İon Deakoneskunun "Müsahibə"

seçmə şeirlər toplusu işıq üzü gördü

 

"Yeni DƏB" seriyasından daha bir nəşr

 

rkəmli rumın şairi İon Deakoneskunun "Müsahibə" seçmə şeirlər toplusu "Yeni DƏB" seriyasından "Zərdabi Nəşr"də nəfis şəkildə işıq üzü görüb.

İon Deakonesku / Ion Deaconescu (1954) görkəmli rumın şairi, ədəbi tənqidçi, tərcüməçi, esseistdir. 1947-ci ildə Rumıniyanın cənub-qərbindəki Oltenia bölgəsində, Tarqu Loqreşti şəhərində anadan olub. Buxarest Universitetinin İncəsənət fakültəsində (1972), Krayova Universitetinin Hüquq fakültəsində (1996) təhsil alıb. Dilçilik, dünya ədəbiyyatı mütəxəssisidir, filologiya üzrə fəlsəfə doktoru, Krayova Universitetinin professorudur. "Ruhun şəklini çəkən qurğu" (1981), "Çiskinin qabı" (1985), "Anın sonsuzluğu" (1986), "Səs maskası" (1987), "Sıfır hərəkətlilik" (1995), "Çöl baxçası" (1997), "Uğursuzluq bayramı" (2001), "Xeyirsiz əks-səda" (2002), "Nada" (2007), "İşığın qanadları" (2009), "Qaçqın gəlincik" (2010), "Lənətli şair" (2011), "Gələcək gözyaşı" (2013), "Çoran və ya inkar vasitəsilə xilas" (2004), "Ümumi ritorika" (2006), "Dil və siyasi nitq" (2007) və b. şeir, araşdırma, esse kitablarının müəllifidir. Onun tərtibçiliyi ilə bir neçə əsaslı Avropa və dünya şeiri antologiyaları nəşr edilib. Şeirləri, araşdırmaları, ədəbi-tənqidi məqalə və esseləri, kitabları Türkiyə, İtaliya, Fransa, Serbiya, İngiltərə, Macarıstan, Portuqaliya və Makedoniyada dərc edilib. Ümumilikdə əsərləri iyirmidən artıq dilə tərcümə olunub. Dünyaca məşhur rumın-fransız yazıçısı, filosofu Emil Çoranla müsahibəsi Avropa Birliyi tərəfindən dəstəklənən "Yeni Avropa" (Nouvelle Europe) jurnalında dərc olunub, böyük səs-küy doğurub. Rumıniya Yazıçılar Birliyi (1996), Jurnalistlər Assosiasiyasının (1996), Beynəlxalq Yazıçı və Rəssamlar Assosiasiyasının üzvü (S.U.A.), ABŞ Bioqrafiya İnstitutunun Tədqiqat və Məsləhət Şurasının (2003), Moldova Elm, Mədəniyyət və İncəsənət Xadimləri Assosiasiyasının fəxri ( 2015), eləcə də Ukrayna, Monqolustan, Kosovo, İtaliya, Fransa və b. ölkələrin nüfuzlu incəsənət təsisatlarının üzvüdür. Rumıniya, Yaponiya, Monqolustan, İtaliya, Moldova, Monteneqro, Koreya və b. ölkələrin nüfuzlu ədəbiyyat ödüllərinə layiq görülüb. Beynəlxalq Mihay Eminesku Akademiyasının prezidentidir. Krayovada yaşayır.

2005-ci ildən indiyə qədər Səlim Babullaoğlunun Azərbaycan Yazıçılar Birliyinin nəzdində, "Dünya ədəbiyyatı" dərgisinin əlavəsi kimi təsis etdiyi "Yeni DƏB" seriyasında 30-dan artıq kitab - dünya ədəbiyyatı nümunələri nəşr olunub. Bir ara nəşrində fasilə yaranan seriya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında təkrar bərpa olunub.

Toplunun tərcüməçisi və Ön söz yazısının müəllifi, eyni zamanda seriyanın baş redaktoru Səlim Babullaoğludur. Kitaba Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare giriş yazısı yazıb.

Nəşrin məsləhətçisi Əsəd Cahangir, koordinatoru Rauf Aslanov, naşiri Elman Qasımovdur. "Yeni DƏB" seriyanın redaksiya heyətinə Seyfəddin Hüseynli, Əsəd Cahangir, Azər Turan, Qulu Ağsəs, Fərid Hüseyn daxildir.

Kitab üzərində Emil Camalov və Məlahət Qənbərova çalışıblar.

Seriyanın informasiya dəstəkçiləri sırasında "Dünya ədəbiyyatı" dərgisi, "Ədəbiyyat qəzeti", "Ulduz" jurnalı, www.mustaqil.az saytı da var.

dəbiyyat qəzeti"nin oxucularına Səfir Vasile Soarenin və Səlim Babullaoğlunun kitab üçün yazdığı yazıları təqdim edirik.

 

Ədəbiyyat qəzeti.- 2025.- 9 may, №16.- S.26.