Duman
Sevgili
Mətanət xanıma
ithaf
edirəm!
Çox
uzaqda... Bəlkə də bir kəndiri balaca barmaqları ilə
tutub, çətinliklə də olsa, buraxmayan əllər. O
qədər kiçikdir ki, göz bəbəklərim belə
onu görə bilmir. Məni görür, ağlayır, hərdən
sinəmə qalxıb, balaca əlləri ilə
yapışıb "Getmə! Getmə!" - deyir. Mən
niyə görmürəm? Bəlkə də duman gözlərimi
toz edib, görməyimi istəmir...
Qadın
yavaşca irəliyə addım atdı. Duman onu səslədi:
-
Eşidirsən?
- Sən...
Sən kimsən?
- Səsimin
uğultusundan duymursan?
- Yox...
Qadın
qorxaraq cavab verdi. Kimliyi bilinməyən insanın adı
Dumanmış. O həqiqətən, insandır? Bəlkə
insanların gözündə sadəcə toz halında olan
dumandır?! Uğultusu silkələyər, amma bəzən
qorxaq olub qaçar.
-
Qaçacaqsan, qadın?
- Kimdən?..
- Mənə
cavab ver, qaçmaq istəyirsən?
- Yox!
- Bir
ömürlük qaranlığa məhkum olmağı
seçirsən, eləmi?
- Sən!
Duman qara
lent kimi qadının saçlarından yapışıb, boğazından
tutdu. Dırnaqları o qədər iti idi ki, qadının
boynunda izlər qalmışdı. Dərindən bir ah çəkib,
qadın: "Burax!" dediyində sovrulub gözdən itdi.
Qadın
yerə diz çöküb hönkür-hönkür
ağladı. Saçlarını yolub, simasından axan
göz yaşlarını torpaqla yudu. Torpaq ölən
dumanının parçaları idi.
Sənə
toxunmadan öldüm, qadın. Nəfəsimi sıxmadan,
boğazımda bağlanan kəndiri sənə dolayıb
öldüm. İllərdir bu anı gözləyirdim.
Tanrının sükutu məni cəzalandırmışdı.
İnsanlar məni bir qara paltarlı şəxs, bəlkə
bir torpaqda çürüyən cəsəd, ya da duman bilir.
Heç biri deyiləm, qadın. Sənə etdiklərim nifrətimdən
deyil, mənim sevgiyə ehtiyacım var, qadın! Ruhumda
doğulub ölən duyğularımın sənin
saçlarını sığalladığım kimi sevgiyə
acam! Torpaq belə günahlarımı qəbul etmədiyindən
mənim üstümə çirkli damlaları tökür.
Yəni sən məni tanımadınmı, qadın?!
Qadın
yerdən ayağa qalxıb, çılpaq ayaqları ilə
irəliyə doğru addımladı. Gözlərinin
altından tökülən qara torpaq, dağılmış
saçlar... Saçlarının telləri hər dəfə
qırılıb yerə düşdükcə qadının
içindən dərin bir hayqırtı qopurdu. Titrəyən
əlləri ilə addımladığında
ayağının kəndirə ilişdiyini gördü.
Yavaşca əyilib kəndiri əlinə aldı. Xeyli
baxdıqdan sonra qəfildən sürətli addımlarla
qaçmağa başladı. "Qaçmalısan!"
"Qaç, qaç!" - deyə qışqıraraq
ağlayırdı.
Hər
addımında ayaqlarından alov çıxır, bədəninin
hər zərrəsinə yayılıb, qadını kül
edirdi, yalnızca əlindəki kəndirdən başqa.
Ovcunda sıxdığı kəndirin bir hissəsi belə
yanmamışdı.
- Dayan!
- ...
Ətrafa
sükut çökdü. Qadın sağ-sola baxsa da,
heç kəsi görmədi. Birdən ayağından kiminsə
yapışdığını hiss etdi.
Qışqırıb geri çəkildi. Göz
yaşları yanaqlarından süzüldüyündə
yavaşca gözlərini qırpdı. Başını
aşağı əyəndə balaca pişiyin
ayaqlarından yapışdığını gördü.
Nədənsə
qadın qorxmamışdı, amma bu pişiyi hardansa
tanıyırdı. Fəqət tanısa, nolacaq? Onun
yaddaşındakılar ayağının altından bədəninə
yayılan güclü alova görə kül olmuşdu.
Yavru
pişik qadının ayaqlarını bərk-bərk
sıxıb, inildəyirdi. Qadın onu qollarının
arasına alıb tumarladı. Pişiyin balaca, dolmuş
gözlərindən axan damlalar qadının yanmış
saçlarını islatdı. Qadın pişiyi
tumarladığında onun boynunda qara lenti gördü. Təəccüblü
halda pişiyə xeyli baxandan sonra qolları əsməyə
başladı. Bu lent onu öldürməyə
çalışan dumanın lenti idi!
Pişiyi
qollarından yerə atdı. Yavru pişik inildəyərək,
bu dəfə qadının boynuna sarıldı. Balaca
barmaqları ilə saçlarını sığallayıb,
ona sarıldı. Qadına irəli getməsini anlatdı.
Pişik
qadının boynundan yapışıb, onu buraxmadı. İrəlidə
kağız parçası vardı. Qadın köhnə
kağız parçasını götürüb oxumağa
başladı:
Bayaq
saçlarındakı alovdan mən səni qurtardım, Mətanət!
Qışqıran, səni boğmağa çalışan
duman mən idim! Sən "boğulmaq" "əcəlinin
gəldiyini hiss etdiyin" duyğuların insanların sənə
köçürüb, beynini doldurduğu fikirlərdir. Mənim
mərhəmətli olub-olmamağım səndən
asılıdır, qadın. Sən adın kimi mətanətlisən,
güclüsən, qadın! Sənin boynuna
dolandığımda da səndən kömək istəyirdim.
Qaranlıqdan doğulan günəş özünü necə
xoşbəxt hiss edirsə, mən də sənin qollarında
o xoşbəxtliyi dadmaq istəyirdim. Sən illər öncə
arzuladığın, amma heç tapmadığın
övladını bu gün tapdın, qadın. O mənəm!
Qadın
hönkürtü çəkib, boynuna sarılan yavru
pişiyi qucağına alıb doyunca öpdü.
Boynundakı qara lenti çıxarıb, körpüdən
aşağı atdı. Qara lent ikiyə bölünüb dənizin
üstündə parçalara ayrıldı...
- Səni
heç vaxt buraxmayacam, mənim kövrək dumanım!
Səma
MUĞANNA
Ədəbiyyat
qəzeti.- 2025.- 7 mart, №9.- S.25.