Bir Meyxana və Əsəd bəy (Qurban Səid)
Türkiyədə İstiqlal savaşının
şahidi olmuş Xalidə Edip Adıvar "Oddan köynək", Yaqub
Kadri Qaraosmanoğlu "Sodom və Qomorra", Mithat Cemal Kuntay "Üç İstanbul" romanlarını
yazdılar. Hər üç əsərdə
bir xalqın qurtuluş mərhələsindəki
sosial ağrıları,
işğalçı qüvvələrin
"ərköyünlüyü", onlarla əməkdaşlıq
edən erməni və yunan azlıqları
ilə qadınların
münasibətlərindən bəhs edilir. Hər üç romanı oxuyanda cəmiyyətlərin zəif
anlarında onları təqib edən imperialist güclərin nə qədər "əxlaq düşkünü" olduğu
aydın olur.
Yaqub
Kadri Qarosmanoğlu "Sodom və Qomorra" romanında türk yarıziyalı və kosmopolit Sami bəyin düşüncə tərzini
bir cümlə ilə çox gözəl izah edir:
"Cənab Sami üçün
İngiltərə ortağı
olmayan bir tanrıdır, dünyanın
bütün işləri
və bütün dünya xalqlarının taleyi onun verəcəyi
qərar və mühakimələrdən asılıdır..."
(İndi isə bəzilərinə
görə Amerika və
Trampdan asılıdır)
Ünlü türkoloq Prof. Dr. Jaeşkenin
1941-ci ildə Almaniyada
çap olunan
"İslam dünyası" jurnalı üçün
hazırladığı Azərbaycan
Cümhuriyyəti Təqviminə
əsasən, ingilis ordusu 1918-ci il noyabrın
17-də Bakıya daxil
olub, 1919-cu il avqustun
24-də isə müqavilə
ilə Bakını tərk edib. Prof. Jaeşkenin qeydlərinə
görə, ingilis komandiri 24 avqust 1919-cu ildə general Şutlevort və Məhəmməd Əmin Rəsulzadə ilə nahar edib və ertəsi
gün son ingilis əsgərləri ölkəni
tərk edib. (Jaeschke, Welt Der İslam, s.65, Berlin, 1941)
Əlbəttə ki, işğal olunmuş
Bakıda kosmopolit Sami
bəylər kimi şəhərdə düşmənlə
işbirliyi quran azlıq qrupları var.
1918-1920-ci illər arasında
Azərbaycanın müstəqillik
dövrü üçün
aparılan araşdırmalarda
Bakı cəmiyyətindən,
o dövrdəki azsaylı
xalqların vəziyyətindən
belə romanlar yazıldığını bilmirəm.
Amma Əsəd bəy
(Qurban Səid) "Şərqdə Neft və Ölüm" kitabında, eləcə də "Əli və Nino" romanında
ingilislər və onların şəhərdəki
işbirlikçiləri haqqında
əyləncəli məlumatlar
vermişdir:
"İngilislər Azərbaycanda
olduqları müddətdə
xristian xalqları, ermənilər, ruslar və gürcülərlə
tanış olmağa
çalışırdılar. Xristian xalqları ingilisləri xilaskar kimi görürdülər.
Bu səbəbdən bəzi
ingilis zabitləri xristian qızlarla evlənirdilər. İngilislərin
zabitləri toylarda iştirak edib, gün çıxana qədər əylənib,
gənc evli cütlükləri təbrik
edərək oradan ayrılardılar.
Bir müddət sonra Britaniya parlamentinin qərarı ilə İngiltərənin Azərbaycana
müdaxiləsi sona çatdı və ingilislər öz ölkələrinə qayıtdılar.
Zabitlər üçün
qatar hazırlanıb və qatarın son iki vaqonu zabitlərin
xanımları üçün
ayrılmışdı. Səfər
günü gəlinlərin
ailəsi, qohumları
vağzalda toplaşdılar.
Göz yaşları və vida diləkləri
ilə yola salınan gəlinlər arxa vaqonlarda, ərləri isə ön vaqonlarda əyləşmişdi. General vida
nitqi ilə çıxış etdi.
Qatarın siren səsi
gəldi və qatar hərəkət etdi. Həmin vaxt inanılmaz hadisə hər kəsi təəccübləndirdi.
Qatar Avropaya doğru hərəkət etdi, lakin iki arxa
vaqon stansiyada qaldı. Stansiyada qalan vaqonlar centlmen zabitlərin əmri ilə qatara qoşulmamışdı.
Yeni ailə quran yazıq qadıncığazlar
utandıqlarından vaqondan
düşmürdülər. Hamı onları ələ salırdı, nə edəcəklərini
bilmirdilər. Həmin
məmurlardan yalnız
biri arvadını aparmağa qayıtdı. Digərlərindən xəbər
yox idi. Kiçik istismar ölkəsindəki macəra
onlar üçün
bitmişdi. Qadınların
ömürlük utanc
içində qalacaqlarına
belə əhəmiyyət
vermədilər. Müsəlmanlarsa
vəziyyətə gülməkdən
başqa bir şey etmirdilər"
("Şərqdə qan
və neft", səh.185)
Əsəd bəyin söylədiyi
bu hadisə ilə bağlı təsadüfən o vaxt iki sənətkarın yazdığı meyxanaya rast gəldim.
Keçən il dünyasını dəyişən folklor tarixçisi Nizaməddin Onk haqqında araşdırma apararkən,
onun 1977-ci ildə nəşr olunmuş 34 səhifəlik "Qafqaz səfərimiz 1918 və
Milli Meyxana" kitabını
köhnə bir kitab evindən aldım. Kitabın Ön sözündə Nizaməddin
Onk əsərini təqdim edərkən o əsəri kimdən aldığını da yazır:
"Əsərin böyüyü,
kiçiyi ola bilməz.
Bir sözlə, əgər
o əsər türkdən
doğulursa, milli varlığın
məhsuludur. 1964-cü ildə
Adapazarında tanış
olduğum, əslən
bakılı olan yetmiş yaşlı Əli Volkanın kitabları arasında
"Milli Meyxana"nı gördüm.
Oxuyanda çox duyğulandım. Və orijinalın nüsxəsini
çıxartdım".
Kitabda
"Milli Meyxana"nın ilk dəfə 1336-cı ildə
(1920) Tiflisdəki "Şərq"
mətbəəsində çap
olunduğu yazılır.
Müəllif olaraq Türk Dram Cəmiyyəti
aktyorları qeyd edilir və satış dəyərinin
25 manat olduğu bildirilir. Dörd uzun şeirin yer aldığı, 14 misradan ibarət kitabdakı birinci şeir Türk Dram Cəmiyyətinin aktyorları
Nadir İbrahimov və Əliəkbər
Seyfiyə məxsusdur.
Şeirdə kasıbların
vəziyyəti təsvir
edilir.
Kitabdakı üçüncü meyxananın adı
"Hara çıxıb getdi"
adlanır və onu da Tiflisdə iki aktyor - Mir Paşa və Əli İslam yazmışdır.
Söhbət 1919-cu il avqustun
24-də Bakıdakı ingilis
əsgərlərinin ölkəni
tərk edərkən
geridə qoyduqları
və Əsəd bəyin "Şərqdə
qan və neft" kitabında təsvir etdiyi hadisədən gedir:
"Çul-çuvalın yığışdırdı,
bağladı,
Qonşumuzun ürəyini dağladı.
Onlar getti, Anna, İsan ağladı
Ol mehtiban hara çıxdı
getdi."
Bir başqa misrada isə onlar getdiklərində geridə
dul qalan qadınların halını
təsvir etməkdədir:
Qoy getsinlər, daşlarını
sən də at,
Biz almışıq min altı
yüz katır at
Onlar gitti, çoxlu qaldı dul arvad
Ol can alan can xar çıxdı
getdi.
Təəssüf ki, Azərbaycan ziyalıları
Əsəd bəyə
sahib çıxmaq əvəzinə,
bir çox yanlış suallar və böhtanlarla onun əsərlərinin gənc nəsillər tərəfindən zəif
tanınmasına səbəb
oldular. Əsl ədəbiyyat xadimləri
onun və əsərlərinin üzərində
işləsəydi, o, dünya
səviyyəsində bizim
Kafkamız olardı. Onun əsərlərindən
hər gün yeni bir mövzu tapmaq indi mənim
üçün adi hala çevrilib. Əsəd bəyin yazdıqlarının nə
qədər doğru olduğunu qarşıma çıxan hər köhnə kitabda təsbit edirəm. Eynilə yuxarıda qeyd etdiyim meyxanada
olduğu kimi.
Nizaməddin Onkun çap etdirdiyi kitabda o vaxt yazılmış iki şeir diqqətimi
çəkdi. O şeirlərdə
xalqımızın türk
ordusuna necə həsrət qaldığını,
gələndə necə
dua etdiyini görürük.
İrəvanın sürüsün
Sürün dağlar bürüsün.
Şanlı Türk ordusu
Gəncə deyin, yürüsün.
Çinar çinar, ay çinar,
Yarpağı dinar dinar.
Türklər girib Bakıya,
Saxlasın Pərvərdigar.
Orxan ARAS
Ədəbiyyat
qəzeti.- 2025.- 7 mart, №9.- S.27.