"Milçəklər
Tanrısı" və ya uşaqlar
göründüyü
qədər təmiz və safdırlarmı?
Uşaqlar dünyanın ən təmiz, saf varlıqları
kimi bilinsələr də, elə lap müəyyən qədər belə olsalar da, əslində onların da içində qəribə, hətta bəzən böyüklərin içində olan vəhşiliklərdən daha böyük vəhşilik, qəzəb yata bilir. Bu cür hisslər isə bəzən
oyana və dəhşətli mənzərələrlə nəticələnə
bilir.
Məsələn,
"Milçəklər Tanrısı"nın
uşaqları kimi.
İngilis
yazıçı və şair Vilyam Qoldinq tərəfindən
1954-cü ildə yazılan bu alleqorik roman Nobel
mükafatına layiq görülüb. Mövzu uşaqlar və
dünyası olsa da, hadisələr, mesajlar əsla
azyaşlı uşaqlar üçün, ümumən
uşaq ədəbiyyatı deyil.
Konkret
olaraq belə demək olar:
Romanın
süjet xətti, burada baş verən hadisələr
İkinci Dünya müharibəsindən sonra baş verir. Daha
dəqiq desək, Qoldinq bu roman, romandakı hadisələrin vasitəsi
ilə insan, xüsusən də, uşaq təbiətinin
içində olan vəhşiliyə güzgü tutur.
Roman kimsəsiz
adaya düşən dörd nəfər uşağın həyatda
qalmaq üçün birləşməyi və mübarizəsi
ilə başlayır. Onların adadan xilas olmağa ümidi
var və məhz bu ümid də onları uşaqlıqdan
çıxmağa vadar edir.
Uşaqlar
adada ilk olaraq öz aralarında işlər üçün
bölüşmə aparsalar da, əslində hadisələr,
onların içindəki mənfi hisslər də buradan
qaynaqlanmağa başlayır, bu birlik uşaq eqoizminin əsl
üzünü göstərir. Məsələn, adada olan
uşaqlara sonradan başqa uşaqlar da qoşulur və onlar
arasında liderə ehtiyac duyulur. Beləliklə, ilkin olaraq
"Raf" adlı uşaq qrupa rəhbər seçilir. Bu
hissə, rəhbərin seçilməsi üsulu həm də
romanın demokratiya xəttidir. Uşaqlar arasında yaranan bu cəbhənin
işi isə bununla bitmir. Burada ortaya başqa mübahisələr
düşür və rəhbərlik də aralarında
bölünür. Digər rəhbər isə,"Cek"
adlı uşaq olur. Daha dəqiq, qrupdakı xüsusi olaraq
ovçuluq işi ona verilir.
Bəs
niyə "Milçəklər tanrısı"?
Belə
ki, digər lider olan Cekin yaratdığı dəstədəki
uşaqlar digər uşaqlardan vəhşiliklərinə
görə seçilməyə başlayır. Onlar, belə
demək olarsa, əxlaqlarını da itirirlər, dəyərlər
gözlərində heç olur, "Milçəklər
tanrısı" adını verdikləri bir donuzun
başını büt halına gətirirlər.
Uşaqlardan
biri - Simon adlı uşağın tək meşəyə
getməsi və digər uşaqların donuzun
başını bir nizəyə taxıb qoyduqlarına
şahidlik etməsi əsas mətləbdən söz
açır.
Donuzun
başı burada milçəklərlə
örtülmüş vəziyyətdə olur və Simon bir
növ affekt halına düşərək onunla
"danışmağa" başlayır.
Bu səhnə
isə romanın klimaksıdır.
Bəs
verilən mesaj nədir?
Əslində,
milçəklərlə örtülən donuzun başı
şəri, vəhşiliyi simvolizə edir. Simon isə, bir
növ, peyğəmbərliyi, paklığı, xeyri (Raf
adlı uşaqsa eyni ilə).
Müəllifə
görə, yaşından asılı olmayaraq hər
insanın içində bir şər, qəzəb, nifrət
var və cəmiyyətə aid olan qaydalar pozulduğu an bu mənfi
hisslər ortaya çıxır. Yəni bir növ, əsər
mesaj olaraq qayda və qanunların nizamını
aşılamağa çalışır.
Əsərdəki
"Milçəklər tanrısı", yəni elə
"Donuz başı" məhz bu mənfiliyin simvoludur.
Bütün bu mesajlar isə obrazların dili ilə - Raf və Cekin timsalında verilir.
Burada Raf əxlaqı, ağlı, qayda-qanunu, Cek isə şəri,
vəhşiliyi, şeytani gücü simvolizə edir.
İstər
roman boyu, istərsə də əsərin sonlarına
yaxın uşaq dünyasından verilən hadisələr,
doğrudan da, dəhşətlidir və insanı
düşünməyə vadar edir. Sonlara yaxın oğlanlar
bir-birlərinə qarşı zorakılıq edir, hətta qətl
belə törədirlər. Sonda isə adaya bir ingilis zabiti gəlir
və uşaqları tapır. Bu zaman uşaqlar etdikləri dəhşətləri
anlayır və ağlayırlar - həm qorxudan, həm
peşmanlıqdan.
Qətl
necə olur və buradakı mesaj nədir?
Meşəyə
gedən Simonun adaya geri dönəndə digər uşaqlar tərəfindən
tanınmaması və öldürülməsi, cəmiyyətin
həqiqəti daşıyan adamlara necə münasibət bəslədiyini
göstərir. Banlayan xoruzun başı üzülən kimi,
"həqiqəti danışanda da qorxu içində olan
kütlənin reaksiyası belə olur" mesajı verilir.
Roman, eyni
zamanda özündə həm də bir sosial təcrübəni
ehtiva edir. Uşaqların müəyyən şərtlər
altında ilkin genetikalarına, instinktlərinə
qayıtması bu dünyaya güzgü tutur, qəbul edilməsi
çətin olsa da, reallığın bu cür olduğunu
göstərir. Müəllif insanın daxili
dünyasındakı xaosun üzdə olduğunu ustalıqla
təsvir edir. Simvolizmlə ifadə etsək, bu roman insanın
təbiətən şeytan olduğunu bildirir.
Roman
mahiyyətcə sual verir:
- Eyni vəziyyətdə
sən hansı tərəfdə olardın?
- Bəs
bu cür mesajlar verilən başqa romanlar necə, varmı?
Doğrudur,
sujet xətləri fərqli olsa da, məsələn, George
Orwellin "1984" romanında qorxu, manipulyasiya və cəmiyyətin
idarə olunması xətti də məhz bu romanla
oxşarlıq təşkil edir. "1984" romanı utopik
romandır, ancaq fərqli hadisələr fonunda bənzər
hisslər ustalıqla verilib.
Yaxud da
"Heyvanıstan" əsərindəki cəmiyyət
qurmaq və sonra onun pozulması xəttini də buna misal olaraq
göstərmək olar.
"Vəba"
əsəri bu xəttə ən yaxın olan əsərlərdəndir.
Sözsüz, digər romanlarda da, burada da məsələ
plagiatlıq yox, müəlliflərin başqa hadisələrlə
eyni hissləri çatdırmaq istəkləridir (Özləri
bu cür hiss etməsə, bilərəkdən etməsələr
də).
"Vəba"
əsərində baş verən bir fəlakət zamanı
insan davranışları və əxlaqı üzə
çıxır (şəhərdə epidemiya
yayılır, insanlar öz vəhşi instinktlərini ortaya
çıxarır). Xəstəlikdən sağ qalmaq
uğrunda mübarizə ilə, adada sağ qalmaq uğrunda
olan mübarizə və edilənlər bir növ eynilik təşkil
edir.
Orxan
SAFFARİ
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, №15.- S.31.