Muzaların himayəsində olan poeziya
Çox zaman mübahisə obyektinə çevrilən rəsm-şeir əlaqəsi haqqında indiyədək bir çox fikirlər irəli sürülmüş, birbaşa rəsm-şeir əlaqəsindən yaranan şeirlər üçün "vizual şeir", "tablo şeir", "portret şeir" kimi ədəbi termindən istifadə olunmuşdur. "Vizual" və ya "tablo şeir" adlandırılanı, oxucusunun gözü önündə bir insanın görüntüsü canlandırılan portret şeirlərdə, insanların fiziki, ya da ruhsal portretləri çəkilir. Bu, yalnız insana aid edilmir, bəzən də kədərin, küləyin, payızın, əzabın və s. sözlə şəkli çəkilir.
Sözlər şairlərin, rənglər rəssamların sənət ləvazimatlarıdır. Bəzi şairlər bunu məqsəd üçün istifadə edir, bəziləri vasitə olaraq. Şahnaz xanım bunu həm vasitə, həm də məqsəd olaraq istifadə edir. Özünün təbirincə desək, Şahnaz Şahin də "bu cürə şairdir". Şeir yazmır, sözlə şəkil çəkir, sevgisinin, həsrətinin, kədərinin şəklini çəkir. Bu zaman vasitə olaraq müxtəlif obrazlardan istifadə edir. Bəhs etdiyimiz şeirdə özünün fərqliliyini etiraf edən şairə şəkli "ah"la çəkir:
Mən də bir cürə şairəm,
"Ah"la şəkil çəkirəm.
İnanmırsan, gəl otur
Yoxla, şəkil çəkirəm.
Bir az rəng qoy saçına,
Həmrəng olsun acına.
Bir söz qoy bəxt ucuna
Yolla, şəkil çəkirəm...
Sözlə çəkilən şəkildə "Öd yalaya-yalaya, odla şəkil çəkən" şairənin əzabkeş obrazı, şeiri hansı mənəvi iztirabla yazdığı oxucunun gözündə canlanır. Şeirin digər bəndində şairənin vasitəsi, qələmi "od" olur. "Od" və "öd". Bu sözləri yazanda "Öd yalaya-yalaya" şeir yazmağın və bunu "odla" yazmağın ağrısını, acısını hiss edirəm, sanki.
Çıx işıqlı talaya,
Bax o müdrik qalaya.
Öd yalaya-yalaya
Odla şəkil çəkirəm!
Əslində şairənin sözlə rəsmini çəkdiyi yaşanmış, yaddaşından silə bilmədiyi, hələ də yaşatdığı xatirələrdir. Edilən etiraflar da müxtəlifdir, bəzən etiraflar olunur, bəzən xatırlatmalar. Bəzən də ritorik suallar ünvanlanır. Bütövlükdə şairənin bir çox şeirlərində "O"nun, ömründən getmiş, ancaq xatirələrində yaşayan adamın obrazı boylanır. Müraciətlər, "o adam"a olunur. Bu yazılan və ya çəkilən tablo şeirlərdə -"od"la "ah"la şeir yazan, "Havaya, davaya oynayan" qadının obrazı ilə yanaşı, ömründən çıxıb getmiş "o" adamın obrazı oxucunun qarşısına çıxır. Şairənin "lirik mən"i sanki möcüzə gözləyir, gecələrin onu gətirməsini istəyir. Təəssüf ki, möcüzə gerçəkləşmir. "Gecələr ona gözlədiyini gətirmir". "Lirik mən" məyusluğunu, hətta bu məyusluğun ölçüsünü "hirsindən it kimi ulayan küləyin" vasitəsilə ifadə edir:
Bu gecə də gətirmədi səni.
Hirsindən it kimi
uladı
küləklər.
Dəyişmədi əynini
Otağım...
O, qəsdinə duran gecələri yöndəmsiz
bəstəyə bənzədir.
Dolanıb qayıdır üstümə
gecə,
Dayanıb elə bil qəsdimə gecə.
Nəfəsim havada quş tək uçuşur,
Bənzəyir yöndəmsiz bəstəyə
gecə...
Şairə ümidini göyərtməyən,
gümanını həqiqətə
çevirməyən, "Onu gətirməyən gecənin" - "əynini
dəyişməyən otağın"
nisgil, həsrət dolu rəsmini çəkir. Gecələr
xatirələrin qucağında
yaşayan şairənin
unudulmaz hissləri misralarda təzahür edir:
Ən böyük şairlərin
də
ən gözəl şeirləri
elə sevgidən yaranır...
Sevməmişəm desələr,
İnanmayın...
Hər gecə bir ulduz
sevgisi doğulur
onların.
İnsanı yaşadan sevgidir,
deyirlər. Şahnaz Şahini də yaşadan "o adam"la
yaşadıqları, yaddaşına
həkk olunan xatirələrdir. Təklikdə,
tənhalıqda, xüsusən
də, gecələr xatırlanır, "o adam".
Onunla danışır,
onsuz yaşadıqlarını,
daha doğrusu, onsuz yaşamadığını
etiraf edir:
Üzündən şəkli sürüşüb,
Ayaqlarından yerişi.
Ovcundan tikəsi düşüb,
Bəbəklərindən baxışı...
Soruş,
adını da bilmir,
Soruş,
gör haçandan gülmür.
Soruş,
gör kim öldürüb axı,
Qadınlar ölümlə ölmür!..
"Cavanlıq hikkəsini çoxdan unudan qadın" böyük bir metamarfoz keçirib. Adını unudub, gülməyi unudub, ölməyib, amma ölü kimidir. Nə üzündəki şəkil
əvvəlki deyil, nə yerişi, nə də baxışı. Ayrılığın
yaratdığı bu
qorxunc tablonu yaxşılığa doğru
ancaq sevdiyinin "Bəyaz tellərini oxşaması" dəyişə
bilər. "Tapdığı
səadətlə yenidən
doğular."
Oxşa
bəyaz tellərini,
Bəlkə dərdi dağılar.
Bir gün tapıb səadəti
O yenidən doğular...
Və ya
...Səni,
sonuncu gülləm kimi sıxdım ozünə...
çıxdın
dişlərim arasından can kimi...
qan fışqırdı üzümə!..
...Boyat yuxuların əsiriydin...
yenəmi
ağrıyır qolun,
ürəyinin yerinə...?!
Bir başqa şeirdə şairənin "lirik mən"i bir az əvvəl bəhs etdiyimiz qadın obrazının
tam əksidir. Hərdən
boş küçələr
ona sevdiyini xatırladır. "Boş
küçələrdən keçib gedən lirik qəhrəman gecələrin ütüsünü
pozur". "Quş
lələyi bildiyi saçının bir telini yandırıb üfürür gecəyə
/ Dartıb qırır
teleqraf tellərini /atır dənizə səsini/ Küləklərin
qoluna girib asılır Yer kürəsindən..."
Aşağıda kimsə şar
uçurur havaya,
kimsə
dənizə görüş
təyin edir.
Kimsə
neçənci dəfə
tövbə deyir sevgiyə,
boş küçələrdən keçib
gedirəm,
ütüsü pozulur gecələrin.
Sevginin və sevgi duyğusunun
şəklini çəkən
Şahnaz xanımda rəsmlə sözün bir nöqtədə birləşməsi möhtəşəmdir.
Sevgi bəzən
boşluğa yağan yağışdı,
Bəzən yalan, aldanış...
Bəzən də
gözlərin altına düşən
qırışdı.
Başqa
bir şeirində sevgi sözünü sevda əvəzləyir. Məna etibarı ilə hər iki söz eyni
mahiyyət kəsb etsə də, sevda sözü dahi məhəbbət şairi Füzulini yada salır: "Sorun ki bu nə sevdadır,
bu sevdadan usanmazmı?!" Bu sözləri
şairənin sevdadan
usanmayan, yuxularında
belə onunla bir xəyal quran "lirik mən"inə də ünvanlamaq olar.
...Bir sevda keçdi önümdən...
bir az gözləri qıyıqdı,
Bir az ayağını çəkir,
azca da kefi yox idi.
Düşüb arxamca gəlmişdi,
deyirdi, yaman darıxıb.
Deyirdi, həyatı puçdu,
amma nəfsinə tox idi....
Hətta
icazə istədi,
tutum əllərindən, - dedi.
Bura ayrılıqdı - gedək,
utandım, çəkdim əlimi...
...Allah, nə gözəl yuxuydu!..
Şahnaz
Şahinin poeziyasında
yalnız "o adam"ın
və sevən qadının obrazı yoxdur. Duyğularını,
düşüncələrini poetik şəkildə ifadə etməsində ona yardımçı olan digər obrazlar da var: külək,
payız və s.
Fikrimizcə, fəsillər arasında
ən çox insan təbiətinə bənzəyəni payızdır.
Bəzən ağlayan,
bəzən buludların
arasından gülümsəyən,
bəzən dumanlı,
bəzən küləkli,
çovğunlu havasıyla.
Şairənin payızı
obraz olaraq seçməsi təsadüf
deyil. O, bəzən payızın bu xüsusiyyətlərini insana,
bəzən də insana məxsus xüsusiyyətləri payıza
"köçürür".
Özünü qapımdan
asıb
getdi payız.
Qış dəfn edəcək,
heyif,
nəm tutan yarpaqları.
Boz sərçələr ağlayacaq,
bumbuz əllər dikəldəcək
başdaşlarını.
"Özünü qapısından
asıb gedən payızı qış dəfn edəcək".
Özünü asan varsa, yas da, ağlayan da olmalı. Özünü asan payızı öz doğma yurd yerini tərk etməyən vəfalı
sərçələr ağlayacaq".
Gözəl bir tablo şeir nümunəsi. Bu tablodakı
salxım söyüdlər
bir zamanlar kölgəsində görüşən
sevgililər kimi qocalıb. Xatirələr
boyatlaşıb:
Salxım
söyüdlər də
qocaldı,
Kölgəsində görüşən
sevgililər kimi.
Ara-sıra boyat
xatirələr tökülür
vitrindən indi.
Şairənin "Xatirə axtarışı"
şeiri bu şeirin davamı kimidir.
Bu dünyada heç nə təzə qalmır,
Köhnəlir, əyin-başın kimi
görkəmin də...
İşıqlarını söndürüb
enir yerə xəyalların,
Dua kimi qalxır göyə ahın.
İçindən qurd tapırsan
Bakirə
arzuların.
Tıxanır boğazına
Bircə
parça ümidin,
nə uda, nə də
tüpürə bilirsən.
Yoldan keçənlər baxıb
elə köksünü ötürür.
Yanır
dəli qürurun.
Eşib
kül topasını
xatirə axtarırsan...
Bir başqa şeirində Şahnaz xanım sevgi kimi, "Qapısının açar
yerində iki barmağını qoşalayıb,
kənd uşaqları
kimi həvəslə
fit çalan küləyin
rəsmini çəkir.
Bu rəsmdə külək əsəbindən şahə
qalxıb.
Zivədən paltarlarımı qaçırır,
Başımdan saçlarımı uçurur.
ağacların qol-qabırğasını vurub sındırır,
meyvələrini çəkib qoparır.
Əsəbindən
şahə qalxır, deyinir,
bağırır.
Kimə,
nəyə hirslənib,
bilmirəm.
İsterik çırpıntılarda sənin də,
elə mənim də adını çəkir.
Pəncərə çərçivələrindən
yer tapıb içəri soxulur,
Axtardığını tapmayıb qaçır küçəyə.
Gözünə görünən, əlinə
keçən,
gücü yetən nə
var,
hər şeyi alıb önünə qovur uzaqlara.
Uzaqlarda
kimi var küləyin,
bilmirəm.
Şahnaz
Şahin külək obrazı vasitəsilə
"lirik mən"in
içindəki duyğuları
canlandırır. Eyni
zamanda insana aid xüsusiyyətləri küləyə
yükləyir. Külək
hirslənib, deyinir, bağırır, isterika yaşayır. Bir zamanlar söyüdlərin kölgəsində
görüşən iki
insanın adını
çəkir, içəri
soxulur, axtardığını
tapa bilməyəndə küçəyə
qaçır, gözünə
görünən, əlinə
keçən, gücü
yetən nə varsa, qovur uzaqlara.
Bütövlükdə küləyin yaratdığı bütün
xüsusiyyətlərinin sözlə
şəkli çəkilən
bu misraları oxuyanda küləyin yaratdığı mənzərəni
görmək və çəkmək o qədər
də çətin deyil. Şairə, "Yığılıb odama
şeir yazıram",
- desə də, yalnız şeir yazmır, şairliklə rəssamlığı bir
araya gətirir və bunun öhdəsindən
mükəmməl bir
şəkildə gəlməyi
bacarır. Çünki
onun üçün hər şey: "solğun bənizli gecə, / dibçəkdəki
güllər.../pəncərə
şüşəsində çiliklənən yağış
dənələri.../yolların
qırağında soyuqdan
büzüşüb titrəyən
köməksiz otlar /
masa üstündəki büllur
güldan, güldandakı
boynubükük çiçəklər"
və s. şeirdir. Eyni zamanda hər
şeiri bir rəsmdir. Bu baxımdan,
"Fraqmentlər" adlı
şeiri çox diqqətçəkicidir.
Hara baxsan, şeirdi...
Elə bu solğun bənizli gecə,
dibçəkdəki güllər...
pəncərə şüşəsində çiliklənən
yağış dənələri...
yolların qırağında
soyuqdan büzüşüb titrəyən,
köməksiz otlar...
hər şey...
bircə,
geniş
masa üstündəki büllur
güldanda
boynubükük çiçəklərə yazıq...
Şahnaz
xanım özünü
"şeir qadın"
adlandırır. Ancaq
yalnız "şeir
qadın" deyil,
"bir az çöl qadın",
"bir az orman qadın", "bir az roman" qadındır. Bütövlükdə,
Tanrının möcüzəsi
olan qadındır, anadır.
Mən bir az çöl
qadınam,
bir az da orman qadın.
Bir az şeir qadınam,
Bir az da roman qadın.
Tala-tala ələfəm,
Çiçək-çiçək dağam
mən.
Sahibini gözləyən,
Soyumuş ocağam mən.
Qadınam, qadın... ana,
Hər dərdə sipər qadın.
Bətnimdə böyüyübdü,
O Həcər, Nigar qadın.
Leyli mənəm, Şirin mən,
Ocaq qadın, Pir qadın.
Tanrının yaratdığı
Ən gözəl əsər...
Qadın!
Fikrimizcə, Şahnaz Şahinin
realizmlə naturalizmin,
şeirlə rəsmin
sintezindən yaranan poeziyası daha çox Evterpa (lirik poeziya) və Erato (sevgi poeziyası) ilahələrinin
himayəsi altındadır.
Və Şahnaz Şahin Azərbaycanda pitoreks - tablo şeir yazmaqda və yaratmaqda önəmli bir imzadır.
Lütviyyə ƏSGƏRZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 7 mart, №9.- S.26-27.