Ayədəki “Siz ey iman edənlər”
(Qurani-Kərimdəki
Ramazan orucu ilə bağlı ayələrin şərhi - Bəqərə,
2/183-187)
"Siz
ey iman edənlər!
Oruc sizdən
öncəkilərə olduğu kimi
sizə də
yazıldı, bəlkə, bu sayədə
(yolla) təqvaya
qovuşasınız" (2/183)
1)
"Siz ey iman edənlər!"
Allah
Qurani-Kərimdə vəsiyyət ayələrindən sonra
yeni bölməyə keçir, oruc ayəsini
açıqlayır. Sözə "siz ey iman edənlər"
xitabı ilə başlayır, imanla oruc tutmaq arasında
bağ qurur. Qurani-Kərim imanla saleh əməli bir arada təqdim
edir: saleh əməlsiz iman ölüdür - həyata
daşınmamış, yaşanmamış, sözdə
qalmış, quru, təsirsiz, insanı ilahi dəyərlər
uğrunda fəaliyyətə yönəltməyən, saleh əməllərə
yol açmayan imandır.
İmansız əməl də bərəkətsizdir.
Ayədəki
"siz ey iman edənlər" xitabı bu mənaları
ehtiva edir: imanınızda səmimi isəniz, imanınız fəal/işləkdirsə,
yəni sizi azadlığı, ədaləti, xeyri, elmi, bərəkəti,
barışı, mərhəməti, qardaşlığı
çoxaltmağa yönəldirsə, bunun sübutu olaraq oruc
tutun. "Siz ey iman edənlər" müraciəti orucun
çox önəmli ibadət olduğunu söyləyir, deyir
ki, oruc tutmaq Allahın rizasını qazanmaq uğrunda
cihadın ayrılmaz parçasıdır, orucda bərəkət
var, o sizi yenidən inşa edəcək, sizi ilahi nemətlərə
qovuşduracaq, sizə özünüzü idarə etməyi
öyrədəcək, sıxıntılara dayanma
gücü verəcək, bədəninizi fiziki,
ağlınızı mənəvi kirlərdən təmizləyəcək,
sizi imtahana hazırlayacaq, axirət səadətinə
qovuşduracaq.
Allah
möminlərin sevə-sevə, mənasını anlaya-anlaya
oruc tutmalarını istəyir, "siz ey iman edənlər"
xitabı ilə onlara ruh, cəsarət verir, sanki bunu demiş
olur: siz möminlərsiniz, sizi böyüdəcək, dəyərinizi
artıracaq oruc ibadətini yerinə yetirməyə
gücünüz çatacaq. Bu xitab oruc tutmağa təşviq
edir, sən başlasan, Allahın yardımı gələcək,
bu mübarək əməlin içində ilahi riza, xeyir, bərəkət,
təmizlik, səbir - dirəniş gücü var deyir...
Allahın
seçdiyi, əmr buyurduğu, biçimini (icra şəklini)
müəyyən etdiyi ibadətlər insanla Allah
arasındakı mənəvi bağlardır, insanın
güc qaynaqlarıdır, ibadətlər insana Allaha qulluq
şüuru verir, deyir ki, qulluq ancaq Onadır, Ona qul olan azad
olar, Allahdan başqasına qulluq haramdır, şirkdir,
zülmdür, köləlikdir. İbadətlər imanı,
iman fitrəti, fitrət insanı qoruyur - din insanın
ağlına, qəlbinə, iradəsinə, vicdanına
yardım etmək üçün var.
Allah
insana ən böyük dəyər olan tövhid - azadlıq
(insana kölə olma, insanı kölə etmə)
anlayışını öyrətmək üçün
proqramlar nazil edir: namaz, zəkat, infaq, həcc... Bu ibadətlərin
hər birinin hədəfi tövhid anlayışını
öyrətmək, onu yaşam (həyat) biçiminə
çevirmək, insana Allaha qulluq şüuru vermək,
tövhid düşüncəsi ilə həyat (ailə,
iş, sosial münasibətlər...) arasında bağ
qurmaqdır.
Qurani-Kərimin
tanıtdığı hər anlayış və ibadətlə
həyat arasında qırılmaz bağ var, məsələn,
Allah buyurur ki, O hər şeyi görür, bilir, eşidir.
İnsanın bu ölçüyə inanmasının həyati
(praktik) qarşılıqlarından bir neçəsini sayaq:
Allahın hər şeyi görən, bilən, eşidən
varlıq olduğuna iman insanı bütün pisliklərdən
qoruyar - Allahı bu ölçülərlə tanıyan
insan zülm etməz, yalan danışmaz, haram yeməz, hər
an nəzarətdə olduğunu bilər, Allahla arasına
vasitəçilər qoymaz, yəni şirkdən qaçar,
görən, bilən, eşidən Allah inancı insana
güc, ümid, güvən, səbir verər, onu sevgiyə,
barışa, mərhəmətə, ədalətə, xeyirə
yönəldər...
Allahın
tərbiyə proqramlarından birinin də adı Orucdur -
Ramazan orucudur. Oruc adlı tərbiyə (ağılı,
vicdanı, iradəni inşa) proqramının içində
bu dəyərlər var:
-
Allahın Ramazan proqramında QURANİ-KƏRİM var, Qurani-Kərim
Ramazanın ruhudur, ilahi mesaj bu ayda nazil olduğu
üçün oruc tuturuq (Tövratın, İncilin, Zəburun
da Ramazan ayında nazil edildiyi ilə bağlı rəvayətlər
var);
- Bu
proqramda ŞÜKÜR var - oruc tutaraq insanlığa hidayət
rəhbəri olan Qurani-Kərimi nazil etdiyinə görə
Allaha şükür edirik. Hər nemətin şükrü
öz cinsindəndir, məsələn, ağılın
şükrü doğru düşünmək, qəlbin
şükrü iman etmək, vicdanın şükrü şəfqətli,
mərhəmətli olmaq, bütövlükdə insan olaraq
yaradılmağın şükrü Allaha şüurlu təslim
olmaq - Onun buyurduğu kimi yaşamaqdır. Belə bir sual verə
bilərsiniz: insanlığın hidayət rəhbəri olan
Qurani-Kərimin nüzuluna görə Ramazan ayında niyə
məhz oruc tutmaqla şükür etmək biçimi
seçilmişdir, bəlli bir müddət ac qalmaqla Qurani-Kərim
arasında hansı əlaqə var? Cavabımız var: Ramazan
ayında bəlli bir müddət mədəmiz ac qalır,
ağlımız, ruhumuz, vicdanımız, qəlbimiz isə
doyur. Ramazan ayı ağılın, ruhun, vicdanın, qəlbin
ən çox doyduğu, qidalandığı aydır.
İnsan ac qaldıqca, ya da az yedikcə düşünmək
imkanı artır, ehtiyac ağılı hərəkətə
keçirir, bədən ac qaldıqca ruhun qanadları
açılır, qəlb imanla doyur, fiziki güc azalır,
ruhi güc çoxalır. Qurani-Kərim də insanın
ağlını, ruhunu, vicdanını, qəlbini doyuran
kitabdır, ruzidir, nemətdir, təsadüfi deyildir ki, Qurani-Kərimin
mübarək adlarından biri də Ruzidir. O,
ağılın ruzisi olaraq elmi seçir, oxu buyurur,
varlığı Allahın adı ilə oxu, yəni
yaradılan hər varlığa yerləşdirilmiş elmi kəşf
et, kəşf et ki, inkişaf edəsən, elmlərin
gerçək sahibini tanıyasan, Ona şüurlu təslim
olasan, nəticədə, həqiqi azadlığa qovuşasan,
dəyər qazanasan, bilgisiz iman yoxdur, azad olmayanın dəyəri
olmaz ki!
Allah qəlbin
ruzisi olaraq imanı təklif edir, iman əmin olma
halıdır, qoruyucu sistemdir, güvən və ümiddir.
Allah buyurur ki, vicdanın ruzisi mərhəmət, şəfqət,
sevgidir, mərhəmət barış içində
yaşamağın ana ölçülərindən biridir.
Allahın ölçüsü deyir ki, iradənin ruzisi
seçim haqqıdır, iradə seçmək deməkdir,
seçim üçün ən azı iki yol
olmalıdır, iradə nemətinin şükrü də
doğru olanı seçməkdir.
Toplasaq,
Ramazan ayı mədənin bəlli bir müddət ac
qaldığı, ağılın, qəlbin, vicdanın isə
doyduğu - Qurani-Kərim nemətləri ilə
qidalandığı aydır. Ona görə də biz Ramazan
ayında nazil olmağa başlayan Qurani-Kərimə görə
bu kitabın sahibi olan Allaha bir ay oruc tutaraq şükür
edirik. Deyirik ki, ağıl, qəlb, vicdan, iradə mədədən
daha dəyərlidir, mədəni ac saxlamadığın kimi
ağlını, vicdanını, qəlbini də ac saxlama,
onları da sağlam, təmiz, halal qidalarla doyur, ey insan, bil
ki, Qurani-Kərim fitrətin qidasıdır;
-
Allahın oruc adlı tərbiyə proqramında NİYYƏT
var. Niyyət bir şeyin mahiyyət və hədəfini
anlayaraq onu etməkdir, şüurlu olmaqdır, O, bizim
şüurlu müsəlman olmağımızı istəyir
- oxu, anla, şüur qazan, seç, yaşa, yaşat;
- Oruc
proqramında Qurani-Kərimi ANLAYARAQ OXUMA var (bütün
günlərdə, bütün aylarda Qurani-Kərim
oxumağın şərti onu anlamaqdır, ancaq ramazanın da
özəl yeri var). Qurani-Kərimin üzərimizdə
dörd haqqı var: oxumaq, anlamaq, yaşamaq - dəyərlərini
həyatımıza daşımaq (Allahın buyurduğu kimi
yaşamaq), öyrətmək. Bədəni, ağlı, qəlbi,
vicdanı, iradəsi, əməli ilə tam oruc tutan insanlar
bütün varlıqları ilə Qurani-Kərimi anlamağa
köklənirlər;
-
Allahın oruc adlı tərbiyə proqramında
TƏMİZLİK var, ac qaldıqca bədən, Quran-Kərimi
anladıqca, Onunla doyduqca ağıl, ruh, vicdan, qəlb, iradə
təmizlənir, təmizlənən insan həqiqəti
görür, Allaha təslim olur, azadlığına
qovuşur (kirli - cahil qalmaq kölə olmaqdır), dəyər
qazanır, fitrət insanı olur;
- Oruc
proqramında TƏQVA var, təqva qorunmaqdır, oruc
tutmağın hədəfidir, anlamlı həyatın
ölçüsüdür, Allah, varlıq
qarşısında məsuliyyət şüurudur - dəyərin
məsuliyyətli olduğun qədərdir, sənə
yüklənmiş vəzifəni yerinə yetir, ədalətli
ol, zülmə qarşı dirən, barışı, xeyri,
qardaşlığı, elmi, mərhəməti çoxalt,
Ona təslim ol ki, qoruna biləsən, ey insan;
- Oruc
proqramında DUA var, dua Allaha güvənin, təslimiyyətin
ifadəsidir, insanın güc qaynağıdır, ilahi nemətdir,
ümiddir (ümid etməyən dua etməz), Allahla insan
arasındakı qırılmaz bağdır, ən gözəl
dua əməli duadır, iş, hərəkət,
davranışdır;
- Oruc
proqramında SAXUR və İFTAR var - oruc süfrəsi bizə
nemətin sahibini, insanın əməyini tanıdır, nemətlərin
dəyərini öyrədir, şükrə yönəldir,
acları, yoxsulları unutma, israf etmə deyir, israf edənlər
şeytanın dostlarıdır;
- Oruc
proqramında MƏDƏNİ AC SAXLAMAQ var, insan ilahi rizanı
qazanmaq üçün bir ay bəlli vaxtda ac qalır,
Allahın Ramazan ayında ac qal əmrinin bərəkətini
də elə bu aydaca hiss etməyə başlayır, belə
ki, nəfsin əli, qolu bağlanır, inadı
qırılır, ruhun qanadları açılır, insan
azadlığın ətrini hiss edir, hüzura qovuşur;
- Oruc
proqramında MƏRHƏMƏT var, mərhəmət anlamaq,
dəyər vermək, maddi, mənəvi ehtiyacı olanın
sıxıntısını həll etməkdir, ac qalan insan
aclığı, ac olanları anlayır, onları
düşünür, yardıma yönəlir,
başqalarının acısını hiss etdiyimiz qədər
insanıq;
- Oruc
proqramında İMAN var, imanın qarşılığı
Allaha tam güvənməkdir, ümiddir, Ramazan ayı
imanı gücləndirmə ayıdır;
- Oruc
proqramı İLLİK HESABAT ayıdır, öncə
yaşadığımız ilin hesabını
düşünür, sonra da yaşayacağımız ilin
planlarını qururuq;
- Oruc
proqramında İRADƏ var, biz şüurlu olaraq Ramazan
ayında bir ay ac qalmağı seçirik, seçimimizin
haqqını veririk, bədəl ödəyirik, nəticədə,
iradəmizi gücləndirməklə seçim və əzmimizin
mükafatına qovuşuruq;
- Oruc
proqramında SƏBİR var, səbir dirənişdir, iman,
ağıl, iradə ilə sıx bağı olan
anlayışdır, həqiqət uğrunda mübarizədə
dirən, ey insan;
- Oruc
proqramında RƏHMƏT var, şüurlu biçimdə, mədəsi,
ağlı, vicdanı, iradəsi, qəlbi, əməli ilə
oruc tutan insan Ramazan ayında ilahi rəhməti bütün
varlığı ilə hiss edir, bu rəhmətin bərəkəti
ilə özü də mərhəmətli olur;
- Oruc
proqramında BƏRƏKƏT var, bərəkət
üç şeyi əhatə edir: xeyirdir, çoxdur,
davamlıdır, Ramazan ayı ağıl, vicdan, qəlb və
iradəmizin ilahi ruzilərlə - bərəkətlə ən
çox doyduğu aydır;
- Oruc
proqramında ZƏKAT var, doğrudur, zəkat sadəcə
Ramazan ayına aid bir ibadət deyil, ancaq müsəlmanlar zəkatlarını
daha çox Ramazan ayında verirlər. Zəkat ehtiyac sahibi
insanların zənginlərin sərvəti üzərindəki
haqqıdır. Zəkat ibadəti insanın sərvət təsəvvürünü
ilahi ölçülərlə inşa edir: ruzinin sahibi ər-Rəzzaq
olan Allahdır, çalış, halalından qazan, halal
işlərə xərclə, ehtiyacın qədər istifadə
et, paylaş, ehtiyac sahiblərinin sərvətinin üzərində
haqqı olduğunu unutma, sərvətini axirət azuqəsinə
çevir - sərvətinlə xeyri çoxalt, zəkatın
miqdarını Allah belə müəyyən etmişdir:
ehtiyacından artığını ver;
- Oruc
proqramında İNFAQ var - infaq Allah rizası üçün
vermək, sərvəti paylaşmaqdır. Qurani-Kərimdə
üç şey Allah yolunda deyilərək əmr edilir:
cihad, hicrət, infaq. İnfaq yarar (xeyir) verən bir şeyi
ona möhtac biri ilə qarşılıq gözləmədən
paylaşmaqdır. İnfaq sadəcə sərvətlə
gerçəkləşən bir ibadət deyil, elm öyrətmək,
sevgi, şəfqət, mərhəmət də infaqdır.
İslam deyir ki, yoxsulun, məzlumun, yetimin, əsirin dini,
milliyyəti, cinsi soruşulmaz, insan olduğuna görə
yardım edilər. İnfaq etmək mömini münafiqdən
ayıran əlamətdir, xas qulların işidir,
canını vermək infaqın zirvəsidir, infaq sağlam cəmiyyətin
zəmanətidir, malı, elmi, əməyi, sevgini
paylaşmaqdır, Allahın verdiyindən verməkdir.
İnfaq imanın meyvəsidir, gözəl əxlaqdır,
axirət azuqəsidir, islam mədəniyyətinin ruhudur, sosial
bağdır. İnfaqın zamanı, həcmi, miqdarı
yoxdur;
- Oruc
proqramında ÜMMƏT ŞÜURU var - bütün müsəlmanlar
eyni ayda, eyni məqsədlə oruc tutur, eyni duyğuları
paylaşırlar, oruc bizi qardaşlığa, birliyə,
ümmət olmağa, insanlığın ortaq dəyərlərini
paylaşmağa yönəldir;
- Oruc
proqramında HAQQA DƏVƏT var, bir çox insan məhz
Ramazan ayında tövbə edir, Allaha yönəlir,
insanların ağlı, qəlbi, vicdanı bu dönəmdə
dəvətə daha açıq olur;
- Oruc
proqramında BARIŞ, HÜZUR var, deyə bilərik ki,
müsəlman ölkələrində cinayətlərin ən
az olduğu ay Ramazandır, Ramazan ayı yaxşı olana təşviq,
pis olandan çəkindirmə ibadətinin zirvə nöqtəsidir;
- Oruc
proqramında SOSİAL ƏLAQƏLƏRİ ARTIRMA,
DƏRDLƏŞMƏ, ANLAMA, ANLAŞMA var, anlamaq dəyər
verməkdir, anlayan insan darda qalanların, göz
yaşlarını silər, məzlumların əlindən
tutar, anladığı qədər insan olar;
- Oruc
adlı tərbiyə proqramında TƏRAVİH NAMAZI var,
müsəlmanlar ancaq Ramazan ayında təravih namazı
qılarlar, bu namaz orucun bərəkətini artırar;
- Oruc
proqramında ETİKAF İBADƏTİ var - etikaf Ramazan
ayının son on günündə (on gün olması şərt
deyil) zəruri ehtiyaclar istisna bütün dünyəvi əlaqələri
kəsib var gücü ilə Allaha yönəlməkdir, dərin
təfəkkür imkanıdır, arınmadır,
bütün varlığı ilə Allaha təslim olma
halının gerçəkləşdiyi zaman dilimidir;
- Oruc
proqramında min aydan daha xeyirli QƏDİR GECƏSİ var -
Qədir gecəsi Qurani-Kərimin nazil olmağa
başladığı gecədir, qədir, qiymət, dəyər
gecəsidir, mesajı var: Qurani-Kərim nazil olduğu gecəni
başqa gecələrdən seçir, ona dəyər qazandırır,
bərəkətini artırır, ona özəl yer
ayırır (Qədir surəsi var), yəni, ey insan, Qurani-Kərim
sənin ağlına, qəlbinə, vicdanına, iradənə
nazil olsa, Onu anlasan, Onun dəyərlərini həyatına
daşısan, Allahın çox dəyərli qulu olacaq, iki
dünyanın səadətinə qovuşacaqsan. Qurani-Kərim
sözlərin soltanıdır, nazil olmağa
başladığı gecəni Qədir gecəsinə - nurlu
gecəyə, nazil olduğu ayı ayların soltanına
çevirib, nazil olduğu insanı da mömin edər, onu
tövhidə, ədalətə, barışa, mərhəmətə
bağlayar;
- Oruc
proqramında BAYRAM var, bayram bizə sevinmə əxlaqını
öyrədir, deyir ki, sevindir ki, sevinəsən, dəyər
ver ki, dəyər qazanasan, paylaş ki, sevgi, xeyir,
barış, mərhəmət çoxalsın, insanları
sevindir ki, Allah da səni sevindirsin, yoxsulların mədəsini
doyur ki, Allah da sənin ruhunu doyursun, bağlı
qapıları aç ki, Allah da sənin ruhunun,
ağlının, vicdanının, iradənin, cənnətin
qapılarını açsın;
- Oruc
proqramı bir MÜƏLLİMDİR, bizə Allahı,
insanı, varlığı, imanı, tövhidi, ədaləti,
barışı, mərhəməti, bu dünyanı, axirəti
öyrədir, ağıl, qəlb, vicdan və iradəmizi
inşa edir, bizi cəhalətin pəncəsindən
qurtarır, deyir ki, ey insan, dəyərin Allaha təslim
olduğun qədərdir, şüurlu təslim ol ki, azad
olasan, azad ol ki, insan olasan;
- Oruc
proqramı İLLİK MAYADIR, bir insan orucu onun haqqını
verərək tutsa: ağlı ilə oruc tutsa -
ağılın oruc tutması doğru düşünməsi,
elm yeməsi, həqiqəti kəşf etməsi, həqiqətə
təslim olmasıdır, qəlbi ilə oruc tutsa - qəlbin
orucu iman etməsidir, iman qəlbin doymasıdır, qəlb
"iman yeyəndə" oruc tutur, vicdanı oruc tutsa -
vicdanın orucu sevgi, mərhəmət, şəfqət yeməsidir,
iradəsi oruc tutsa - iradənin orucu doğrunu seçməsidir,
bədəni oruc tutsa - orucluq dönəmində yeməsə,
içməsə, cinsi münasibətdə olmasa,
gözü oruc tutsa - harama baxmasa, qulağı oruc tutsa - mənasız,
məqsədsiz sözlərə qulaq asmasa, dili oruc tutsa -
haram yeməsə, yalan danışmasa - bunlar orucu
haqqını verərək tutmaqdır, bu biçimdə oruc
tutmaq insanın illik mayası olar, bərəkəti il boyu
davam edər, onu bütün pisliklərdən qoruyar, illik
mayalar - oruclar axirət azuqəsinə çevrilər;
- Oruc bir
İDARƏETMƏ PROQRAMIDIR, insana ağlını, qəlbini,
vicdanını, iradəsini, duyğularını, nəfsini,
sözünü, gözünü, qulağını,
zamanını, işini, evini, ailəsini, ölkəsini,
işçilərini, tələbələrini ... idarə etməyi
öyrədir, deyir ki, duyğularını ağlına,
ağlını da vəhyə - Allaha bağla,
ağlını, iradəni, vicdan və qəlbini heç nəyə,
heç kimə kirayə vermə, idarə etməyi bilsən,
azad, bilməsən, kölə olacaqsan;
- Oruc zərərli
işlərə "yox", xeyirli işlərə "hə"
deməyi öyrədir, bu, insan azadlığının əsasıdır,
yox deməyi bacarmayanın mömin olmaq imkanı yoxdur;
- Ramazan
orucu deyir ki, ey insan, həyatı yavaş-yavaş yaşa,
gözəl bir mənzərəsi olan məkandan sürətlə
hərəkət edən maşının içində
keçsən, o gözəllikləri görmək imkanın
olmaz;
- Ramazan
ayında həm QURANİ-KƏRİM nazil olmağa
başlamış, həm də ALLAH RƏSULUNA - son
elçiyə elçilik vəzifəsi verilmişdir - O, nəbi
və rəsuldur;
ALLAH Bəqərə
surəsinin 183-cü ayəsində buyurur ki, oruc sizdən
öncəkilərə olduğu kimi sizə də yazıldı.
Ayədəki sözlərin məna yüklərini bir-bir
şərh edək:
"ORUC"
sözü ərəbcə deyil, Qurani-Kərimin mətnində
də yoxdur, "oruc" sözü farscadır (İslam Azərbaycana
Xorasan yolu ilə gəldiyindən Qurani-Kərimə aid bir
sıra terminlər farslaşmışdır, məsələn:
namaz, dəstəmaz, oruc...), "gün" anlamını
daşıyan "ruz" sözünə "e" şəkilçisi
artırılaraq "ruze" qəlibi düzəldilmiş
("günlük", "gün-gün tutulan"), sonra
"ruze" sözü "oruze", "oruc"
biçimində türkcələşmişdir.
"Oruc"
sözünün Qurani-Kərimdəki
qarşılığı "SAVM"dır. Bu söz
"s-v-m" kökündəndir, eyni kökdən olan
sözlər Qurani-Kərimdə on dörd dəfə işlədilmişdir.
İlahi mətndə orucla bağlı bu sözlərə
yer verilmişdir:
- "təsumu"
(2/184);
- "yəsum"
(2/185);
-
"siyam" / "əs-siyam" (2/183, 187, 196; 4/92; 5/89, 95;
58/4);
- "əs-saimin"
/ "əs-saimat" (33/35);
-
"savm" (19/26);
"SAVM"
sözü həm "tutmaq", həm də "tərk
etmək" mənalarını ifadə edir. Sözün
kök mənası bunlardır: "yemək və içməkdən
kəsilmək", "ağzı qapalı olmaq",
"içinə əlavə bir şey almamaq". Bu söz
mütləq bütün (tərkiblərdən ibarət
olmayan bütün), əskiksiz, tam mənasını
daşıyan, Allahın sifəti olan "əs-Səməd",
dəyəri sabit olduğu üçün qızıl mənası
daşıyan "samit", sal qaya anlamını
daşıyan "səməd", ağzı qapalı
olduğu üçün susmaq mənasını
daşıyan "summ", güc və cazibə mərkəzi
daşıyan "samd" sözləri ilə qohumdur.
Mustafa
İslamoğlu ORUC TUTMAQ anlayışına bu mənaları
yükləmişdir: "...Dilimizdə "ORUC TUTMAQ"
deyirik. Namazı qılırıq, dəstəmazı
alırıq, zəkatı veririk, şəhadət kəlməsini
gətiririk, həccə gedirik, orucu isə tuturuq. Dilimizdəki
"tutma" sözü (ismi) oruc mənasındakı
"savm"ın tam qarşılığıdır,
"oruc tutmaq" ifadəsini isə "tutmağı
tutmaq" kimi vermək olar. Oruc tutmaq hər şeydən
öncə orucun tərəfini tutmaqdır, yəni mən
orucun tərəfindəyəm deməkdir. Oruc tutmaq
özünü tutmaqdır. Başımıza nə gəlirsə,
özümüzü tutmamağımızdan gəlir.
Günahların kökü qəzəbini tuta bilməməyə,
nəfsini tuta bilməməyə, şəhvətini tuta bilməməyə,
dilini tuta bilməməyə... bağlıdır. İnsan
orucu nə qədər tutarsa, oruc da insanı o qədər
tutar. Kim orucun başını dik tutarsa, oruc da onun
başını dik tutar. Oruc onu qula qul olmaqdan qoruyan bir qalxan,
qulu qul etməkdən qoruyan bir ağıl olar. Bu mənada
oruc ac qalmaq deyil, bəslənməkdir. Ac qalan bədəndir,
bunun anlamı odur ki, insanın bədəni ikinci dərəcəlidir.
Birinci dərəcəli olan düşünən, xatırlayan,
öyüd alan, inanan, dəyər ortaya qoyan,
yaxşını pisdən ayıran yanıdır (tərəfidir).
Qurani-Kərimin doğum ayı olan Ramazanın bədənin
ac saxlanılaraq keçirilməsinin (ehya edilməsi, dirildilməsi)
səbəbi də budur. Məqsəd bədəni ac tutaraq
möminin əqli və ruhi qabiliyyətlərini hərəkətə
keçirmək, təşviq etmək, bu yolla da anlama,
düşünmə imkanlarını artırmaqdır. Bu da
Qurani-Kərimin daha dərindən anlaşılmasına səbəb
olan vasitələrdən biridir. Belə ki, vəhyi
oxumağın mənası onu anlamaqdır. Bir şey
anlaşılmamışdırsa, bu o deməkdir ki, o şey
oxunmamışdır. Anlamaqdan məqsəd də
anladığını yaşamaqdır, insanın
anlamadığını yaşaması imkansızdır. Elə
bu səbəbə görə də Ramazan ayı Qurani-Kərim
ayıdır. Ramazan bizə Qurani-Kərimi gətirdiyi
üçün Ramazandır. Ramazanlarımız Qurani-Kərimi
oxuduğumuz, anladığımız,
yaşadığımız, yaşatdığımız qədər
mübarəkdir - bərəkətlidir. Təbii ki, Qurani-Kərimlə
münasibət (bağ, əlaqə) ancaq Ramazanla
sınırlandırıla bilməz. Onsuz da, Ramazan Qurani-Kərimin
endiyi deyil, enməyə başladığı aydır...
Ramazanın təsiri (vəhy kimi) sadəcə bir ayla məhdudlaşdırıla
bilməz. Ramazanın məqsədi gətirdiyi məna iqlimini
möminlərin bütün ömrünə yaymaq, onun
ömrünü Ramazan qılmaqdır. Unudulmayacaq həqiqət
budur: ömrü Ramazan olanın axirəti bayram olar. O bayram cənnətin
özüdür. Ramazan orucunu bu anlayışla tutan birinə
bu sözü söyləmə şüuru verər: küfrə,
şirkə, zülmə qarşı orucumu pozsam, kəffarətim
cəhənəm olsun!"
Bəqərə
surəsinin 183-cü ayəsi buyurur ki, oruc sizdən
ÖNCƏKİLƏRƏ də yazıldı. Oruc bir ilahi tərbiyə
proqramıdır, o, insanlıqla yaşıddır. Bu gün
oruc tutan bir insan insanlıqla yaşıd olan oruc karvanına
qoşulur. Anlaşılan odur ki, oruc ibadəti hz.Adəmdən
başlayaraq bütün Elçilərə, onların
ümmətlərinə fərz qılınmışdır,
hz.Əli buyurur ki, oruc tutanların ilki hz.Adəmdir.
Qeyd edək
ki, ayədəki "ÖNCƏKİLƏRƏ"
sözünü xristianlar, İsrail oğulları, Kitab əhli
anlamında oxuyan alimlər də var. Oruc ibadəti səmavi
dinlərin ortaq nöqtələrindən biridir. Bu ibadət
zaman-zaman təhrif olundu, bir biçimdə son Elçiyədək
gəldi, Qurani-Kərim nazil oldu, oruc ibadətini təhriflərdən
təmizlədi, fitrətinə qovuşdurdu, ona son
biçimini verdi.
Biz bilirik
ki, Allah Rəsulunun mənsub olduğu Qureyş qəbiləsinə
bağlı olanlar Aşura günü oruc tuturdular. Son
Elçi Məkkədən Mədinəyə hicrət etdi, yəhudilərin
də eyni gün oruc tutduğunu gördü. Allah Rəsulu
bunun səbəbini soruşdu, dedilər ki, bu gün
Allahın hz.Musanı xilas etdiyi gündür. O buyurdu ki, bizim
hz.Musa ilə haqq bağımız sizinkindən daha
çoxdur. Elçi o gün oruc tutdu, möminlərin də
oruc tutmasını istədi. Bir il sonra Ramazan orucu fərz
qılındı (oruc ayəsi Mədinədə, hicrətin
ikinci ili nazil olmuşdur), Allah Rəsulu aşura orucu
üçün bu sözləri söylədi: istəyən
tutsun, istəyən tutmasın, beləliklə, aşura orucu
bəyənilən ibadət hökmündə oldu.
İsrail
oğulları il başından on gün sonra (onların il
başı oktyabr ayına uyğun gəlirdi) gün batandan
ertəsi günün gün batımınadək (iyirmi
dörd saat fasiləsiz) oruc tuturdular. Onlar bu günün
günahların bağışlandığı gün
olduğuna inanır, ona "kipur" adı verirdilər. Bu
oruc fərz hökmündə idi. Bununla birlikdə, İsrail
oğulları ilin fərqli günlərində də fərz,
nafilə oruc tuturdular (bu ənənə davam edir). Xristianlarda
isə Tövratda olandan başqa oruc yoxdur. Hz.İsa Ona
elçilik gəlməzdən öncə qırx gün oruc
tutduğu üçün xristian din adamları bu orucu da ibadət
kimi qəbul etmişlər.
Allah Rəsulu
buyurur: "Allahın ən çox sevdiyi oruc Davudun orucudur.
O, bir gün açar (yeyər), bir gün oruc tutardı".
Bu hədis orucun öncəki Elçilərə, onların
ümmətlərinə də fərz qılındığını
göstərir.
Dedik ki,
Qurani-Kərimin nüzulundan öncə oruc ibadəti təhrif
olunmuşdu, məsələn, İsrail oğulları oruc
tutulan günlərin sayını azaltmışdılar,
xristianlar isə biçimini, məzmununu dəyişmiş,
orucu pəhrizə çevirmiş, günlərin
sayını artırmışdılar.
Ayədəki
"oruc sizdən öncəkilərə də fərz
qılınmışdı" cümləsi bu mənaları
da əhatə edir:
- Elə
bir ümmət yoxdur ki, oruc fərz qılınmasın;
- Oruc
dinin təməl ibadətlərindən biridir;
- Oruc
tutmaq çox önəmlidir;
-
"Öncəkilər" sözü insanları oruc tutmağa
təşviq edir;
- Oruc
tutmaq çətin ibadətdir, çətin bir ibadət
hamıya aid olanda onu yerinə yetirmək asan olur;
- Allah
birdir, dinin sahibi Odur, Onun dini də birdir, Elçiləri də
eyni mesajı təbliğ etmişlər;
Ayə
deyir ki, oruc sizə "YAZILDI" ("kutibə"),
Qurani-Kərimdə bu feilə bir sıra başqa məsələlərin
təqdimində də yer verilmişdir, məsələn,
"qisas-ədalətli qarşılıq sizə
yazıldı", "vəsiyyət etmək sizə
yazıldı". Ayədəki "yazıldı" feili
iki anlamı əhatə edir: a) oruc ibadəti çox önəmlidir,
bütün ümmətlərə pozulmayacaq biçimdə
yazılmışdır; b) "yazıldı", yəni fərz
qılındı, əmr olundu - dini əmrləri yerinə
yetirməyə borclu olan (bu mənanın içində həddi-büluğ
yaşına çatmaq da var) bir insan fəcrin
doğulmasından - dan yerinin aparmağa başlamasından
Günəşin batmasınadək olan zaman dilimində yeməkdən,
içməkdən, cinsi əlaqədən ibadət niyyəti
ilə imtina etməli, orucunun tam olması üçün
gözünü, dilini, qulağını haramlardan
qorumalı, bütün varlığı ilə oruca köklənməlidir...
2)
"...Bəlkə, bu sayədə (yolla) təqvaya
qovuşasınız"
AYƏNİN
bu cümləsi oruc əmrinin səbəbini, hikmətini, hədəfini
açıqlayır: Allah oruc ibadətini ona görə
yazdı ki, siz təqvaya qovuşasınız. TƏQVA Qurani-Kərimin
ən önəmli anlayışlarından biridir. Bu söz
"v-q-yə" kökündəndir. Qurani-Kərimdə
eyni kökdən törəyən sözlərin sayı iki
yüz əlli səkkizdir, bu mənaları var:
a)
"qorumaq" - "Allah bizə lütf etdi, bizi vücudun
içinə işləyən əzabdan qorudu" (52/57);
b)
"qorunmaq" - "Kim nəfsinin xəsisliyindən
qorunarsa, məhz onlar qurtaracaqlar" (40/45; 44/56; 52/18);
TƏQVA
ilə eyni kökdən olan "müttəqi"
sözü də qorunan, təqva sahibi olan anlamlarını
daşıyır. Ərəblər "təqva"
sözünü Qurani-Kərim nazil olmadan öncə də
işlədirdilər, ancaq onlar bu sözə xaricdən gələcək
hər hansı bir təhlükəyə qarşı
özünü qoruma anlamını verirdilər. Qurani-Kərim
TƏQVA sözünə yeni anlam yüklədi (Qurani-Kərim
mövcud sözlərə - anlayışlara üç
ölçü ilə yanaşdı: a) ərəb dilində
olan bir sıra sözlərin məna yükünü
olduğu kimi saxladı; b) bir sıra sözlərin mənasını
islah etdi, məna çevrəsini böyütdü; c) yeni məna
yüklədi, məsələn, təqva sözünə mənəvi
əzabdan, insanı bu əzaba sürükləyəcək
pis işlərdən qorunmaq, təmiz dindarlıq
anlamlarını yüklədi;
Böyük
alim Məhəmməd Əsəd TƏQVA sözünü
"məsuliyyət şüurü" kimi tərcümə
etmişdir. O deyir ki, təqva insanın Allah
qarşısında məsuliyyət şüurudur, ilahi fitrətin
şüurdakı təzahürüdür, fitrətini qoruyan
təqvalı olar.
Məsuliyyət
şüuru ağıl, iradə, vicdanla bağlıdır,
insan ağıllı, iradəli, vicdanlı varlıqdır,
ona görə də məsuliyyət daşıyır, Allah əmanəti
(məsuliyyəti) insana yükləmişdir. Məsuliyyətin
ziddi biganəlikdir, vecinə almamaqdır. Məsuliyyətli
olmaq həddini, vəzifəsini, işini, əməlinə
görə hesab verəcəyini, zamanın dəyərini bilməkdir.
İnsanın məsuliyyəti azad olduğu qədərdir.
BİR TOPLUMDA AZADLIQ YOXDURSA, ORADA MƏSULİYYƏT DƏ
YOXDUR. Hz.Adəm məsuliyyətli olmağın simvoludur. O,
yanlış addım atdı, səhvini anladı, qəbul
etdi, tövbəyə yönəldi. Şeytan məsuliyyətsizliyin
simvoludur: o, günahını Allahın üzərinə
atdı.
Qədərçilik
(insandan heç bir şey asılı deyil düşüncəsi)
məsuliyyətsizlikdir, insanı dəyərsizləşdirməkdir,
Allaha iftiradır, belə ki, O, insanın aqibətini əməyinə
(məsuliyyətinə) bağlamışdır. Məsuliyyət
insana verilmiş iradə nemətinə sayğıdır,
azad seçimdir, seçdiyinin nəticəsini qəbul etməkdir,
örnək olmaq, vəzifələri paylaşmaq, bilmədiyin,
bacarmadığın işlərdən uzaq durmaq, xeyri əmr
edib (təşviq edib), pisliklərdən çəkindirməkdir.
Məsuliyyət
şüuru bu ayəyə inanmaqdır: BİR TOPLUM
ÖZÜNÜ DƏYİŞDİRMƏDİKCƏ ALLAH
DA ONLARI DƏYİŞDİRMƏZ. Məsuliyyət
özünü tanımaq, özünə güvənmək,
ilahi təyinatını bilməkdir. Biz sadəcə etdiklərimizdən
deyil, etmədiklərimizdən də məsuliyyət
daşıyırıq. Şəxsiyyət olmaq istəyiriksə:
- Məsuliyyətimizi
qavrayacağıq;
-
Doğru düşünəcəyik;
-
Çalışacağıq;
-
İslah edəcəyik;
- Saleh əməllərimiz
olacaq;
- Cəhalətdən
qurtaracağıq;
Bu həqiqəti
bilək ki, tarixdə iz qoymuş, dəyər qazanmış,
örnək olmuş insanlar ciddi, məsuliyyətli,
ağıllı, cəsur, çalışqan, çilə
çəkmiş insanlardır. Onlar bu dəyərlər uğrunda
cihad etmişlər:
-
Tövhid - la ilahə illallah - Allahdan başqa ilah yoxdur, yaradan
tək, yaradılanlar çoxdur, insana qul olmağı,
insanı qul etməyi rədd edirəm;
- Ədalət;
- Elm;
- Şəfqət,
mərhəmət;
-
Barış;
-
Azadlıq;
- Həqiqət;
- Rifah;
TƏQVADA
məsuliyyət şüuru ilə birgə əmanətə
sədaqət, borcluluq düşüncəsi var: insan hər
şeyini Allaha borcludur, bu borcu ödəməyin tək yolu
yaradana şüurlu təslim olmaq, Onun buyurduğu kimi
yaşamaqdır. TƏQVANIN kök mənası biri o birisinə
zərər verən iki şeyin arasına maneə qoyaraq zərər
görəni və zərər verəni qorumaqdır.
TƏQVA insanın mənəvi qoruma (immun) sistemidir, çox
diqqətli qorunmadır. Qurani-Kərim buyurur ki, təqva
libasdır (qoruyur) (7/26), dərin məsuliyyət
duyğusudur, qorxmaq deyil, qorunmaqdır, o ən dəyərli
azuqədir (2/197), təqva fitridir, bütün ibadətlər
imanı, iman fitrəti, fitrət də insanı qoruyur, namaz,
oruc, infaq... əsgərlərdir.
QURANİ-KƏRİM
müttəqiləri (təqva sahiblərini) bu
ölçülərlə tanıdır, onlar:
-
Əhdinə vəfalı olarlar (3/76);
-
Bağışlamağı sevərlər (5/8);
- Ədalətli
olarlar (5/8);
-
Doğru davranarlar (9/7);
- Malla,
canla cihad edərlər (9/44);
ALLAHIN
TƏQVALI OLANLARA VƏDLƏRİ VAR:
-
Allahın dostlarıdır (10/62-63);
- Qorxu
görməyəcəklər (10/62-63);
- Allah
onlara qapı açar (65/2);
- Gözləmədikləri
yerdən ruzi verər (65/3);
-
Buyruqlarını asanlaşdırar (65/4);
-
Günahlarını örtər (65/4);
-
Böyük mükafat verər (65/4);
-
Şeytanı tanıma gücü verər (6/201);
- Həqiqəti
qavrama gücü bəxş edər (6/201);
-
Haqqı batildən ayırma imkanı verər (8/29);
- Pisliklərinin
üzərini örtər (8/29);
-
Onları bağışlayar (8/29);
- Rəhmət
endirər (6/155);
Qurani-Kərimdə
TƏQVA anlayışı şirkdən qorunma (48/26), müsəlman
olduqdan sonra böyük və kiçik günahlardan çəkinmə
(7/96), qəlbi Allahdan uzaqlaşdıracaq şeylərdən təmizləyərək
Ona yönəlmə (3/102) anlamlarında da işlənmişdir.
ALLAH
RƏSULU TƏQVANI BU ÖLÇÜLƏRLƏ
TANITMIŞDIR:
-
İnsanı xalqın gözündə ucaldan var-dövlət,
Allahın gözündə ucaldan təqvadır;
- Ey
Allahım, Səndən hidayət, təqva, iffət, qəlb
zənginliyi istəyirəm;
-
İnsanların cənnətə girməsinə səbəb
olan ən önəmli əməl Allahdan çəkinmək
(təqva) və gözəl əxlaqdır;
-
Üstünlük təqvadadır;
- Təqvalı
insan sahib olduğu nemətin haqqını verər;
- Təqva
dinin yarısıdır;
- Təqva
Allahın yardımına yol açar;
- Təqva
ruziyə vəsilədir;
-
İnsanların ən xeyirlisi təqvalı olanıdır;
- Təqva
sıxıntılardan qurtuluşa vəsilədir;
- Təqvanın
əsası şübhəli şeylərdən
qaçmaqdır;
- Allah Rəsulu
səfərə çıxmaq istəyən bir insana belə
dua etmişdir: "Allah səni təqva ilə ruziləndirsin";
AYƏ
deyir ki, ORUC ruhun qidasıdır, o, insana özünə nəzarəti
öyrədir, imanı bəsləyir, günahlardan qoruyur. Ayədəki
"bəlkə (umulur ki) bu sayədə - oruc tutaraq təqvaya
qovuşarsınız (qorunasınız)" sözlərinin
bu dünyaya və axirətə yönəlmiş izahı
var: oruc tutsanız, bu dünyada günahlardan, axirətdə cəhənnəm
əzabından qorunarsınız. Belə ki, önəmini
qavrayaraq oruc tutmaq insana nəfsinə nəzarət imkanı
qazandırır, o, duyğularına hakim olur, güclənir,
günahlardan qorunmaq imkanı əldə edir, nəticədə,
təqvaya-qoruma, qorunma sisteminə sahib olur, təqva da iki
dünyanın səadətinə yol açır.
ALLAH
RƏSULU buyurur:
- Ramazan səbir
(dirəniş) ayıdır, səbrin
qarşılığı cənnətdir;
- Ramazan
ayında şeytanlar bağlanır;
- Yalan
danışmağı, yalanla iş görməyi tərk etməyən
bir insanın yeməyi, içməyi tərk etməsinə,
ac qalmasına Allahın ehtiyacı yoxdur;
- Oruc bir
qalxandır, oruclu pis söz söyləməsin, kim onunla
didişmək, dalaşmaq istəsə: "Mən orucluyam, mən
orucluyam", - desin və onunla dalaşmasın;
- Kim
inanaraq və savabını yalnız Allahdan gözləyərək
Ramazan orucunu tutsa, keçmiş günahları
bağışlanar;
- Oruc
tutmaq sədaqətdir;
- Ramazan
günahları yandırdığına görə Ramazan adlanır;
- Ümmətin
səyahəti orucdur (mənəvi, ruhi, iç aləminə
səyahət);
Böyük
alim Məhəmməd Əsəd yazır ki, təkcə
insanlar deyil, bütün kainat oruc tutur: çox qar yağan
bölgələrdəki vəhşi heyvanlar həftələrlə,
aylarla qidasız yaşayırlar. İlanların qış
yuxusu var. Bu dönəmdə qidalanmamaq onların
cavanlaşmasına, təzələnməsinə səbəb
olur. Köhnə dərilərindən qurtulan ilanlar yeni, daha
yaxşı bir dəriyə qovuşaraq gəncləşirlər.
Oruc onlara böyük bir güc, dinclik qazandırır. Eyni
biçimdə ağaclar qış mövsümündə
yarpaqlarını tökərək bir növ oruc tutur, bu hal həftələr,
hətta aylar boyu davam edir. Mövsümün sonunda yeni
yarpaqlar bitir, yeni qönçələr, yeni çiçəklər
açır, ağac meyvəyə durur...
3) Orucla
bağlı zəruri bilgilər
- Oruc
imsaq vaxtından iftar vaxtınadək ibadət niyyəti ilə
yeməmək, içməmək, cinsi münasibətdə
olmamaqdır;
- Oruc
tutmağa niyyət edilməlidir, niyyət işin mənasını
anlamaqdır, içdən, istəyərək, mahiyyətini
başa düşərək verilən qərardır. Din
deyir ki, niyyət bir işi, bir vəzifəni Allahın əmrinə
tabe olmaq, Ona mənəvi yaxınlıq qazanmaq
üçün yerinə yetirmək qərarıdır. Niyyət
ibadətlərin şərtidir, ancaq bunu dillə söyləmək
şərt deyildir, insan gördüyü işin mənasını
başa düşürsə, o niyyət etmişdir;
- Oruc
tutmağın üç şərti var: müsəlman olmaq,
ağıllı olmaq (dəliyə oruc fərz deyil), həddi-büluğ
yaşına çatmaq;
- Dişi
fırçalamaq, yumaq orucu pozmaz, bu şərtlə ki, məcun,
ya da su boğaza getməsin;
- Dişlər
qanasa, tüpürcəyi qırmızıya boyayacaq miqdarda
qan boğazdan keçsə, oruc pozular;
- Diş
çəkdirmək üçün iynə vurdurmaq orucu
pozmaz - iynədəki maddə vitamin deyildir;
-
Ağızı yaxaladıqdan sonra ağızda qalan nəm
orucu pozmaz;
- Qan vermək
orucu pozmaz;
- Dəriyə
krem sürtmək orucu pozmaz;
- Oruc
tutmaq hamilə, ya da uşağını əmizdirən bir
qadına, uşağına zərər verərsə, o, oruc
tutmaz, uyğun bir zamanda qəza edər;
- Oruclu
bir insan özünü tuta biləcəyindən əmindirsə,
xanımını (xanım da ərini) öpə bilər;
- Kimsə
bir başqasının yerinə oruc tuta bilməz;
- Xəstə
bir adam sağalandan sonra orucunu tutmalıdır, ancaq
sağalmaq imkanı yoxdursa, oruc tuta bilmədiyi hər gün
üçün fidyə verməlidir;
- Fidyə
Ramazan ayının orucunu tuta bilməyənlərin yoxsullara
verməsi zəruri olan maddi yardımdır - hər gün bir
insanı doyuracaq qədər yardım etməkdir;
- Oruclu olarkən
çimmək, dənizə girmək orucu pozmaz, ancaq
ağız və burundan boğaza su qaçarsa, oruc pozular,
oruc dönəmində (imsaq iftar arası) çimmək, dənizə
girmək xətalı davranışdır;
- Həb,
maye, burun damlası biçimində ağız, burun yolu ilə
alınan dərmanlar orucu pozar;
- Unudaraq
yemək orucu pozmaz;
-
Bakıda oruc tutmağa başlayan bir insan İstanbula gedərsə,
yerli vaxtla (Günəş batanda) orucunu açar;
- Namaz
qılmayan bir insan oruc tuta bilər;
- Ramazan
ayından sonrakı Şəvval ayında altı gün oruc
tutmaqla bağlı Allah Rəsulu buyurmuşdur: "Hər kim
Ramazan orucunu tutsa, sonra ona Şəvvaldan altı gün
artırsa, bütün il oruc tutmuş kimi olar";
- Ramazan
ayında oruc tutmağa gücü çatan, maddi imkanı
olan hər kəs fitrə verməlidir, bu, yardımlaşma mədəniyyətidir,
sevgini, barışı, mərhəməti çoxaldır;
- Fitrə
(fitir sədəqəsi) bayram namazından öncə verilir,
sonra verilsə, fitir sədəqəsi deyil, sədəqə
sayılar;
- Fitrəyə
də niyyət edilməlidir, ancaq fitrə verərkən
"al, bu mənim fitrəmdir" deməyə ehtiyac yoxdur,
fitrə incitmədən, uyğun bir dil, gözəl
üslubla verilməlidir;
- Fitrə
çarəsiz, miskin, yoxsul insanlara verilməlidir, bir
günlük maddi ehtiyacınız fitrə
miqdarınızdır;
- Ramazan
ayı sona çatanda camaatla bayram namazı
qılınır, iki rükətdir;
ALLAH
RƏSULU İFTARDAN SONRA BU DUALARI ETMİŞDİR:
"Ey
Allahım! Sənin üçün oruc tutdum, Sənin ruzinlə
orucumu açıram";
"Ey
Allahım! Sənin üçün (Sənin rizanı qazanmaq
üçün) oruc tutduq, Sənin ruzinlə orucumuzu
açırıq. Onu bizdən qəbul et. Sən eşidirsən,
bilirsən";
"Allaha həmd edirəm. O, mənə
yardım etdi, oruc tutdum, ruzi verdi, iftar etdim";
"Allahım!
Səndən hər şeyi əhatə edən rəhmətinlə
günahlarımı bağışlamağını istəyirəm";
RAMAZAN
ORUCUNU TUTMAQ hər müsəlmana (şərtləri uyğun
olan) fərzdir - ilahi əmrdir. Bununla birlikdə, başqa
aylarda da Allahın rizasını qazanmaq üçün oruc
tutmaq olar:
- Bir insan
hər hansı bir məsələ ilə bağlı oruc
tutmağı niyyət etmişsə - söz vermişsə (nəzir
orucu), seçdiyi günlərdə oruc tutmalıdır;
- Bir insan
daha çox savab qazanmaq niyyəti ilə oruc tuta bilər;
- Allah Rəsulu
hər həftənin birinci və dördüncü günləri
oruc tutmuşdur. O, Özünün və Qurani-Kərimin
doğum gününü oruc tutaraq keçirmişdir;
- Şəvval
ayında (Ramazan ayından sonrakı ay), bayram günləri
istisna olmaqla altı gün oruc tutmağın çox
savabı var (bu ayda altı gün ard-arda, ya da fasilələrlə
oruc tuta bilərsiniz);
-
Aşura günü (məhərrəm ayının onuncu
günü) oruc tutmaq müsəlmanlar arasında geniş
yayılmışdır;
- Hər
ayın üç günü (13, 14, 15) oruc tutmaq ənənəyə
çevrilmişdir;
- Zilhiccə
ayının (həcc ayının) ilk doqquz günündə
(onuncu gün Qurban bayramının ilk günüdür -
bayram günü oruc tutmaq olmaz) imkanı olanın oruc
tutması tövsiyə olunmuşdur;
- Haram
(toxunulmaz) aylarda - Zilqədə, Zilhiccə, Məhərrəm,
Rəcəb aylarında, bəlli günlərdə (adətən,
4-cü, 5-ci, 6-cı günlərdə) oruc tutmaq tövsiyə
edilmişdir;
- Allah Rəsulu
Şaban ayında - Ramazandan öncəki ayda çox oruc
tutmuş, özünü bir aylıq Ramazan orucuna
hazırlamışdır;
-
Günaşırı oruc tutmaq (bir gün tutub, o birisi gün
tutmamaq) hz.Davud orucu kimi ad qazanmışdır. Allah Rəsulu
buyurmuşdur ki, O mübarək Elçi bu biçimdə
oruc tutmuşdur;
RAMAZAN AYI
İMSAQDAN İFTARADƏK YATMAQ AYI DEYİL, ÇALIŞMAQ,
OXUMAQ, ÖYRƏNMƏK, ELMİ, XEYRİ,
BƏRƏKƏTİ, MƏRHƏMƏTİ,
PAYLAŞMAĞI, ƏDALƏTİ ÇOXALTMAQ, GÖZƏL
İŞLƏRƏ TƏŞVİQ ETMƏK, PİS
İŞLƏRDƏN ÇƏKİNDİRMƏK AYIDIR.
"Sayılı
günlərdə... Sizdən kim xəstə, ya da yolçu
olarsa, tutmadığının sayı qədər başqa
günlərdə (oruc tutar) və (bunlar arasından) ona
gücü çatanlar üzərinə bir yoxsulu doyuracaq
fidyə (vermək) zəruridir. Kim daha çox xeyir işlərsə
(xeyir işləri olarsa), özü üçün daha
yararlı olar, ancaq (əgər) bilsəniz, oruc tutmaq sizin
üçün daha xeyirlidir" (Bəqərə, 2/184)
1)
"Sayılı günlərdə..."
Mübarək
(bərəkətli) Ramazan ayı Qurani-Kərim, təqva,
şükür, dua, paylaşma ayıdır. Bu ayda bəlli
bir müddət mədəmiz ac qalsa da, ruhumuz doyur, təmizlənirik,
imanımız, iradəmiz, səbrimiz - dirəniş
gücümüz, hüzurumuz, insanlığımız
artır. Oruc deyir ki, fikri, ruhi böyümənin, kəşfin,
dərin düşünməyin, anlamağın şərti
sıxıntı çəkməkdir, zəhmətsiz rəhmət
yoxdur, əmək sizin imkanlarınızı ortaya
çıxaracaq.
ALLAH bizi
addım-addım Ramazan ayında oruc tutmağa
hazırlayır: yüz səksən üçüncü ayədə
imanla oruc tutmaq arasında bağ qurdu, sonra keçmiş
ümmətləri xatırlatdı, buyurdu ki, oruc ibadəti
insanlıqla yaşıddır, sonra da oruc ibadətinin hikmətini,
hədəfini açıqladı - haqqı ilə, bədəlini
ödəyərək oruc tutmaq sizi təqvaya qovuşdurar,
sizi qoruyar, sizə məsuliyyət şüuru verər.
Şərh
etdiyimiz ayə ilahi tərbiyə proqramı olan ORUC
İBADƏTİNİ tanıdan ayələrin
davamıdır, Allah "sayılı günlər"
buyurur. "SAYILI GÜNLƏR" ifadəsi ilə
bağlı fərqli fikirlər olsa da, ayəni
sıradakı yüz səksən beşinci ayə ilə bir
arada oxuyanda bu günlərin Ramazan ayını nəzərdə
tutduğu aydın olur: "(O sayılı günlər)
Ramazan ayıdır ki..."
Fərz
olan Ramazan orucu ilə bağlı ayə Mədinədə,
hicrətin ikinci ili nazil oldu ("yazıldı"). Ramazan
İslam Ay təqviminin doqquzuncu ayıdır. Ay təqviminə
(qəməri) görə bu ay iyirmi doqquz, ya da otuz gün
olur. Bu müddətdə - sayılı günlərdə
imsaqdan iftaradək ibadət niyyəti ilə yeməkdən,
içməkdən, cinsi əlaqədən imtina etmək oruc
tutmağın əsasıdır, şərtidir, ibadətin
maddi yönüdür.
Ramazan
orucunun mənəvi yönləri də var, o, ÜÇ
NEMƏTİ öyrədir:
a) Məkkədə
Ramazan ayında nazil olmağa başlayan Qurani-Kərim nemətinə
görə Allaha şükür etmək (şükür
yaxşı və gözəl olanı fərq etməklə
başlayar) - Qurani-Kərimə görə Allaha
şükür bu biçimdə gerçəkləşə
bilər: bu bərəkətli kitabı oxumaq, anlamaq, dəyərlərini
həyatına daşımaq - Onun buyurduğu kimi yaşamaq;
b) nəfsə
nəzarət imkanı qazanmaq - Oruc bizə
ağlımızı, qəlbimizi, iradəmizi,
duyğularımızı idarə etməyi öyrədir,
deyir ki, nəfsinə məhkum deyil, hakim ol, nəfsi,
duyğuları doğru tanımaq onları idarə etməyin
ilk şərtidir;
Diqqət
edin, nəfsini yox et demir, insan nəfsini yox edə bilməz,
fitri olan yox olmaz, nəfsini idarə et deyir, məsələn,
şəhvət duyğusu fitridir, nemətdir, belə ki,
şəhvət olmasa, nəsil artmaz. Allah şəhvət
duyğusunu yox et deməz (o halda, bu duyğunu niyə verdin,
niyə yox et buyurursan sualları ortaya çıxar). O, bu
duyğunu idarə etməyin yolunu göstərər, kəbin
(nikah) qanunu qoyar, qoymuşdur. Nikah yolu ilə evlənmək
şəhvət duyğusunu verən Allaha
şükürdür, təbii ki, zina da xəyanət və
nankorluqdur. Nikah yolu ilə evlilikdə də, zinada da şəhvət
duyğusu var. FƏRQ BUDUR: nikahda şəhvət səni
deyil, sən şəhvəti idarə edirsən, zinada isə
şəhvət səni idarə edir, nikah yolu azadlığa,
zina yolu köləliyə (nəfsin köləliyinə) yol
açır, nikahda bərəkət, zinada fəlakət var,
nikah sağlamlıq, zina xəstəlikdir.
c) oruc
proqramı aclığı, susuzluğu tanıdır, nemətlərin
dəyərini öyrədir, acları anlamağa, onlara
yardıma, paylaşmağa, mərhəmətə yönəldir;
2)
"...Sizdən kim xəstə, ya da yolçu olarsa,
tutmadığının sayı qədər başqa günlərdə
oruc tutar..."
Oruc
tutmağın şərtləri bunlardır: a) müsəlman
olmaq; b) ağıllı olmaq; c) büluğ yaşına
çatmaq - qızlar aybaşı halını
yaşamağa başlayanda, oğlanlar da yuxuda olarkən
boşalma (spermin axması) hiss edəndə (biləndə)
büluğ yaşına çatmış sayılırlar.
Qızlar və oğlanlar on beş yaşınadək bu
halları yaşamasalar, on beş yaş büluğ
yaşıdır.
ALLAH ayədə
iki qrupu ayrıca qeyd etmişdir: xəstələr,
yolçular. Oruc tutmaq xəstələrə də,
yolçulara da fərzdir, ancaq onlar xəstə, ya da
yolçu olduqları Ramazan ayında deyil, daha sonra
(sağaldıqdan, yolçuluq bitdikdən sonra) günə
gün qəza edərlər. Xəstəlik oruc tutmağa mane
olacaq səviyyədə deyilsə, yolçu olan bir şəxsin
oruc tutmağa gücü çatırsa, xəstə, ya da
yolçu (səfəri) oruc tuta bilər, əks halda, o
müddətdə oruc tutmamalıdırlar.
Cabir bin
Abdullah rəvayət edir: ALLAH RƏSULU fəth ili Məkkəyə
doğru yola çıxmışdı. Kuraul-Qəmim deyilən
yerə çatdı. O da, səhabə də oruclu idilər,
yəni səfərə oruclu çıxmışdılar.
Allah Rəsuluna bu xəbər verildi: oruc tutmaq insanlara çətin
gəlir, onlar Sizin etdiyinizə baxıb dururlar (yəni sizə
görə canlarını dişlərinə tutub
oruclarını pozmurlar). Allah Rəsulu ikindidən sonra bir
bardaq su istədi, insanların gözü önündə
suyu içdi. Bu halı görənlərin bir qismi orucunu
açdı, bir qismi isə oruc tutmağa davam etdi. Orucunu
pozmayanların olduğunu eşidən Allah Rəsulu buyurdu:
onlar itaət etmirlər, onlar üsyan etmişlər.
Bu hədisi
xəstəlik, ya da yolçuluq zamanı oruc tutmaq yasaqdır
kimi oxumamalıyıq. Belə ki, hədis oruc tutacağı
halda sağlamlığı pozulacaq xəstə və
yolçuları nəzərdə tutur. Oruc tutan bir xəstənin
xəstəliyi artırsa, sağlamlığı
çökürsə, yolçuluq məşəqqətə
çevrilirsə, Allah Rəsulu bu halda oruc tutmağı
üsyan kimi dəyərləndirir. Oruc tutan bir xəstənin,
ya da yolçunun sağlamlığı zərər
görmürsə, istəsə, oruc tuta bilər, oruc
tutması daha xeyirli olar.
QURANİ-KƏRİM
deyir ki, Allah insana gücü çatmayacaq yükü
yükləməz, Allah Rəsulu buyurur ki, çətinləşdirməyin,
asanlaşdırın, nifrət etdirməyin, sevdirin. İslam
alimləri şərh etdiyimiz ayəyə əsaslanaraq Ramazan
ayında oruc tutmamağa izin verən halları belə
sıralamışlar:
a)
Yolçuluq - bir adam Ramazan ayında səfərə
çıxsa, səfər məsafəsi ən azı doxsan
kilometr olsa, gecədən oruca niyyət etməyə bilər.
Niyyət etdikdən sonra yolçuluğa çıxsa,
orucunu pozmamalıdır (hər hansı bir istisna hal ortaya
çıxmasa, məsələn, xəstələnər, qəza
olar, yaralanar...). Bir ibadət başlanmışsa, onu pozacaq
ciddi səbəb yoxdursa, o ibadət tamamlanmalıdır. Səfəri
olan bir insan orucunu pozsa, sonra qəza etməli, yəni günə
gün oruc tutmalıdır;
b) Xəstəlik
- bir insan oruc tutanda xəstəliyi artır, sağlamlığı
pozulursa, o, Ramazan ayında oruc tutmamalıdır,
sağaldıqdan sonra günə gün qəza etməlidir. Həkim
bir insana sən oruc tutsan, xəstələnəcəksən
deyirsə, o insan da xəstə sayılır;
c)
Qocalıq - oruc tuta bilməyəcək qədər
yaşlı olan bir insan oruc tutmaz, oruc tutmadığı hər
gün üçün bir fidyə verər. Sağalmaq
ümidi olmayan xəstələr də oruc
tutmadığı hər gün üçün fidyə
verməlidirlər. Bir xəstə sağalacaqsa, Ramazan orucunu
sağlamlığına qovuşduğu dövrdə günə
gün qəza etməlidir, fidyə verməsinə ehtiyac
yoxdur. Fidyə vermək hökmü heç bir halda oruc tutmaq
imkanı olmayacaq insanlara aiddir. Təbii ki, oruc tuta bilən bir
insanın yoxsullara yardım etməsi də gözəl
davranışdır, həm oruc tutur, həm də
yoxsulları doyurur, nəticədə, savab üstünə
savab qazanır;
d)
Çox aclıq və susuzluq - bir insanın aclıq, susuzluq
səbəbi ilə sağlamlığı ciddi zərər
görərsə, o, orucunu poza bilər,
sağlamlığına qovuşduqdan sonra isə Ramazan
orucunu günə gün qəza edər. Aclıq, susuzluq bir
insanın ölümünə yol açarsa, o insanın
orucunu pozmaması haramdır;
e)
Ağır, məşəqqətli işlərdə
çalışmaq - bu işlərdə çalışan
bir insan oruc tutacağı halda sağlamlığının
pozulacağını düşünürsə, oruc tutmaya
bilər. Uyğun bir zamanda Ramazan orucunu günə gün qəza
etməlidir;
f) Hamilə
olmaq və uşaq əmizdirmək - hamilə olan, ya da
uşaq əmizdirən bir qadın oruc tutacağı halda
özünə, körpəsinə zərər verərsə,
Ramazan orucunu tutmaya bilər, o, sonrakı dönəmdə,
uyğun bir zamanda orucunu günə gün tutmalıdır;
Toplasaq,
bunları deyə bilərik: Ramazan ayında oruc tutmamalarına
izin verilənlər bu iznə səbəb olan hallar ortadan
qalxdıqdan sonra tutmadıqları günlərin sayı qədər
oruc tutmalıdırlar (günə gün
ölçüsü). Sağalması imkansız olan xəstələr,
oruc tuta bilməyəcək dərəcədə
yaşlı olanlar hər Ramazan orucu günü
üçün bir fidyə verməlidirlər (təbii ki,
imkanları varsa). Bir oruc fidyəsi bir fitir sədəqəsi
miqdarıdır. Bir fitir sədəqəsi də bir yoxsulu bir
gün doyura biləcək qədər yeməkdir, ya da o yeməyin
qarşılığı olan puldur.
3)
"...(bunlar arasından) ona gücü çatanlar üzərinə
bir yoxsulu doyuracaq fidyə (vermək) zəruridir..."
Bu ayə
fərqli biçimlərdə anlaşılmışdır.
Ayədə FİDYƏ gücü çatanlara əmr
olunur. Sual budur: gücü çatanlar deyilərkən kimlər
nəzərdə tutulur? Bir sıra alimlər ayəni belə
oxumuşlar: orucunu qəza etməyə (orucunu bəlli səbəblərlə
vaxtında tuta bilməyib sonra tutmaq) gücü çatanlar həm
də bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər.
Bu oxunuşda iki sual ortaya çıxır: a) qəzası
olanlar qəza ilə birlikdə bir də fidyə verəcəklərmi?;
b) yoxsa qəza orucu yerinə fidyəmi verəcəklər?;
Bir sıra alimlər də ayəni belə anlamışlar:
oruc tuta bilməyənlər də bir yoxsulun (günlük)
yeyəcəyi qədər fidyə verərlər.
Biz ayənin
bu oxunuşunu doğru sayırıq: qəza ilə birlikdə
gücü çatanlar fidyə də versinlər: "...Qəza
ilə birlikdə gücü çatanın fidyə verməsi
(qəza orucunu da tut, imkanın varsa, fidyə də ver) fidyəsiz
qəzadan, ya da qəzasız fidyədən daha xeyirlidir. Qəza
orucu ilə birgə gücü çatanın fidyə də
verməsi - ikisini də yerinə yetirməsi birini icra etməkdən
daha xeyirlidir (hər şeyin doğrusunu Allah bilir)".
"FİDYƏ"
sözü "f-d-yə" kökündəndir, insanın
qarşılıq olaraq veriləcək bir şeylə
özünü bəladan qoruması fidyə adlanır, ya da
insanın qüsurlu bir ibadətə görə öz nəfsini
qorumaq üçün verdiyi malı da fidyə
sayılır. Fidyənin məqsədi bir insanı
sıxıntıdan qurtarmaqdır. Fidyə sözü həm
də dini termindir, mənası budur: oruc ibadətinin yerinə
yetirilməməsi səbəbi ilə, ya da həcc ibadətinin
icrası zamanı yol verilən bir sıra qüsurların
ortadan qaldırılması üçün, eləcə də
savaş əsirlərinin azad olmaları
qarşılığında ödənən maddi bədəl.
BİR
FİDYƏ bir insanı bir gün doyuracaq miqdarda yeməkdir
(qidadır), ya da bu miqdarın qarşılığı olan
puldur. Fidyə miqdarı Ramazan bayramından (fitir bayramı)
öncə verilən fitir sədəqəsinin miqdarı ilə
eynidir. Bu fidyə miqdarı ən aşağı
ölçüdür. İmkanı olanların daha çox
verməsi gözəl davranışdır.
Fidyə
Ramazan orucunun başlanğıcında, ortasında, sonunda
verilə bilər. Bir şəxsin fidyələrinin
hamısını bir yoxsula da, bir neçə yoxsula da
paylaması mümkündür.
ORUC
FİDYƏSİ maddi ehtiyaclarını təmin etməyə
borclu olduğunuz yoxsullara verilməz, məsələn, ata
oğula, oğul ataya, ər xanımına, xanım ərinə
fidyə verə bilməz, belə ki, bu qrupa daxil olanlar
bir-birilərinin dolanışığını təmin etməyə
borcludurlar. Ehtiyacları varsa, qardaşa, bacıya, xalaya,
dayıya, əmiyə, xalanın, dayının, əminin
övladlarına, gəlinə, kürəkənə,
qayınataya, qayınanaya fidyə (fitrə, zəkat) verilə
bilər.
FİDYƏ
vermək məcburiyyəti oruc tutmaq imkanı olmayan
yaşlılara, sağalmaq ümidi olmayan xəstələrə
aiddir, ancaq bir insan sonrakı dönəmdə
sağlamlığına qovuşacaqsa, orucunu mütləq qəza
etməlidir (vaxtında - Ramazan ayında tutulan oruc əda,
başqa vaxtda tutulan oruc qəzadır). Onun fidyə verməsi
məcburi deyil, fidyə versə də, oruc borcu ödənilmiş
sayılmaz.
Bir insan
oruc tuta bilməyəcək dərəcədə
yaşlıdırsa, ya da sağalmaq ümidi olmayacaq
biçimdə xəstədirsə, fidyə vermək
imkanı da yoxdursa, onların Allahdan bağışlanma istəmələri
gözəl bir davranışdır...
4)
"...Kim daha çox xeyir işlərsə (xeyir işləri
olarsa), özü üçün daha yararlı olar..."
AYƏNİN
bu hissəsini belə oxuya-anlaya bilərik:
Kim orucunu
da tutsa, fidyəsini də versə;
- Fərzləri
də, nafilələri də yerinə yetirsə;
- Kim sevə-sevə
daha çox xeyir işlər etsə;
- Daha
çox fidyə versə, daha çox yoxsulu doyursa;
- RAMAZAN
ORUCU ilə birgə, başqa vaxtlarda da oruc tutsa;
Ayədəki
"XEYİR" sözü bu mənaların
hamısını əhatə edir. Allah buyurur ki, xeyri
çoxaltmaq xeyir sahibinin yararınadır, ona dəyər,
sayğı, savab qazandırır.
5)
"...Ancaq (əgər) bilsəniz, oruc tutmaq sizin
üçün daha xeyirlidir"
AYƏ
oruc tutmağın dəyərini ifadə edən sözlərlə
bitir, sıradakı ayə ilə bağ qurur. Ayənin
başı ilə sonunu birləşdirsək, bu məna ortaya
çıxar: Allah xəstələrə, yolçulara
Ramazan ayında oruc tutmamaq izni verir. Bununla birlikdə, buyurur
ki, ciddi bir sıxıntı yoxdursa, yəni oruc tutmaq
imkanı varsa, oruc tutmaq sizin üçün daha xeyirlidir.
İMAM ZƏMƏXŞƏRİ bu ayəni oruc tutmaq fidyədən
də, fidyədən daha çoxunu verməkdən də
xeyirlidir kimi oxumuşdur.
Bir
sıra alimlər isə ayəni bağlamından qopararaq
ümumi biçimdə - oruc tutmaq insana xeyirlər gətirəcək
anlamında oxumuşlar, yəni bu cümlənin birbaşa xəstə
və yolçularla bağı yoxdur.
6) Yüz
səksən dördüncü ayənin ortaya qoyduğu nəticələr
- Ayə
Ramazan orucunu tanıdan ayələr qrupuna daxildir;
-
Sayılı günlər Ramazan ayıdır;
- Xəstələr,
yolçular bu ayda oruc tutmaya bilərlər;
- Xəstəlik,
ya da yolçuluq bitəndə oruc günə gün qəza
edilməlidir;
- Qəza
ilə birlikdə fidyə də verilsə, daha xeyirli olar;
- Fidyə
vermək oruc tuta bilməyəcək dərəcədə
yaşlı olanlara, sağalmaq ümidi olmayan xəstələrə
aiddir;
- Ramazan hər
növ xeyri çoxaltmaq ayıdır;
"(O
sayılı günlər) Ramazan ayıdır ki,
insanlığa rəhbər olan, bu rəhbərliyin
açıq-aşkar dəlillərini (bəlgələrini)
daşıyan və haqqı batildən ayıran Quran bax (məhz)
bu ayda endirilmişdir. Sizdən biri bu aya qovuşanda oruc tutsun,
xəstə, ya da yolçu olan kimsə də başqa
günlərdə qəza etsin! Allah sizin üçün
asanlıq istər, sizi sıxıntıya (çətinliyə)
salmaq istəməz. (O) oruc günlərinin sayını
tamamlamağınızı, sizi doğru yola
qovuşdurduğu üçün Onu
ucaltmağınızı və şükür etməyinizi
istər" (Bəqərə, 2/185)
1) "(O
sayılı günlər) Ramazan ayıdır ki..."
ALLAH
yüz səksən dördüncü ayədə
"sayılı günlərdə" buyurmuşdu. Şərh
etdiyimiz ayədə o sayılı günlərin Ramazan
ayı olduğunu açıqlayır.
"RAMAZAN"
sözü "r-m-d" kökündəndir, bu mənaları
olduğu irəli sürülmüşdür:
a)
Allahın adlarından biridir - bu görüş əsassızdır,
belə ki, Qurani-Kərimdə Allahın Ramazan adı yoxdur.
Allaha ad və sifətləri Özü verər, kimsənin
Ona ad / sifət vermək haqqı yoxdur;
b) Gur
yağan yaz yağışı, bu yağış yeri,
havanı tozlardan / kirlərdən təmizləyər. Ramazan
orucu da o yağış kimidir, insanın bədənini maddi,
vicdan, ağıl, qəlb və ruhunu mənəvi zəhərlərdən
arındırar;
c) Qovurucu
istilik - Günəşin istiliyi nəticəsində daş
qızır, çayda, dənizdə çiməndən
sonra ayağını daşın üzərinə qoyur,
istiliyini hiss edirsən, bu istilik insanın ruhunu dincəldir.
İstiliyin həm yandırma, həm də təmizləmə
özəlliyi var, yəni Ramazan orucu insanı maddi, mənəvi
kirlərdən təmizləyir, günahlarını
yandırır;
d) Otun
biçilməsi - sahənin təmizlənməsi;
e) Oxun
ucunun itilənməsi üçün iki daşın
arasına sürtülməsi - bu yolla oxun ucunun pası
silinir, nəticədə, kəskinliyi, itiliyi, deşmə
imkanı artır;
Bu
izahların ortaq nöqtəsi TƏMİZLİKDİR, yəni
Ramazan orucu insanları maddi, mənəvi kirlərdən təmizləyir.
ALLAH ayədə
"Ramazan ayı" - "şəhru Ramazanə" buyurur.
"Şəhr" sözü "ş-h-r"
kökündəndir, tanınan / bilinən anlamını
daşıyır, "ay" / "şəhr"
hilalın çıxması ilə bilinən / tanınan - bəlli
olan zaman dilimidir. Ay / şəhr bir şeyin ortaya
çıxmasını ifadə edir. "Şöhrət"
sözü də eyni kökdəndir, şöhrət bir
şeyin ortaya çıxması, tanınmasıdır, hilal
görünür, ayın gəldiyini xəbər verir, hər
kəs də Ramazan ayının başladığını
bilir.
Ayədəki
"Ramazan ayı" - "şəhru Ramazanə" ifadəsi
o sayılı günlərin Ramazan ayı olduğunu ifadə
etmək üçün seçilmişdir, bu ifadə o
sayılı günləri açıqlayır (qeyd edək
ki, Ramazan ayında oruc tutulmasının tarixi Qurani-Kərimin
nazil olması ilə başlamır, öncəki nəsillərin
də bu ayda oruc tutduqları bilinir).
"RAMAZAN
AYI" ifadəsinin vurğularını belə də oxuya
bilərik:
-
Tutulması fərz olan oruc Ramazan ayı orucudur - o Ramazan
ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa
başlamışdır;
- Ramazan
ayı orucunu tutun - o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil
olmağa başlamışdır;
- Ramazan
ayında oruc tutmağınız sizin üçün daha
xeyirlidir - o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa
başlamışdır;
- O
sayılı günlər Ramazan ayıdır - o Ramazan ayı
ki, Qurani-Kərim bu ayda nazil olmağa
başlamışdır;
RAMAZAN qəməri
(Ay təqvimi) ayların doqquzuncusudur. Ramazan orucu hilalın
görünməsi ilə başlayır. Burada təəssüflə
qeyd etmək istəyirik ki, İslam alimləri dəfələrlə
bir araya gəlsələr də, elmi müzakirələr
aparsalar da, çoxluq eyni qərarı qəbul etsə də,
siyasi səbəblərlə İslam ümməti Ramazan
orucunu eyni gündə başlayıb eyni gündə bitirə
bilmir, bu da ümməti parçalayır, birlik şüurunu
zəiflədir, qaşınmayan yerdən qan
çıxarır.
Fikir
ayrılığına səbəb olan sual budur: Ramazan
hilalı dünyanın hər hansı bir bölgəsində
görünəndə, yoxsa hər ölkənin əhalisi
öz ölkəsində hilalı görəndə oruc
tutulmağa başlanmalıdır? 1978-ci ildə İstanbulda
keçirilən elmi konfransda İslam alimləri belə bir qərar
verdilər: əsas olan Ramazan və bayram hilalının
dünyanın hər hansı bir yerində görünməsidir,
təqvimlər də bu hesaba görə tərtib
olunmalıdır. Bu doğru qərara baxmayaraq, ayrı-ayrı
dövlətlərin siyasi iddiaları İslam ümmətinin
birliyinə imkan verməmiş, Ramazan orucunun
başlanğıc və bitiş tarixi, eləcə də
bayramın ilk günü ilə bağlı fərqlər
ortaya çıxmışdır...
Allah oruc
ayələrində ilahi tərbiyə proqramına uyğun
olaraq məsələləri addım-addım izah etdi. Onun tərbiyə
sisteminin bu özəllikləri var: a) mərhələlik - tərbiyə
çətin, uzun, mərhələli işdir; b) tərbiyədə
məcburiyyət deyil, inandırma əsasdır,
inandırmanın canı da lehdə, əlehdə olan dəlilləri
ortaya qoymaqdır; c) mərhəmət və şəfqət
- bu, ilahi tərbiyənin ən önəmli
ölçüsüdür - sevmədiyinizi tərbiyə edə
bilməzsiniz; d) ardıcıllıq - az olsun, davamlı olsun
ölçüsü; e) mükafat və cəza -Allah
doğru yola yönələnə mükafat, yönəlməyənə
cəza vəd edir;
ALLAH bir
neçəsini saydığımız tərbiyə
ölçülərinə uyğun olaraq öncə oruc
ibadətini fərz qaldı ("yazdı"), sayılı
günlər buyurdu - sınırı göstərdi, öncəki
ümmətləri yada saldı, orucun önəmini, dəyərini
açıqladı, izinli olanları saydı, orucun hikmətinin
təqva ilə bağlı olduğunu vurğuladı, müjdə
verdi, psixoloji hazırlığı tamamladı, sonra incəlikləri
təqdim etdi.
RAMAZAN
Qurani-Kərimin doğum ayıdır, vəhyin nazil olmağa
başladığı qədir / qiymət / dəyər gecəsinin
min aydan (səksən üç il - bir insan ömrü) daha
xeyirli olmasının, Ramazana ayların soltanı deyilməsinin
(bu, Qurana aid ifadə deyil) səbəbi də Qurani-Kərimdir.
Qurani-Kərimin
bir Ramazan gecəsi nazil olmağa başlaması da təsadüf
deyil -Allahın təsadüf adlı qanunu yoxdur. O, zaman dilimi
olaraq məhz gecəni seçmiş, bu mesajı vermişdir:
Qurani-Kərim insanları qaranlıqlardan (bu söz cəmdədir,
belə ki, yanlış cavablar saysız-hesabsızdır)
aydınlığa (bu söz təkdədir, belə ki,
doğru cavab birdir, həqiqətin qaynağı təkdir -
Allahdır, sənə görə, mənə görə həqiqət
olmaz, olsa, milyonlarla həqiqət ortaya çıxar, yəni
ölçü olmaz, ölçü yoxdursa, əxlaq da
yoxdur, əxlaq yoxdursa, sağlam həyat imkansızdır)
çıxarmaq üçün nazil edildi. Ey insan, Qurani-Kərim
nazil olmağa başladığı gecəni nura
çevirdi, gecəni min aydan daha xeyirli etdi, sən bu
KİTABA iman etsən, köləliyin, cəhalətin
qaranlıqlarından qurtular, nura - elmə, hidayətə,
azadlığa qovuşar, dəyər qazanarsan...
"...Ramazana
hörmət Qurana hörmətdir, Qurana hörmət Allaha
hörmətdir. Ramazana hörmətin ölçüsü
isə onu oruclu keçirməkdir. Belə ki, o (Ramazan)
insanlığa rəhbər olan, haqqı batildən ayıran
vəhyi əlindən tutaraq insanlığa təqdim
etmişdir. Ramazan dəyərini Quran ayı olmasından
alır".
2)
"...İnsanlığa rəhbər olan, bu rəhbərliyin
açıq-aşkar dəlillərini (bəlgələrini)
daşıyan və haqqı batildən ayıran Quran bax (məhz)
bu ayda endirilmişdir"
ALLAH
Ramazan ayının niyə bu dərəcədə önəmli
olduğunu açıqlayır. Qurani-Kərim Məkkədə,
Nur dağında, Hira mağarasında ("hira"
sözü arayış mənasını daşıyır,
Allah Rəsulu o mağaraya gedər, özü ilə
baş-başa qalar, mən kiməm, məni kim yaratdı, niyə
yaratdı, bu dünyada niyə varam, haradan gəlib haraya gedirəm
suallarına cavab axtarar, iç dünyasına
yolçuluğa çıxar, özünü kəşf
etməyə, Allahı, insanı, varlığı, həyatı,
ölümü anlamağa çalışardı. O,
Elçi seçilməzdən öncə Hira məktəbində,
sorğu-sual, düşüncə, arayış məktəbində
oxudu), son Elçiyə - aləmlərə rəhmət
olaraq göndərilmiş hz.Məhəmmədə, altı
yüz onuncu ilin Ramazan ayının bir gecəsində (Qurani-Kərim
nazil olanadək o gecə Qədir gecəsi adlanmırdı,
sıradan bir gecə idi, o gecənin adını Allah qoydu -
QƏDİR, QİYMƏT, DƏYƏR gecəsi) vəhy mələyi
Cəbrail vasitəsi ilə ilk ayələri nazil edildi. O gecə
bu mübarək adı ona görə aldı, bu adla ona
görə şərəfləndi ki, Qurani-Kərim o gecə
enməyə başladı, Qurani-Kərim nazil olduğu gecənin
mahiyyətini, anlamını dəyişdirdi, ona yeni dəyər
yüklədi, yeni status verdi, sıradan bir gecə olmaqdan xilas
etdi. Mesaj budur: ey insan, Qurani-Kərim sənə nazil olsa, Onu
anlasan, dəyərlərini həyatına daşısan, yenidən
doğulacaqsan, bu mübarək KİTAB sənə anlam, məna,
dəyər yükləyəcək. Allah Qurani-Kərimin nazil
olmağa başladığı gecənin şərəfinə
bir surə endirmiş, adını da Qədir surəsi
qoymuşdur, yəni kim Quranla yaşasa, nəfəs alsa, dəyər
qazanacaq.
Qurani-Kərimin
nüzulu (endirilməsi) Məkkə, Mədinə dönəmi
olmaqla iyirmi üç il davam etdi. Belə bir görüş
var, İbn Abbasa aiddir, deyir ki, Qurani-Kərim Ramazan ayında, Qədir
gecəsində tam biçimdə lövhi-məhfuzdan
dünya səmasına, daha sonra da hissə-hissə Allah Rəsuluna
endirilmişdir. Bu görüşün Qurani-Kərimə
bağlı heç bir dəlili yoxdur. Qurani-Kərimin
tamamı Ramazan ayında enmədi, ilk ayələri bu ayda
nazil olmağa başladı.
ALLAH ayədə
buyurur ki, Ramazan Qurani-Kərim ayıdır, Quransız Ramazan
olmaz, Quran bu ayın ruhudur. Bu ayda Qurani-Kərimi anlamağa
yönəlin, siz Onu anlasanız, O sizin
ağlınızı, qəlbinizi, vicdanınızı, iradənizi,
bütövlükdə həyatınızı yenidən
inşa edəcək, bu ayda Qurani-Kərimdən doğulun.
AYƏ
Qurani-Kərimin üç özəlliyini önə
çıxarır: a) insanlığa rəhbərdir - hidayətdir;
b) bu hidayətin açıq-aşkar dəlillərini
daşıyır; c) haqqı batildən ayırır;
a) Qurani-Kərim
insanlığa rəhbərdir - hidayətdir
ALLAH
Qurani-Kərimin bir qrupa, bir irqə, bir ümmətə deyil,
bütün insanlığa hidayət rəhbəri
olduğunu buyurur. İlahi kəlam doğru yolu, bu yolun
ölçülərini açıqlayır, buyurur ki, hidayət
Allahın əlindədir, ilk addımı insan atmalı, o,
hidayəti istəməli, onun üçün
çalışmalıdır, hidayət onu tələb edənə
verilər.
"HİDAYƏT"
sözü ərəbcədir, "h-d-ya" kökündəndir,
eyni kökdən olan sözlər Qurani-Kərimdə
üç yüz on altı kərə işlədilmişdir,
bu anlamları var:
a)
"yol göstərmək"
"Bizə
doğru yolu göstər" / "Bizi doğru yola yönəlt"
(1/6)
b)
"yönəltmək"
"Onlara
cəhənnəmin yolunu göstərin" (37/23)
c) "səbəb
olmaq"
"...Kim
onu (Şeytanı) yoldaş seçərsə, bilsin ki,
(Şeytan) onu azdıracaq və alovlu atəşin əzabına
sürükləyəcək" (22/4).
ç)
"fitrət qazandırmaq"
"(Musa)
da bizim Rəbbimiz hər şeyə
yaradılışını verən (hər şeyi yaradan),
sonra da (yaratdıqlarına yaradılışına uyğun
yolu göstərəndir dedi)" (20/50).
d)
"yol tapmaq"
"O
daha necə əlamətlər yaratdı. Onlar ulduzlarla da
(hansı yoldan gedəcəklərini) taparlar" (16/16).
e)
"doğrunu tapmaq"
"Onun
taxtını tanımayacağı bir hala gətirin, görək
tanıyacaqmı, yoxsa tanımayanlar arasındamı
olacaq" (27/41).
ə)
"qurban"
"Həcc
və ümrəni Allah üçün tam yerinə yetirin.
Əgər (bunları) yerinə yetirmək imkanı verməsələr,
(sizin üçün) asan olan qurbanı kəsin (göndərin)"
(2/196).
f) "hədiyyə"
"(Səba
məlikəsi Belkıs): "Mən (indi) onlara bir hədiyyə
ilə elçi göndərim, baxaq elçilər (hansı
nəticə) ilə dönəcəklər", -
cavabını vermişdi" (27/35).
Ayədəki
"müttəqilər üçün hidayətdir"
("hudən lil-muttəqin") ifadəsini hidayətə
qovuşanlar üçün təqva qaynağıdır kimi
anlamamalıyıq: "...İfadədə hidayət təqvanın
deyil, təqva hidayətin alt yapısı (əsası,
bünövrəsi) olaraq təqdim edilir, yəni təqva hidayətin
səbəbi, hidayət təqvanın nəticəsidir...
Hidayətdən öncəki təqva "məsuliyyət əxlaqı"dır.
"Məsuliyyətli davranış" anlamına gələn
saleh əməl də məhz belə bir əxlaqdan
doğular".
BEYDAVİ
yazır ki, Qurani-Kərim hidayəti müttəqilərə
(təqva sahiblərinə) xas qılmışdır (aid etmişdir).
Bunun səbəbi var: təqva sahibləri bu rəhbərlikdən
istifadə etmiş, Allahın ayələrindən
yararlanmışlar. Əslində, Qurani-Kərimin yol göstərməsi
insanların hamısına aiddir: "O, insanlara bir rəhbərdir"
(2/185). Quran hidayətindən özəlliklə təqva əhlinin
istifadə etməsi bunu da göstərir: "Ondan
ağlından doğru istifadə edənlər,
düşünənlər faydalana bilər, çünki
Quran sağlamlığı qorumaq üçün zəruri
olan faydalı qida kimidir. Bədən sağlam deyilsə, o
faydalı qidalar işə yaramaz...".
"HÜDA"
/ "HİDAYƏT" yol göstərmək, doğru yola
yönəltmək, maarifləndirmək, uca Allahın razı
olduğu həyat tərzində, iman, ibadət, əxlaq
yolunda ilahi rəhbərlik etməkdir. İlahi kitablar müttəqilərə
(təqvalı olanlara) doğru yolu göstərmək
üçün nazil edildi, bu kitablar qorunanlara ilahi rəhbərlikdir.
Hüda/hidayət açıq olan, doğru yolu tapan, göstərən
dəlildir. Elə bir dəlildir ki, insanı doğru yola
qovuşdurur. Əl-Hüda insanı arzuladığı məqsədə
qovuşdurar, o, nurdur, qaranlıqları yox edər, o, bələdçidir,
insanı azmaqdan qoruyar.
QURANİ-KƏRİM
hidayətdir, hidayətin qaynağıdır, hidayət Onunla
mümkündür. Hüda qəlbə yerləşən
imandır, qul onu istəyər, Allah da yaradar.
ZƏMƏXŞƏRİ
deyir ki, ayədə "müttəqilərə hidayət rəhbəridir"
deyilir. Müttəqilər hidayətə qovuşmuş
insanlardır. O halda, ayə niyə bu biçimdə nazil
olmuşdur? (Yəni hidayətdə olanlara hidayət istəməyin
anlamı nədir?): "Bu, sənin hörmətli bir insana:
"Allah səni əziz qılsın, sənə güc,
qüvvət versin, sənə ikram etsin", - tərzindəki
cümlənə bənzəyir. Sən bu cümlənlə
o insanda var olan şeyin sabit olmasını, artmasını,
davam etməsini istəyirsən. Eyni ölçü Fatihə
surəsinin bu ayəsində də var: "Bizi doğru yola
yönəlt!" (Doğru yolda olanlar doğru yol istəyirlər
- doğru yolda olmaq önəmli, onu qorumaq daha önəmlidir)".
HİDAYƏTDƏ
şüurlu, iradəli, hədəfli tələb/yönəlmə
var. Hidayət arzu edilən şeylərə qovuşduran vasitələri
qəti/dəqiq göstərmək, doğru yolu tanıtmaq,
yol işarələrinin anlamını izah etməkdir, yəni
maarifləndirmə işidir, həqiqəti
açıqlamaqdır, elm, öyrənmə, oxuma,
düşünmə yoxdursa, hidayət də yoxdur. Hidayətin ziddi dəlalətdir
(azmadır).
"HİDAYƏT"
sözü ilə eyni kökdən olan sözlərdən
biri də "hədy"dir, "həyat tərzi",
"hal", "gediş" anlamları var. Allah Rəsulu
buyurur: "Sözün ən doğrusu Allahın
kitabıdır, yolların ən gözəli də Məhəmmədin
yoludur (hədyu Muhamməd)".
Qurani-Kərimdə
hüda/hidayət ilə vəhy arasında sıx bağ var:
"Ey
insanlar, sizə Rəbbinizdən bir öyüd-nəsihət,
ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə,
nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət
(Quran) gəlmişdir" (10/57).
"Onu
(İslamı) bütün dinlərdən üstün etmək
üçün öz elçisini hidayət və haqq dinlə
göndərən Odur..." (9/33).
Böyük
İslam alimi RAĞIB ƏL-İSFAHANİYƏ görə
Allahın insanı hidayətə yönəltməsi dörd
mərhələdə gerçəkləşir:
- Hidayət
insana yol göstərən ağıl və biliyi ifadə
edir. Bu hidayət insana verilmişdir: "(Musa): "Rəbbimiz
hər şeyə öz xilqətini verən, sonra da ona
doğru yolu göstərəndir", - dedi" (20/50).
- Allah
Qurani-Kərimi nazil edərək, Elçi seçərək
insanları hidayətə dəvət etmişdir: "Biz
onları əmrimizlə (insanları) doğru yola gətirən
imamlar etdik" (21/73).
- Hidayət
Allahın insana lütfüdür: "İman gətirib
yaxşı işlər görənlərin Rəbbi
(onları)... hidayətə qovuşdurar" (10/9). "Kim
Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər"
(64/11).
- Allah
hidayətə qovuşanları axirətdə cənnətə
qoyar: "Biz onların (cənnət əhlinin) ürəklərindəki
kin-küdurəti çəkib çıxardıq.
Onların (qaldıqları yerin) altından çaylar axar.
Onlar deyərlər: "Bizi buraya gətirib çıxaran
Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi,
biz doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin
elçiləri haqqı gətirmişlər!" Onlara:
"Etdiyiniz əməllərə görə varis
olduğunuz Cənnət budur!" - deyə müraciət
ediləcəkdir" (7/43).
ALİMİN
DEDİYİ BUDUR: Allah insanın hidayətə
qovuşması üçün ona AĞIL vermiş,
KİTABLAR, ELÇİLƏR göndərmiş, lütf
etmiş, bu imkanlardan doğru yararlananları da cənnətlə
müjdələmişdir. ALLAH RƏSULU nur və hidayət
olan Qurani-Kərimə sımsıx sarılmağı
tövsiyə etmiş, Ona sarılanın nicat tapacağını,
Ondan ayrılanın da dəlalətə düşəcəyini
vurğulamışdır. O, Allahdan hidayət istəmişdir:
"Allahım, məni bağışla, mənə mərhəmət
et, mənə hidayət, afiyət, ruzi ver!",
"Allahım, hidayət etdiklərinlə bərabər mənə
də hidayət ver. Sağlamlıq və afiyət verdiklərinlə
bərabər mənə də sağlamlıq ver! Himayə
etdiyin kimsələrlə bərabər məni də himayə
et! Mənə verdiyin nemətləri bərəkətləndir!".
ALLAH
buyurur ki, insan ağıllı, iradəli, vicdanlı
varlıqdır, o, iradə etməli, istəməlidir ki, O da
doğru yola yönəltsin. Hidayət tələb edilən, əmək
verilən, seçilən bir nemətdir. Allah istədiyinə
hidayət verər, istədiyini də azdırar
anlayışı yanlışdır, elə olsa idi, ilahi
Kitablara, Elçilərə, ağıla, iradəyə,
imtahana, ibadətə, itaətə, əməyə, hesaba,
yenidən dirilişə, cənnətə, cəhənnəmə
ehtiyac olmazdı. Allah buyurur ki, dində məcburiyyət
yoxdur, istəyən iman etsin, istəyən küfür etsin,
O, insanı azdırmaz, azmaq istəyənin azmasına izin verər.
QURANİ-KƏRİM
BUYURUR Kİ, İNSAN HİDAYƏT ÜÇÜN BU
ADDIMLARI ATMALIDIR:
- Məsuliyyətli
varlıq olduğunu qəbul etməli, üzərinə
düşən işləri yerinə yetirməlidir: "De:
Əgər mən azsam (dəlalətə düşsəm),
öz əleyhimə azmış olaram, yox əgər
doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi
vəhy hesabına mümkün olar. Şübhəsiz, O, hər
şeyi eşidir, O, (quluna şah damarından) çox daha
yaxındır" (34/50);
- İman
etməlidir, iman etsə, Allah ona rəhbər olar: "Əgər
doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi
vəhylə mümkün olar..." (34/50);
- Allaha
(Onun kitabına) sımsıx sarılmalıdır:
"Hamınız birlikdə Allahın ipinə
sarılın, bir-birinizdən ayrılmayın..." (3/103);
- Kimsənin
arxasınca kor-koranə düşməməlidir: "Onlara:
"Allahın endirdiklərinə uyun!" - deyildiyi zaman:
"Xeyr, biz atalarımızın ənənəsinə tabe
olarıq", - deyərlər. Ataları
ağıllarından heç istifadə etməmiş,
doğru yolu tapmamışlarsa, necə olacaq?" (2/170);
- Cihad etməlidir:
"(Biz) davamız uğrunda var gücünü xərcləyənləri,
əlbəttə, Öz yollarımıza yönəldəcəyik,
şübhəsiz, Allah yaxşı və ərdəmli
olanların yanındadır" (29/69);
- Hidayətə
yönəltməyi istəməli, onun üçün dua
etməli, çalışmalıdır: "Bizi doğru
yola yönəlt!"(1/5);
- Hidayətə
tabe olmalıdır: "...Hər kim (ona çatan) rəhbərliyə
tabe olsa, artıq onun üçün gələcək qorxusu
yoxdur, keçmişdən dolayı hüznlü də
olmayacaq" (2/38);
- Azmamaq
üçün çalışmalıdır: "...Rəbbimiz!
Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi
azdırma, bizə yanından bir rəhmət bəxş
et..." (3/8);
- Bilməlidir
ki, O, azmayanı azdırmaz: "Onlar nə zaman yoldan
azdılarsa, Allah da Onların qəlblərinin azmasına izin
verdi" (61/5);
QURANİ-KƏRİM
BUYURUR Kİ, BU İŞLƏR İNSANIN AZMASINA YOL AÇAR:
- Ənənəyə
kor-koranə bağlılıq: "...Onlar:
"Atalarımızın ənənəvi bir inanca
bağlı olduğunu gördük, biz də onların izindən
getsək, mütləq doğru yolu tapa bilərik", - deyirlər"
(43/22);
-
Doğru yolda olduğunu zənn etmək: "Onlara:
"Allahın endirdiyinə və peyğəmbərə gəlin!"
- deyiləndə: "Atalarımızın ... inancı bizə
yetər!" - deyirlər" (5/104);
- Arzu və
həvəsinin arxasınca getmək: "Ondan (Rəbbin ayələrindən)
üz çevirən kimsədən daha zalım biri ola bilərmi?"
(18/57);
- Zülm
etmək: "Xeyr, (özlərinə) zülm edən kimsələr
bilgisiz və şüursuzca öz arzu və həvəslərinə
tabe olurlar. Artıq Allahın (bu şəkildə)
azdırdıqlarını kim doğru yola yönəldə
bilər ki?" (30/29);
-
Allahın ayəsini (ayələrini) bilmədən ehkam kəsmək
(hökm vermək): "Onlara doğru yolun bilgisi gəldiyi
zaman insanları ona inanmaqdan uzaqlaşdıran şey bu cür
(belə) düşünmələridir: "Bu, necə ola
bilər? İndi Allah fani bir insanımı elçi göndərdi?"
(17/94);
- Şeytana
uymaq: "...Şeytanı dost seçənlər ola bilər,
əlbəttə, (şeytan) o tipləri azdırar,
yaxıb-yandıran bir əzaba yönləndirər"
(22/4);
- Axirətə
inanmamaq: "...Doğrusu, Allahın hüzuruna
çıxarılacaqları həqiqətinin yalan olduğunu
söyləyən, doğru yola yönəlməməkdə
israr edən kimsələr (o gün) hər şeyi itirmiş
olacaqlar" (10/45);
- Öncə
iman edib, sonra inkara yönəlmək: "...Onu inkar etsəniz,
unutmayın ki, göylərdə və yerdə olan hər
şey Allaha aiddir" (4/131);
-
Ehtiyacsız olduğunu düşünmək: "Bəli, bəli,
insan mütləq azar, ehtiyacsız olduğunu düşünəndə..."
(96/6-7);
QURANİ-KƏRİM
ALLAHIN KİMLƏRƏ HİDAYƏT
VERMƏYƏCƏYİNİ AÇIQLAYIR:
- Allaha
üsyan edənlərə;
- Həqiqətə
arxa çevirənlərə;
-
Günaha gömülənlərə;
- Zülm
edənlərə;
-
İnkar edənlərə;
- Nəfsinin
istəklərinə tabe olanlara;
-
İsraf edənlərə;
-
Şübhəçilərə;
- Qəlbi
sərtləşənlərə;
- Yalan
danışmağı təbiət halına gətirənlərə;
-
Doğru yoldan azan qövmə;
-
İnkarda israr edənlərə;
- Ayələri
inkar edənlərə;
- Təqlidçilərə;
-
İmandan sonra inkara yönələnlərə;
-
Elçi ilə arasını ayıranlara;
QURANİ-KƏRİM
BUYURUR Kİ, ALLAH BU QULLARINA HİDAYƏT VERƏR:
-
Ağıl və beş duyğudan doğru istifadə edənlərə;
- İman
edənlərə;
- Saleh əməli
olanlara;
- Tövbə
edənlərə;
- Allaha
yönələnlərə;
- Qurani-Kərimə
tabe olanlara;
-
Elçiyə tabe olanlara;
- Allaha
(Onun kitabına) sarılanlara;
- Cihad edənlərə;
QURANİ-KƏRİM
BUYURUR Kİ, BU ÖZƏLLİKLƏR İNSANIN
HİDAYƏTİNƏ MANE OLUR:
- Təkəbbür;
- Yersiz
inad, yanlışda israr;
- Nəfsinə
kölə olmaq;
- Cəhalət;
- Varlığın
anlamını, məqsədini, hikmətini düşünməmək;
QURANİ-KƏRİM
BUYURUR Kİ, HİDAYƏT İNSANI MÜSBƏTƏ,
XEYRƏ DOĞRU DƏYİŞDİRƏR,
QƏLBİNƏ HÜZUR VERƏR, ONU YÖNƏLDƏR:
- Allaha
qulluğa;
-
Başqa varlıqlara qulluqdan imtinaya;
- Köləlikdən
azadlığa;
- Allah qorxusuna
(sevən sevdiyini itirməkdən qorxar);
-
Yalnız Ona təzimə;
- Ona
sımsıx sarılmağa;
- Ona təslimiyyətə;
- Onu
haqqı ilə anmağa;
-
İlahi rizaya;
- Xeyir
işlərə;
- Ədalətə;
HİDAYƏT
İŞIQ, DƏLALƏT (AZMA) QARANLIQDIR. Allah təkcə
insana deyil, bütün varlıqlara hidayət vermişdir:
Günəşin, Ayın, hər planetin, suyun, küləyin...
öz yolu var... Qurani-Kərim hidayət kitabıdır.
İnsanın hidayətə qovuşması Allahın
ƏL-HADİ adının təcəllisidir. O, hidayətin
qaynağıdır.
ALLAH
İNSANA HİDAYƏT RƏHBƏRLƏRİ
VERMİŞDİR:
- Onu
inanmaq, doğru yolu tapmaq özəlliyi-fitrəti ilə
yaratmışdır;
-
Ağıl vermişdir;
- Vəhy
nazil etmişdir;
-
Elçilər göndərmişdir;
Kimə
hidayət verilibsə, ona ən böyük nemət verilib.
Qurani-Kərimə görə, NEMƏT verilənlər
bunlardır:
- ən-Nəbiyyun
(elçilər) (4/69);
- əs-Siddiqun
(həqiqətə sadiq olanlar) (4/69);
- əş-Şühəda
- haqqa şahid olanlar (4/69);
- əs-Salihin
- inandığını həyatına daşıyanlar, islah
edən əməlləri olanlar (4/69);
ALLAH
buyurur ki, heç şübhə yoxdur ki, yeganə rəhbərlik
Allahın rəhbərliyidir (6/71), O, doğru yola yönələnlərin
hidayətini artırar (47/17).
HİDAYƏT
İLAHİ RƏHBƏRLİKDİR - Fatihə surəsində
hidayət istəyənlərə sıradakı Bəqərə
surəsinin ikinci ayəsində cavab verilmiş, yol göstərilmişdir:
içində şübhə olmayan bu KİTAB müttəqilər
üçün bir ilahi rəhbərlikdir. Doğru yol Qurani-Kərimdən
başlayır, müttəqi də təqva sahibi olan, məsuliyyət
şüuru ilə yaşayan, günahlardan çəkinən,
əzabdan qorunan kimsədir.
HİDAYƏT
yaradılış hədəfinə, ilahi rizaya, fitrətə,
Allahın seçdiyi həyat tərzinə uyğun
yaşamaqdır: "O, hər şeyə
yaradılışdan bir ölçü və hədəf təqdir
etdi, sonra (o ölçüyə uyaraq hədəfinə
qovuşacaq) istiqamətə yönəltdi" (44/38-39). Hər
varlığın bir məqsədi, işi var, hər
varlıq mənalı, hədəfli yaradılıb: "...
Biz göyləri, yeri və bu ikisi arasındakıları oyun
olsun deyə yaratmadıq... gerçək bir hədəf
üçün yaratdıq" (23/115). "İndi Bizim sizi
boş yerə və hədəfsiz
yaratdığımızı, (hesab vermək
üçün) Bizə qaytarılmayacağınızı
düşünürsünüz, eləmi?" (29/2-3);
QURANİ-KƏRİM
buyurur ki, insan inandım deməklə canını qurtara bilməz:
"Yoxsa o (inandıq deyib də) pisliyi davam etdirənlər
Bizdən yaxa qurtaracaqlarınımı düşünürlər!
Nə bərbad düşünürlər!" (29/4);
QURANİ-KƏRİM
buyurur ki, Allah hidayəti istəyənə verir (2/272),
Elçinin işi dəvətdir (42/52-53), iman et, haqqa yönəl,
O da hidayəti yaratsın (64/11; 13/27), iradə hürriyyətin
var, seçim sənə aiddir, hər kəs hidayətə
möhtacdır, O, hidayət istəyənin hidayətini artırar
(18/13; 19/76).
HİDAYƏTİN
ÜÇ ANLAMI VAR: açıqlama (maariflənmə),
doğru yola yönəltmə (azmaqdan qoruma), Allahın bizim
üçün hidayəti yaratmasını istəmə.
Allah buyurur ki, O, doğru yola yönələnlərin hidayətini
artırar, onlara qorunma gücü bəxş edər. Hidayətə
qovuşmaq insanı günahlardan, anlamsızlıqdan,
ümidsizlikdən, köləlikdən, qorxunc aqibətdən
qoruyar.
Hidayət
Allahın lütfü ilə insana yol göstərməsidir.
Onun hidayət vasitələri çoxdur: ağıl, elm,
duyğular, haqq ilə batili ayıran dəlillər,
Elçilər, ilahi Kitablar...
Hidayətdə
olanın hidayət istəməsi daha çox hidayət tələb
etməsi, doğru yolda qərarlılıq diləməsidir:
bizi doğru yolda qərarlı qıl, o yolda getməyi ehsan
et, ey Rəbbimiz! Hidayət Allahın inananlara vəd etdiyi zəfərə
qovuşmaqdır.
b) QURANİ-KƏRİM
HİDAYƏTİN AÇIQ-AŞKAR
DƏLİLLƏRİNİ DAŞIYIR
İlahi
mətndə "BƏYYİNAT" sözü var,
"b-y-n" kökündəndir, eyni kökdən olan
sözlər Qurani-Kərimdə beş yüz iyirmi
üç yerdə işlədilmişdir, bu mənaları
var:
-
"Açıqlamaq" (2/160);
-
"Ortaya çıxmaq" / "ayrılmaq" (2/256);
-
"Araşdırmaq" (4/94);
-
"Anlatmaq" (43/52);
- "Dəlil"
(6/57);
-
"Yarar" (43/18);
-
"Mesaj" 3/38;
-
"Arasında" (2/285);
Qurani-Kərim
BƏYYİNATDIR, hidayətin açıq-aşkar dəlilidir.
Dəlil elə bir şeydir ki, onun vasitəsi ilə bir
varlığın bilgisi / elmi, həqiqəti ortaya qoyulur, dəlil
yol göstərir, rəhbərlik edir, sübutdur, hidayətlə
- doğru yolla, dəlaləti - yanlış yolu bir-birindən
ayırır.
Qurani-Kərim
ilahi dərs kitabıdır, izah edir, açıqlayır,
Allahı, tövhidi, şirki, həyatı, ölümü,
dünyanı, axirəti, həqiqətləri, insanın
yaradılış missiyasını göstərən dəyərlər
- ölçülər ortaya qoyur.
O, dəlildir,
açıq bəlgədir, doğru yolu göstərən əlamət,
işarə, xəritə, bələdçidir, hər zaman
doğru olanı danışır, içində şübhə
yoxdur, insanı şübhələrdən təmizləyir,
çaşmaz, Ona inananları hədəfə - ilahi rizaya
qovuşdurar, O olmasa, hidayət də olmaz, düşünənə
dəlillər verir, halalı, haramı, xeyri, şəri
tanıdır, doğru hökmlər qoyur, elə hökmlər
ki, insanın mənalı, məqsədli, ümid dolu, axirət
təyinatlı həyat yaşamasına yol açır.
HİDAYƏTİN
ziddi dəlalətdir - doğru yoldan çıxmaqdır,
doğru yoldan çıxan, azan, yolunu itirən həlak olar.
QURANİ-KƏRİMDƏ
hidayətin - doğru yolun açıq-aşkar dəlilləri
var, yəni Onun hesabına doğru yolu tanıdıq, O,
ölçülər qoydu, biz də bu ölçülərə
iman etdik, nəticədə, doğru yolu yanlış yoldan
ayırdıq.
c)
QURANİ-KƏRİM HAQQI BATİLDƏN AYIRIR
RAMAZAN
ORUCU ilə bağlı ayə Qurani-Kərimin
üçüncü özəlliyini tanıdır: O,
FURKANDIR - haqqı batildən ayıran Kitabdır. Burada iki
anlayış var: haqq, batil. HAQQ mənalı, məqsədli,
xeyirli, içində həqiqət olandır. Allah buyurur ki,
O, hər şey haqq olaraq yaratdı, yəni hər
varlığın mənası, məqsədi var, ona yüklənmiş
vəzifəni yerinə yetirir. BATİL isə mənasız,
məqsədsiz, həqiqətdən məhrum, xeyirsiz
olandır. Tövhid haqq, şirk batildir, ədalət haqq,
zülm batildir, elm haqq, cəhalət batildir, mərhəmət
haqq, acımasızlıq batildir, birlik haqq, ayrılıq
batildir, işıq haqq, qaranlıq batildir, savab haqq, günah
batildir ...
FURKAN
sözü üç ayədə Qurani-Kərimin adı kimi
işlənmişdir, ayrıca ilahi mətndə Furkan adlı
bir surə var. Qurani-Kərim buyurur ki, kim məni anlasa, mənə
iman etsə, buyurduğum kimi yaşasa, ona Furkan olma - xeyiri
şərdən, haqqı batildən, doğrunu
yanlışdan seçmə özəlliyi verəcəyəm.
İlahi
mətndə Qurani-Kərimin tamamına da, bir
parçasına da KİTAB, ya da QURAN deyilmişdir. Qeyd edək
ki, ƏL-KİTAB Qurani-Kərimin adlarından biridir, bu söz
ilahi mətndə iki yüz altmış iki dəfə
işlənmişdir, ancaq hər zaman Qurani-Kərim
anlamını daşımır, bu anlamları var:
- "Dəlil"
/ "bəlgə" (22/8; 30/35);
-
"Əməl dəftəri" (82/9-11; 17/13-14);
- "Fərz"
(57/25);
- "Vəhy"
(57/25);
-
"Hökmlər" / "şəriətlər"
(57/25);
-
"İlahi kitab" (2/213; 16/64);
-
"Quran" (2/2; 5/48; 14/1);
-
"İncil" (19/30; 3/48; 57/27);
-
"Tövrat" (17/2; 46/12; 6/154);
-
"Lövhi-məhfuz" (qorunmuş lövhə, ana
yaddaş kartı) (50/4; 57/22);
-
"Ümumi kitab" (28/49; 17/93);
- "Öncəki
kitablar" (26/96);
-
"Hz.Davuda verilən kitab" (17/93);
- "Rəsulun
öyrətdiyi kitab" (2/128-129);
-
"Elmin qaynağı kitab" (27/40);
-
"Əl ilə yazılan kitab" (2/79);
-
"Oxuma" / "yazma" (5/110);
- "Məktub"
(27/28-29);
-
"Yazışma" (24/33);
-
"sözləşmə" (43/4);
QURANİ-KƏRİMDƏ
BU TƏRKİBLƏR DƏ VAR:
-
"ümmül-Kitab" ("Kitabın anası")
(2/101);
- "əhli-Kitab"
("Kitab əhli") (2/101);
-
"Kitabullah" (Allahın Kitabı) (2/136);
-
"Kitabi Rəbbukə" (Rəbbinin kitabı) (18/27);
-
"Kitabun mubin" (apaçıq Kitab) (5/15);
"QURAN"
sözü "q-r-ə" kökündəndir,
"oxumaq" anlamını daşıyır. "Quran"
sözü ilə bağlı beş görüş var: Fərraya
görə "bənzər", Əşariyə görə
"bitişdirmək", Zəccaca görə
"toplayıb bir araya gətirmək", bir
görüşə görə "oxunan" mənalarını
daşıyır. Şafiiyə görə heç bir
sözdən törədilməyib, xas isimdir.
"QURAN"
sözünün anlamı əşyanı bir-birinə
yaxınlaşdırıb aralarındakı bağı kəşf
etməkdir - oxumaq (anlamaq) bağ qurmaq, cəm etmək, birləşdirməkdir.
Bir mətnin doğru anlaşılması söz-məna-məqsəd
üçlüyünü bir arada tutmağa
bağlıdır: nə deyir (məna), niyə deyir (məqsəd),
necə deyir (söz). Bu söz bilgini əldə etmək,
ondan məna çıxarmaq və çatdırmaq mərhələlərinin
üçünü də əhatə edir. Fulan vəznindəndir,
həm ismi fail, həm də ismi məfuldur, bu vəzndə
olan söz oxumağın bütün müsbət
anlamları ilə dolu olan bir xitab vurğusu
daşıyır. Qurani-Kərimin bir cismi, bir də ruhu var,
cismi söz, ruhu mənadır.
"QURAN"
sözü ilahi mətndə hər zaman eyni mənanı
daşımaz. "Quran": "...daim oxunan, anlam imkanı
tükənməz, oxumaqla anlamı əsla bitirilməyəcək
olan" deməkdir. Qurani-Kərim bütün zamanlara və
bütün məkanlara xitab edən "yaşayan
möcüzə"dir, içində şübhə yoxdur,
ayələri bir-birini inkar etməz, əksinə, bir-birini
tamamlayar, ayələri ilə kainat ayələri arasında
ziddiyyət yoxdur, elmi dəlillərlə uyum içindədir.
Qurani-Kərimdə
"QURAN" sözü yetmiş dəfə işlədilmişdir.
İlk dəfə işləndiyi yer Furkan surəsinin otuzuncu
ayəsidir: "Və (o gün) Rəsul deyəcək:
"Ey Rəbb! Mənim qövmüm bu Qurana vaxtı
keçmiş, tərk edilmiş bir kitab kimi baxdı!"
(25/30) QURANİ-KƏRİM düşünərək, anlayaraq,
hiss edərək oxunmasını istəyir. Onu anlayanlara, Ona təslim
olanlara, Onun ölçüləri ilə yaşayanlara bu
dünyada anlamlı bir ömür, axirətdə cənnət
vəd edir. Qurani-Kərimin üzərimizdə dörd
haqqı var: oxumaq, anlamaq, dəyərlərini yaşamaq,
öyrətmək;
3)
"...SİZDƏN BİRİ BU AYA QOVUŞANDA ORUC TUTSUN,
XƏSTƏ, YA DA YOLÇU OLAN KİMSƏ DƏ BAŞQA
GÜNLƏRDƏ QƏZA ETSİN! ALLAH SİZİN
ÜÇÜN ASANLIQ İSTƏR, SİZİ SIXINTIYA
(ÇƏTİNLİYƏ) SALMAQ İSTƏMƏZ..."
a)
"Sizdən biri (kim) bu aya qovuşanda..."
Ayənin
orijinalı belədir: kim bu aya - Ramazan ayına şahid olsa, yəni:
- kim bu
ayda həyatda olsa, yaşasa;
- məhz
bu ayda oruc tutsun;
- kim bu
ayda oruc tutsa;
- kim bu
ayda oruc tutmağa hazır olsa;
- kim bu
ayın dəyərini qavrasa;
b)
"Oruc tutsun..."
Oruc ayələrində
Qurani-Kərimin nazil olmağa başladığı RAMAZAN
AYINDA oruc tutmağın fərz olduğunu göstərən
üç ifadə var:
-
"Oruc sizə yazıldı" ("kutibə") -
cümlədəki "yazıldı" feili "fərz
qılındı" anlamını daşıyır, yəni
Ramazan ayında oruc tutmaq ilahi əmrdir;
- "bu
aya şahid olan oruc tutsun";
- "o
günləri - Ramazan ayındakı sayılı günləri
(bir ay, 29/30 gün) tamamlayın", yəni Allahın Ramazan
orucu ilə bağlı əmrini yerinə yetirin;
c)
"...Xəstə, ya da yolçu olan kimsə də başqa
günlərdə qəza etsin!"
Bu
cümlə yüz səksən dördüncü ayənin mətnində
var idi, bir də təkrar edildi, yəni xəstə və
yolçularla bağlı hökm öz qüvvəsini
saxlayır, öncəki cümlə insanları oruca
hazırlayan mətnin içərisində idi, indi isə
hökm verilmişdir.
Bir insan
Ramazan ayında xəstə olsa (öncəki ayənin şərhində
şərtləri açıqladıq), sonra
sağlamlığına qovuşsa, orucunu qəza etməlidir.
Xəstə bir insanın sağalmaq ümudi olmasa, o, orucunu qəza
etməz, günə gün fidyə
verər. Ramazan ayında yolçu olan (səfəri) bir
insan yolçuluq bitəndən sonra orucunu qəza etməli -
günə gün tutmalıdır (yolçu olduğu halda
orucunu tutmağa gücü çatarsa, orucunu tutar).
QƏZA
ORUCUNUN (vaxtında - Ramazan ayında tutulan oruc əda, sonra
tutulan oruc qəza adlanır) ard-arda (fasilə verilmədən)
tutulması ilə bağlı hər hansı bir dəlil
yoxdur. Doğru olan qəza orucunu gecikdirmədən
tutmaqdır, belə ki, bu, Allahın haqqıdır, bir də
insan nə zaman öləcəyini bilməz. Ramazan orucunun qəzası
oruc tutmaq haram olan günlər istisna hər zaman yerinə
yetirilə bilər. Allah Rəsulu buyurmuşdur ki, iki zaman
dilimində oruc tutmayın: a) Ramazan bayramının birinci
günü; b) Qurban bayramı günləri.
QƏZA
ORUCU ard-arda da (fasiləsiz), bəlli aralıqlarla da tutula bilər.
İmam Əbu Hənifə qəza orucunun tutulması
üçün bəlli bir vaxt müəyyən etməmiş,
ilk fürsət ortaya çıxanda tutulmasının
doğru olduğunu söyləmişdir. İmam Şafii isə
demişdir ki, qəza orucu sıradakı Ramazan ayınadək
tutulmalıdır. Bu vaxt dilimində qəza orucunu tutmayan kimsə
qəza orucunu tutmaqla birgə fidyə də verməlidir.
d)
"...ALLAH SİZİN ÜÇÜN ASANLIQ İSTƏR,
SİZİ SIXINTIYA (ÇƏTİNLİYƏ) SALMAQ
İSTƏMƏZ..."
İslam
dininin önəmli tərbiyə ölçülərindən
biri də asanlaşdırmaqdır. Allahın xəstə və
yolçulara izin verməsi asanlıq qapısını
açmasıdır. Bunun bir örnəyi də oruc tutmaq
imkanı olmayanlara (oruc tutmaq imkanı olmayacaq dərəcədə
yaşlı olan, sağalmaz xəstəliyi olan insan) fidyə
yolunu göstərməsidir (fidyə vermək imkanı varsa,
verər, yoxsa Allaha dua edər, Ondan bağışlanma istəyər).
Burada bir
məsələni də vurğulamaq istəyirəm ki, orucun
asan tutulması üçün saxur yeməyi yeyilməlidir
(imsaqdan öncə yeyilən yemək). Bir sıra müsəlmanlar
ya tənbəllikdən, ya da saxur yeməyi yemədən oruc
tutmağın daha fəzilətli olduğunu düşünərək
iyirmi dörd saat oruc ölçüsü tətbiq edirlər.
Bu, yanlış addımdır, insanı bezdirər, yorar,
orucun bərəkətindən məhrum edər. Adam saxur yeməyini
yemir, bütün günü yatır, oruc tutduğunu zənn
edir. RAMAZAN AYI yatma (təbii ki, zəruri ölçüdə
yatacaqsan) ayı deyil, çalışma, oxuma,
düşünmə, yardımlaşma ayıdır, ailənin,
insanların sənin üzərində haqqı var, o haqqı
yerinə yetirməlisən.
ALLAH
RƏSULU buyurur:
"Saxur
yeməyi yeyin. Belə ki, saxurda bərəkət var" -
saxur yeməyinin bərəkətləri sırasında
bunları saya bilərik: oruc tutmağı
asanlaşdırır, ailəni bir araya toplayır,
yardımlaşmanı öyrədir, oruc şüurunu
gücləndirir, səhər namazını vaxtında
qılmağa yol açır...
"Bizim
orucumuz ilə kitab əhlinin (yəhudi və xristianların)
orucu arasındakı fərq saxur yeməyinə
qalxmamızdır".
"Nübüvvət
(Elçilik) əməllərindən biri də iftarın təcili
(tam vaxtında) yeyilməsi saxurun da gecikdirilməsidir (yemək
vaxtını orucun başlamasına çox az qalanadək
uzadın)", bu yolla oruc dönəmində aç qalma
vaxtınız qısalır, nəticədə, oruc tutmaq
asanlaşır, yəni iftar yeməyini tələsdirin, saxur
yeməyini gecikdirin.
"Müsəlmanlar
vaxtı tamam olan kimi (gecikdirmədən) iftar etsələr, hər
zaman xeyirlə birgədirlər".
BİR
ÖNƏMLİ MƏSƏLƏ DƏ VAR: təmtəraqlı,
zəngin, bahalı iftar süfrələri orucu
anlamamaqdır, Ramazanın ruhuna ziddir, israfdır, Qurani-Kərimin
ayəsi ilə desək, israf edənlər şeytanın
qardaşlarıdır, iftardan sonra əyləncə məclisləri
təşkil etmək də əsla Ramazanın ruhuna, ədəbinə
uyğun deyil. Oruc tutmaq çox önəmli bir ibadətdir,
onu festivala çevirərək bərəkətindən məhrum
qalmayaq, unutmayaq ki, Ramazanın ruhu Qurani-Kərimdir...
4)
"...(O), ORUC GÜNLƏRİNİN SAYINI TAMAMLAMAĞINIZI,
SİZİ DOĞRU YOLA QOVUŞDURDUĞU ÜÇÜN ONU
UCALTMAĞINIZI VƏ ŞÜKÜR ETMƏYİNİZİ
İSTƏYƏR"
Öncəki
cümlə ilə bağ quraq: Allah buyurdu ki, O, sizin
üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə)
salmaq istəməz. Bu cümlə də oruc adlı ilahi tərbiyə
proqramının üç hökmünü
açıqlayır: a) oruc günlərinin sayını
tamamlayın; b) sizi doğru yola qovuşdurduğu
üçün Onu ucaldın; c) şükür edin;
a) ORUC
GÜNLƏRİNİN SAYINI TAMAMLAYIN
Orucu ilahi
tərbiyə proqramı adlandırdıq. Bu proqramın -
reseptin müəllifi Allahdır, tərbiyənin (ilahi
müalicə sisteminin) nəticə verməsi
üçün şərtlər var: proqramı oxu, anla, tətbiq
et, bir də bəlli bir vaxta ehtiyacı var. Bu vaxt bir aydır
- Ramazan ayıdır, Qurani-Kərimin nazil olmağa
başladığı aydır. Proqram deyir ki, bir ay imsaqdan
iftaradək yemə, içmə, cinsi münasibətdə
olma, gözünü, qulağını, dilini haramdan qoru,
Qurani-Kərimi oxu, anla, dəyərlərini həyatına
daşı ki, bədənin maddi, ağıl, qəlb, vicdan və
iradən mənəvi zəhərlərdən təmizlənsin,
arın ki, artasan, dəyər qazanasan, fitrət insanı
olasan.
"Oruc
günlərinin sayını tamamlayın" cümləsi
yüz əksən dördüncü ayədəki
"sayılı günlər" ifadəsini
açıqlayır, deyir ki, o günlər RAMAZAN AYIDIR,
ikincisi, oruc ibadətinin fərz olduğunu göstərir. Oruc
tərbiyə proqramının müddəti bir ay, bərəkəti
ən azı bir il (hər il təkrar olunur), savabı
ömür boyu davam edir, mükafatı Allaha aiddir.
b)
"SİZİ DOĞRU YOLA QOVUŞDURDUĞU
ÜÇÜN ONU (UCA ALLAHI) UCALDIN"
RAMAZAN
AYINDA nazil olmağa başlayan Qurani-Kərimdə hidayətin
açıq dəlilləri var. Allah bu Kitabı insanlar
doğru yola qovuşsun, nəticədə, dəyər, anlam,
hüzur qazansın deyə nazil etmişdir. Ramazanın
haqqını vermək Qurani-Kərimi anlamaqla, dəyərlərini
həyata daşımaqla, Onun buyurduğu kimi yaşamaqla
mümkündür. Şərtlərinə əməl edilməyən
resept fayda vermədiyi kimi, oxunmayan, anlaşılmayan, tətbiq
edilməyən Qurani-Kərim də şəfa verməz.
ALLAH
buyurur ki, sizi doğru yola - hidayətə qovuşdurduğu
üçün Onu ucaldın ("tukəbbiru"). Təkbir
ALLAHU ƏKBƏR ifadəsi ilə gerçəkləşir,
mənası budur: ALLAH TƏK BÖYÜKDÜR. Allahı
ucaldın əmri sadəcə dillə - Allahu əkbər deyərək
yerinə yetirilmiş olmaz, şüurla, Allahı doğru
tanımaqla, saleh əməllə gerçəkləşər.
TƏKBİR
hər şeydən öncə Allahın tək böyük
olduğunu anlamaqdır. İnsan bu həqiqəti anlasa, nə
olar? Allahdan başqa kimsəyə qul olmaz, köləlikdən,
şirkdən qurtular, azadlığa, azadlığın əsası
olan tövhidə qovuşar. Təkbir demək - Allahı
ucaltmaq, Onun əmrlərini yerinə yetirməkdir. Təkbir
insanın sahib olduğu hər şeyi Allaha borclu olduğunu
anlaması, acizliyini bilməsi, bütün varlığı
ilə Ona təslim olması, Onun buyurduğu kimi
yaşamasıdır.
Allahın
bir adı da ƏL-KƏBİRDİR, O, sonsuz böyük,
tayı-bərabəri olmayan uludur. Qurani-Kərimdə Allahu əkbər
cümləsi yoxdur, ancaq təkbir əmri var: "Və Rəbbəkə
fəkəbbir" - "Rəbbini təkbir et" (74/3;
17/111; 2/185), yəni təkbir Allahın əmridir, fərzdir.
İslam alimləri yazırlar ki, təkbirin üç
növü var:
a)
QƏLBİN TƏKBİRİ - bu, qəlbin Allahın sonsuz
böyüklüyünə imanı, onu təsdiq, həzm etməsidir.
Təkbir əmri "de" biçimində deyil,
"et" biçimindədir, yəni təkbir sadəcə
söz deyil, xeyir uğrunda hərəkət, əməl,
işdir. Qəlb Allahın tək böyük olduğuna iman
edər, dil də Allahu əkbər deyər;
b)
AĞILIN TƏKBİRİ - Allahın sonsuz
böyüklüyünü təsdiq edən qəlbə
ağılın verdiyi elmi dəstəkdir, Onun mütləq
böyüklüyünün dəlillərini bilməkdir, bu
da ancaq elmlə mümkündür, kainat Allahın tək
böyük olduğunun elmi dəlilləri ilə doludur;
c)
DİLİN TƏKBİRİ - bu, dillə Allahu əkbər
- Allah tək böyükdür deməkdir, İslamın
şüarlarından biridir: "Biz müsəlmanlar sevinəndə,
üzüləndə, çaşanda, heyran olanda Allahu əkbər
deyərik, belə ki, sevinsək, sevincimizi Allahın
böyüklüyünə bağlayarıq. Üzülsək,
özümüzü Allahın tək böyük olması
ilə təsəlli edərik. Ondan ayrı olan bir səadət
və fəlakət təsəvvürümüz
olmadığı üçün səfa halında da, cəfa
halında da ALLAHU ƏKBƏR deyərik. ... Bayramlar
insanların ən sevincli günləridir. Müsəlman sevinəndə
Rəbbindən qopmaz (Rəbbindən qopanların yeni il gecəsini
vəhşətə, savaşa necə çevirdiyini
üzülərək görürük, partlayış səslərindən
insanlar dəhşətə gəlirlər - S.H), əksinə,
Rəbbinə şükür edər. Bayram namazları bu
şükrün nəticəsidir. Bayram namazlarını o
biri namazlardan ayıran tək şey təkbirin say
çoxluğudur, yəni, ey insan, sevinəndə Allahdan
qopma, sevinəndə ALLAH ƏKBƏR de (sevincini Allahdan
qoparanların - Onu unudaraq sevinənlərin ad günlərini,
toylarını, bayramlarını israf məclislərinə
necə çevirdiklərini ürəyimiz sızlayaraq
görürük - S.H). Sevinmək duyğusu Allahın insana
lütfüdür, bu nemətin şükrü sevinci Ondan
ayırmamaqdır... Cənazə törənləri
insanların ən hüznlü anlarıdır. Müsəlmanlar
ölən yaxınlarını axirətə yola salarkən
cənazə namazı qılarlar. Cənazə
namazının ən açıq özəlliyi təkbirin
sayının çox olmasıdır. Təkbirin sayının
çox olmasının hikməti nədir? Budur: ey insan,
hüzünlənəndə Allahdan qopma (qopanların
saçını yolduğunu, sinəsinə
döydüyünü, başına vurduğunu, kürəyini
zəncirlədiyini, üzünü
cırdığını, şaxsey-vaxsey dediyini,
bağırdığını, Allaha üsyan etdiyini, məzarlara
sarıldığını, sevdiyinin məzarı
üstündə yatdığını dərin kədərlə
izləyirik - S.H). Hüznlənəndə ALLAHU ƏKBƏR
de, ölümü yaradanı xatırla, ölümü anla,
Onun sadəcə həyatın deyil, ölümün də Rəbbi
olduğunu unutma. Belə ki, insan ölüm kimi ağır
bir gerçəyin yükünün altından ancaq
Allahın tək böyük olduğunu xatırlayaraq qalxa bilər...
Namaza ALLAHU ƏKBƏRLƏ başlayar, hər rükətdə
bu ifadəni beş dəfə təkrar edərik. Namaz qulun
Allah qarşısında əsas duruşunu təmsil edən
ibadətlər toplusudur. ALLAHU ƏKBƏR - Allah tək
böyükdür deməyərək, bunu etiraf etməyərək
başlayan bir ibadət insanı qula qul olmaqdan necə qurtara
bilər? Biz ALLAHU ƏKBƏR deyirik, qula, əşyaya qul
olmağı rədd edirik. Allaha qulluğumuzu səcdə ilə
zirvəyə daşıyırıq. Təkbirin insanı gətirdiyi
nöqtə bir təslimiyyət (sevgi) hərəkəti olan
səcdədir...".
AĞLIMIZA
BELƏ BİR SUAL GƏLƏ BİLƏR: Allah niyə oruc ayələrinin
sonunda Onu ucaltmağı, (təkbiri, O, təkbir söylə
buyurmur, təkbir et buyurur, yəni təkbir söz deyil,
işdir, duanın ən xeyirlisi feili - əməli dua olduğu
kimi, təkbirin də ən bərəkətlisi əməli
olanıdır) əmr edir? Bunun səbəbi var: oruc
böyük, çətin, mükafatı Allaha aid olan ibadətdir,
bütün ibadətlər kimi, oruc tutmaq da feili-əməli
təkbirdir, Onun buyruqlarını sevə-sevə yerinə
yetirməkdir. Allaha təslim olan - Onun buyurduğu kimi
yaşayan hər kəs hər an təkbir halındadır -
ağlı, iradəsi, qəlbi, vicdanı, dili, işi,
qazancı, sosial və siyasi münasibətləri - bir
sözlə, bütün varlığı öz halı ilə
(öz hal dili ilə) ALLAHU ƏKBƏR - Allah tək
böyükdür deyir. Allahı zikir etmək də budur, təsbeh
çevirmək, eyni sözü yüz dəfə, min dəfə
təkrar etmək deyil.
c)
ŞÜKÜR EDİN
Bu,
Allahın üçüncü istəyidir, əmridir. Oruc
ibadətinin içində Qurani-Kərim, tövhid, təqva,
şükür, dua var. Bunlar ilahi nemətlərdir, hər
birinin şükrü var, hər nemətin şükrü
öz cinsindəndir: Qurani-Kərimin şükrü Onu oxumaq,
anlamaq, dəyərlərini həyatına daşımaq (Onun
buyurduğu kimi yaşamaq), öyrətməkdir, tövhid
(Allahdan başqa ilah yoxdur) nemətinin şükrü şirkə
bulaşmamaqdır, təqvanın şükrü pisliklərdən
qorunmaqdır, duanın şükrü ancaq Allahdan istəməkdir.
Şükür
ibadətdir, nemətlərin sahibinin Allah olduğunu bilmək,
hər nemətdən ilahi təyinatına uyğun istifadə
etməkdir. Məsələn, zaman nemətdir, onu xeyirli
işlərə sərf etmək şükür, israf etmək
nankorluqdur, sosial media nemətdir, ondan xeyri çoxaltmaq
üçün istifadə etmək savab və
şükür, onu dedi-qodu, qeybət, iftira, yalan,
söyüş, özünü bəyəndirmə vasitəsinə
çevirmək nankorluq, günah, haramdır...
"ŞÜKÜR
ET" bir ilahi əmrdir, Allah buyurur ki, insan bunlara görə
şükür etməlidir:
- Allah
insan oğluna eşitmə, görmə, düşünmə
qabiliyyəti verdiyi üçün (16/78; 32/9);
- Allah
insan oğluna rəhbərlik etdiyi, yol göstərdiyi
üçün (2/185);
- O, həqiqəti
ayələrlə (ayələri bir-birinə bağlayaraq)
açıqladığı üçün (7/58);
-
Elçilərin qissələrini bizə ibrət və
örnək olsun deyə, nəql etdiyi üçün (14/5);
- Gecəni
və gündüzü bir-birinin qarşılığı
olaraq yaratdığı üçün (25/62);
- Göydən
suyu acı deyil, dadlı olaraq endirdiyi üçün (56/70);
-
Heyvanları insan oğlunun əmrinə verdiyi
üçün (22/36; 36/71-73);
- Dənizi
insan oğlunun əmrinə verdiyi üçün (16/14;
30/46);
- Bitki məhsulları
ilə ruzi verdiyi üçün (14/37);
- Halal
ruzilər yaratdığı, onları insana göndərdiyi
üçün (16/144);
-
İnsana ruzi axtarmaq arzusu, həvəsi (iştiyaqı) verdiyi
üçün (29/17);
- Onun
yaratdığı ruziləri bildiyimiz üçün
(34/15);
- Neməti
qulunun üzərində göstərmək, tamamlamaq
üçün (5/6);
- Bədir
savaşında zəfərlə dəstəklədiyi,
saysız nemətlər verdiyi üçün (7/26);
RAMAZAN
Qurani-Kərim ayıdır, Allahın bu mübarək ayda
Qurani-Kərimi nazil etməyə başlamasına oruc tutaraq
şükür edirik, mədəmizi ac saxlayır,
ağıl, vicdan, qəlb, ruh və iradəmizi bir adı da
ilahi Ruzi olan Qurani-Kərimlə doyururuq, Onunla yenidən
inşa olur, yenidən doğulur, tövhidə, ədalətə,
fitrətə, barışa, qardaşlığa, birliyə,
sevgiyə, mərhəmətə yönəlirik.
RAMAZAN
maddi aclıq, mənəvi doyum ayıdır. Elə buna
görə də Qurani-Kərimin şükrünü bir ay mədəmizi
ac saxlayaraq gerçəkləşdiririk, deyirik ki, önəmli
olan maddi deyil, mənəvi yönümüzdür,
ağıl gerçək qidası olan elmlə, qəlb
gerçək qidası olan imanla, vicdan gerçək
qidası olan mərhəmətlə doymasa, insan öz fitri
missiyasını yerinə yetirə bilməz.
d) YÜZ
SƏKSƏN BEŞİNCİ AYƏNİN ORTAYA QOYDUĞU
NƏTİCƏLƏR
- Allah
sayılı günlərdə oruc tutmağı əmr edir;
- O
sayılı günlər RAMAZAN AYIDIR;
- Ramazan qəməri
ayların doqquzuncusudur;
-
QURANİ-KƏRİM Ramazan ayında, min aydan daha xeyirli Qədir
gecəsində nazil olmağa başladı;
- Gecə
nazil olmağa başladı, mesaj verdi, dedi ki, Qurani-Kərim
Ona iman edənləri, Onun buyurduğu kimi yaşayanları
qaranlıqlardan nura, cəhalətdən elmə, küfürdən
imana, şirkdən tövhidə, köləlikdən
azadlığa qovuşduracaq;
- Ramazan
ayında oruc tutmaq Qurani-Kərim nemətinə görə
Allaha ŞÜKÜR anlamını daşıyır;
- Ramazan
ayını başqa aylardan seçən, onu soltan qılan
Qurani-Kərimdir;
-
QƏDİR GECƏSİNİ başqa gecələrdən
seçən, onu min aydan (səksən üç il - bir
insan ömrü) xeyirli edən Qurani-Kərimdir;
- Qurani-Kərim
Ona iman edən, dəyərlərini həyatına
daşıyan hər kəsi seçər, üstün
qılar, həyatına dəyər, anlam, bərəkət
qazandırar;
- RAMAZANA
HÖRMƏT ruhu, ağlı, qəlbi, vicdanı,
gözü, qulağı, mədəsi, bütün
varlığı ilə oruc tutmaqdır - Qurani-Kərimə,
bu bərəkəti tükənməyən neməti nazil edən
Allaha hörmət, iman, təslimiyyətdir;
- Yüz
səksən beşinci ayə Qurani-Kərimin üç
özəlliyini önə çıxarır:
a) O,
insanlığın hidayət rəhbəridir;
b)
İçində hidayətin - ilahi rəhbərliyin
açıq dəlillərini daşıyır;
c)
Haqqı (mənalı və məqsədli olanı) batildən
(mənasız və məqsədsiz olandan) ayırır;
-
FURKANDIR, Ona inananlara da xeyiri şərdən seçmək
özəlliyi verir;
- Orucun
içində Qurani-Kərim, tövhid, təqva,
şükür, dua var;
- Oruc ibadəti
hər il Ramazan ayında təkrar olunan ilahi tərbiyə
proqramıdır;
- ALLAH
kimsəni oruc tutmağa məcbur etməz, Onun üsulu belədir:
öncə oxu, anla, öyrən buyurar, Onun ölçüsünü
yerinə yetirsən, bilgin iman olar, iman sevgi yaradar, sevgi oruc
tutmağı (bütün ibadətləri)
asanlaşdırar, təslimiyyətə yönəldər.
Sevginin ölçüsü fədakarlıq və təslimiyyətdir
- ey insan, imanın Allaha təslimiyyətin qədərdir.
Sıralama belədir: elm-şüur-iman-sevgi-əməl.
Anlayış dəyişsə, davranış dəyişər;
- ALLAH
yüz səksən beşinci ayənin sonunda insandan
üç şey istəyir:
a) Oruc
günlərinin sayını tamamlayın;
b) Sizi
doğru yola qovuşdurduğu üçün Allahı
ucaldın, təkbiriniz (ALLAHU ƏKBƏR) olsun. Oruc tutmaq əməli
(əsl) təkbirdir, təkbir işdir, əməldir, sadəcə
söz deyil;
c) Allaha
şükür edin - nemətlərin gerçək sahibini
tanıyın, onlardan ilahi təyinatına uyğun istifadə
edin;
"Əgər
qullarım səndən Məni soruşsalar, yaxşı
bilsinlər ki, Mən çox yaxınam. Mənə dua edənin
səsinə (çağırışına) dərhal
qarşılıq verərəm. O halda, onlar da Mənə
qarşılıq versinlər və Mənə tam güvənsinlər
ki, haqq yoluna yönəldilsinlər" (2/186)
1)
"ƏGƏR QULLARIM SƏNDƏN MƏNİ SORUŞSALAR,
YAXŞI BİLSİNLƏR Kİ, MƏN ÇOX
YAXINAM..."
a) Ayənin
nüzul səbəbi
Ayələrin
nüzul (eniş) səbəbini bilmək onları doğru
anlamağın ölçülərindən biridir. Nüzul
kitabları yazılsa da, bütün ayələrin
endiriliş səbəbini bilmirik, ancaq Qurani-Kərimin
nüzul səbəbini dəqiq bilirik: insanın ağlına
yardım etmək, onun qəlbini, vicdanını, fitrətini
qorumaq, əxlaqını gözəlləşdirmək, ona
doğru yolu göstərmək, ümid vermək, həyatına
dəyər, anlam qazandırmaq, azadlığa qovuşdurmaq.
Bu ayənin
nüzul səbəbi ilə bağlı bir neçə rəvayət
var:
- Həsən
Bəsri deyir ki, bir sıra səhabələr Allah Rəsulundan
soruşdular: "Rəbbimiz haradadır?" Bu suala cavab
olaraq ayə nazil oldu;
- Bir insan
Allah Rəsuluna dedi: "Rəbbimiz bizə
yaxındırmı? Yaxındırsa, Ona gizlicə dua edim.
Uzaqdırsa, uca səslə dua edim". Ayə bu suala cavab
olaraq nazil oldu;
- Bir
sıra insanlar soruşdular: "Rəbbimizə nə zaman dua
edək?" Ayə bu suala cavab olaraq nazil oldu;
-
Mücahid deyir ki, "Mənə dua edin, duanızı qəbul
edim" ayəsi endi. Bir sıra insanlar dedilər: "Harada
dua edək?" Ayə bu suala cavab olacaq nazil oldu;
- Katadə
deyir ki, bir sıra insanlar dedilər: "Ey Allahın Rəsulu,
biz Rəbbimizə nə biçimdə dua edək?" Ayə
bu suala cavab olaraq nazil oldu;
- İbn
Abbas deyir ki, Mədinə yəhudiləri Allah Rəsulundan
soruşdular: "Ey Məhəmməd, sənin Rəbbin bizim
dualarımızı necə eşidir?" Ayə bu suala cavab
olaraq nazil oldu;
Allah Rəsulunun
bu hədisləri də ayəni doğru
qavramağımıza yardım edər: O, uca səslə
(bağıraraq) dua edən, təkbir söyləyən səhabələrinə
belə buyurdu: "Ey insanlar, özünüzə
yazığınız gəlsin. Sizlər kar olan, itmiş
(uzaqda olan) birini çağırmırsınız.
Şübhəsiz ki, O, sizinlə bərabərdir. O, çox
yaxşı eşidən, çox yaxın olandır".
"Bir
müsəlman içində günah olmayan, qohumluq
bağını kəsməyə təşviq etməyən
dua ilə Allaha müraciət etsə, Allah o müsəlmana
bu duasının qarşılığında üç
mükafatdan birini mütləq verəcək: ya istədiyini dərhal
verər, ya axirətdə verər, ya da duasının
qarşılığında ondan bir pisliyi
uzaqlaşdırar".
b) AYƏ
NİYƏ ORUC AYƏLƏRİNİN İÇİNDƏ
(BAĞLAMINDA) GƏLDİ?
Bəqərə
surəsinin 183, 184, 185-ci ayələri RAMAZAN ORUCU ilə
bağlıdır, arada indi şərh etdiyimiz 186-cı ayə
var, sonra yenə orucla bağlı ayə gəlir (187-ci ayə).
İlk baxışda şərh olunan ayə ilə oruc ayələri
arasında bağ yoxdur. Ancaq ayənin bağlamını
(kontekst) doğru düşündükdə, sağlam əlaqə
qurduqda ayələr arasında qırılmaz məna
bağı olduğunu görürük. Belə ki, Allah
öncəki ayədə buyurdu ki, O, sizin üçün
asanlıq istəyər, sizi sıxıntıya salmaq istəməz.
O, sizdən üç şey istəyir: a) oruc günlərini
tamamlayın; b) sizi doğru yola qovuşdurduğu üçün
Onu ucaldın - təkbirə yönəlin (oruc tutmaq feili təkbirdir);
c) şükür edin;
Allah sonra
da buyurur ki, Mən qullarıma çox yaxınam, yəni bu əməlləri
yerinə yetirsəniz:
-
Allahın rəhmətini, bərəkətini,
lütfünü hiss edəcəksiniz;
- O, sizi
görür, bilir, eşidir;
-
Dualarınızı, təkbirlərinizi, şükürlərinizi
bilir, eşidir, görür (duanın, təkbirin,
şükrün sözlü olanı da, əməli olanı
da var);
- O, sizi
darda qoymaz;
- O, sizə
ümid, cəsarət, güc verər;
- Allahdan
xeyir, bərəkət, rəhmət istəyirsinizsə,
öncə siz addım atın;
- ALLAHIN
QANUNU QULDAN ALLAHA DOĞRU İŞLƏYİR, yəni, ey
insan, sənə verilmiş ağılın, iradənin
haqqını ver, tənbəl olma, çalış, nəticəni
Ondan istə, dua et ki, qəbul etsin, istə ki, versin,
qapını döy ki, açsın, Onu zikir et ki, O da səni
zikir etsin, zəhmətsiz rəhmət, tikansız gül
yoxdur, dəyərin əməyin qədərdir, hər kəsə
çalışdığının
qarşılığı var, qədərçilik (insandan
bir şey asılı deyil düşüncəsi)
ağıla, iradəyə, əməyə
sayğısızlıqdır, insanı tənbəllik bəlasına
sürükləyər, halal zəhmət ibadətdir,
igidlikdir, axirət azuqəsidir, qarşılığı
ilahi rəhmətdir;
- Ayə
buyurur ki, Allahla ünsiyyətin (hər ibadət Allahla
ünsiyyətdir) varsa, oruc tutmaq asandır;
- Oruc
tutmaq Allahın insana nə qədər yaxın (mənəvi
yaxınlıq) olduğunu hiss etdirən, rəhmət
qapılarını açan ibadətdir;
- Allah Mən
insana çox yaxınam ölçüsü ilə buyurur
ki, ey insan, Mənimlə ünsiyyətini canlı, içdən
(səmimi), davamlı tut;
- Öncəki
ayənin sonunda ALLAHU ƏKBƏR - Allah tək
böyükdür anlayışı var, bu ayə buyurur ki, O,
insana çox yaxındır, yəni insan düşünə
bilər ki, tək böyük olan Allahla ünsiyyət qurmaq
imkansızdır, O hara, mən hara? O, insana yol göstərir,
onu çaşqınlıqdan qurtarır, deyir ki, Mən sənə
çox yaxınam, səni hər an eşidir, bilir,
görürəm, oruc tutduğundan xəbərdaram, təkbirini,
duanı eşidirəm, sənə Mənimlə ünsiyyət
vasitələri nazil etmişəm, hər ibadət Allahla
ünsiyyətdir, gözəl adlarımı (əsma-i
hüsna) öyrən, kainat ayələrini araşdır ki, Məni
doğru tanıyasan, ağlına, qəlbinə, vicdanına
hüzur gəlsin;
- Ayə
deyir ki, O, hər an hazırdır, iş başındadır,
yatmaz, yuxuya ehtiyacı yoxdur, ilahi rəhmət qapısı əsla
bağlanmaz;
- Mənim
sizə yaxın olduğuma iman edin ki, şüurlu ibadətə
qovuşasınız;
- Ey insan,
özünü hər an Allahın hüzurunda hiss et ki,
qorunasan;
-
Allahın sizə nə qədər yaxın olduğunu bilməyiniz,
hiss etməyiniz, anlamağınız üçün bəlli
bir müddət yeməkdən, içməkdən, cinsi
münasibətdən uzaq durmağınız - oruc
tutmağınız zəruridir;
Qurani-Kərimdə
Allahın insana çox yaxın olduğunu ifadə edən
başqa ayələr də var. İkisini oxuyaq:
"Biz
ona (insana) şah damarından daha yaxınıq" (50/16);
"Allah
insanla qəlbinin arasına girər" (8/24);
C) ALLAH
ƏL-QƏRİBDİR
O, əl-Qəribdir
- çox yaxındır, yaxınlıqda sınır
tanımayandır, yaxınlıqda tayı-bərabəri
olmayandır. Allahın insana yaxın olmasını bu
ölçülərlə anlaya bilərik:
- Əl-Qərib
adı Qurani-Kərimdə üç yerdə Allaha aid
edilmişdir (11/61);
-
Yaxınlıq iki növdür: a) maddi; b) mənəvi;
- Maddi
yaxınlıq cisimlərə aiddir, fiziki
yaxınlığı ifadə edir (uzunluq, genişlik, dərinlik,
zamanla bağlıdır. İki maddi varlığın
bir-birinə yaxınlaşması üç yolla baş
verir: a) biri sabit olur, o birisi ona yaxınlaşır; b) ikisi də
bir-birinə doğru hərəkət edir; c) arxadan gələn
öndə gedəndən sürətli hərəkət edərək
ona yaxınlaşır;
- Mənəvi
yaxınlıq - bu, maddi varlığı olmayanlara aiddir:
Allahın, ağılın, vicdanın, fikrin ...
yaxınlığıdır;
- Allaha
yaxınlaşmağın məkanı, zamanı yoxdur, fiziki
hərəkətlə bağlı deyil;
-
İnsan Allaha iman, təqva, saleh əməllərlə
yaxınlaşa bilər;
- Allah
buyurur: "Harada olursanız, olun, O, sizinlə bərabərdir"
(57/4);
-
"Allaha qurbanların nə ətləri, nə də
qanları çatar, ancaq sizdən Allaha çatan təqvanızdır"
(22/37). "... Ət, qan maddi aləmə aiddir, bizi maddi olana,
məsələn, insana yaxınlaşdırar, birinə qurban
əti versən, ona yaxın olarsan, təqva isə maddi deyil,
mənəvi vasitədir - mənəvi olan maddi olandan daha
böyük, daha güclü, daha təsirli, daha
qalıcı, daha dəyərlidir";
QURANİ-KƏRİM
ALLAHA YAXINLAŞMAĞIN YOLLARINI BİR-BİR SAYMIŞDIR:
-
Sağlam fitrət - fitrət insanı insan edən, onu
seçən, üstün qılan nemətdir (yaradılan hər
varlığın fitrəti var), mayadır, özəllikdir,
ilahi proqramlaşdırmadır, yazılımdır, fitrət
vermək Allaha aiddir, insan fitrət qoya bilməz, ancaq
qoyulmuş fitrəti poza bilər. Günahlar fitrəti pozar,
ona görə də yasaqlanmışdır. Bütün ibadətlər
imanı, iman fitrəti, fitrət insanı qoruyur. İnsan
fitri olaraq Allaha təslim olma ehtiyacı ilə
yaradılmış, fitrət imana kodlanmışdır, hər
insanın inanma ehtiyacı var, fitrətin inanma
ehtiyacının təmini tövhid (Allahdan başqa ilah yoxdur
- la ilahə illallah) inancı ilə mümkündür. Fitrətin
sağlam qidası tövhiddir.
Allaha
inanmayan bir insan mütləq başqa bir varlığa (şeyə)
inanır, məsələn, ateist də Allahın yoxluğuna
inanır, bu da bir inancdır (iman deyil - doğru inanc
(tövhid) imandır). İnanmaq mütləqdir dedik, belə
ki, fitridir, fitri olan qaçılmazdır, ehtiyacdır, su,
hava, qida, yuxu kimidir, istəmirəm deyə bilməzsiniz. Bu
halda, önəmli olan doğruya inanmaqdır. Doğru
imanın ölçülərini də Allah müəyyən
etmişdir. Doğru iman (tövhid) fitrəti qoruyur,
yanlış inanc (şirk) fitrəti pozur, insanın
ağıl, vicdan, qəlb, iradə enerjisini
parçalayır. Tövhid azadlığa, şirk köləliyə
yol açır. Fitrəti sağlam olanın əxlaqı da
gözəl olar, o insan xeyrə, ədalətə yönələr,
iş burada da bitməz, xeyrə yönəldər, onu
çoxaldar, sadəcə özü gözəl olmaz, həm
də gözəlləşdirər. Fitrəti xəstə
olanın isə əxlaqı pozular, pisliyə çevrilər,
iş burada da bitməz, pisliyi, şəri, zülmü
çoxaldar;
-
TƏQVA - qoruma, qorunmadır, pisliklərdən qorunan Allaha
yaxınlaşar;
-
İBADƏT - ibadətlər Allaha qulluğun, təslimiyyətin
göstəriciləridir, ibadətlər imanı, iman fitrəti,
fitrət insanı qoruyur, ibadətlərin haqqını verən
- onları tam, səmimi, anlayaraq, mesajlarını həyatına
daşıyaraq yerinə yetirən Allaha yaxınlaşar;
- DUA -
Allaha təslimiyyətdir, ehtiyacdır, deyir ki, sən Allaha
möhtacsan, ey insan, dua ümiddir, içdən gələn
dua insanı Allaha yaxınlaşdırar;
- HƏMD
- öygülərin tamamı Allaha aiddir, ey insan, heç bir
varlığı Allahı öydüyün kimi öymə,
Allah kimi, nəyi tənqid edirsə, sən də onları tənqid
et, Allahın tənqid etdiyi qədər tənqid et, tərifdə,
tənqiddə ölçülü ol. Allaha haqqı ilə
həmd edən Ona yaxınlaşar;
-
İTAƏT - Allahın buyurduğu kimi yaşamaqdır, Onun
ölçüləri ilə yaşayan Ona yaxınlaşar;
-
TÖVBƏ - özünütənqiddir, ümiddir, ümid
etməyən tövbə etməz, arınmadır, səmimi
tövbə edən Allaha yaxınlaşar;
- SALEH
ƏMƏLLƏR - islah edən, düzəldən,
tövhidi, ədaləti, xeyiri, barışı, mərhəməti
çoxaldan əməllərdir, hər saleh əməl
insanı Allaha yaxınlaşdırar;
Ayə
deyir ki, öncə insan addım atmalı, ona verilən
ağılın, iradənin haqqını verməlidir, o,
sağlam fitrət, təqva, ibadət, dua, həmd, itaət,
tövbə, saleh əməllərlə Allaha
yaxınlaşsa, O da quluna yaxınlaşar, yəni sən
Allaha yaxın ol ki, O da sənə yaxın olsun, sən
Allahdan razı ol ki, O da səndən razı olsun, fitrətinə
yaxın, sadiq olan Allaha yaxın və sadiq olar, fitrətinin əslini
(orijinalını) itirən (pozan) Allahdan uzaqlaşar, Onun rəhmət
və bərəkətindən məhrum qalar.
ALLAH niyə
istəyir ki, insan bilsin, anlasın, iman etsin ki, O, insana
çox, şah damarından da yaxındır, insanla qəlbinin
arasına girər (ayəni doğru qavramaq üçün
bilək ki, bu, təmsili, məcazi anlatma üsul və
dilidir). Sualı belə də verə bilərik: Allahın
çox yaxın olduğunu bilmək insana nə verir?
-
Şirkdən - köləlikdən qoruyur. İnsan kimi, ya da nəyi
Allaha ortaq qoşarsa, onun köləsi olar. Məsələn,
Allahdan deyil, məzardakı birindən övlad, şəfa, sərvət...
istəyən insanın ağıl, düşüncə və
duyğularını Allah deyil, ölmüş insan idarə
edir, o, Allaha deyil, məzardakına itaətə yönəlir,
ona gedir, ehtiyacını ona söyləyir, onu Allahın yerinə
qoyur. Bu, Allahı yanlış tanımağın, Onun aciz
olduğunu düşünməyin, insana çox yaxın
olduğundan, hər an gördüyündən, eşitdiyindən,
bildiyindən xəbərsizliyin nəticəsidir. Şərik
qoşan (müşrik) belə düşünür: Allah var,
ancaq O, çox uzaqdadır, məni eşitməz, görməz,
bilməz. O, insanı şirk bəlasından qorumaq
üçün buyurur ki, ey insan, Mən sənə çox
yaxınam, hər halını bilir, görür, eşidirəm,
dua etsən, qəbul edərəm. İnsan Allaha bu
ölçülərlə iman etsə, bütün pisliklərdən,
o sıradan şirkdən - köləlikdən qorunar;
-
Allahın çox yaxın olduğuna iman edən insan araya
heç bir vasitəçi qoymadan tövbə edər. Təmiz
iman deyir ki, bütün məsələlərdə, o
sıradan tövbədə insanla Allah arasında vasitəçi
yoxdur, ola bilməz, varsa, şirk var, şirk varsa, köləlik
var, Allaha üsyan var;
-
Allahın çox yaxın olduğuna iman etmək insana
hüzur, güvən, ümid verir, deyir ki, sən çarəsiz
deyilsən, ey insan, Allah inananları darda qoymaz, mütləq
bir çıxış yolu göstərər;
-
Düşünün ki, biri sizə iftira atıb,
günahsız olduğunuzu sübut etmək imkanınız
yoxdur, ürəyiniz yanır, bu halda, üzülməyin,
Allahın sizə çox yaxın olduğuna,
halınızı bildiyinə, sizi eşitdiyinə,
gördüyünə, iftiraçının cəzasını
mütləq verəcəyinə inanın yetər (iftiraya
iftira ilə cavab vermək haramdır, Allah buyurur ki, sizə
iftira atanları mənə həvalə edin);
- Sizi
Allaha yaxınlaşdıran hər şey qurbandır, Allah Rəsulu
belə buyurmuşdur: "Əs-səlatu qurbanun" - namaz
qurbandır, belə ki, o, insanı Allaha
yaxınlaşdırır;
Allah ayədə
sual-cavab metodundan istifadə etmişdir. Bu, ilahi öyrətmə
üsullarından biridir: qullarım Məni səndən
soruşsalar, yaxşı bilsinlər ki, Mən çox
yaxınam. Sorğu-sual üsulu insanın ağlını
çalışdırır, onu düşünməyə, əlaqə
qurmağa sövq edir, maraq oyadır (öyrənməyin əsası
maraqdır), arayışa yönəldir. Qurani-Kərim on
dörd dəfə bu metoda yer vermişdir, mesaj budur: ey insan,
heç bir şeyi sorğu-sualsız qəbul etmə, səbəbi
anla ki, nəticəni də anlayasan, bir nəticəni yox etmək
istəyirsənsə, onu ortaya çıxaran səbəbləri
yox et, nəticə nəticə ilə deyil, səbəblə
yox edilər.
Allah ayədə
insanlara çox yaxın olduğunu ən gözəl
biçimdə ifadə etmişdir, belə
buyurmamışdır, ey Elçi, qullarım Məni səndən
soruşsalar, onlara de ki... Ayədə "onlara de ki", ya
da "de ki" qəlibləri yoxdur, Allah Onunla qulları
arasındakı hər cür vasitəçini ortadan
qaldırmış (Elçi insanla Allah arasında vasitəçi
deyil, adı üstündədir, Rəsuldur - Elçidir), belə
buyurmuşdur: qullarım Məni səndən soruşsalar,
yaxşı bilsinlər ki, Mən onlara çox yaxınam.
Yaxşı bilsinlər, yəni heç bir şübhələri
olmasın, əmin olsunlar.
Allahın onu sevdiyinə, ona dəyər
verdiyinə, ona çox yaxın olduğuna, onu hər an
eşitdiyinə, gördüyünə, bildiyinə iman edən
insana oruc tutmaq çətin olarmı?
2) "Mənə
dua edənin səsinə (çağırışına) dərhal
qarşılıq verərəm. O halda, onlar da Mənə
qarşılıq versinlər və Mənə tam güvənsinlər
ki, haqq yoluna yönəldilsinlər"
ALLAH
öncə buyurdu ki, O, insana çox yaxındır. İndi
bu yaxınlığın ölçüsünü qoyur: o
dərəcədə yaxınam ki, Mənə dua edənin səsinə
(çağırışına) dərhal
qarşılıq verərəm. "Dua" sözü
"d-ayn-vav" kökündəndir, eyni kökdən olan
sözlər Qurani-Kərimdə iki yüz on iki dəfə
işlədilmişdir, bu mənaları var: "dua emək",
"çağırmaq", "istəmək", "ad
vermək". Dua dini anlayışdır (termindir), insanın
maddi, mənəvi ehtiyaclarını Allaha bildirməsi, Ondan
yardım istəməsidir.
Dua namaz,
oruc, zəkat, həcc, infaq kimi ilahi tərbiyə
proqramıdır. Hər ibadət bir ilahi tərbiyə dərsliyidir,
məqsəd insana Allahı, həyatı, ölümü,
dünyanı, axirəti, insana yüklənmiş əmanəti,
onun bu dünyadakı varlıq səbəbini öyrətmək,
bu yolla ilahi rizanı qazanaraq iki dünyanın xoşbəxti
olmasının önünü açmaqdır. DUA PROQRAMININ
içində bu dəyərlər var:
- Dua bir dəyərdir,
İslam dua dinidir, deyə bilərik ki, müsəlman da dili,
qəlbi, ağlı, vicdanı, əli (əməli) dualı
insandır;
- Dua etmək
insanın yaradılış səbəblərindən
biridir. Allah insanın yaradılış məqsədlərini
açıqlayarkən dörd bənd sıralayır:
a) Ey
insan, səni ancaq Allaha itaət edəsən deyə
yaratdım. Allahdan başqasına itaət haramdır. Allah Ona
itaət edənə "kölə" deyil, "qul"
adını qoyur. FƏRQ BUDUR: kölənin seçim
haqqı, etiraz imkanı yoxdur, insanı kölələşdirən
onun ağıl və iradəsini əlindən alar, belə
ki, ağılı çalışan, seçmə
haqqından istifadə edən kölə olmaz, kölələşdirməyin
ana şərti ağılı, iradəni öldürməkdir.
Ağılı, iradəni dirildən elm, düşünmək,
ədalət, mərhəmətdir, ağılı, iradəni
öldürən isə xurafə, yalan, qorxu, zülmdür.
Allah yaratdığı quluna israrla buyurur: ağlından
istifadə et, onu çalışdır, ağlından
istifadə etməyənin başına pisliklər
tökülər, düşün... O, yaratdığı
quluna seçim haqqı vermiş, dində məcburiyyət
yoxdur, istəyən iman, istəyən küfür etsin
buyurmuşdur. Hər şeyini Allaha borclu olan insanın Allah
yoxdur, Ona inanmıram demək imkan, iradə, gücü var,
seçim də, seçdiyinin məsuliyyəti də insana
aiddir. İnsanı kölələşdirənlər bu
haqları ona verərlərmi? Allah quluna israrla oxu, elm öyrən,
araşdır, səbəbləri gör, Allahı ancaq elmi
olanlar tanıyar buyurur. Siz heç köləsinə oxu, elm
öyrən, savadlı ol deyən ağa
gördünüzmü? Allaha qulluğun əsasında elm,
köləliyin əsasında cəhalət var, qulluğun əsasında
iradənin haqqını vermək, yəni seçim, köləliyin
əsasında isə sorğu-sualsız itaət var. Ey insan,
Allaha qulluğa yönəl (Ona qul ol) əmri elmlə,
ağılla, şüurla, azad iradənlə Ona itaəti
seç əmridir, yoxsa Qurani-Kərim "oxu" əmri ilə
başlamazdı. Allaha şüurlu itaətin (qulluğun) meyvəsi
azadlıqdır, köləlikdən qurtuluşdur;
b) səni
yer üzünün xəlifəsi olaraq yaratdım - xəlifə
təyin edilən sadəcə hz.Adəm deyil, hər insan xəlifə
olmaq vəzifəsi ilə yaradılmışdır, yəni
yer üzündə tövhidi, ədaləti, xeyri, elmi, bərəkəti,
barışı, rifahı, mərhəməti çoxaltmaq hər
bir insanın borcudur;
c) səni
imtahan etmək üçün yaratdım. Allah öyrənmək
üçün deyil (O, hər şeyi bilir), öyrətmək
üçün imtahan edir. Bir imtahanın üç vəzifəsi
var: öyrətmək, seçmək, inkişaf etdirmək.
İnsan hər an imtahandadır, imtahan çətinlikdir,
çətinlik inkişafın qapısını açan
nemətdir;
d) Allah
insanın yaradılış məqsədini
açıqlayarkən buyurur ki, səni dua etmək
üçün yaratdım;
- Dua ibadətdir,
ilahi əmrdir, duanın ünvanı ancaq Allahdır;
- Duada
tanıma var, bu tanıma iki yönlüdür: insan öncə
dua etdiyi Allahı tanımalıdır, O, hər şeyi bilən,
görən, eşidən, quluna çox yaxın olan Allahdır,
dua edən qulunu çox sevir, duaçıya yardım etmək
gücü var. Dua insanı da tanıdır: mükəmməl
deyilsən, ehtiyacların var, Allahın yardımına
möhtacsan;
- Duada
sevgi, iman, güvən var - insan sevdiyi, iman etdiyi, güvəndiyi
Allahdan istəyir;
- Duada itaət,
təslimiyyət, səmimiyyət var;
- Duada
halallıq var, halal yeyənin duası qəbul olunar;
- Duada
ümid var, ümid edən dua edər;
- Duada
sığınma var, insan inandığına, güvəndiyinə
sığınar;
- Dua qəlbin
Allaha açılmasıdır;
-
Duaların ən gözəli feili (əməli) duadır,
çalışmaq, xeyri çoxaltmaq, əlindən gələni
etmək duadır;
- Aliyə
İzzətbəyoviçin dediyi kimidir: dua insanın
gücü çatan hər şeyi etməsi, gücü
çatmayan üçün Allaha yalvarmasıdır;
- Duada təmizlik
var - ruzisi, işi, sözü, imanı təmiz olanın duası
qəbul olunar;
- Dua
davamlı olmalıdır;
- ALLAH
RƏSULU buyurur: "Qulun Rəbbinə ən yaxın
olduğu an səcdədə olduğu andır. O zaman
çox dua edin";
- Allah Rəsulu
buyurur: "Duanız imanınızdır";
Allah Rəsulu
buyurur: "Allah yanında duadan daha üstün bir insan
davranışı yoxdur".
ALLAH
buyurdu ki, Mənə dua edənin səsinə
(çağırışına) dərhal
qarşılıq verərəm. Sonra da bu ölçüləri
qoydu: a) o halda, onlar da Mənə qarşılıq versinlər
-Allahın əmrlərini yerinə yetirsinlər, tövhidə
yönəlsinlər, Onun buyurduğu kimi yaşasınlar; b) Mənə
tam güvənsinlər - iman etmək Allaha güvənməkdir,
"iman" sözü "ə-m-n" kökündəndir,
insanın əmniyyətdə, güvəndə olduğu,
qorxulardan qurtulduğu halın adıdır. Bir insan Allaha
inandığını söyləyir, həm də məzardakından
şəfa istəyirsə, o, Allaha güvənmir. Allah, bizdən
tam güvən - xalis iman istəyir; c) insan Allahın
buyruqlarına qarşılıq versə, Ona tam güvənsə,
nə olacaq? Ayənin sonu bu suala cavabla bitir: haqq yoluna,
doğru yola, hidayətə, İslamın, tövhidin, ədalətin,
elmin, barışın, mərhəmətin yoluna yönəldiləcək:
ey insan, sən ağıllı, iradəli, vicdanlı
varlıqsan, nemətlərin haqqını ver, hidayət istə,
onun üçün çalış ki, O, səni hidayətə
yönəltsin, qədərçi olma (insandan bir şey
asılı deyil düşüncəsi), məsuliyyətini
anla ki, haqq yoluna yönəldiləsən.
3) YÜZ
SƏKSƏN ALTINCI AYƏNİN ORTAYA QOYDUĞU
NƏTİCƏLƏR:
- Bu ayə
oruc ayələri bağlamında yer tutur - Allahın insana
çox yaxın olduğuna iman edən orucunu sevə-sevə
tutar;
-
Allahın insana yaxınlığı mənəvi
yaxınlıqdır;
-
Allahın çox yaxın olduğunu bilmək insanı
şirkdən qoruyar, köləlikdən xilas edər,
sarsılmaz ümid, qorxulardan qurtaran güvən, tükənməyən
hüzur, dirəniş gücü (səbir) verər;
- Allah
insana şah damarından da yaxındır, içindəki səsi,
çağırışı, duanı eşidir, onun hər
halını bilir;
- O,
insanın dua etməsini, hər halının dua
olmasını istəyir, buyurur ki, sözlü duanızın
arxasında saleh əməlləriniz olsun (saleh əməl
içində süur, hədəf, xeyir, bərəkət
olan əməldir);
- Allah
insanın Onun buyruqlarını yerinə yetirməsini istəyir
- insan azadlığının şərti budur;
- Allah
xalis iman, içinə şirk qarışmamış,
insanın Allaha güvəninin yüzdə yüz
olmasını təmin edən iman istəyir;
- Allah
buyurur ki, xalis imanı olanlara, Onun buyruqlarını yerinə
yetirənlərə, Ona tam güvənənlərə hidayət
var, hidayət də ən böyük nemətdir;
"Oruc
günlərinizin gecəsində qadınlarınıza
yaxınlaşmaq sizə halaldır. Onlar sizin
paltarınız, siz də onların paltarısınız.
Sizin özünüzü çətinliyə
salacağınızı Allah gördü. Bax (məhz) buna
görə də sizə bağışlaması (əfvi) ilə
münasibət göstərdi və çətinliyi üzərinizdən
qaldırdı. İndi artıq onlara (həyat
yoldaşlarınıza) yaxınlaşın və Allahın
sizə halal qıldığından (təqdir etdiyindən)
yararlanın! Fəcr vaxtı - gecənin
qaranlığından dan yerinin aydınlığı sizin
üçün bilinən (seçilən) hala gəlincəyədək
yeyin, için! Sonra orucu gecəyədək tamamlayın! Məscidlərdə
etikafa girəndə də xanımlarınıza
yaxınlaşmayın!
Bax (məhz)
bunlar Allahın cızdığı sınırlardır, əsla
bunlara yaxınlaşmayın! Allah ayələrini
insanlığa beləcə açıqlayır ki, məsuliyyət
şüuruna (təqvaya) yiyələnə bilsinlər"
(Bəqərə, 2/187)
1)
"...ORUC GÜNLƏRİNİZİN GECƏSİNDƏ
QADINLARINIZA YAXINLAŞMAQ SİZƏ HALALDIR. ONLAR SİZİN
PALTARINIZ, SİZ DƏ ONLARIN PALTARISINIZ..."
Bu ayə
də oruc ayələri sırasında yer tutur. Allah oruc tutmaqla
bağlı ölçülər qoyur:
- Oruc
tutmaq dövrü imsaqdan iftaradəkdir;
- Bu
müddətdə yeməkdən, içməkdən, cinsi
münasibətdən uzaq durmalısınız;
-
İftardan imsaqadək oruc yoxdur;
- Oruc
tutduğunuz günlərin gecəsində
qadınlarınızla cinsi münasibətdə ola bilərsiniz;
- Allah
çətinliyi üzərinizdən
qaldırmışdır;
- Oruc
tutmaq fəcr vaxtından başlayır;
- Oruc
tutduğunuz dövr Günəşin batması ilə bitir;
- Etikaf
ibadətdir;
- Etikafa
girdiyiniz dövrün gecələrində
qadınlarınızla cinsi münasibətdə olmaq
yasaqdır;
- Allah
sınırlar qoyur, ayələrini bir-bir
açıqlayır ki, müttəqilərdən (təqva
sahiblərində olasınız), məsuliyyətinizi dərk
edib qorunasınız;
Ayənin
nüzul səbəbi var: oruc ayələri Mədinədə
nazil oldu. Mədinə yəhudiləri oruc tuturdular, onların
orucu iyirmi dörd saat davam edir, iftardan iftara oruclarını
açırdılar, oruc gecələrini də oruc tutur, yemək,
içmək və cinsi əlaqədən uzaq dururdular. Bir
sıra müsəlmanlar "yəhudi orucu"nun təsiri ilə
belə düşünürdülər ki, oruc gecələri
xanıma yaxınlaşmaq olmaz. Bəziləri saxur yeməyinin
olmadığına (oruc tutan yəhudilər saxur yeməyi
yemirdilər) inanırdılar. Elə bu anlayışa görə
də bir sıra müsəlmanlar oruc tutarkən çətinlik
çəkir, aclıqdan bayılır, elələri də
olurdu ki, özünü tuta bilmir, xanımı ilə cinsi
münasibətdə olur, bu halı da gizləyir, yəni
iyirmi dörd saat oruc tutduğunu söyləyirdi, Qurani-Kərimin
ifadəsi ilə "özünə xəyanət
edirdi".
Ayə
nazil oldu, düşüncələrdəki
qarışıqlığı ortadan qaldırdı, oruc
tutmağın ölçülərini qoydu, buyurdu ki, oruc
ibadəti gündüzə - imsaqla iftar arasına aiddir, gecə
ibadət - oruc tutmaq vaxtı deyil, yemək, içmək,
cinsi münasibətdə olmaq sərbəstdir. Etikaf (etikaf
ibadətini irəlidə açıqlayacağıq)
dövründə isə cinsi münasibət
yasaqlanmışdır.
Allah
buyurur ki, oruc gecələrində qadınlarınıza
yaxınlaşmaq sizə halaldır. Onlar sizin
paltarınız, siz də onların paltarısınız. Ayənin
mesajı paltar obrazı üzərindən verilmişdir.
PALTAR:
-
Yaxınlığı ifadə edir, paltarla insanın bədəni
arasında məsafə yoxdur, ərlə xanımı da bu dərəcədə
bir-birinə yaxın ola bilirlər -heç bir yaxının
(qohumun) ərlə xanımı qədər bir-birinə
yaxın olmaq imkanı yoxdur, onlar bir-biriləri ilə hər
şeylərini paylaşırlar, ən zəngin münasibət
ərlə xanım arasındadır;
- Paltar
qoruyur - ərlə xanım da bir-birini haram olan şeylərdən
qoruyurlar, ər xanımı, xanım da əri vasitəsi ilə
namusunu, həyasını, iffətini qoruyur;
- Paltarda
hüzur var - paltarsız insan özünü rahatsız hiss
edir, ya da uyğun paltar insana hüzur verir, ərlə
xanımı da bir-biri ilə hüzura, sükunətə,
rahatlığa qovuşurlar;
- Paltar
ehtiyacdır, ailə də fitri ehtiyacdır;
- Paltar
gözəlləşdirir, ərlə xanımı da
bir-birinin əxlaqını gözəlləşdirirlər;
2)
"...Sizin özünüzü çətinliyə
salacağınızı Allah gördü. Bax (məhz) buna
görə də sizə bağışlaması (əfvi) ilə
münasibət göstərdi və çətinliyi üzərinizdən
qaldırdı. İndi artıq onlara (həyat
yoldaşlarınıza) yaxınlaşın və Allahın
sizə halal qıldığından (təqdir etdiyində)
yararlanın!"
Allah
yanlış oruc təsəvvürünü düzəldir.
O, hər şeyi görən, bilən, eşidən, mərhəmətli
Allahdır, sizin sıxıntı çəkməyinizi istəməz.
Sizlər özünüzə orucla bağlı
sınırlar qoydunuz, fasiləsiz (saxursuz) oruc tutdunuz, oruc gecələrində
xanımlarınıza yaxınlaşmamaq qərarı
aldınız, sonra da bu yasaqlarınızı çeynədiniz,
nəticədə, günahkar olduğunuzu
düşündünüz, tövbə etdiniz.
Allah
tövbələrinizi qəbul etdi, sizi
bağışladı, onsuz da, yasaqlarınız Ona aid
deyildi, içiniz rahat olsun, indi ehtiyacı olan oruc gecəsində
xanımına yaxınlaşa bilər. Bu
yaxınlığın meyvəsi də övladdır, nəslin
davamıdır, siz Allahdan xeyirli övlad istəyin. Cinsi
münasibət fitri ehtiyacdır, Allahın qanunudur, bu
ehtiyacın təmini üçün kəbin yolu
seçilmişdir, halaldır...
3)
"...Fəcr vaxtı - gecənin qaranlığından dan
yerinin aydınlığı sizin üçün bilinən
(seçilən) hala gəlincəyədək yeyin, için!
Sonra orucu gecəyədək tamamlayın!"
Allah
sıradakı ölçüsünü - oruc
tutmağın başlama vaxtını açıqlayır.
"FƏCR" sözünə yer verir. Bu söz
"f-c-r" kökündəndir, eyni kökdən olan
sözlər Qurani-Kərimdə iyirmi dörd yerdə işlənmişdir,
bu mənaları var:
-
"fışqırtmaq" (17/90; 2/60; 18/33; 36/34);
-
"inkar etmək" (75/5);
-
"günah"(71/27);
-
"sabahın aydınlığı" (89/1);
Rağıb
əl-İsfahani yazır ki, fəcr bir şeyi geniş
biçimdə yarmaqdır, su arxı açmaq buna örnək
ola bilər. Fəcr vaxtı gecə ilə gündüzü
bir-birindən ayırdığı üçün bu
adı almışdır. Ayədəki ifadə də
"ağ iplik (sap) qara iplikdən (sapdan) seçilincəyə
- ayırd edilincəyədək"dir. Ağ sap dan yerinin
ağarmasını, qara sap da gecənin
qaranlığını nəzərdə tutur. Allah Rəsulu
da ifadəyə bu mənanı vermişdir.
İki
növ fəcr var: a) yalançı fəcr; b) həqiqi fəcr;
Yalançı fəcr göy üzünün ortasına
doğru uzanan, üst tərəfi daha parlaq, alt tərəfi
üfüq xəttinə qədər enməyən, ortası
oval biçimində bir aydınlıqdır. Bu
aydınlıq qısamüddətli olur, yavaş-yavaş
azalır, bəzi bölgələrdə yox olur. Bu dövrdə
nə sabah namazının vaxtı girər, nə də saxur
yeməyi başa çatar. Bu zaman dilimi dini hökm verməyə
əsas yaratmadığına görə "yalançı
fəcr" ("fəcri kazib")
adlandırılmışdır. Yalançı fəcr xəbərdar
edir, insana deyir ki, imsaq vaxtı yaxınlaşır, ancaq yeyə
bilərsən.
İkinci
fəcr həqiqi fəcrdir ("fəcri sadiq"). Bu zaman
şərqdə göylə yerin birləşdiyi xətt
boyunca aydınlıq yayılır. Gecənin
qaranlığı yox olmağa başlayır, Günəşin
işığının əlamətləri ortaya
çıxır, dan yeri ağarır, saxur yeməyi bitir,
oruc başlayır. Həqiqi fəcr dan yerinin ağarmağa
başladığı ilk zaman dilimi deyil. Bilal Həbəşi
yalançı fəcr dövründə azan verər,
insanları orucun başlama vaxtına hazırlayardı. Allah Rəsulu
buyurmuşdur: "Nə Bilalın azanı, nə də
üfüqdən göyə doğru yüksələn
aydınlıq sizi aldatmasın, aydınlıq üfüq boyu
yayılanadək (həqiqi fəcrədək) yeyin".
"SONRA
ORUCUNUZU GECƏYƏDƏK TAMAMLAYIN", bu cümlə orucun
başa çatdığı vaxtı müəyyən edir.
Günəş batanda oruc tutduğunuz vaxt da bitir.
4)
"...Məscidlərdə ETİKAFA girəndə də
xanımlarınıza yaxınlaşmayın!..."
ALLAH
öncə bir ölçü açıqladı, buyurdu ki,
oruc günlərinin gecəsi xanımlarınızla cinsi
münasibətdə ola bilərsiniz. O, indi bir istisna müəyyən
edir: etikafa girəndə xanımlarınıza
yaxınlaşmayın (onlarla cinsi münasibətdə
olmayın).
"ETİKAF"
sözü "ayn-k-f" kökündəndir, eyni kökdən
olan sözlər Qurani-Kərimdə doqquz dəfə işlədilmişdir.
Bu mənaları var:
-
"tapmaq" (7/138);
-
"yerli" (22/25);
-
"etikaf" (2/187);
-
"gözlədilən" (48/25);
"Etikaf"
sözünün kök mənası budur: bir şeyə
sayğı ilə yönəlib bağlanmaq,
varlığını bir böyük hədəfə həsr
etmək. "Etikaf" sözü dini termindir, bir insanın
Ramazan ayında, bəlli bir müddət məsciddə
özünü ibadətə həsr etməsidir, məqsəd
oxumaq, anlamaq, bütün varlığı ilə Allaha
yönəlmək, ilahi rizanı qazanmaqdır. Allah Rəsulu
Ramazan ayının son on günü etikafa çəkilirdi,
O, vəfat etdiyi ilin Ramazan ayında iyirmi gün etikafa girdi.
Etikafa girən
insan zəruri ehtiyacları istisna məscidi tərk etməz.
Etikafın ən az müddəti bir gündür (bir saatı
yetərli sayan alimlər də var). Məsciddə etikafa girmək
kişilərə aiddir. Qadınlar evlərinin bir
bölümündə etikafa girə bilərlər. Etikaf fərz
ibadət deyil, istəyən, gücü çatan etikaf ibadətini
yerinə yetirər.
5)
"Bax (məhz) bunlar Allahın cızdığı
(qoyduğu) sınırlardır, əsla bunlara
yaxınlaşmayın!"
Bunlar
Hüdudullahdır, Allahın qoyduğu sınırlardır.
Ayədəki "bunlar" sözünü iki cür anlaya
bilərik: a) oruc ibadəti ilə bağlı qoyulan
ölçülər (onlar bir-bir açıqlandı); b)
bütün məsələlərlə bağlı
Allahın qoyduğu ölçülər;
Allah
qoyduğu ölçülərə əməl etməyin
önəmini vurğulamaq, ya da ilahi ölçüləri
pozmağın çox təhlükəli olduğunu göstərmək
üçün bu ifadəni seçmişdir: bunlara
(Allahın qoyduğu sınırlara) yaxınlaşmayın,
pozmayın deyil, heç yaxınlaşmayın (eyni ifadə
biçimi bu məsələlərlə bağlı da
seçilmişdir: zinaya yaxınlaşmayın, yetimin
malına yaxınlaşmayın, yəni yaxınlaşmaq
çox təhlükəlidir, nəticəsi çox
ağırdır, günahı böyükdür).
6)
"...Allah ayələrini insanlara beləcə
açıqlayır ki, məsuliyyət şüuruna (təqvaya)
yiyələnə bilsinlər - müttəqi olsunlar"
Allah ayələrini
bir-bir, addım-addım açıqladı, maarifləndirdi,
ilahi ölçüləri qoydu, doğru yolu, ona gedən
vasitələri tanıtdı, insanları ən böyük
düşmən olan cəhalətdən xilas etdi. O istəyir
ki, insanlar bu ayələri doğru öyrənsinlər,
ağıl və qəlbləri sağlam, əxlaq və
davranışları gözəl olsun. Ayələrini bu
biçimdə (tədrici, dolu-dolu)
açıqlamasının hədəfi insanları təqvaya
qovuşdurmaqdır. Elmin, maariflənməyin sonu təqvadır,
yəni elmsiz təqva yoxdur. İmanı bir ağaca bənzətsək,
bu ağacın kökü elm, gövdəsi qəlblə təsdiq,
budaqları imanı dillə ifadə, meyvəsi də saleh əməllərdir.
Təqvalı olan qorunar, qoruyar, məsuliyyətli olar, nəticədə,
ilahi rizanı qazanar, iki dünyanın səadətinə
qovuşar.
7) Yüz
səksən yeddinci ayənin ortaya qoyduğu nəticələr
Allah bu ayədə orucla bağlı hökmlər qoydu:
- Oruc günlərinin gecəsində qadınlarınızla cinsi münasibətdə ola bilərsiniz;
- Etikaf
zamanı olan ibadətdir - Ramazan ayına aiddir;
- Etikaf məkanı
olan ibadətdir - məsciddə yerinə yetirilir;
- Etikafa
girənlərin qadınlarına yaxınlaşması
yasaqdır;
- Ər və
xanımı bir-birinin paltarıdır: bir-birinə çox
yaxındır, bir-birini qoruyur;
- Allah
işləri asanlaşdırar, anlam dolu bir həyat
yaşamağın ən asan yolu Onun buyurduğu kimi
yaşamaqdır;
- Oruc
imsaqdan iftaradəkdir, gecə oruc yoxdur;
- Oruc fəcr
vaxtı başlayır, Günəş batanda bitir;
- Etikaf
Ramazan ayına aid ibadətdir, fərz deyil, istəyən,
gücü çatan etikafa girə bilər;
-
Allahın qoyduğu sınırlar insanı qoruyur,
sınırlara əməl edən qorunar, nəfsinə qalib gələr,
azad olar;
- Oruc ibadətinin
məqsədi insanı təqvaya (qorunma, qoruma, məsuliyyət
şüuru) qovuşdurmaqdır;
Əziz
Allah Ramazan orucunu haqqı ilə tutmağı, xeyri, bərəkəti,
birliyi, barışı, mərhəməti
çoxaltmağı nəsib etsin, gözəl insanlar!
Siracəddin
HACI
Ədəbiyyat
qəzeti.- 2025.- 7 mart, №9.- S.10-20.