Bir şarjın tarixçəsi və yaxud Səməd Vurğun
1952-ci ildə Moskvada
bir "karikaturanın"
necə "qurbanına" çevrildi
İosif İlç İgin (əsl soyadı Ginzburg, 1910-1975) - Sovet karikaturaçı rəssamıdır, ədəbiyyat və incəsənət sahəsindəki bir çox tanınmış şəxslərin karikatura və portretlərinin müəllifi kimi məşhurdur.
Rəssam 1910-cu ildə yəhudi qəsəbəsi Propoiskdə (indiki Slavqorodda) anadan olub. O, 1920-ci illərin sonunda Leninqrad Rəssamlıq Texnikumunda təhsil almış, daha sonra məşhur Vxutemas və Vxutein (Ali Rəssamlıq-Texniki İnstitut) bazasında təşkil edilmiş Moskva Poliqrafiya İnstitutunu bitirmişdir.
İgin daha çox çoxsaylı karikaturaların müəllifi kimi şöhrət qazanmışdır. Sovet dövründə siyasi xadimlərin karikaturalarını və şarjlarını çəkmək qəti qadağan olunmuşdu. Buna görə də rəssam daha çox öz dövrünün yazıçıları, aktyorları və digər tanınmış mədəniyyət xadimlərinin şəkillərindən ibarət bir karikatura qalereyası yaratmışdır. Burada Vladimir Mayakovski, Maksim Qorki, Bernard Şou, Korney Çukovski, Samuil Marşak, Faina Ranevskaya, Nazim Hikmət və başqalarının şarjlarına rast gəlmək mümkündür.
İginin rəsmləri o zamanlar Sovet jurnallarının yumoristik bölmələrində dərc olunurdu və çox məşhur idi. Xüsusilə, "Krokodil" jurnalında onun çoxlu karikatura işləri çıxmışdır. Əsərlərinin böyük bir hissəsi kitab-albomlarda toplanmışdır.
İgin
son illərdə xatirələrini
yazmışdır. Bu xatirələr
nəticəsində "Çəkdiyim
insanlar haqqında"
(1966), "Mən onları
gördüm..." (1975) adlı
kitabları nəşr
olunmuşdur.
Rəssam
1975-ci ildə Moskvada vəfat etmiş və Vaqankov qəbiristanlığında dəfn
edilmişdir. Onun arxivi Rusiya Dövlət
Ədəbiyyat və
İncəsənət Arxivində
saxlanılır.
Məşhur rəssamın "qəhrəmanlarından"
biri də böyük şair Səməd Vurğun olmuşdur.
Rəssam
1975-ci ildə nəşr
olunan son kitabında
("Mən onları
gördüm...") Azərbaycan
şairi Səməd Vurğunla görüşünü
xatırladır...
İgin
qısa təəssürat
yazısında məşhur
şairin alicənablığını,
səxavətliliyini, qonaqpərvərliyini,
necə yumor hissinə malik olduğunu
da bacarıqla təsvir
edə bilib.
İosif
İgin öz kitabında Səməd Vurğunla görüşünü
belə xatırlayır:
"1952-ci
ilin yazında mənə redaksiyadan xəbər verdilər ki,
Səməd Vurğun
Moskvaya gəlib. Onun rəsmini çəkmək lazımdır.
Mən şairlə əlaqə saxladım və səhərə görüş təyin etdik..."
Gecənin bir yarısı
Səməd Vurğun
gözlənilmədən İgini
qəfil telefon zəngi ilə oyadır.
Rəssam
şairin sözlərini
belə xatırlayır:
"- Bir
bəladır düşmüşəm...
Moskvada yata bilmirəm. Bizim Bakıda gündüz ağ, gecələrsə
qara olur. Burada isə gündüz də boz olur, gecə
də... Mən yatmaq əvəzinə, sənin yanına gəlib oturacağam, söhbət edərik..."
Onlar görüşürlər. "Söhbət dan yeri sökülənə qədər
davam etdi. Şairin şeirlərini oxunması ilə gecə sona çatdı. Səməd
şeirlərini Azərbaycan
dilində oxuyurdu, mən isə onu dinləyir və şəklini çəkirdim".
Rəssam
xatırlayır ki, şair
arada onun çəkdiyi rəsmə
baxıb zarafatla deyir:
"Ata-babalarımızın qanunlarına
görə, mən səni öldürməliyəm,
- dedi. - Çünki
Şərqdə insanı
güldürən və
digərlərini də
ona güldürən
adam ən böyük düşməndir.
Mən səninlə görüşdüm, səninlə
şərab içdim,
şeirlər oxudum, amma sabah insanlar
qəzeti açacaq və deyəcəklər:
Bir bura bax, gör bu Səməd
Vurğun necə də gülməlidir!"
İgin
deyir ki, mən ona belə cavab
verdim: "Əgər
qanun belədirsə, onda məni öldür".
Şairin
cavabı hazır idi: "Təəssüf
ki, mən bura gələndə nəyə
razı olduğumu bilirdim. Bu dəfə ataların qanunu pozulacaq..."
Ertəsi
gün İgin və Vurğun birlikdə "Moskva" mehmanxanasında
nahar edirlər. Rəssamın xatırladığına
görə, restoranda xeyli boş kiçik stollar varmış, lakin Səməd Vurğun çox böyük, iyirmi nəfərlik bir masanı seçir.
Bunun öz səbəbi var imiş. İgin belə xatırlayır:
"Mən ona dedim
ki, biz kiçik stolun
arxasında otursaq, bu, daha rahat
olmazmı? Səməd
etiraz edərək dedi: "O nə sözdür elə? Bu mehmanxanada çoxlu dost-tanış olur. Birdən onlar da gələ bilərlər.
Onda mən onları kiçik stol arxasında necə qonaq edə bilərəm?!"
P.S.
İlk dəfə İginin
"Mən onları gördüm..." adlı
kitab-albomunda nəşr
edilmiş bu müxtəsər yazını
"Azerhistory.com" saytı dərc etmişdir. Həmin qeydləri hörmətli Xalq yazıçımız Anarın
tövsiyyəsi ilə
dilimizə çevirib
"Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim
etdim.
Firuz MUSTAFA
Ədəbiyyat
qəzeti.- 2025.- 7 mart, №9.- S.5.