Arqon olanda nələr olur...  

 

Yeni teatrlar yaranmaqdadırlar, yazmaq istədim, amma cücərməkdədirlər, tərzi-halı daha uyğun göründü. Yəqin ki, bu teatrların əksəriyyətinin, konkret olaraq məqalədə haqqında bəhs edəcəyimiz teatrın aktyorluq rejissorluq sənətinə yenicə yiyələnmiş gənclərin təşəbbüsünün gerçəkliyə çevrilməsindən doğur. Yeni teatrların varlığı, teatr prosesinin bir yeknəsək xətt üzrə addımlamasının bir neçə yeni cığırla əvəz edilməsi deməkdir. Yeni cığırlar isə yeni axtarışlar həvəsi, təzə tapıntılar sevinci, fərqli baxış bucaqlarının kəşfi, müxtəlif  ifadə vasitələrinin tətbiqi imkanı, çeşidli teatral təəssüratlar deməkdir. Yaradıcılıq ab-havası üçün bunların həyati vacib olduğunu vurğulamağa ehtiyac yoxdur. Bu günlərdə belə teatrlarımızın birinin tamaşasına dəvət edildim. Teatrın adının "İnstinkt" olaraq seçilməsi kollektivin teatral instinktinin itiliyindən xəbər verir - ilk quruluş olan "Arqon" tamaşası; Mendeleyevin cədvəlindəki təsirsiz qaz adının insan adına çevrilməsinin təsirli əhvalatıdır. Bu əhvalatı əvvəlcə Şəbnəm Xeyrulla dram əsəri janrında qələmə alıb. Pyesə ilk olaraq Qazax Dövlət Dram Teatrı quruluş verib, daha sonra "YUĞ" Dövlət Teatrı "İnstinkt" Eksperimental Teatrı səhnəyə gətirib, Türkiyənin Bilkənt şəhərində keçirilən Tələbə Tamaşaları Festivalında iştirak edib.

Süjet bir kimya müəlliminin yenicə dünyaya gəlmiş oğluna ad seçməkdən ötrü "uzağa getməyib, həmişə əlinin altında olan Mendeleyevin kimyəvi elementlər cədvəlindən,  bu cədvəldəki elementlərin xüsusiyyətlərindən bəhs edən kitabı açıb təsirsiz qaz olan arqon elementinin adını oğluna şəxs adı kimi seçməsindən, belə qəribə adla böyüyən oğlunun taleyinə qəribəlik qatmaqda davam edərək, onu evləndirmək vaxtı çatanda Gümüş adlı qızın qapısına elçi düşüb qız istəmək mərasimində "nəcib metalla təsirsiz qazın reaksiyasının nəticəsi yaxşı olar" kimi absurd bir qənaətini dilə gətirməsindən, Arqonun etirafına görə, arada iki uşaq olmasına baxmayaraq, Gümüşlə reaksiyalarının alınmamasından, hətta gəlinin kimya müəllimi olmasına rəğmən, kimyadan başı çıxmayan qayınatasını lağa qoymasından, günlərin bir günü adının mənasından irəli gələrək ömrünü təsirsiz, nüfuzetmə qüvvəsindən məhrum şəkildə sürən Arqonun intihar imitasiyası yaradıb, yaxud da doğrudan da, həyatına qəsd edib diqqət çəkmək cəhdindən, sui-qəsddən sonra sevgisiz evləndiyi Gümüşün, uşaqlığı məşum 1990-cı illərə təsadüf edən vaxtlarda həyətin digər yeniyetmlərinə "Arqonun əsli-kökü ermənidir, adından məlumdur" deyib, onu döydürən "dostunun" öləndən sonra onun üçün darıxmayacağını dərk edib daha bir emosional diskomfort yaşayan bir nəfərin sarsıntılarından bəhs edir, daha doğrusu, bu sarsıntılarını bölüşən monoloq üzərində qurulub. Tam bir qrotesk tərzi. bu qrotesk "İnstinkt" teatrının quruluşunda (quruluşçu rejissor, musiqi dekorasiya tərtibatçısı ADMİU-nun dram kino aktyorluğu fakültəsinin magistr dərəcəsi üzrə tələbəsi Rəvan Hüseynzadə, işıq rəssamı Səid Abbasov) yekcins bir tərzi-hal kimi təqdim edilmir, boz rəngdə kubşəkilli kətildən iki balaca ağzıqapaqlı şüşədən ibarət səhnənin müxtəlif nöqtələrinə  bənd edilmiş alayarımçıq hörümçək torunu xatırladan, üzərində bir neçə yerdə "Stop" sözü yazılmış lentlərdən ibarət səhnəyə başı, üz-gözü bintlə sarılmış görkəmdə, ayağıyalın çıxıb insanlara sevgisindən, insanların isə ona, ümumiyyətlə, "sevgi" adlı hissə böyük mənada etinasızlığından, bütün bunların həyatı çox mənasız bir xronoloji ardıcıllığa, mexaniki yeknəsəkliyə çevirməsindən gileylənir, Arqonun sarsıntısı vaxtaşırı fm tezliyinə keçir - danışılan əhvalat, insan taleyinin hekayəti radio verilişinin müzakirə mövzusu ilə növbələşir: Şəbnəm Xeyrullanın "Arqon" pyesinin motivləri əsasında hazırladığı mono-tamaşada Arqon obrazını canlandıran Rəvan Hüseynzadə bu zaman radioaparıcıya çevrilir, süjetdən irəli gələn mövzunu dinləyicilərin müzakirəsinə çıxarır. Arqon-radioaparıcı keçidlərinin bütün məqamları təbii, inandırıcı, harmonikdir. Hər bir səhnənin musiqi həlli əhvalatın müşayiətçi elementi deyil, onun tərkib hissəsidir. R.Hüseynzadənin hər iki obrazdakı sərbəstliyi səmimi sənət naminə olan sərbəstlikdir. Özünüistehzası, yarıacı, yarışirin yumoru, dramatikliyi Arqonun xilasına hesablanıb, onun emosional sarsıntısının yox olmasına hədəflənib.

Bir tələbə teatrının bu dərəcədə ölçülü-biçili olması bu tələbələrin müəllimlərinin (Fərhad İsrafilov Mikayıl Mikayılov) pedaqoji keyfiyyətlərinin, tələbələrinin isə fəhmli çalışqan olması kimi son dərəcə xoş təəssürat yaradır. Belə təəssüratların çox olması arzusu ilə...

, bir onu deyəcəkdim - "İnstinkt" Eksperimental Teatrı mart ayında yaranıb, mart ayı isə, bildiyiniz kimi, teatr ayıdır - 10 Mart - Milli Teatr Günü, 27 Mart - Beynəlxalq Teatr Günü. Bu tarixlərin uğurlu təsiri ya sağlam cücərtisi göz qabağındadır.

 

Samirə BEHBUDQIZI

 

Ədəbiyyat qəzeti.- 2025.- 7 noyabr, ¹41.- S.32.