Ələkbər
Əliyev:
"Çox vaxt məni
Lütfəli
Abdullayevə bənzədirlər"
Müsahibimiz Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktyorlarından olan Ələkbər Əliyevdir.
O,
tamaşaçılar tərəfindən sevilən aktyordur. Sumqayıt şəhərində anadan olub. Əvvəlcə həkim olmaq istəyən aktyor tezliklə aktyorluq sənətinin sehrinə düşərək M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "musiqili komediya aktyoru" fakültəsinə daxil olub. 1980-ci ildə fakültəni bitirib, elə həmin il təyinatla Musiqili Komediya Teatrına gəlib. O vaxtdan taleyini bu teatra bağlayan
aktyor burada onlarla yaddaqalan obrazlar yaradıb. Onunla "Qorxma, mən
səninləyəm" tamaşasının premyerası ərəfəsində
qrim otağında görüşdük.
- Ələkbər
müəllim, necəsiniz?
- Şükür, yaxşıyam.
- Gəlin, lap əvvələ
qayıdaq. Necə oldu ki, taleyinizi aktyorluq sənətinə
bağladınız?
- Orta məktəbdə oxuyanda həkim olmaq istəyirdim.
Səkkizinci sinifdə isə vəziyyət dəyişdi.
Kiçik qardaşım Eldar dram dərnəyinə gedirdi,
günlərin bir günü o, məni yoldan
çıxartdı, ona qoşulub dərnəyə getdim. Dərnəyin
rəhbəri Əməkdar İncəsənət xadimi, uzun
illər Lənkəran Dram Teatrının rejissoru işləmiş
Baba Rzayev idi. O zaman Sumqayıtda yaşayırdı. Eyni zamanda
Sumqayıtda Səməd Vurğun adına Mədəniyyət
Evində çalışırdı. Biz də Coratda
qalırdıq, oradan gedib-gəlirdik. İlk dəfə Cəfər
Cabbarlının "Oqtay Eloğlu" tamaşasına
baxdım və bu tamaşa məni sehrlədi. Beləcə, dərnəyə
bağlandım və orada bir sıra rollar oynadım.
Yadımdadır, Pioner Məktəblilər sarayında Cəlil
Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi"ni
hazırladı. Mən orada Qasım kişini oynadım. Sonra
rəhmətlik Hüseynağa Atakişiyev Xalq Teatrına gəldi.
Onda İncəsənət İnstitutunun sonuncu kursunda idi. Xalq
Teatrında tamaşalar hazırlamağa başladı. Onun
quruluşunda "Darıxma, ana", "O olmasın, bu
olsun" tamaşalarında oynadım.
- Neçə yaşınız
vardı?
- Orta məktəbi yenicə
bitirmişdim, on yeddi yaşım vardı. Sonra tale məni
İncəsənət İnstitutuna gətirib
çıxardı. Sənədlərimi musiqili komediya
aktyorluğu fakültəsinə vermişdim. Hüseynağa
rəhmətlik mənə dedi ki, Şəkidə yeni teatr
açılır, bəlkə gedib orda işləyəsən?
Sonra qəbul olunarsan. İş elə gətirdi ki,
İnstituta daxil oldum.
- Sənət müəlliminiz kim
olub?
- Azad Dadaşov, bir də Səftər Turabov.
İnstitutu bitirəndən sonra Musiqili Komediya teatrına
işə düzəlmək istədim. Demək, Azərbaycanda
Sovet hakimiyyətinin qurulmasının 60 illiyi keçirilirdi.
1980-ci il idi. O vaxt İnstitutumuz Malakan bağı tərəfdə
yerləşirdi. Ora da keçmiş 26-lar rayonunun ərazisi
idi. Rayon rəhbərliyi səviyyəsində tədbir
olmalı idi. Rəsmi hissədən sonra bədii hissə
olmalı idi. Rektor məni
çağırdı ki, biz məsləhət gördük
ki, bizim İnstitutu tədbirdə sən təmsil edəsən.
Bir mahnı oxuyacaqsan. Mənim vokal müəllimim Əməkdar
İncəsənət xadimi Rəhilə Cabbarova idi. O, təkcə
müəllim deyildi, bizə analıq etmişdi. Ruhu şad
olsun. Deməli, Rəhilə müəllimə ilə gəldik
Musiqili Komediya Teatrına, mənim səsimə qulaq asmalı
idilər. O vaxt teatrın direktoru Balağa Qasımov idi. Dəhlizdə
onunla rastlaşdıq, yaman əsəbi idi. Dedi, "mənim
vaxtım yoxdur, aşağıda aktyorlar var, deyin, səsinə
qulaq assınlar". Mən oxudum, dinlədilər,
başımı qaldıranda gördüm ki, yuxarıdan
Balağa müəllim otağından eyvana çıxıb
mənə baxır, diqqətlə dinləyir. Məni
alqışladılar. Balağa müəllim dedi ki, bir
başqa musiqi çalın, mən bu gəncə qulaq asmaq istəyirəm.
Konsertmeyster dedi ki, axı not gətirməmişəm?!
Balağa müəllim də əsəbiləşib
keçdi kabinetinə. 28 apreldə mən bu səhnəyə
çıxdım və zala baxanda məni zəhm
bürüdü. Rəsmi adamlar idi. Özümü
toparlamağa çalışdım. Oxuyub bitirən kimi sanki
zalda bomba partladı. Həyəcandan dizlərim əsirdi. Bu,
olub Tağıyevin binasında. İndiki gənclər o
binanı görməyiblər. İnanın, mən həyatım
boyu o cür həyəcan keçirməmişdim. Səhəri
günü İnstituta gedəndə rektor məni görən
kimi qucaqladı. Dedi ki, sən bizim İnstitutumuzu göylərə
qaldırdın, halal olsun sənə. Təyinat veriləndə
Rəhilə müəllimə Balağa müəllimə zəng
elədi ki, Ələkbər Sumqayıtda
yaşadığı üçün onun təyinatını
da ora verirlər. Balağa müəllim qəti etiraz etdi, dedi
nə danışırsız, bizə "geroy"
lazımdır. Rəhilə müəllimə dedi ki, onda siz
rəsmi məktub yazın bizim İnstituta ki, Ələkbərin
təyinatını bizim teatra verəsiniz. Beləcə,
1980-ci ildən taleyim Musiqili Komediya Teatrına bağlandı.
Mən hələ üçüncü kursda oxuyanda "O
olmasın, bu olsun"da Sərvəri oynamışam.
Çox yaxşı qəbul olunmuşdu. Məni
alqışlamışdılar ki, bu, hazır aktyordur.
Musiqili
Komediya teatrında rejissorumuz rəhmətlik Vaqif Abbasov idi.
Burada "O olmasın, bu olsun"da Rüstəm bəy,
"Arşın mal alan"da Vəli, Kəblə Qubad
"Ər və arvad"da Kəblə Qubad (Ü.Hacıbəyli),
İbiş İbişli "Adamın adamı"
(V.Adıgözəlov, Anar), Şükürbəyli "Məsmə
xala dayımdır" (R.Mustafayev, C.Məmmədov), Nümayəndə
"Bankir adaxlı" (E.Sabitoğlu, T.Vəliyeva), Polis Aslan
"Yeddi məhbusə anası" (C.Quliyev, Ə.Əmirli),
Knyaz Pantiaşvili "Xanuma" (V.Dolidze, A.Saqarelli), Ağa
Zaman "Kimyagər" (S.Kərimi, Ə.Ol), Eynəkli
"Milyonçunun dilənçi oğlu" (S.Ələsgərov,
Ş.Qurbanov), Rüstəm "Mən dəyərəm min
cavana" (F.Sücəddinov, T.Vəliyeva), Doymazov, Nazirov
"Volqalı canan" (R.Mustafayev, A.Qüdrət), Kişi
"Toya bir gün qalmış" (Ə.Səmədli) və
s. obrazlar oynamışam.
- Siz teatra ilk dəfə gələndə
sizi necə qarşıladılar?
- Çox yaxşı. Bir dəfə
truppa rəhbərinin otağına gedəndə rəhmətlik
Səyavuş Aslanla üz-üzə gəldik. Soruşdu ki, sən
burda nə işləyirsən? Dedim, truppada aktyor işləyirəm.
Dedi əşi, ola bilməz. Çıxarıb vəsiqəmi
göstərdim, dedi alə, belə şey olar, yerindən duranı
teatra işə götürürlər?! İlk
tanışlığımız belə oldu. Sonra
dostlaşdıq. İlk dəfə mənim əlimdən
tutub səhnəyə çıxaran böyük aktyorumuz
Hacıbaba Bağırov olub. Rüfət Əhmədzadənin
"Sizin ilə gülə-gülə" tamaşasında
onunla tərəf-müqabili olmuşuq. Cavan oğlan idim,
saçımı pudra ilə ağardırdılar,
çıxırdım səhnəyə.
Bir dəfə
teatrın direktoru məni yanına çağırdı ki,
"Arşın mal alan" tamaşası rus dilində
nümayiş olunacaq. Sən Əsgəri oynaya bilərsən?
Dedim, əlbəttə. Bu tamaşa ilə qastrollara getdik və
o rol da mənə uğur gətirdi. Hacıbaba
Bağırovun briqadasında çoxlu qastrollara gedirdik.
Ukraynada "Arşın mal alan"ı oynadıq. Telli ilə
Vəlinin səhnəsində tamaşaçılar yerdən
qışqırırdılar ki, "povtori!",
"povtori!" Təsəvvür edin, aktyorları səhnədən
buraxmırdılar. Tellini oynayan aktrisanın səsi batdı,
Səyavuş Aslan Tellinin də əvəzinə oxumağa
başladı. Onda Səyavuş müəllim mənə dedi
ki, mən sənin böyük aktyorluğunu indi kəşf
etdim.
- Yeganə iş yeriniz Musiqili
Akademik Teatr olub, eləmi?
- Xalq artisti Afaq Bəşirqızı
"Bəşir teatrı"nı açanda məni də
ora dəvət etdi. Üç il o teatrda da
çalışdım. Cəbhə bölgələrini gəzdik,
əsgərlərimizə tamaşalar göstərdik. Amma əsas
iş yerim, əlbəttə, Musiqili Akademik Teatr olub. 1997-ci
ildə məni Opera və Balet Teatrına dəvət etdilər.
Orda "Arşın mal alan" hazırlanırdı. Azər
Zeynalov Əsgəri oynayırdı, Vəlini isə mən
dublyorsuz oynayırdım. Ulu öndər Heydər Əliyev də
gəlib tamaşaya baxdı və çox yüksək qiymətləndirdi.
- Bir az da yeni rollarınızdan
danışaq.
- Bu
yaxınlarda Anarın "Adamın adamı"
tamaşasını oynadıq. Mən orda İbiş
İbişlini oynayıram. Məşq vaxtı mən xəstələndim,
əməliyyat olundum, məşqi dörd ay saxladılar.
Əməliyyatdan çıxandan sonra sağaldım və
qayıdıb öz rolumu oynadım. Tamaşanın rejissoru
Əsgər Əsgərova demişdilər ki, bəlkə o
rolu başqa aktyora verəsən? Demişdi, mən o rolda
Ələkbər Əliyevdən başqa aktyor görmürəm.
Bu rolu o, oynamalıdır. Bu gün də "Qorxma, mən səninləyəm"
tamaşasını Xalq artisti Polad Bülbüloğlunun 80
illik yubileyinə hazırlamışıq. Bu tamaşada da rol
almışam.
Çox
vaxt məni rəhmətlik Lütfəli Abdullayevə bənzədirlər.
Bir dəfə bir tədbirdə onun oğlu bacısı ilə
gəlmişdi. Bacısına deyibmiş ki, bax gör, bu
aktyorların içində hansı aktyor atama bənzəyir.
Bir də gördüm, bir qadın yüyürə-yüyürə
gəlib məni qucaqladı. Ürəyinin necə
döyündüyünü də hiss elədim. Dedi ki,
axır ki, mən sizin simanızda atamı tapdım.
Söhbət əsnasında qrim ustası bir neçə dəfə otağa girib işarə etdi ki, vaxt azdır, qrim olunmalısınız. Bir azdan Ələkbər müəllim səhnəyə çıxacaqdı. Beləcə, söhbətimizi yekunlaşdırıb qrim otağından çıxıram. Bu sənəd məbədinin dəhlizi boyu addımladıqca Akademik Musiqili teatrda çalışmış korifey sənətkarları xatırladım. Ələkbər Əliyev o sənətkarların bir çoxuyla çiyin-çiyinə çalışıb, bu gün də onların yolunu davam etdirir. Sizə uğurlar arzulayıram, Ələkbər müəllim!
Ələkbər Əliyev
Söhbətləşdi: Kənan HACI
Ədəbiyyat
qəzeti.- 2025.- 7 mart, №9.- S.23.