Abdulla Sultanzadə
Qoridə və Praqada təhsil almış mühacir
Abdulla Sultanzadə adını
ilk dəfə sosial media vasitəsilə nəvəsi Bergin Azərdən eşitmişdim.
O, babasının
Azərbaycandan Türkiyəyə
köç edən mühacirlərdən olduğunu,
ona aid xeyli şəxsi sənədləri
qoruduğunu bildirmişdi.
Babası haqqında tədqiqat apardığını
söyləyən Bergin xanım
atası Candan Azərdən də bəhs etmiş, onun bir kitabını
mənə tövsiyə
etmişdi.
Ankarada olarkən, bukinistlərin birindən həmin kitabı əldə edib oxumuşdum. Öyrəndim ki, Türkiyənin
tanınmış diplomatlarından
olan Candan bəy müstəqillik illərində Azərbaycana
gəlib, dövrün
liderləri ilə münasibət qurub. Müəllifi olduğu
"Babadan Oğula Güney Kafkasya. Türkiye-Güney Kafkasya İlişkileri" adlı
kitabında da 90-cı illərin
Azərbaycanı haqqında
xeyli məlumat verib, eləcə də atası Abdulla Sultanzadənin (Azər) gündəliyindən bəzi
hissələri təqdim
edib.
Bu yaxınlarda Bergin xanım
sevindirici bir xəbər paylaşdı.
Babası haqqında olan tədqiqatları yekunlaşdıraraq sənədli
roman şəklində çap
edib. "Yitik Ülke" yayınlarından
çıxan "Bir Adam Beş
Hayat" adlı bu kitabı əldə edərək tez bir zamanda oxudum.
Kitabda Abdulla bəyin uşaqlığından, ta Türkiyədə
ailə həyatı qurmasına qədər olan geniş bir dövr əhatə
edilib.
Naxçıvandan Qoriyə
Abdulla Sultanzadə 1893-cü ildə
Naxçıvanda xalı
tüccarı Ələsgər
Sultanzadənin ailəsində
doğulub. Kitab Ələsgər
bəyin 1896-cı ildə
Əlincə qalasının
yaxınlığındakı dar bir keçiddə
öldürülməsi ilə
başlayır. Qonşu
bölgələrdə xalı
satan Ələsgər
bəy Cənubi Qafqazda iğtişaş yaratmaq istəyən qüvvələrin qurbanı
olmuş, bu hadisədən sonra oğlanları Meysən və Abdulla, qızları
Dostu və Sara həyat yoldaşı Fevziyyə xanımın himayəsində qalmışdı.
Abdulla ilk
təhsilini ana babası
Hacı Gülməmməd
Nəsirbəylidən almışdı.
Babası ona əlifbanı, əsas dini bilgiləri, eləcə də "Koroğlu" və "Dədə Qorqud" dastanlarından hekayələr
öyrətmişdi. Daha
sonra məhəllə
məktəbində təhsilinə
davam edən Abdulla burada ana dili ilə yanaşı, rus dilini, dini
təlimləri, riyaziyyatı
mənimsəmişdi. Ardınca
atalarının mirasını
idarə edən əmisi Hacı Ələkbərin etirazına
rəğmən Hacı
Gülməmməd nəvəsini
Naxçıvanda maarifçi
Məhəmmədtağı Sidqinin Məktəbi-tərbiyəsinə
yazdırmış, onun
yenilikçi metodla yetişməsinə ilk təkanı
vermişdi. Bu illərə
qədər isə
Abdulla ikinci bir ailə faciəsini yaşamışdı. Bacısı
Sara xəstələnərək vəfat etmişdi.
1909-cu ilin avqust ayında
qardaşı Meysən
Abdullanı müəllim
kimi yetişməsi üçün Qori şəhərinə aparır.
Öncə Tiflisə
gedən qardaşlar orada Cəlil Məmmədquluzadə, Ömər
Faiq Nemanzadə, Xosrov bəy Sultanzadə kimi dövrün önəmli
şəxsləri ilə
tanış olurlar. Xosrov bəy Abdulladan Qoriyə çatdıqlarında onun
salamı ilə orada dərs deyən Firidun bəy Köçərlinin
yanına getməsini istəyir. Bundan öncəki görüşlərin
birində isə Meysən Cəmiyyəti-Xeyriyyənin
yararına təşkil
edilən auksionda dəstək üçün
Çernyayevskiyə məxsus
bir qələmi satın alaraq qardaşına bağışlamışdı.
Qori Müəllimlər Seminariyasında
təhsil aldığı
illərdə Abdulla anasının
vəfat xəbərini
eşidir, Firidun bəy Köçərlinin
dəstəyini görür.
Ardınca o, Mirzə Cəlilin tövsiyəsi ilə yanına getdiyi Ağa Salehin yönləndirməsi
ilə təhsilini
Tiflis Müəllimlər İnstitutunda
davam etdirir.
Tiflisdən Qarsa
1914-cü
ilin iyun ayı gəldiyi zaman
Abdulla institutun son sinfinə
uğurla keçmişdi.
Həmin il başlayan
Dünya müharibəsi
Azərbaycan xadimlərinin
daha aktiv fəaliyyətə keçmələrinə
zəmin hazırlamışdı.
Bakıda çıxan
"Açıq söz"
qəzetini mütəmadi
şəkildə oxuyan
Sultanzadə baş verən hadisələri krımlı dostu Beyeder ilə davamlı şəkildə
müzakirə edirdi. Bəzən də Beyederlə birgə "Qeyrət" mətbəəsinə
gedərək Mirzə
Cəlil və Ömər Faiqlə görüşürdülər. Belə qarışıq bir zamanda Tiflisdə
peyda olan Ağa Saleh onu Batuma aparır, Ənvər paşanın
göstərişi ilə
gizlicə bu şəhərə gələn
Təşkilati-Məxsusənin üzvləri ilə görüşdürür. Bununla
da Abdullanın Vətəni
uğrunda mübarizəsinin
təcrübi mərhələsi
başlayır.
Sarıqamış hərəkatı dövründə
Abdulla Tiflisə qayıdır,
Cəmiyyəti-Xeyriyyədə Xosrov bəylə görüşür. Ötən
müddətdə isə
Ağa Saleh Bakıdan
qayıdarkən ermənilərin
xain gülləsinə
qurban getmişdi. Çarəsiz qaldığı
bir zamanda Xosrov bəy ona mühüm bir vəzifə tapşırır. Cəmiyyətin
Qars, Ərdəhan, Kağızman, Batum və
İğdırdakı müsəlmanlara
yardım etmək üçün bir şəxsə ehtiyacı
vardı. Bu vəzifə
ona təklif edilir, təhsilini tamamlaması üçün
də Qars Realnı Məktəbinə
yazdırılacağı bildirilir.
Tiflisdən qatarla Qarsa gedən Abdulla qısa zamanda fəaliyyətə
başlayır, mövcud
vəziyyəti analiz edir. Bu illərdə Qarsa gələn Xosrov bəyə raportlar təqdim edir, ermənilərin ruslar lehinə fəaliyyətlərini detallı
şəkildə izah
edir. Şübhəsiz
ki, Cəmiyyəti-Xeyriyyə sadəcə yardım təşkilatı olmadığı
üçün 1916-cı ilin əvvəlində Abdullaya mühüm bir vəzifə tapşırılır. O, Muşun
49 km şimalında yer
alan Gümgüm (Varto) qəzasına gedərək əli silah tutan türklərdən
ibarət ruslara qarşı hərbi dəstələr yaradacaqdı.
Bu vəzifəsini layiqilə
yerinə yetirir. Rusların Ərzurumu işğalından sonra müsəlmanlara yardım
etmək üçün
onun da bu şəhərə getməsi
istənilir. Ərzurumda
olarkən müsəlmanlara
yardım etdiyi, qoruduğu üçün
ermənilər onu arxadan sol çiynindən
vuraraq yaralayır...
1917-ci il.
Çar yıxılmış,
Cəmiyyəti-Xeyriyyə üzvləri
aktiv fəaliyyətə
keçmişdilər. Abdulla Qarsda yaşayırdı, yarası sağalmışdı.
Bu ərəfələrdə o, cəmiyyətin Qarsdakı
şöbəsinə çağırılır.
Cəmiyyətin Qars təmsilçisi Rza Qaraşarov, Yusif Kənan bəy və dağıstanlı
Əli xan Kantemirovun və digər bölgənin tanınmış şəxslərinin
toplantısının qeydlərini
tutmaq üçün
gərəkli idi. Bu mühüm toplantını
sənədləşdirən Abdulla raport şəklində cəmiyyətə təqdim
etdikdən sonra aprel ayında Bakı baş tutacaq Qafqaz Müsəlmanları Qurultayına
çağırıldı.
Bakıdan Batuma
İlk dəfə Bakını görən Abdulla orada Məhəmmədəmin Rəsulzadə
ilə tanış olmuş, gündəmlə
bağlı hadisələri
şəxsən onun özündən dinləmişdi.
Bakıda yenidən Xosrov bəylə görüşən Abdullaya
bu dəfə yeni bir vəzifə verilir: Milli Şuranın Qars katibliyi. O, yeni vəzifəsində Kantemirovla
birgə çalışacaqdı.
Qars və ətrafını gəzən
Abdulla qısa zaman sonra
azərbaycanlı mühacirlərə
yardım məqsədilə
açılan Mühacirlər
Şöbəsinin əvraq
müdiri təyin olunur. Bu dövrlərdə
Abdulla Həsənqala bölgəsindəki
kimsəsiz uşaqları
erməni zülmündən
qurtarmaq üçün
Tiflisə apararkən
yolda qarşılarını
kəsən erməni
dəstəsinin üzvləri
ilə qarşıdurma
yaşayır. Qarışıqlıqda
dəstədən biri
Abdullanın alnının
sağ tərəfinə
daşla zərbə endirir. Abdulla ikinci dəfə vəzifəsini
yerinə yetirərkən
ağır xəsarət
alır. Qarsda xəstəxanada müalicə
aldığı zaman qardaşı
Meysən onun yanına gəlir, sağaldıqdan sonra nə qədər israr etsə də, Abdullanı Naxçıvana apara bilmir. Tiflisə gedən Abdulla köhnə
dostu Beyederlə birgə ticarətə başlayır.
Artıq
1918-ci il idi. Gündəlik
həyatlarına davam
edərkən bir gün Abdulla Tiflisdəki tatar çarşısında
böyük bir həyəcana, sevincə şahid olur. Az sonra bunun səbəbini
öyrənir: Azərbaycan
Milli Şurası İstiqlal
Bəyannaməsini elan etmişdi.
Türk ordusunun Bakını mühasirəyə
aldığı avqust
ayında Abdulla bir neçə günlüyə
müvəqqəti paytaxt
olan Gəncəyə
yola düşür.
Geri qayıtdığı zaman şəriki Beyederə Batumda yeni bir ticarətxana açacaqları
müjdəsini verir və qısa zamanda oraya köçürlər.
Liman və ticarət mərkəzi olan Batumda iki dost Turan Ticarət Bürosu adında iş yeri açırlar.
Bu illərdə o, Avqusta
adlı bir xanımla eşq macərası yaşayır.
Turan Ticarət Bürosu uğurla fəaliyyət göstərdiyi zaman yeni siyasi
hadisə onların həyatını təşvişə
salır. Osmanlının
Mudros müqaviləsini imzalaması
ilə türk qoşunlarının Bakı
və Batumdan çıxacağına qərar
verilmişdi. İki
il sonra isə Abdullanı yaralayacaq bir xəbər də gəlir: Azərbaycan Cümhuriyyəti
işğal edilmişdi.
Belə bir zamanda yanına gələn Ağahadi Qasımoğlu adlı bir şəxs vaxtilə Qarsda tanış olduğu Əhməd bəy Pepinovun onu Bakıya
çağırdığını deyir, ayrılarkən Müsavat Firqəsinin də gizli şəkildə
fəaliyyət göstərdiyini
bildirir.
Artıq
bolşevik işğalında
olan Bakıya gələn Abdulla Sultanzadə
Bakı Mühacirlərə
Yardım Şöbəsinin
rəisi Pepinovla görüşür. Əhməd
bəy ona Cəmiyyəti-Xeyriyyə çərçivəsində
fəaliyyət göstərə
bilmədiklərini, yeni qurumun
kəndlərdə, qəsəbələrdə
olan qaçqınlara
yardım etdiyini, buna görə də təcrübəli bir şəxsə ehtiyacı
olduğunu deyir. Vəzifəni qəbul edən Sultanzadə əvvəlcə Nuxa şəhərinə gedir,
Qars və İrəvandan gələn
8 min qaçqına yardım
edən heyətdə
təmsil olunur.
1921-ci ilin payızında Abdulla Batuma qayıdır. Onu iki böyük
faciə gözləyirdi.
Avqusta onu tərk etmişdi, Batum artıq bolşeviklərin
olduğu üçün
Turan Ticarət Bürosunun tabelası atəşə tutulmuşdu.
Bolşevik rejimində
Turan adı artıq mümkünsüzdü.
Dərin böhran içində olan Abdulla çarəni Naxçıvana
- ata yurduna qayıtmaqda görür. Oraya getdiyi zaman qardaşı uşaqlarının
böyüdüyünü görür və musiqiyə həvəsi olan Müzəffəri daha sonra özü
ilə birlikdə Batuma aparır. Bu illərdə o, Türkiyənin
Batum şəhbəndəri Dr. İbrahim
Tali ilə tanış olur ki, bu münasibət onun həyatında önəmli rol oynayır. Çünki
İbrahim bəyə Batumda
güvənə biləcəyi
adlar içərisində
onun da adı verilmişdi. Qısa zamanda şəhbəndərliyin
rəsmi işçisi
olmadığı üçün
İbrahim bəy tərəfindən
ona gizli vəzifələr verilir,
o, Anadoluya göndərilən
silahı, nefti idarə edir, Tiflis, Bakı, İrəvan,
Trabzon və digər yerlərə müxtəlif
vəzifələrlə göndərilir.
Aşkarda isə səfirliyin tərcümanlığını
görən biri kimi tanınır. Bu xidmətlərini dəyərləndirən
İbrahim Tali onu İstanbula göndərir.
Həmişə xəyalını
qurduğu İstanbulu
görmək üçün
Abdulla 27 dekabr 1922-ci ildə
Batum limanından yola düşür. 24 gün
İstanbulda Talinin dostlarının himayəsində
qalan Abdulla artıq ÇeKanın diqqətini
çəkmişdi. Batuma
gəldiyi günün
axşamı ÇeKa
onu həbs edir. Abdulla intəhasız
sorğu-suala məruz
qalır: "İstanbula
nə üçün
getdin? Yanında kim var idi? Nələr
apardın? Kimlərlə
görüşdün? Cəmiyyəti-Xeyriyyə
adına çalışdınmı?
Maverayi-Qafqaz Müsəlman
Şurasının katibi
olaraq nə qədər çalışdın?
Heç menşevik tanıdığın varmı?"
Artıq
ÇeKa onun həm keçmişini, həm də indisini bilirdi. Ağır işgəncələrə
məruz qalan Abdulla krımlı dostu və şəriki Beyederin də öldürüldüyünü eşidir. Həmçinin
Avqustadan sonra eşq yaşadığı
Klaudianın da ÇeKa
ilə əməkdaşlıq
etdiyini İbrahim Tali bəydən öyrənir.
Batumdan İstanbula
Çətin günlər keçirən
Abdulla ÇeKanın rahat
yaşamasına imkan verməyəcəyini bilirdi.
İbrahim Talinin başqa
vəzifə üçün
Batumdan ayrılmasından
sonra o, daha da tədirgin olmağa başlayır. 19 may 1924-cü ildə
o, Batumdan Türkiyəyə
gizlicə insan daşıyan bir dəstə ilə anlaşaraq yolçuluğa
çıxır... Dəstə
başçısı Rəfiqin
sayəsində o, 22 may saat
05:40-da Türkiyə hüduduna
keçir.
Abdulla Sultanzadə Batumdan Türkiyəyə olan bu yolçuluğunu gündəliyində detallı
şəkildə yazıb.
Həm Bergin xanımın
romanında, həm də Candan Azərin kitabında gündəlikdəki qeydlər
olduğu kimi verilib.
27 may
1924-cü ildə Abdulla Trabzona
gəlir. Xalı taciri olaraq ondan
daha öncə bu şəhərə gəlmiş qardaşı
oğlu Müzəffərlə
görüşür. Orada
ikən Trabzonda sinema işlədən Mikayıl adlı azərbaycanlı ilə də dostlaşır. 14 iyunda İstanbula gedən Abdulla bu dəfə İbrahim Tali bəylə Türkiyədə
görüşür, ondan
həm vətəndaşlıq
məsələləri, həm
də Müzəffərin
təhsili üçün
yardım istəyir.
Bu istəkləri müsbət
qarşılayan Tali maarif naziri, azərbaycanlı mühacirlərin
dostu Həmdullah Sübhiyə yazı da göndərir. Lakin Müzəffərin
İstanbulda liseydə
təhsil alması ilə bağlı icazə alındığı
zaman o, Naxçıvana qayıtmışdı.
İstanbulda qalan
Abdulla bəzi haqsızlıqlara
da məruz qalır. Ehtimal ki, Qafqazdan gələn bəzi mühacirlərə olan ehtiyatlılıq ona qarşı da göstərilmişdi.
Ona görə də gündəliyində yazırdı:
"Hərbi-ümumi sırasında
Qars və Şərqi Anadolu fəlakətlərində
Azərbaycan və bilümum Rusiya müsəlmanları tərəfindən
nə qədər səmimi duyğular bəslənilmiş, nə
qədər fəlakətzədələrə
yardıma gedilmişdi.
Nə qədər gənclərimizi qurban verdik. Neçə minlərlə türk qadını və uşağı qurtarıldı.
Buna müqabil nə görürük! İşlər
bir az fəna
getdimi, saxtakarlıq üzə çıxır,
həm əcəm, həm şiə, hətta rus da oluruq".
Təəssüf ki, Abdulla bəyin gündəliyinə
əsəblə yazdığı
bu hissləri müəyyən qədər
doğrudur. Çünki
Türkiyədə bu
ittihamlara Əhməd
bəy Ağaoğlu,
Əli bəy Hüseynzadə kimi böyük şəxsiyyətlər
də zamanla məruz qalıblar. Sultanzadə gündəliyində
türk mühərrirlərin
bir az tarix
və coğrafiya dərsi alıb "əcəm" sözünü
"Azərbaycan" təbirilə
əvəz etmələrini
arzulayırdı.
İstanbuldan Praqaya
Bu dövrdə İbrahim Tali
bəyin Varşavaya səfir təyin edilməsi də Abdullanı təəssüfləndirmişdi.
Belə çətin
günlərin birində
dağıstanlı İzzət
Tağı bəy onu Praqaya təhsil
almağa göndərə
biləcəklərini söyləyir,
İstanbuldakı qafqazlıların
tələbələr üçün
dəstək verdiyini də bildirir.
Bu təklifə sevinən
Abdulla 26 oktyabr 1924-cü ildə
Praqaya doğru yola düşür. Oradakı bolşevik inqilabından qaçan rus ziyalıların dəstəyi ilə universitetə müraciət
edir, nəticədə
1924-cü ilin noyabr ayında müsbət cavab alır. O, Praqada universitetin elektrik bölümünə
daxil olur. Bir müddət dağıstanlıların
dəstəyi ilə dolanan Abdulla İbrahim Talidən
gələn məktubdan
sonra oradakı türk səfirliyində çalışır. Səfir
Vasıf Çınar
bəy və katib Zəki bəy ona xoş
münasibət göstərir.
1927-ci ildə imtahanlarını
uğurla verərək
birinci diplomunu alır. Bu illərdə
İmelda adında bir
xanımla eşq yaşayır. 1930-cu ilin iyun ayında Abdulla Sultanzadə Çex Texniki Universitetindən ali elektrik mühəndisi
diplomu alaraq məzun olur. O, qısa zamanda Türkiyə ilə də yaxşı əlaqələri olduğuna
görə müəllimlərinin
də tövsiyəsilə
XIX əsrin ikinci yarısında qurulan və 1927-1940-cı illərdə
Çexoslovakiyanın ən
böyük mühəndislik
şirkəti olan Kolben-Danekdə işə
başlayır. Bu şirkətin
Türkiyə ilə ticarətə böyük
marağı vardı.
Ona görə də
1931-ci ildə o, dörd
nəfərlik heyətin
tərkibində İstanbula
göndərilir, əməkdaşlıq
görüşləri keçirir.
Lakin dünya iqtisadi krizisi nəticəsində
Kolben Danek şirkəti beş yüzə yaxın insanı işdən çıxarır. Onların
arasında Abdulla Sultanzadə
də olur.
Praqadan İstanbula
Yenidən İstanbula qayıdan
Sultanzadə İqtisad
Vəkalətinin diqqətini
çəkir, o, müvəqqəti
vəzifə ilə Eskişehirə göndərilir.
1933-cü ildə isə
o, ilk rəsmi vəzifəsini
alır. İqtisad Vəkalətinin Ölçülər
və Ayarlar Fənn müşaviri olaraq Kayseriyə göndərilir. Lakin burada
yaşamaq istəmədiyi
üçün həmin
dövrdə İstanbuldan
millət vəkili olan keçmiş himayədarı İbrahim Tali
bəyə məktub göndərir. Nəticədə
qısa zamanda İstanbula təyinat alır. Tezliklə İstanbulda əlaqələr
quran Abdulla bəy
1933-cü ildə Cümhuriyyətin
10-cu ildönümü münasibətilə
təşkil edilən
gecəyə dəvət
olunur. O, İbrahim Talinin
də dostu, həkim, İstiqlal Savaşı qazilərindən
Doktor Nihad Sezai vasitəsilə Məktəbi-Sultaninin xocalarından
professor Rıfat bəy
və ailəsiylə
tanış olur. 11 oktyabr 1934-cü ildə Rıfat bəyin qızı Vildan xanımla ailə həyatı qurur. Toydan öncə isə o, evlənəcəyinə
dair Azərbaycandakı
ailəsinə məktub
göndərir. Bir müddət
sonra aldığı
cavab məktubunda ailəsi ona xoşbəxtlik diləməklə
yanaşı, mövcud
şərtlərdən dolayı
onlara bir daha məktub göndərməməsini rica
edir. Bir çox mühacirin başına gələnlə Sultanzadə
də qarşılaşmış
olur...
Bu illərdə Abdulla bəy
iş sahəsində
də uğurlar əldə edir. Praqada təhsil aldığı zaman alman və
çex dillərini öyrənmişdi. Türkiyə
ilə Çexoslovakiya
arasındakı əlaqələr
gücləndiyi, anlaşmalar
imzalandığı üçün
çex şirkətlərinin
Türkiyəyə böyük
marağı vardı.
Bu ərəfələrdə Kolben-Danekdə tanış
olduğu həmkarı
Alfred Buchtele ilə Ankarada görüşürlər.
Alfred Türkiyənin ağır
sənaye məhsullarını
Çexoslovakiyanın qarşılaya
biləcəyini bildirir
və əməkdaşlıq
təklif edir. Razılaşırlar.
1935-ci ildən etibarən Sultanzadə Kolben-Danek də daxil olmaqla,
bir çox çex şirkətinin Türkiyə təmsilçisi
olur. 1934-cü il soyad
qanununa görə o, Azər soyadını qəbul edir.
Almanların Çexoslovakiyanı işğalına qədər
olan 5 il ərzində
Türkiyə çex
şirkətlərindən gərəkli sənaye məhsullarını alır
ki, burada Abdulla ilə
Alfredin böyük rolu vardı.
1935-ci ilin yazında isə Türkiyə orduda modernləşmə
üçün yeni tanklar
almaq üzərə idi. Baxış üçün ərazidə
xeyli tanklar vardı. Abdulla isə Kolben-Danekin tanklarına güvənirdi. Belə bir vaxtda Abdulla əraziyə atlıların
gəldiyini görür.
Onlar yaxınlaşdığında
aralarından Mustafa Kamal Atatürkü
seçə bilir.
Abdulla həyəcanla ona
yaxınlaşır və
tankla bağlı suallara cavab verir. Atatürk ətrafındakılara
dönərək deyir:
"Gənc adamın
təqdim etdikləri ordumuzu gücləndirəcəkdir,
gərəkli işləri
görün".
Abdulla ikiqat xoşbəxtdi. Həm onun təklifi
qəbul edilmişdi, həm də Atatürkü yaxından görmüşdü.
Bergin Azərin sənədli romanı bu səhnə ilə bitir, amma "davam edəcək..." qeydi də verilir.
Beləliklə, Qori Müəllimlər
Seminariyasında başlayan
təhsil həyatı
Praqada ali mühəndis diplomu ilə tamamlanır. Tiflisdə, Batumda, Qarsda başlayan ictimai-siyasi həyatı isə Abdullanın taleyinə mühacirlik yazır.
Abdulla Sultanzadə (Azər) 8 iyun 1976-cı ildə vəfat edir, İstanbulda Qaraca Əhməd məzarlığında
dəfn olunur...
P.S. Kitabı oxuduqdan sonra Bergin xanımdan babası ilə bağlı olan sənədlərin surətini
xahiş etdim. O, qısa zamanda sənədlərin, fotoşəkillərin
surətini göndərdi
və noyabr ayında Bakıya gələrək babasına
aid arxivi Milli Arxiv İdarəsinə bağışlayacağını
dedi.
Dilqəm ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2025.- 7 noyabr, №41.- S.22-23.