Mənim əsgərim
Hekayə
"General ayağa qalxıb
qapıya doğru gedərkən birdən geri döndü:
- Mənim əsgərim, nə
ayılara, nə də itlərə!.."
Orada, o
dağların arxasında doğma kəndləriydi. Buz kimi
diş göynədən bulaqları vardı. İndi
düşmən gəzirdi o yerlərdə. Kəndləri
qapqaranlıqdı. Arada nə isə közərirdi, deyəsən,
siqaret yandırırdılar.
"Gəzin...
gəzin hələ. Bir gün sizi it qovan kimi qovacağıq
oralardan!"
Avtomatı
çiynində o baş-bu başa gəzinməyə
başladı. Çox səbirsiz olmuşdu, dözə
bilmirdi. Bircə əmr kifayətdi ki, kəndlərini
işğaldan azad etmək üçün döyüşə
atılsın.
Hərbi
xidmətinin bitməsinə isə az qalırdı. Sonra
ayrılacaqdı buralardan. Bir də Allah bilir, nə vaxt
görəcəkdi doğma kəndini. Bunu
düşündükcə çox üzülürdü.
Bir
anlıq o illərə, o qayğısız günlərə
qayıtdı.
Hər
baharda nənəsi ilə əl-ələ tutub o görünən
dağa dırmaşardılar. Əvvəlcə özü
quş kimi qalxar, sonra nənəsini yuxarı dartardı. Nənəsi
dərindən nəfəs alıb deyərdi:
- Sağ
ol, ay bala, ömrün uzun olsun!
Arvadın
qırçın tumanı yamyaşıl otların üzərinə
sərilərdi. Bir hovur nəfəs alıb, ayağa durar,
cürbəcür yabanı bitkilərdən toplayar,
topladıqca önlüyün ciblərinə doldurardı.
"Bu otlar minbir dərdin dərmanıdır," - deyərdi.
Hünər soruşardı:
- Nənə,
kömək lazımdır?
- Yox,
qadan alım, özüm edəcəm, - deyərdi qarı.
Hünər
aşağıya baxardı. Kəndləri sanki ovcunun
içindəydi. Əlini gözünün üstünə
qoyub doğma kəndini seyr edərdi. Ona elə gələrdi
ki, bu balaca kənd dünyanın ən gözəl yeridir.
Qollarını açıb sanki uçacaqmış kimi
dayanardı.
- İhh,
ay bala, dilim-ağzım qurusun, gözün qaralar,
aşağı düşərsən!- Nənəsi qorxu
içində qışqırardı.
- Qorxma,
ay nənə, uşaq deyiləm ki, 7 yaşım var e...
Eh...nə
gözəl günlərdi.
İndi nə
nənəsi vardı, nə də doğma kəndi...
"Ay
Allah! Bir gün kəndimizə qayıtsam,
torpağımıza doya-doya qovuşsam..."
Dərindən
köks ötürdü. Qarşı tərəfə nəzər
saldı. Diqqətini topladı.
Meh əsdikcə
sərhəd xəttindəki yulğun kollarını
narın-narın dalğalandırırdı.
Hünərə
elə gəldi ki, bu yulğun kolları küləkdən tərpənmir.
Uzaqgörmə cihazını gözünə tutdu. Bir xeyli
müşahidə etdi. Heç nə görmədi.
"Hansısa
heyvandı, yəqin..."
Yadına
babasının söhbəti düşdü. Babası
Hüseynbala Bağırlı sovet dövründə otuz
beş il sərhəd bölgələrində xidmət
etmiş, general rütbəsinə qədər yüksəlmişdi.
Sibirdə sərhədçi komandir işləyəndə
başına qəribə hadisə gəlibmiş. Bir rus
zabitlə növbədə imiş. Hənirti eşidir. Yekə
boz ayının yavaş-yavaş sərhəd zolağına
tərəf gəldiyini görür. İlk baxışda əsl
ayıya oxşasa da, Hüseynbala şübhələnir. Onun
narahatçılığını görən rus zabiti
deyir: "Ne nado bespokoitsya, Baqirov, on nastoyaşiy medved!"
Ayının
gəzişindən Hüseynbala bunun ayı maskası
geymiş adam olduğunu başa düşür. Çox
keçmədən casus ifşa olunur və Hüseynbala
Bağırlıya "Şərəf medalı" verilir.
Hünər hər dəfə mərhum babasının
divardan asılmış şəklinə baxanda onunla
qürur duyurdu.
O da
babası kimi sərhədçiydi.
"Nə
tez gəlib keçdi il yarım?!" - düşündü.
Sanki dünəndi, yığışıb yola
salırdılar.
Kiçik
qardaşı Rövşən üçün əsgər
paltarı almışdı. Bilirdi ki, evdə hamı səbirsizliklə
onu gözləyir...
Qəfil
bir hürüşmə səsi eşitdi. Gecənin sakitliyini
yarıb keçən bu səs Hünəri xəyallardan
ayırdı. Baxışlarını tikanlı məftillərin
arxasına dikdi. Cihazla baxdı. Uzaqdan bir qaraltı
gördü, diqqətlə izləməyə başladı.
İt idi. Torpağı iyləyərək gəlirdi.
Hünər
itin hərəkətlərində qəribəlik hiss elədi.
İt arada dayanır, havanı qoxulayır, qulaq verir, sonra
yoluna davam eləyirdi. İt nəyə qulaq verirdi? Həm də
axı itin hərəkətləri belə ləng
olmazdı... İtin gözlərində heç bir qorxu da yox
idi.
Hünər
anladı ki, bu, adi it deyil.
Babasını
xatırladı və birdən hər şeyi başa
düşdü. "Gəl!" - nifrətlə dedi. -
"Babam ayıya sərhədi keçməyə imkan verməmişdi,
mən də itlərə imkan verməyəcəyəm!"
Lap az məsafə
qalmışdı. Xəbər versəydi, gec olacaqdı. Tədbirli
olmaq, düşməni duyuq salmamaq lazım idi. Adi bir
ehtiyatsızlıq bütün işi korlaya bilərdi.
Özünü
elə göstərdi ki, onun it olduğunu zənn edir.
Ucadan
"Sarı gəlin" mahnısını zümzümə
etməyə başladı.
Saçın
ucun hörməzlər, sarı gəlin,
Gülü
sulu dərməzlər, sarı gəlin,
Sarı gəlin,
hey, sarı gəlin!
Düşmən
dayanıb qulaq asmağa başladı. Qəflətən əsgərin
yerində olmadığını görüb qorxa-qorxa ətrafa
boylandı. "Hara getdi bu?" Əsgərin onu it zənn elədiyinə
yüz faiz əmin idi. Yoxsa, niyə mahnı
oxumalıymış?
- Səsini
çıxartma!!
Başına
dirənən tapançadan tələyə
düşdüyünü anladı.
-
Düş qabağıma! - Hünər düşmənin
qulağına pıçıldadı.
İki
metr irəliləmişdi ki, it qiyafəsi geymiş kəşfiyyatçı
qəflil çevrilib əlindəki bıçağı ona
tulladı. Başını əyməsəydi, bıçaq
düz alnına saplanacaqdı. Amma sol buduna saplandı.
Güclü ağrı hiss eləsə də, Hünər
özünü itirmədi.
Qanı axa-axa
erməninin üstünə sıçradı. Yenə
babasını xatırladı:
"Babam
ayını məğlub elədi, it, mən də səni məğlub
edəcəyəm!"
Əlbəyaxa
oldular. Nə olur-olsun, bu it-düşmən kəşfiyyatçı
sərhədi keçməməliydi! Məlum işdir, bir məqsədlə
keçirdi, günahsız insanları, qocaları, körpələri
öldürmək üçün! Bakı metrosunda olan
partlayışlar gözünün qabağına gəldi.
Çoxlu günahsız insanlar, körpə uşaqlar həlak
olmuşdu. Xocalı faciəsi gözünün önündə
canlandı...minlərlə günahsız insanın qətli.
Yox! Buna qətiyyən yol verə bilməzdi!
Nəhayət,
düşməni yerə yıxdı. Kəmərini
açıb əl-qolunu bağladı.
Çox
qan itirmişdi...
Yarası
onu incidir, nəfəs almaqda belə çətinlik çəkirdi.
Nənəsinin
səsi qulaqlarında səsləndi: "Torpaq şəhid
qanı ilə yoğrulanda müqəddəs olur, ay bala!"
Hünər hiss etdi ki, bu dağlar, bu otlar, o yabanı güllər
nənəsinin əlləri kimi mehribandır, doğmadır.
Nənəsinin təndirdən çıxardığı,
buğlana-buğlana, əli yana-yana çıxarıb
süfrəyə düzdüyü, üstü ədvalı
buğda çörəyinin ətri gəldi burnuna. Bir anda kənddəymiş
kimi qəribsədi, uşaqlıq xatirələri
yağış kimi üzərinə yağdı. Qonşu
qıza -Gülsümə vurulduğu vaxtları
xatırladı. Onda 9 yaşı vardı.
O gözəl
qız bir neçə il əvvəl düşmən
gülləsinin qurbanı olmuşdu. İki əmisi
düşmənlə döyüşdə şəhid
olmuşdu. Nənəsinin isə dözməyib ürəyi
partlamışdı...
"Təki
vətən sağ olsun!" - Hünər
pıçıldadı.
Gözətçi
köşkündən boylanan çavuş Mehdi Hünəri
görməyəndə təəccübləndi. Ratsiya ilə
çağırsa da, cavab ala bilmədi. Aşağı
düşdü. Ətrafa boylandı. Qarşı tərəfə
irəlilədi, bu vaxt inilti eşitdi. Əlini avtomata
apardı, fənərlə ətrafı
işıqlandırdı. Gözlərinə inanmadı: sərhəd
zolağının lap yaxınlığında Hünər
bir düşmən kəşfiyyatçısının əl-ayağını
bağlayaraq onu tərk-silah etmişdi. Özü isə al-qan
içində yerə yıxılıb qalmışdı.
Çavuş yüyürərək Hünəri
qucağına götürdü. Ağır-ağır nəfəs
alırdı.
- Hünər!
Dayan. Özünü topla.
O isə
taqətsiz halda gözlərini açıb çavuşa
baxdı. Xəfifcə gülümsədi. Rövşəni
xatırladı - kiçik qardaşını. Ona
aldığı oyuncaq avtomatı, əsgər
paltarını, sərhədçi papağını...
- Qoy məni
yerə, - güclə deyə bildi. Xahiş edirəm, anama
heç nə deməyin.
-
İndicə səni hospitala aparacağıq.. Sağalacaqsan!
- Bilirsən,
cavuş, o vaxt babam ayının sərhədi keçməsinə
imkan verməmişdi, mən də itin sərhədi keçməsinə
imkan vermədim. Ona dedim ki...
Sözünü
bitirə bilməyib huşunu itirdi.
Çavuş
heyrətləndi. Əsgərin sayıqladığını
zənn eləyirdi.
- Sən
hansı ayıdan danışırsan? Baban hansı
ayını məğlub eləmişdi? Hünər!
Səs gəlmədi.
Gözlərini
açanda özünü ağ divarlı işıqlı
otaqda gördü. Tavandan böyük lampalar
asılmışdı. Harda olduğunu anlaya bilmədi.
- Doktor, xəstə
özünə gəldi!
Tibb
bacısı sevincək qışqırdı. Həkimlər
başının üzərinə toplaşdılar.
"Xəstəxanadayam.
Burda nə işim var? Nə baş verib?"
Hünər
anlamağa çalışırdı. Bu vaxt dəhlizdən
çavuş Mehdinin səsi gəldi.
- Cənab
general, onun babası hansısa ayının sərhədi
keçməsinə imkan verməmişdi. O da özünə
söz veribmiş, itlərə sərhədi keçməyə
imkan verməyəcəkmiş...
General
otağa daxil oldu. Əlini Hünərin çiyninə qoyub
gülümsədi və qəhrəmanlığı
üçün təşəkkür etdi. Sonra əlavə
etdi:
- Əsgər,
sən haqlısan! Babalarımız ayılara sərhədi
keçməyə imkan verməmişdilər, biz də itlərin
keçməsinə imkan verməməliyik!
General
ayağa qalxıb qapıya doğru gedərkən birdən
geri döndü. Gözlərini Hünərin üzünə
dikdi və qısa bir cümlə ilə dedi:
- Mənim
əsgərim, nə ayılara, nə də itlərə!
Epiloq
Məktub.
(Şəhid
əmilərimə)
Əziz əmicanlar!
Bu məktubu yazmaq mənə asan deyil. Amma içimdəki
yükü yüngülləşdirmək üçün
yazmalıyam.
Məni
tanıyırsız - Hünərəm! Həmişə
arxanızca baxıb qürur duyan o uşaq. Siz
döyüşə gedəndə mən həyətimizdə
oyuncaq silahla düşmən "vururdum". Hər dəfə
evlərə şəhid xəbəri gələndə kəndin
səssizliyində çox şey qırılırdı. Amma
nənəm deyirdi: "sizin qanınız torpaq
üçün su olub".
Əmilər,
mən də o yolu getdim. Bir gecə düşmən sərhədi
keçmək istəyəndə qarşısında
dayandım. İt paltarı geymiş bir kəşfiyyatçı
idi. Babamın "ayı" ilə mübarizəsi
yadıma düşdü. Mən söz vermişdim: babam necə
ayıya imkan verməyibsə, mən də itə verməyəcəm!
Yaralandım. Qan itirdim, amma dayanmadım. Əllərini
bağladım, gözlərim önündən kəndimiz,
uşaqlığımız, yaxınlarımız keçdi.
Hər şey qəlbimdəydi - Gülsümün
gülüşü, anamın və nənəmin göz
yaşları, Rövşənin balaca əlləri...
İndi
sağam. Amma yara izi budumda qalıb. Əsl yara bədəndə
deyil, qəlbdə olur.
Əmilər,
mən indi evdəyəm. Kəndimiz hələ də
işğaldadır. Amma and içirəm, sizin
yarımçıq qalmış döyüşünüz
bir gün tamamlanacaq! Biz qayıdacağıq! O dağların
arxasındakı evlərimizə, bulaqlarımıza,
bağçalarımıza, qəbirlərimizə!
2015
Südabə
SƏRVİ
Ədəbiyyat
qəzeti.- 2025.- 7 noyabr, №41.- S.30.