Semiotikamızın maarifçisi
Səhər telefonu açanda
diksindim: Niyazi vəfat edib! Onun ağır xəstə olduğunu bilirdim, amma əlli ildən çox tanıdığım
Niyaziyə yaraşmırdı
bu söz. O həmişə həyat və enerji ilə dolu idi.
Dostlarını arxasınca
çəkirdi, həmişə
təzə-təzə planlar,
layihələrlə dolu
idi, nəsə təzəlik sorağında
idi.
ADU-nun filologiya fakültəsində
bir qrupda oxumuşduq. Eynəkli, az danışan bir oğlan idi. Boksla məşğul
olur, heç nəyə qarışmırdı.
Sonradan dostlaşdıq.
Xeyirxah, təvazökar
bir oğlan idi. Atası üç uşaqla anasını boşamışdı,
özü də anası Politexnik İnstitutunda elmi dərəcəsiz müəlliməydi,
ona görə Niyazinin heç vaxt pulu olmurdu.
O, ibtidai təhsilinin neçə sinfinisə Ağdamda oxumuşdu, sonra isə Yasamaldakı ikigözlü
evlərinin yanındakı
məktəbdə. Atası Musa müəllim çox kök bir kişi
idi. Bizim universitetdə ateizm müəllimi idi, çətin fənlərdən
imtahan olanda filfakın dəhlizində
görünür, bizim
diqqətimizi cəlb edirdi. Sonralar Niyazigilin evlərinə
gedəndə atasının
böyük kreslosunu gördüm, balkonda, lap şüşəbəndə bitişik
qoyulmuşdu. Mən hərdən bu kresloda oturub binanın həyətinə
baxmağı xoşlayırdım.
Niyazi çox həvəslə
oxumasa da, Universitetdən
sonra Moskvada Lomonosov adına MDU-nun aspiranturasına
girdi. Mən isə Leninakan şəhərində
zabit kimi hərbi xidmətdə idim. Ezamiyyət vaxtı və sonra Moskvaya onun yanına gedirdim. Unudulmaz gənclik illərimiz idi. Boks onda güclü iradə yaratmışdı, bunun sayəsində o, misilsiz bir zəhmətkeş oldu, Moskvada minimumları verdi rus dilində, işini də vaxtında yazıb müdafiə etdi. Onun mövzusu kino estetikası ilə semiotikanın kəsişməsindəydi.
Elmi rəhbəri də dağ yəhudisi idi.
Niyazi Moskvadan, mən isə ikiillik hərbi qulluqdan qayıtdım. İki-üç
ilimiz çox böhranlı keçdi,
biz darıxdığımız Bakıya qayıtmışdıq.
Niyazi öz zəhməti sayəsində
tamam yeni bir adam olmuşdu. Moskvada ingiliscəni təkmilləşdirmişdi, sonralar
bu onun elmi
fəaliyyətində və
maddi vəziyyətində
mühüm rol oynadı. Amma biz doğma mühitdə öz yerimizi tapa bilmirdik. Tələbəlikdən real həyata
adlamaq asan olmur. Hərdən dərdləşib deyirdik
ki, bəlkə başqa,
yeni adam olmaq səylərimiz səhv imiş. Niyazi Fəlsəfə İnstitutunda
işə düzəldi.
Mən "Ədəbiyyat
və incəsənət"
qəzetində işləməyə
başladım. Onun doktorluq işi tezliklə ortaya gəldi və ana dilində Bakıda kitab şəklində çap
olundu: bu iş "Orta əsr Azərbaycan estetik mədəniyyəti"
("İşıq", 1986) adlanırdı. Mən
kitab haqqında "Orta
əsr mədəniyyətimizin
tədqiqi" adlı
ressenziya yazıb
"Ədəbiyyat və
incəsənət" qəzetində
çap etdirdim. Mənim yeni nəzəriyyələrə
marağımda onun da
mühüm rolu oldu. Niyazinin elmi dili nahamar
idi, amma mən kitabı oxuyub mat qaldım: Niyazi elmi dövriyyəyə
orta əsr mədəniyyətimizə dair
onlarla yeni termin və anlayışlar gətirmişdi, bu, elmimizdə yeni bir yol idi.
Çoxları o zaman bunun əhəmiyyətini
qiymətləndirə bilmirdi.
Amma məqalədə də
yazmışdım: yeni termin
və anlayışlar
dünyanın, mədəniyyətin
yeni mənzərəsini yaradır.
Semiotik metodların mədəniyyət və
ədəbiyyat tarixinə
tətbiqinin böyük
mənası da elə
bu idi. Semiotika
adamı sözlərin
sürüşkən mənalarına
yönəldir, həm
də onlardan şübhələndirir. Dünyanı
izah edən də sözlərdir, anlaşılmaz edən də sözlərdir. Semiotika aldadıcı sözləri aşkarlamaq
istəyindən yaranıb.
Sonra məlum oldu ki, mətndəki sözlər
dünyanı yox, ancaq bir-birini izah edirlər. Buna ən çox pedant alman məntiqçiləri
yol açıb.
Niyazi semiotikanın əsaslarını
mənimsəmişdi, özü
ilə Moskvadan daim bu barədə
ədəbiyyat gətirir,
mənə, rejissor Vaqif Həsənova, Rəhman Bədəlova, Fəlsəfə İnstitutundakı
yoldaşlarına paylayırdı.
Orada da - Fəlsəfə
İnstitutunda yeni fəlsəfi
metodlara meyil edən, bu barədə
yazan filosoflar ortaya gəlirdi. Sonradan Niyazi İncəsənət İnstitutunda
mühazirə deməyə
başladı və orada öz elmi
məktəbini yaratdı.
O, antik fəlsəfəni,
Platonu, Kantı çox sevirdi, hərdən Allah ideyasından
danışırdı. Onunla
ünsiyyət ləzzət
və zənginləşmə
idi.
Niyazinin
elmi irsi geniş və əlvandır, burada səhnə və kino dili, dil və
işarə nəzəriyyəsi
və bir çox digər məsələlər işıqlanır. Onun elmi məktəbi də özü kimidir, burada islam mədəniyyətindən
kino və teatra qədər semiotik tədqiqatlara meyil edənlər, kitab və məqalə buraxanlar var. Mərhum Vaqif Həsənov semiotik metodları rejissorluğa gətirirdi. Ənənəvi
fəlsəfə kateqoriyalarını
semiotik baxımdan araşdıranlar, xüsusilə,
folklorumuza tətbiq etməyə çalışanlar
var idi. Sonuncular, xüsusilə çox idi, bəzən sadəlövh şeylər
də yazırdılar.
Amma əsas o idi ki, köhnə təfəkkürlü
Ümumi dilçilik və Folklor kafedralarından kənarda
bizim elmi fikrimiz dünyada gedən metodoloji axınlara meyil edir, humanitar elmlər üçün
yeni nəzəriyyələrin əhəmiyyəti
ictimai fikrə daxil olurdu.
Niyazinin
həyat dramlarından
biri ana dilimizlə bağlı idi. O dildə, yazı və ifadə tərzində reformalar etməyə çalışır,
yeni deyim və təhkiyə üsulları
axtarırdı; qabaqcıl
Qərb dilləri ilə ana dili arasında fərqləri
hiss edirdi. Bəzən
onun mətnlərini oxumaq xüsusi diqqət və söz duyğusu tələb edirdi. Mən buna da haqq qazandırıram. Elmə
yiyələnmək həmişə
zəhmətdir, əziyyətdir.
Ana dilimiz isə ən böyük elmdir, onun izafi
zəhmətinə qatlaşmaq
lazımdır və Niyazinin belə tələbə və davamçıları həmişə
tapılacaqdır.
Niyazi deyirdi ki, rus elminin təcrübəsindən
istifadə qüsur deyil, çünki onlar da ingilis, fransız, alman fəlsəfi
məktəblərindən qidalanırlar. Bu, elmi təzələnmənin yazılmamış
qaydasıdır. Təəssüf
ki, müstəqillik illərində
qabaqcıl rus elmi məktəbləri ilə əlaqələr aradan gedir və
biz xırda millətçilərə
güc gələ bilmirik, çünki əsil alimlər bir neçə nəfər olur, elmdə iş yeri tapanlar, təsadüfi adamlar - kütləvi.
Niyazi Mehdinin elmi axtarışları
və işləri mövzuca çox əlvandır, bəzi problemlərin qoyuluşu ilə kifayətlənirdi.
Ümid var ki, bir gün Sorbonnada, Oksfordda, Moskvada... oxuyub gələn cavanlar onun çoxsaylı
kitablarını su kimi içəcəklər,
onun axtarışlarına,
işlərinə qiymət
verəcəklər və
bizim anadilli elmi fikrimiz dünya
ilə ayaqlaşmağa
can atacaqdır.
Onda Niyazi Mehdinin ruhu qəni-qəni şad olacaqdır. Kitabları əllərdə
gəzəcəkdir. Mən
buna inanıram, çünki
elm də bir ənənədir, hikməti
sevənlərin, onunla
yaşayanların dialoqudur.
Niyazinin elmi dialoqu heç zaman bitməyəcək.
Rəhim ƏLİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 7 mart, №9.- S.8.