"20-ci sahə" nəsrin yoludurmu,
yaxud bataqlıqdan işıqlı dünyaya
Orxan Saffarinin uşaqlar
üçün yazdığı
"Balaca qəhrəmanların dünyası" kitabı çap olunub.
Hər zaman bizi narahat edən
bir məsələ var: Uşaq ədəbiyyatına niyə
yeni imzalar gəlmir? Axı bütün sahələrdə
yenilənmə getməsə, o, özü-özünü
yeniləməsə, durğunluq yaranar, həmin sahə
sıradan çıxmaq təhlükəsi ilə üzləşər.
Hərçənd, uşaq ədəbiyyatının klassika
kimi zəngin, öyünəsi xəzinəsi var. Amma
çağdaş zamanın, həyatın nəbzi yeni
düşüncənin qanadlarında gətirilir axı mətnə.
Orxan Saffarinin uşaqlar üçün yazdığı
hekayələrdə bu yenilik necə duyulur, yaxud ümumiyyətlə
duyulurmu?
Orxan uşaq yazarı deyil. Ötən il onun "20-ci sahə"
hekayələr kitabı çap olundu. Haqqında Qismət, Mətanət
Vahid yazıb, yetərincə tənqid etdilər kitabdakı
hekayələri. Tənqidi yazının mühüm cəhəti
var ki, həmin kitabı, ya oxumaq istəyirsən, ya da ona sərf
edəcək zamanı vaxt itkisi sayıb kənara qoyursan. Məndə
Orxan Saffarinin hekayələrini oxumaq istəyi bəlkə ona
görə yerində qaldı ki, müəllifin bundan əvvəl
bir neçə hekayəsini oxumuşdum. "Kulis.az"
saytının hekayə müsabiqəsində ekspert olarkən,
onun "Əjdər" hekayəsi ən bəyəndiklərim
sırasında idi. Müharibə ağrılarını bir
insanın taleyi fonunda bədii-psixoloji çalarlarla uğurla əyaniləşdirmişdi
gənc yazıçı. Sonra "Mərcan xala və polipləri"
- tənha qadının qorxuları, vərdişləri,
sığındığı qəribəlikləri və s.
Orxanda insan xarakterlərini kiçik detallarda, kiçik
vurğularda açmaq cəhdi uğurlu alınır. Amma
"20-ci sahə" kitabındakı digər hekayələri
oxuyarkən bu gözləntilərim doğrulmadı. Kitabdakı hekayələrdə ədəbi
gücü, mündəricəsi, enerjisi olan hekayələr
azlıq təşkil edir, onlarda çağdaş insanın
yaşamı, duyumu, düşüncəsi, obrazı əksini
tapmır. Baxmayaraq ki, Orxanın hekayələrində yeni cəmiyyətin
zümrəvi səciyyəsi bir araya gətirilib: tənha
insanların dramı, əsgər həyatının
yaşantıları, mənəvi-əxlaqi
çöküş, sosial sıxıntı, depressiv durum və
s.
Orxan daha çox həyatın dibində olan insanların həyatına
köklənir mətnlərində. Yəni bu pillədən
həyat, ömür, dünya işləkləri necə
görünür, hekayələrində daha çox bunu əyaniləşdirməyə
cəhdlər var. Amma necə? Məsələ də elə
bundadır. Orxan bu hekayələrinə küçə
insanının problemini deyil, küçə insanının
özünü gətirir. Sosial gerçəklərin
çılpaq şərhi, underground həyata dair qəzəbli,
sərt yanaşmalar, qrotesk mənzərələr,
insanlığa, həyata ironiya, həyatın dibində olan,
darıxan, bezgin insanların təsviri... Amma bu darıxma, bu
bezginlik nədəndir? Sosial əhatədənmi,
yabançı mühitdənmi, cəmiyyətdən, yaxud
taledən-tarixdən-zamandan, şəxsi həyatındanmı?
Kitabda ancaq "Əjdər" hekayəsində bunun dərki,
qəhrəmanın içindəki tənhalığın
motivlənməsi var.
Hələ
"İrina Qasparyan" hekayəsi! Torpaqları 30 il
işğal altında olan, müharibə yaralarından yenicə
çıxan xalq olaraq bizə ideoloji dürüstlük gərək
deyilmi? Yenə də azəri kişisinin "axçi" aludəliyi
önündə zəifliyi, aşinalığı... Bu
"mif" bizə nəsrimizdən yaxşı
tanışdır, "Əsli və Kərəm",
"Bahadır və Sona" (N.Nərimanov), "Sarı
tağ" (A.Abdulla), "Erməni adındakı hərflər"
(M.Süleymanlı), "Qarabağ şikəstəsi"
(V.N.Sarıhüseynoğlu), "Quqark" (S.Baycan) kimi əsərlərdə
erməni-azərbaycanlı münasibəti müxtəlif
rakurslardan bədii təsvirin mərkəzinə çəkilirsə
də, nəhayətində, milli xarakterin boşluqlarından
nəşət tapırlar. Orxan da bu boşluğa öz
töhfəsini verir. Fərqli görünmək ədası,
gəncliyin çılğın sözü kimi anlayaqmı?
Olsun, amma axı vətən, şəhidlik məqamları
kimi müqəddəs anlayışlar da var axı.
Orxan hekayələrində nəyə
görəsə, bilərəkdən xəyanət
mövzularına, intim hisslərin təsvirinə meyil edir. Həm
də bunu epotaj səciyyəli, çılpaq ifadələrlə
təqdimləyir. "Kor Bağır", "Zavuçun
pişiyi", "İrina Qasparyan", "Gilas mürəbbəsi",
"Kazımın anası", "Kimsəsizlər qəbiristanlığı".
12 hekayədən altısı bu mövzudadır. Dərinə
gedəndə qalan o altı hekayəsində də bu
mövzudan bir "duz" vardır.
Orxan bacardıqca mövzunu, söhbəti aparıb bu məqamlara
çalayır. Hekayələrdə daha çox
çılpaq deyim tərzi hakimdir, bədii obrazlar daha
çox illüstrativ səviyyədədir, "Əjdər"
hekayəsindən başqa heç birində bədii obraz
yaşam kimi meydana çıxmır, dinamik-analitik mündəricə
ehtiva eləmir. Müəllif bəzən müəyyən cəhdlər
edib müxtəlif planlı işarə-eyham-detalları
yanaşı gətirmək istəyir, məsələn,
"Gilas mürəbbəsi" hekayəsində, amma bu, mətndə
müəllif istəyindən başqa ciddi bir tutarğa
tapmadığından ortada mənasız cəhdlər
qalır.
Yuxarıda qeyd etdiyim kimi, Orxanın mətnlərində ən
qüsurlu məqamlardan biri yerli-yersiz epotajdan istifadə etməsidir.
Bunu onun "Əjdər" hekayəsi haqqında
yazdığı məqalədə Təvəkgül Boysunar
da qeyd etmişdir: "Hekayədə qüsur kimi görünən
şeylərdən biri kimi açıq-saçıq ifadələrin
tez-tez qarşıya çıxmasını qeyd etmək olar.
Doğrudur, hekayəni nəql edən obraz, belə demək
mümkünsə, küçə uşağıdır və
hekayədə də küçə leksikonunun olması, əslində
qaçılmazdır. Amma yenə də, bu ifadələrin mətnin
ümumi səslənişinə xələl gətirdiyini
danmaq olmaz. Məsələn, təsəvvür edək ki, ədəbiyyata
qayğı göstərməyi qəfildən qərara alan
hansısa qurumlar "Əjdər" hekayəsinin televiziyada
səsləndirilməsiylə bağlı göstəriş
verir. Bu hekayəni televiziyada, kütlə qarşısında
səsləndirmək, görəsən, mümkün
olacaqdımı? Məncə, yox".
Məsələ, bu ifadələrin
harada səslənməsi ilə
bağlı yaranacaq problemdə deyil. Orxan Saffarinin hekayələri
üçün bu ayrıntı yoxdur: küçə
insanlarının həyatımı, yoxsa, küçənin
özümü? Məncə, Orxan bunun mahiyyətinə
varanda, o zaman onun nasirlik potensialı daha düzgün istiqamətə
yönələcək.
Orxan düşündüyü kimi
yazır, heç bir əlavə bəzək-düzəyə
ehtiyac duymadan. Əslində, bu, yaxşıdır. Yersiz
tilsim-sirr-eyhamlara getmir müəllif, şərti mahiyyətə
varmır. Daha realist, daha natural boyalarla danışmağa
üstünlük verir. Amma lap tutaq ki, bu tilsim, kod-işarələrdən
yararlandı, bunun motivasiyasını,
funksionallığını verə biləcəkdimi? Axı ən
sadə təsvirlərdə belə, Orxan Saffaridən istədiyimiz
nəticəni ala bilmirik. Müəllif nəyi demək, nəyi
təlqin etmək istəyir, hekayələrdə bunun bədii
enerjisini görmürük. Əlbəttə, bəzi
müşahidələrində gənc nasirin təsvirləri
uğurlu alınır: Məsələn, "Maqsud" hekayəsində
"üzündən dul qalan qızlıq
yağırdı"; "Mənim erməni qonşum"
hekayəsində "qonşuların ona nifrəti şəhid
xəbərləri ilə birgə çoxalırdı";
"Kor Bağır" hekayəsində "Camaat içib
serroz olur, bunun gözləri tutuldu. İki gözü birdən
pırtlayıb çıxdı. Ağı qarasına
qarışdı. Hələ sağ ikən bu
işıqlı dünyaya əbədi olaraq gözlərini
yumdu"… Amma və lakin... Obraz yaşamdır, onun necəliyi
də yaşamdan alınan təəssürat kimi oxucuda
özü ilə bağlı müəyyən qənaət
doğurmalıdır. Bəlkə də müəllifin
altşüurunda qələmə alınan həyat hekayələrinin
hər biri diri, dinamik səciyyədədir. Amma mətndə
onlar artıq yaşamdan çox, illüstrasiya olaraq
görünürlər. Yığcam süjetlərdə
ancaq müəllif əhval-ruhiyyəsinin işarəsi kimi mənalanırlar,
sabun köpüyü qismində danışılan anda
unudulan hekayətlər təəssüratı doğurur,
insan içi və psixologiyasının dərin təcəssümündə
meydana qoyulmurlar.
"Əjdər" hekayəsi
isə ayrıdır.
Hətta deyərdim, müharibə ilə bağlı nəsrimizdə
yaxşı hekayələrdən biridir. Orxan bunu
ovqatının hansı halında yazıb, bilmirəm, amma bu
hal artıq nəsrin yoludur. Realist təhkiyəyə əsaslanan
bu materialda bütövlük mətnin yaranışından
sonadək üzviliyini qoruyub saxlayır. Orxan Saffari məncə,
özü də bu kitabı ilə bir qədər
böyümüşdür. Hər halda dərk etməmiş
deyil ki, hər cür yeni duyum, revanşist əda,
çılğın üslub öz yerində, ədəbiyyat
ancaq və ancaq insan həqiqətini dərk edəndə və
bunu ifadə etməyə gücün yetəndə olur,
alınır. "Əjdər" hekayəsində olduğu
kimi. Düzdür, bunu hekayədəki bütün məqamlar
haqqında demək mümkün deyil. Hər halda, bu mətndə
Orxanın, hətta xam bədiiyyat çabalarının da
altında yazıçı obrazının yatdığını
görmək mümkündür.
***
Orxan Saffari uşaq hekayələrində daha çox
yazıçı pozasındadır. Özünün
çağırış motivləri və bədiiyyat ruhu
ilə! Hekayələrin aurası uşaq mətnləri
üçün gərək olan işıqlı bir yazıçı sözü,
yazıçı nəfəsi üzərindədir.
Uşaqlar üçün yazdığı
nağıllarda Orxan daim işıqlı
bir dünyaya canatımı ilə seçilir. Əslində
bu məqam maraqlıdır: onun bütün qəhrəmanları
balaca qara balıq kimi məcrasına sığmırlar, daim
uzaqlara can atmaqla seçilmək, fərqli dünyalar kəşf
etmək istəyirlər. Bütün nağıllarında
uşaqların hardasa uzaqlarda olan dünya ilə bağlı
qurduqları xəyalları var. Orxan bu uşaqları həmin
dünyalara aparır, amma çox keçmədən onlar
geriyə - sevdiklərinin yanına qayıdırlar. Bu anda
düşünürəm, kim bilir, bəlkə Səməd
Behrənginin o balaca qara balığı da dünyanı gəzib
dolaşandan sonra ayrıldığı yaxınlarının
yanına qayıdacaqdı? Təəssüf ki, ədəbiyyatın
bu suallara cavab vermək öhdəliyi yoxdur. O ancaq sual yaratmaq
üçündür.
Amma Orxan işıqlı dünyaya qaçış motivini demək
olar ki, hər nağılda təkrarlayır. Gərək
oxuduğunu unudub ikinci nağıla keçəsən, əks
təqdirdə, daim eyni məqama köklənmə yorucu ola
bilər. Hər dəfə hansısa möcüzəvi
qüvvə - sehrli quş, qoca qarı, bədheybət,
meşədəki ağ işıq, ağacın
üstündə taxtadan qurulmuş ev, dəmir qabdan tapılan
xəritə uşaqları yeknəsəklikdən qurtaran
vasitə kimi təsvir olunurlar.
Yaxşı cəhət budur
ki, Orxan bu hekayələrdə öyüd-nəsihəti hadisələrin
fonunda bildirir. Süjetli nağıl, hər nağılın
arxasında dayanan hadisə fonu uşaqlara mətndəki əsas
ideyanı aşılamağa yardımçı olur. Bu, bəlkə
də onun seçdiyi ədəbi priyomdur. Çünki məlumdur
ki, istənilən fikir süjetsiz, bilavasitə nəsihət
şəklində verildikdə təsirsiz olur. Nəsihəti
isə Belinski demiş, "heç böyüklər də
sevmir".
Digər
məsələ, Orxanın
nağıllarında uşaqlarla
böyüklərin davranışı çox ibrətamizdir.
Bu mətnlərdə uşaqlarla böyük kimi
davranılır - hörmət, qayğı, nəvaziş, həm
də anlayışla. Uşaqla onun idrak səviyyəsinə
uyğun şəkildə danışmaq,
yapışıqlı təhkiyə ilə onların qəlbinə
nüfuz etmək səriştəsi uğurlu
yanaşmadır. Məsələn, "Həsən və bədheybət"
nağılına diqqət edək:
"Həsən bir gün bu barədə
anası ilə də danışmaq qərarına gəldi:
- Ana, mən nə vaxt
böyüyəcəm?
Anası
gülümsəyərək:
- Vaxtı gələndə,
oğlum. Niyə bu qədər tələsirsən?
Həsən həyəcandan parıldayan
gözlərini bir az da geniş
açıb cavab verdi:
- Mən tez böyüyüb
güclü olmaq və pis adamları döymək istəyirəm!
Anası
onun sözlərinə
diqqətlə qulaq asıb mehribanlıqla
əllərini Həsənin balaca çiyinlərinə qoydu:
- Oğlum, insan böyüdükcə yalnız güclü
yox, həm də ağıllı olmalıdır. Əsl
güc, insanlara zərər vermək üçün deyil,
kömək etmək üçün istifadə ediləndir.
Gücünü yaxşılığa yönəltmək ən
böyük mərdlikdir.
Amma bu kitabda da bəzi
nağıllarda - "Yalan danışmağın aqibəti",
"Qalibin üzüyü", "Sevil və Sadiq" məsələn,
ideyalar yaxşı olsa da, onu ifadə bacarığı, mətnə
çevirmək potensialı zəifdir. Nə mənada? Yəni,
Orxan bu nağıllarda dostluq, ailə bağları, müəyyən
tərbiyəvi məqamlarla bağlı demək istədiyi
fikri, hər hadisədən nəticə
çıxarmaq zərurətini quru mühakimə, nəsihət
yolu ilə verir, hadisənin mahiyyətindən əxz olunan
ümumi qənaət olaraq ümumiləşdirmir.
Ümumiyyətlə, Orxan Saffarinin mətnlərində
problem nədədir? Bəzi hekayələrdə yaxşı
mövzu tapır, amma onu uğurla işləməsi
üçün həyat materialı, nasirlik təcrübəsi
çatmır. Yaxud bəzilərində yeni həyat
materialı ehtiva olunur. Amma yeni həyat materialı nəsrdən
həm də yeni yanaşma, təqdim, xarakter, obrazını
istəyir. Bu mənada, ideya, məzmun və formanın vəhdətini
verən hekayəyə Orxanın kitablarında az rast gəlirik.
Daha bir qeydim var. Kitabda nəzərəçarpan
orfoqrafik səhvlər görülən işə xələl
gətirən amildir. Unutmayaq ki, sözlərin
yazılışında səhvlərə yol verilməsi hələ
yazıb-oxumağa yenicə başlayan uşaq
üçün yanlış yönləndirmə ola bilər.
Hərf düşümünü texniki səhv saya bilərik,
hərçənd bu da bədii effekt yaratmağa mane olur, ifadə
səlisliyinə xələl gətirir, amma bəzi sözlərin
yanlış təqdiminin bəraətini necə verək? Məsələn,
"təsirləndi" sözünü kitabda "təəssirləndi"
(kitabda bu söz iki yerdə səhv gedib: s.12, 24) kimi oxuyan
uşaq bunu elə bu cür qəbul edəcək. Yaxud
cümlələrdəki xətalar: "Baba bu sözləri
eşidəndə gülümsəyib və soruşdu"
(s.70), - buradakı "və" bağlayıcısı
artıqdır. "Hər üçü qorxsa da, Günay
lap çox qorxurdu" (s.70), - fikir təkrarı cümlələrin
səlisliyini pozur. "Uzaq diyarlardan birində balaca bir qəsəbə
yerləşirdi" (s.13), - bəlkə "diyarların
birində" olsun? Belədə mətn daha rəvan və
axıcılıq qazanmırmı?
Kitabdakı şəkillər, nağıllara
çəkilən illüstrasiyalar isə
uğurla işlənib. Ağ və qara rəngin vəhdətindən
hasilə gələn bu şəkillər, hətta mündəricəsi
zəif olan nağılı belə cazibədar formada təqdim
edə bilir.
"Balaca qəhrəmanların
dünyası" kitabında
səmimiyyət hissi və balacaların rəngarəng
dünyasına, maraq dairəsinə aid nə varsa, müəllifin
ona hədəflənib yazmaq məramı, uşaq ruhunu həssaslıqla
duymaq bacarığı öndədir və bu keyfiyyətlər
kitabdakı nağıllara qeyri-ixtiyari şəkildə mənəvi
təravət və enerji ötürür. Tərbiyə, əxlaqi-mənəvi
xarakter, düzgün davranış aşılamaqla bərabər,
sözü incəliklə demək bacarığı, təsvir
israfçılığına yol verməmək Orxanın mətnlərində
yaxşı cəhətlər kimi qeyd olunmalıdır. Məncə,
balaca qəhrəmanları kimi, Orxan Saffarinin özü də,
hardasa uzaqlarda olan rəngarəng dünyanın xəyalını
qurmaqla axtarışlar aləmində var-gəl edir.
İnanıram ki, o, "20-ci sahə"nin
bataqlığından sıyrılıb işıqlı
dünyaya gedən yolu mütləq tapacaq - özü
üçün, oxucular üçün, ən əsası,
Ədəbiyyat üçün!
Elnarə AKİMOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 7 mart, №9.- S.6-7.