Hans Karl ARTMAN

(1921-2000)

 

Tanınmış Avstriya yazıçısı, dramaturqu, tərcüməçisi və şairi olub. Digər təxəllüsü də İb Hansen imiş. Almandilli eksperimental ədəbiyyatın ən görkəmli simalarından sayılır. 1951-ci ildə neoavanqard poeziyanın carçısı sayılan "Vyana qrupu"nu da o təsis edib. Bir müddət İsveçdə, daha sonra isə Almaniyada məskunlaşıb.

Poeziyası dil ilə bağlı "xalis" eksperimentlərə əsaslanan H.K.Artman öz yaradıcılığında müxtəlif modernist yeniliklərə - konkret poeziya, absurd teatr və pop-art elementlərinə geniş yer verib. Nisbətən məşhur olan əsərlərində folklor və uşaq şeiri motivlərini futurizm və sürrealizm ruhunda işləməyə nail olub. Müxtəlif dillərdə yaradılan dünya ədəbiyyatı incilərini ustalıqla almancaya çevirib. Avstriya PEN-klubunun ilk prezidenti seçilib. Bütün bunlarla yanaşı, o, kinossenarist və libretto müəllifi kimi də fəaliyyət göstərib.

 

Poetik aktın səkkiz bənddə açıqlaması

 

İnkaredilməz bir deyim var ki, bircə kəlmə yazmadan və söyləmədən də şair olmaq mümkündür. Əslində bunun arxasında həm geniş, həm də dar mənada özünü şair kimi aparmaq istəyi gizlənir. Bu ruhda gerçəkləşdirilən ən gözlənilməz hərəkət də ilahi gözəlliyə malik bir akt və hətta şeir səviyyəsinə yüksələ bilər. Əlbəttə, buradakı "gözəllik" anlayışı sözün həqiqi mənasında başa düşülməlidir:            

1. Poetik akt - yazı biçimi, musiqi və ifaçılıq kimi yardımçı ünsürlərin müdaxiləsini inkar edən poeziyadır.     

2. Poetik akt - hər hansı bir qatışığı olmayan, xalis poeziya uğrunda mübarizədir. O - saf poeziyadır, özünün tanınması, tərif, yaxud tənqid olunması ilə bağlı hər cür iddiadan uzaqdır.

3. Poetik akt - yalnız adi təsadüf üzündən ictimaiyyətin malına çevrilə bilir və belə təsadüfün gerçəkləşmə ehtimalı bir faizdən də azdır. Onun gözəlliyi və təsir gücü dinləyicilərin səviyyəsindən asılı deyil, çünki o, təmsilçisi olduğu dilin və duyğuların sadəliyindən doğacaq aktdır.

4. Poetik akt - həqiqi mənada və bilərəkdən zaman ölçüsündən imtina edibdir. O, təkcə şairin varlığından asılı olmayan poetik situasiyanı deyil, istənilən şeyi əhatə edə bilər, çünki özündən xəbərsiz olaraq hər yoldan ötən kəs də həmin situasiyaya düşə bilər.

5. Poetik akt - hər cür şöhrətpərəstlikdən uzaq və işıqlı sevincdən yoğrulmuş, nəcib niyyətli bir mövqedir.

6. Poetik aktın ən sayılan ustaları sırasına, sırf öz seçimimizə qalarsa, biz ilk növbədə yarışeytan, yarımiskin təbiətli Neronu və müdrik insan sayılan Don Kixot cənablarını daxil edərdik.    

7. Poetik akt maddilik baxımından heç bir qiymətə malik deyil. Elə bu səbəbdən də özünü satmaq haqda fikirləri heç həndəvərinə də buraxmır. Bunun belə ucadan elan olunması isə alicənablıqdan başqa bir məqsəd güdmür.

8. Öz icrası ilə yaddaşımızda dərin iz buraxan poetik akt elə nadir dəyərlərdəndir ki, biz onu nə vaxtsa itirmək qorxusuna qapılmadan, həm də daima öz varlığımızda yaşadacağıq.        

 

1953

 

Dilimizə çevirdi: Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2025.- 7 noyabr, ¹41.- S.31.