyisə axtardı.
Sonra çiyinlərini çəkdi.
- Yaşayıram.
O, Xəyaləyə uzun-uzadı
baxdı. Bir vaxtlar sevgi dolu
baxışlarla ona baxan bu gözlər indi boş bir pəncərə
kimiydi.
- Səni görmək istəmişdim.
Xəyalə başını aşağı
saldı, bir boşqab götürdü,
sabunlu suda batırdı. Sanki suya nəsə
pıçıldadı. Sonra başını qaldırdı
və bircə cümlə dedi:
- Gərək gəlməyəydin.
O, nə deyəcəyini bilmədi. Xəyalənin üzündəki
ifadə ona çox tanış idi - bu, bir vaxtlar azadlıq
istəyən, sevgi gözləyən, amma sonda həyatın
divarlarına çırpılıb hissiz bir heykələ
dönən insanların ifadəsi idi.
Bakıya
qayıtmışdı, amma
bütün yollar çoxdan bağlanmışdı.
Səs-sükut
Bak gecənin sakitliyinə bürünmüşdü. Şəhərin
küçələri boyu addımlayanda özünü daha
da tənha hiss etdi.
Bütün xatirələr, arzular,
ümidlər - hamısı geridə
qalmışdı. Xəyalə - geridə
qalmışdı. Gənclik illəri - geridə qalmışdı.
Hər biri çoxdan tərk edilmiş, insan ayağı dəyməyən
limanlar idi.
Birdən,
bir məsciddən
azan səsi yüksəldi.
O, ayaq saxladı. Azanın səsi
gecəni doldurdu, qəlbinin dərinliyinə
süzüldü.
Hara getsən də, dərdlərin bitmir.
Hara qaçsan da, xatirələr
səni tapır.
Hara dönsən də, özündən qaça bilmirsən.
Berlində belə bir səs yox idi. Orada səslər zəifdir.
İnsanlar yavaş danışır, küçələr
sakit olur, kimsə yüksəkdən səslənmir. Orada hətta
səsin sərhədləri var. Yüksək səslə
danışsan, musiqiylə rəqs etsən, sənə cərimə
yazıla bilər. Səslər bu cərimələr tərəfindən
kəsilirdi...
Burada isə səslər azaddır. Elə bu azan kimi.
O, bir müddət azana qulaq asdı. Səs havadakı
boşluğu doldurdu, içindəki boşluğu isə
doldurmadı.
Bu şəhər, bu küçələr, bu xatirələr - hamısı
buradaydı, amma o artıq burada deyildi.
Bəlkə də getmək
çarə deyil.
Bəlkə də hər şeyi içində həll etmək
lazımdır.
Bakıda
azan səsi küləyin
köməyi ilə daha da yüksəkdən gəlirdi.
Berlində səslər cərimə yazan polislərin dəstəyi
ilə kəsilirdi.
Amma onun içində sükut hakim idi, o azan səsi ilə
yanaşı daxilində mövcud olan sonsuz, sərhədsiz
pıçıltılara da qulaq asırdı. Bu səs isə
onu gələcəyə baxmağa, rahat və azad
olacağı yerdə olmağa səsləyirdi. Səs
sükutdan çox önəmli imiş, şair bunu dərk
edirdi, o səs isə burada, köhnə Sovetskidə, bir
azanın səsində idi.
Mirzə ALİK
Ədəbiyyat
qəzeti.- 2025.- 7 mart, №9.- S.31.