Fikrət
Sadığın şair ömrü
Poeziyada
"altmışıncılar"
adlandırdığımız bir nəsil var və bu nəslin
ədəbiyyatımızda oynadığı rolu, bədii-estetik
fikrimizə gətirdiyi yenilikləri kimsə dana bilməz. Bu
nəslin yaşca ən "qoca"sı Fikrət Sadıq
idi və o, bu il mayın 30-da 95 yaşına çatdı...
"Çatdı" deyirəm, çünki mən onun
yalnız fiziki ölümünə inanıram. O,
şeirimizin sıralarında indi də yaşayır. Deyim ki,
Ələkbər Salahzadə də yaşayır, İsa
İsmayılzadə də, Fikrət Qoca da, Vaqif Səmədoğlu
da.
Fikrət
Sadıqla yanaşı bu adları xatırlamağım səbəbsiz
deyil. Poeziyaya, ümumən ədəbiyyata təzə səslər,
nəfəslər gətirən bir nəsil sonrakı illərdə
də o təzəliyi, o təravəti qoruya bildilər.
Əvvəl-əvvəl "eksperimentçi"
adlandırılan, hər cür qarayaxmanın obyektinə
çevrilən, ənənələrə xor
"baxmaqda" suçlu bilinən bu nəsil bütün bu
təzyiqlərə dözə-dözə çox keçmədən
etiraf olundular. Onların şeir meydanında o zaman duruş gətirib-gətirməyəcəklərini
düşünəndə yadıma ilk düşən sənətkar
Rəsul Rza olur.
Mən təfsilata
varmaq istəmirəm. Rəsul müəllimin
"altmışıncılar"ı o zaman necə cəsarətlə
müdafiə etdiyi, onların doğrudan da, istedadlı
olduğunu sübuta yetirdiyi indi ədəbi fakt kimi etiraf
edilir. Rəsul Rza bir sıra məqalələrində Fikrət
Sadığın da poetik talantını vaxtında qiymətləndirmişdi.
"Ümid və arzular" məqaləsində (1963)
yazırdı: "Fikrət Qoca, Fikrət Sadıq imzaları
oxucularımıza tanışdır.
...Fikrət
Sadığın ən yaxşı şeirləri isə ruhən
cavan, ehtiraslı, lakin saçına çox tez müdriklik
ağı düşmüş adamı xatırladan şeirlərdir"
O zaman
ustad bir şairin dilindən söylənilən bu kəlmələrin
cavan bir şairi necə qanadlandırdığını təsəvvür
edirsinizmi?
Fikrət
Sadığın şair ömrü özünün
xatırladığına görə Həsənoğlunun məşhur
qəzəlinə nəzirəylə başlanır. "O
illərdə özüm də kiməsə oxşamaq istəyirdim.
İlk şeirlərimin çoxu nəzirə idi. Sənət
məktəbini qurtarıb işıqçı oldum. Fəhlə
oldum. Naftalanda neft kəşfiyyatında işlədim.
Doğma Azərbaycanı qarış-qarış piyada gəzdim.
Çox şey öyrəndim. O illər ömrümə
yazıldı. Bir az da bərkidim. Şeir yazırdım. Amma
çap eləməyə çalışmırdım,
doğrusu, hələ ürək eləmirdim. Ürək eləməsəm
də, yazdıqlarım məni universitetin filoloji (filologiya)
fakültəsinə gətirib çıxartdı.
...Təhsil
illərimdə və ondan sonrakı ömrümdə həmişə
məni bir sual düşündürüb: bu günün
şeiri necə olmalıdır?
Dünənin
şeiri, üstəgəl, sabahın şeiri, bərabərdir
bu günün şeirinə. Bu tapmacanı ağac
timsalında açaq. Kök varsa, gövdə tutacaq, qol-budaq
atacaq. Kök - dünən, gövdə - bu gün, qol-budaq -
sabahdır, bu günün şeiri ağacın gövdəsidir.
Bütün
zamanlarda müasir şeir gövdə olub.
Gövdə
ağaca necə lazımsa, şeir də cəmiyyətə
eləcə gərəkdir".
Yaşının
"ekvator xətti"ni keçəndən sonra qələmə
aldığı bu sətirlər, mən deyərdim, Fikrət
Sadığın şair ömrünün həm
başlanğıcını, həm də davamını
çox gözəl səciyyələndirir. 80
yaşının zirvəsindən ötən illərə
boylananda da "bu günün şeiri necə
olmalıdır?" sualına eyni cavabın veriləcəyi
şübhə doğurmurdu. Və bir də şeir
haqqında Fikrət Sadığın dediyi bu fikir
bütün zamanlar üçün məqbuldur: "Şeir
o zaman hamının olur ki, ordakı dünyaduyum ən azı
on adamın ürəyindən xəbər vermiş olsun. Yəni
heç olmasa, on adam sənin yazdığını
görüb, duyub, amma qələmə alıb yazmayıb, ya
yazıb çatdıra bilməyib, amma sən bu sözləri
onlardan əvvəl demisən. Odur ki, hamıya doğma
olub".
Budur, bu
doğmalığın təzahürü olan bir şeir -
"Üçüncü simfoniyanı dinləyərkən"
...Sonra Kərəm
yanğısı,
Sonra
çilik-çilik sınan su,
Tanış
çiçək qoxusu,
Doğma
yurd.
Sonra da bir
sual;
saçları
dağılmış dünyamızı
Raket
ucları darayacaqmı,
Yoxsa, kotan
dişləri?
Sonra
Rodenin fikirli insanı.
Nigarançılıq.
Sonra da
sonuncu akkord -
Ümid!
Dahi bəstəkar Qara Qarayevin
musiqisindən yaranan bu şeir-təəssürat o zaman tez-tez
səslənən assosiativ şeirin ən parlaq nümunələrindən
idi.
Fikrət
Sadıq poetik fərdiyyəti etibarilə bir çərçivəyə
sığan şair deyil. Bunu necə anlamaq olar? Ən sadə
halda: onun poetik təfəkkürü Azərbaycan şeirinin
bütün vəznlərində və əksər
formalarında çevikliyi ilə diqqəti cəlb edir.
Vaxtilə
Xalq yazıçısı Elçin F.Sadığın 50
yaşına həsr etdiyi bir məqaləsində
yazırdı: "Fikrət Sadıq çox
görmüş, dediklərini bilavasitə təcrübədən
keçirmiş, bilavasitə duymuş, hiss etmiş
şairdir. Fikrət çətinliklərdən yazır -
özü çətinliklər çəkmişdir,
müharibə illərinin ac-yalavac, fərəhsiz
uşaqlığından, yeniyetməliyindən yazır -
özü belə yaşamışdır; işıqçəkən
bir fəhlənin həyatından poema yazır - özü
işıqçəkən fəhlə olmuşdur. Fikrətin
istedadlı poeziyası belə bir nüfuzlu təcrübəyə
arxalanır.
Qardaş,
bulaq üstünə
Yığışan
el qızları,
Bayatı
çağıranda,
Eşitmisənmi,
barı?
Bu sadə
sualların arxasında Fikrət poeziyasının həyatdan
gəlməsi və həyata bağlılığı
dayanmışdır, torpağa, xalqın güzəranına
bələdlik dayanmışdır".
Elçindən
gətirdiyimiz misalın öz mənası var. Məsələ
burasındadır ki, F.Sadığın yazdığı
şeirlər məhz həyata, gerçəkliyə
bağlılığın, torpağa, xalqın güzəranına
bələdliyin ifadəsi idi.
Poeziyası
əsasən nikbinlik aşılayan F.Sadıq yazır ki:
Çox aldadıb fələk məni,
Hələ
gözümdə yaş qalıb.
Dərd məni
çaşbaş eləyib,
Özü
də lap çaşbaş qalıb.
...Bom-boş
qəfəsdir ürəyim,
Bu kor bəxtimə
nə deyim?!
Dərdimi
kimə söyləyim?
Nə
bacı, nə qardaş qalıb.
Ancaq ömrün bu
yaşının təlaş və
nigarançılığı yalnız bir fərdin daxili
narahatlığını ifadə etmirdi, ümumən
dövrün özündən doğurdu.
Çörəklə
sınağa çəkiblər xalqı,
Qarışıq
salıblar haqla-nahaqqı.
Bu
yazıq camaat neyləsin, axı,
Vətən
satılanda - kitab satılmaz?!
Bəli,
F.Sadıq - ustad-şair çox yaxşı anlayırdı
ki, itirilmiş torpaqlarımızı qaytarmaq
üçün bütün xalq bir olmalıdır,
müxalifət-iqtidar söhbəti aradan qalxmalıdır,
mükəmməl ordumuz yaranmalıdır... Şairin də,
sənətçinin də bu məqamda gücü sözə
çatırdı.
Döyüşdə
ölmədim deyəm,
Bayrağı
örtün üstümə.
Üstündə
son misram donmuş
Varağı
örtün üstümə.
...Göylər
niyə zalım olsun?!
Tale mənə
zamin olsun.
Bir dərə
məzarım olsun,
Bir
dağı örtün üstümə.
Fikrət
Sadığın poeziyası əzəldən
yaşadığımız gerçəkliklə, müasir
həyatla, cəmiyyətdə, dünyada baş verən
ictimai-siyasi hadisələrlə bağlı olub və əgər
onun şeir və poemalarının tematik mənzərəsi
bir xəritəyə sığışdırılsa, burada
xalqımızın keçdiyi tarixi yolun şöhrətli,
şanlı sənələri, ağrılı-acılı
illəri, dahilərinin, söz xiridarlarının, qəhrəmanlarının
xatirəsi öz əksini tapacaq. Xüsusilə, XX əsrin
mürəkkəb və təzadlı mənzərələri
də onun poeziyasında bədii tarix kimi diqqəti cəlb
edir. Onun 90-cı illərdə və 2000-ci illərin əvvəllərində
yazdığı şeirlər Mirzə Ələkbər
Sabir ruhunun Fikrət Sadıq poeziyasında ehya olunması kimi
anlaşılmalıdır.
...Onun
ömür yolunu əks etdirən tərcümeyi-halına nəzər
salıram. Uzun illər işıqçı olub... Elə bəlkə
şeirlərindəki işıq da ömrünün o
işıqlı günlərindən yaranıb. Ədəbi
fəaliyyətə tələbəlik illərində,
universitet nəşriyyatının buraxdığı "Gənclik
nəğmələri" almanaxında dərc etdirdiyi
"Artist" şeiri ilə başlayıb.
"Cığır" adlı şeirlər kitabı (1963)
onun poeziyaya ilk cığır açmaq istəyindən
doğub. Gözəl tərcümələri də var.
Açaq, böyük Şəhriyardan tərcümə elədiyi
"Azərbaycan" şeirinin bəzi beytlərini
xatırladaq:
Könlüm
quşu qanad çalmaz
sənsiz bir an, Azərbaycan,
Xoş
günlərin getmir
müdam xəyalımdan, Azərbaycan!
Səndən
uzaq düşsəm də mən,
eşqin ilə
yaşayıram,
Yaralanmış
qəlbim kimi
qəlbi viran, Azərbaycan!
Vətən
eşqi məktəbində
can verməyi öyrənmişik,
Ustadımız
deyib heçdir
vətənsiz can, Azərbaycan!
Yarəb,
nədir bir bu qədər
ürəkləri qan etməyin,
Qolubağlı
qalacaqdır
nə vaxtacan, Azərbaycan!
Övladların
nə vaxtadək
tərkivətən
olacaqdır?
Əl-ələ
ver, üsyan elə,
oyan, oyan, Azərbaycan!
Misilsiz
şeirdir, həm də misilsiz tərcümə! Başqa
söz tapa bilmirəm.
Daha nəyi
xatırladım? F.Sadıq çox yerdə işləyib.
Ömrünün sonlarında Yazıçılar Birliyində
Poeziya üzrə məsləhətçi. Həmişə
öz halal əməyi və qonorarı ilə gün-güzəran
keçirən F.Sadıq iki oğul, bir qız
atasıdır. Oğlu Orxan artıq istedadlı nasir və
publisist kimi tanınır. Qızı Aysel Fikrət də
istedadlı şairədir.
Böyük
şairimiz Fikrət Sadıq haqqında sözümü onun
bu misraları ilə bitirirəm:
Noolsun tez
yeriyirəm,
Amma
idmançı deyiləm.
Üstümü
unlu görmüsən,
Mən dəyirmançı
deyiləm.
...Fələkdən
sinə dağlıyam,
Bəndi-bərəsi
bağlıyam.
Xalqımın
şair oğluyam,
Quru
dilmancı deyiləm.
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 30 may (№19).- S. 20.