Yaddaşın
qorunmadığı yerdə...
Məti Osmanoğlu ilə “Bodenştedt
oğrudurmu, doğrudurmu?” kitabı haqqında müsahibə
Ədəbiyyatşünas Məti
Osmanoğlu "Bodenştedt oğrudurmu, doğrudurmu?"
kitabını ("Füyuzat" nəşriyyatı, 2025)
oxucuların mühakiməsinə verib. Adından da
göründüyü kimi, kitab uzun illərdir Azərbaycanda
"şeir oğrusu" kimi tanınan alman
yazıçısı Fridrix fon Bodenştedtin şəxsiyyəti
ilə bağlı fərqli yanaşma və sual ortaya qoyur. Təqdim
etdiyimiz müsahibədə müəllif kitabın yaranma səbəbi,
araşdırmanın məqsədi və doğurduğu yeni
suallar barədə danışır.
- Məti müəllim, F.Bodenştedt
haqqında ayrıca bir kitab yazmaq qərarına necə və
nə üçün gəldiniz?
- Universitetdə XIX əsr Azərbaycan ədəbiyyatı tarixini tədris edirəm. Kəskin təzadlarla dolu bu kursun ən maraqlı mövzularından biri, heç şübhəsiz, Bodenştedt ilə Mirzə Şəfinin macəralı hekayəsidir. Azərbaycan və Qərb mədəniyyəti arasında ilkin təmas dövrünü əks etdirən bu hekayədə hələ tələbəlik illərindən nələrinsə yarımçıq olduğunu görürdüm və elmi-pedaqoji işimdə həmin yarımçıqlığı aradan qaldırmaq bilavasitə vəzifəmə çevrildi.
Müşahidə etdiyim yarımçıqlığın Azərbaycanda həm Mirzə Şəfinin, həm də Bodenştedtin tanıdılma tərzindən gəldiyi qənaətindəyəm. Bodenştedtin müdrik Şərq mütəfəkkiri ilə Qərb romantik yazıçısının şəxsi dostluğunu, insani əlaqələrini geniş əks etdirən iki kitabdan ibarət "Şərqdə min bir gün" əsərinin indiyədək dilimizdə "Mirzə Şəfi haqqında xatirələr" adı ilə (Bodenştedtin bu adda əsəri yoxdur!) cüzi bir parçası nəşr olunub. Yaxud yüz ildir "oğurluq predmeti" kimi bəhs etdiyimiz "Mirzə Şəfinin nəğmələri" kitabından dilimizə bir neçə şeir çevrilmişdi. Bu alayarımçıqlıq istər-istəməz suallar doğururdu.
- Sizcə, Azərbaycanda Mirzə Şəfinin
"Bütün əsərləri"nin ayrıca kitab
halında Azərbaycan, alman və rus dillərində nəşr
olunması bu boşluğu aradan qaldırırmı?
- Bodenştedtin XIX əsrdə Almaniyada Mirzə Şəfi adı ilə nəşr etdirdiyi poetik əsərlərin XXI əsrdə bu şəkildə təqdim edilməsi də yeni suallar doğurur. Mirzə Şəfinin əlimizdə olan azsaylı orijinal əsərlərinin mətnləri ilə Bodenştedtin kitablarından götürülən mətnlər arasında bədii yaradıcılıq metodu baxımından ciddi fərq olduğunu görməzliyə vurmaq olmaz. Mirzə Şəfinin "Nə qədər kim fələyin sabitü səyyarəsi var..." qəzəli, yaxud "Süsəni" rədifli müxəmməsi divan ədəbiyyatının, Bodenştedtə Avropada böyük şöhrət gətirən "Mirzə Şəfinin nəğmələri" isə alman romantik ədəbiyyatının, Şərqyönümlü oriyentalist tendensiyanın tipik və parlaq nümunələridir. Bundan əlavə, nə XIX əsrdə, nə də ondan əvvəl Azərbaycan divan ədəbiyyatında "nəğmə" adlı janr olub. Bodenştedt "nəğmə" deyəndə nəyi nəzərdə tuturdu, bu onun özünün icad etdiyi oriyental janr idimi? Ortaya bu cür suallar çıxır. Bodenştedtin Almaniyada nəşr etdirdiyi şeirlərin hamısının Mirzə Şəfiyə aid olduğunu iddia etmək üçün ədəbiyyatşünaslıq əvvəlcə Şərq divan şairinin necə Avropa romantik şairinə çevrildiyinin, ən azından "nəğmə" janrının nə olduğunun izahını verməlidir. Bu elmi başlanğıc olmadığına görə, "Bütün əsərlər" yarımçıqlıq təsəvvürünü aradan qaldırmaq əvəzinə daha da dərinləşdirir...
- Bəs "Bodenştedt oğrudurmu,
doğrudurmu?" kitabında nəğmələrin müəlliflik
məsələsindəki yarımçıqlığın
aradan qaldırılmasına sizin cəhd etməməyiniz nə
ilə bağlıdır?
- İndiki halda, xüsusilə, Bodenştedtə münasibətdə ictimai rəydəki "qətiyyətlilik" fonunda bu mənə həllsiz məsələ kimi görünür. O da bir həqiqətdir ki, ədəbiyyat bəzən həllsiz məsələlər ilə maraqlı olur.
- Yazırsınız ki, "Mirzə Şəfinin nəğmələri" şöhrətin zirvəsinə qalxanda Avropa Mirzə Şəfinin özünün də, nəğmələrinin də Azərbaycan və ya türk mədəniyyətinə mənsubiyyətini tanımadı. Bu fikrə aydınlıq gətirərdiniz.
- Bunun daha ciddi və ağrılı məsələ olduğunu düşünürəm. Mirzə Şəfi adı məşhurlaşanda Avropanın estetik düşüncəsində Şərqlə bağlı öncədən qurulmuş sxemlər hökmranlıq edirdi. Yəni Avropa Şərqi özünün yaratdığı, qəbul etdiyi çərçivə daxilində tanıyırdı və "Azərbaycan dili" (o vaxtın təbirinə görə, "tatar dili") bu sxemdən kənarda idi. "Mirzə Şəfinin nəğmələri"nə məşhur bəstəkar Anton Rubinşteynin fars şeiri kimi maraq göstərməsi və silsilə romanslar bəstələməsi də məhz bu şablon təsəvvürün nəticəsi idi. A.Rubinşteynin 1855-ci ildə ilk dəfə "Bodenştedtin fars dilindən tərcümə etdiyi 12 Mirzə Şəfi nəğməsi" adı ilə nəşr olunmuş romanslar toplusu musiqi tarixində "fars nəğmələri" kimi tanınmışdı və indinin özündə də o cür tanınır. Bu cür mədəni kodlaşma Avropanın nəzərində Mirzə Şəfinin əsl kimliyini, fərdi şəxsiyyətini, milli mənsubiyyətini silmiş, onun romantik-oriyentalist obrazını yaratmışdı. Bu təhrifin arxasında duran mexanizm, bəlkə də qərəzli deyildi, ancaq bu fakt özlüyündə "mədəni zorakılıq" idi. Avropanın Şərq üzərində zorakılıq göstərməsi isə XIX əsr tarixinin sərt gerçəkliyi idi: bir çox dəyərlərimizə "sahibsiz miras" kimi yanaşılırdı. Yeri gəlmişkən, A.Xodzkonun "Azərbaycan nəğməsi" adı ilə nota köçürdüyü və 1842-ci ildə Londonda nəşr etdirdiyi "Qalanın dibində" mahnısının melodiyasından da rus bəstəkarı Qlinkanın "Ruslan və Lüdmila" operasında "Fars xoru" adı ilə istifadə olunmuşdu...
- Kitabınızın adında
"doğrudurmu?" sualının qoyulması daha çox
maraq doğurur. Bodenştedt doğru idimi?
- Bodenştedt, məncə, Qafqaz həqiqətlərinə səmimi maraq göstərən azsaylı Avropa yazıçılarından idi. Amma mütləq nəzərə alınmalıdır ki, onun marağı öz dövrünün, öz dövlətinin və mənsub olduğu siyasi düşüncənin ideoloji sərhədləri çərçivəsində idi.
1850-ci ildə nəşr etdirdiyi "Şərqdə min bir gün" adlı poetik "nağıldan" iki il əvvəl o, təxminən 600 səhifə həcmində ikicildlik "Qafqaz xalqları və onların ruslara qarşı azadlıq mübarizəsi" adlı kitabını Avropa ictimaiyyətinə təqdim etmişdi. Titul vərəqində yazıldığı kimi, "Şərq xalqlarının ən yeni tarixinə Bodenştedtdən töhfə" olan bu kitabda Qafqaz gerçəkliklərinə şair kimi deyil, sırf tarixçi və siyasi şərhçi mövqeyindən yanaşılır. Kitabın bizim üçün müstəsna əhəmiyyəti isə orada Azərbaycanın Qafqaz azadlıq hərəkatının mərkəzində göstərilməsidir.
Bodenştedt həmin kitabın yazılmasından təqribən qırx il sonra etiraf edəcəkdi ki, bu işdə ona yol göstərən, Qafqazın mürəkkəb ictimai-siyasi strukturlarını və mənəvi-dini dəyərlərini anlamağa yardım edən Azərbaycanın böyük maarifçi mütəfəkkiri Abbasqulu xan Bakılı - Abbasqulu ağa Bakıxanov olmuşdur. Bu kitabın Azərbaycan tarixşünaslıq elmi üçün mötəbər mənbə olduğunu düşünürəm.
- "Qafqaz xalqları və onların ruslara
qarşı azadlıq mübarizəsi" kitabının əsas
qayəsi nədir?
- Kitab yazılanda, Rusiya imperiyası Qafqazdakı müsəlman xalqlara qarşı qanlı müharibə aparırdı. Avropada isə bu müharibənin mahiyyəti barədə yanlış təsəvvür yaranmışdı. "Bu möhtəşəm dağlar dünyasından Avropaya ara-sıra gələn şayiələr, demək olar ki, həmişə qədim miflərin əks-sədası kimi səslənir", - deyən Bodenştedt Rusiya imperiyasının "mif yaradıcılığının" altında Qafqazı xristian mədəniyyətinin qədim vətəni, bu coğrafiyanı işğal etməsinin səbəbini isə buradakı xristian xalqları müsəlmanlardan "qorumaq" kimi qələmə verməsinin mahiyyətini açmağa çalışmışdı. Rusiya Qafqazda apardığı işğalçılıq müharibəsini Avropaya "xristian şəfqəti" kimi qəbul etdirmək niyyətində idi. Həmin niyyətin pərdəarxasını, əsl üzünü göstərməyə F.Bodenştedt ona görə ciddi əhəmiyyət verirdi ki, Rusiyanın gələcəkdə Avropa və Almaniya üçün də təhlükə olacağını düşünürdü.
- Sizin kitabda Bodenştedtin Qafqaz
xalqlarının tarixinə Rusiya imperiyasının siyasətindən
fərqli mövqedən yanaşdığına, xüsusilə,
XIX əsrin ilk yarısında Qafqazda türkdilli mədəniyyətin
hegemon mövqedə olduğuna dair
fikirlərə geniş yer verilib.
- Bodenştedtin Qafqazla bağlı irəli sürdüyü ən mühüm tezislərdən biri bu coğrafiyada məskunlaşmış türk etnosunu (öz təbirincə, türk irqini) Qafqazın ən qədim aborigen etnoslarından biri kimi təqdim etməsidir. Qafqazda türklərin tarixin ilkin çağlarından məskunlaşması məsələsində o, xalq etimologiyasına və ya uydurma mifoloji yozumlara deyil, elmi mənbələrə istinad etdiyini bildirirdi. Fren, D'Ohosson, Hammer kimi məşhur şərqşünasların əsərlərinə əsaslanaraq Qafqaz türkləri barədə mühüm məlumatlar verərkən, mənbələrin yetərsizliyindən də gileylənən müəllif əlində olan mənbələri "Qafqaz tarixinin gecəsində tək-tək parlayan məşəllər" kimi dəyərləndirirdi.
Bodenştedt
Tiflisdə 1843-cü ilin sonundan 1845-ci ilin aprelinədək
yaşamışdı. O, həmin illərdə Qafqazda
ümumi ünsiyyət dilinin Azərbaycan dili olduğunu
görmüş, azərbaycanlıları "Şərqin
fransızları" adlandırmışdı.
Bodenştedtin Mirzə Şəfidən Azərbaycan dilini
öyrənmək istəyi də dilimizin Qafqazdakı hegemon
mövqeyi ilə bağlı idi.
- Sizin
təqdimatınızda Bodenştedtin XIX əsrin əvvəllərində
Azərbaycanda, Kürdəmir kəndində yaşamış
sufi şeyxi Hacı İsmayıl Əfəndi Şirvani ilə
bağlı mülahizələri diqqəti cəlb edir.
- XIX əsr
Qafqaz azadlıq hərəkatının ən parlaq, lakin
tarixşünaslıqda bu günədək kölgədə
qalmış simalarından biri - Kürdəmir sakini, sufi alim
Hacı İsmayıl Əfəndi Şirvanidir. Bodenştedtin
"Qafqaz xalqları və onların ruslara qarşı
azadlıq mübarizəsi" əsərinin ikinci
kitabının "Həddis İsmayılın
görüşləri" adlı fəsli bu şəxsiyyəti
Qafqaz azadlıq hərəkatının baş mənəvi
memarı kimi təqdim edir. Bodenştedt Hacı İsmayıl
Əfəndinin təlimini rusların sonradan
"müridizm" adlandırdıqları ideoloji sistemin təməli
hesab edir. Bodenştedt göstərir ki, Həddis
İsmayılın - Hacı İsmayıl Əfəndi
Şirvaninin təlimi Qafqazın müsəlman xalqları
arasında qan düşmənliyinin və məzhəb
ayrılığının aradan qaldırılmasına, mənəvi
birlik yaranmasına və ümumi düşmənə - əsarətə
qarşı birgə mübarizəyə təkan verdi.
- Hacı
İsmayıl Əfəndinin təliminin o vaxt Rusiyanın
müstəmləkəsinə çevrilmiş Azərbaycan
ictimai fikrinə təsirindən də bəhs etmisiniz...
- XIX əsrin
əvvəlində Şimali Azərbaycan Rusiya tərəfindən
işğal edilmiş və imperiyanın təsir dairəsinə
düşmüşdü. Ancaq tarixi reallıqlardan biri də
budur ki, ölkədəki məzhəb ayrılığı
imperiyanın əlində məqsədli şəkildə
istifadə etmək üçün təhlükəli alət
idi. Rusiyanın Qafqaz siyasətində hər bir fürsətdə
müsəlmanları öz dindaşlarına qarşı
yönəltmək təhlükəsi vardı və bu iş
erməni əsilli general Valerian Mədətova həvalə
edilmişdi.
Bu
gerçəkliklə üz-üzə qalan Qafqaz müsəlmanlarının,
o cümlədən, azərbaycanlıların güclü mənəvi
dayağı nəqşbəndi təriqəti idi. Təriqətin
Qafqazdakı başlıca missiyalarından biri məzhəb
ayrılığını aradan qaldırmaq, müsəlmanların mənəvi birliyinə zəmin
yaratmaq idi. Azərbaycan tarixində bu mənəvi birliyin yolu
Kürdəmirdən Osmanlıya qədər uzanırdı.
Firudin bəy Köçərli XIX əsrdə
yaşamış nəqşbəndi şairi Mirhəmzə
Əfəndi Seyid Nigari haqqında yazarkən bu rabitəni
çox dəqiq ifadə etmişdi: "Məşhur qövlə
görə, Mirhəmzə Əfəndinin təriqət
ustadı kürdəmirli İsmayıl əfəndi olubdur ki,
o dəxi İstanbulda öz şagirdlərinə üsuli-təriqəti
təlim edibdir."
- Kitabın
"Bizdən uzaqlarda yazılmış azadlıq
dastanımız" adlı bölümü Bodenştedtin
"Ləzgi qızı Ada" poemasına həsr olunub. Bu
poemada da təriqət fəlsəfəsinin bədii mətnə
köçürüldüyünü qeyd etmisiniz.
- Mövzusu
XIX əsrin birinci yarısında Qafqaz xalqlarının Rusiya
işğalına qarşı azadlıq mübarizəsindən
götürülmüş bu epik poemanın həcmi 300 səhifədən
artıqdır. Azərbaycanın bir parçası olan
İlisu sultanlığının bədii salnaməsi olan bu
mənzum romanda İlisu bəyinin oğlu ilə ləzgi
qızının məhəbbəti Şərq mistik fəlsəfəsinin
Avropa romantizminə xas poetik interpretasiyası fonunda təqdim
olunur.
Bodenştedtin
qənaətinə görə, Qafqaz xalqlarının
azadlıq müharibəsi Şirvan torpağından
başlamışdı və bu işin önündə gələn
kürdəmirli təriqət şeyxi Hacı İsmayıl
Əfəndi Şirvani idi. Poemanın strukturu Hacı
İsmayıl Əfəndinin "İdrakın mərtəbələri"
kitabına əsaslanır. Müəllif Avropa oxucusuna
ünvanladığı əsərdə insanın yüksəldiyi
mənəvi kamillik yolunu şəriət, təriqət, mərifət,
həqiqət kimi mistik mərhələlərin içindən
keçirir. Sevgililərin ucaldıqları ən ali məqamın,
ən yüksək həqiqətin isə azadlıq idealı
olduğu göstərilir. Qəhrəmanlar azadlıq yolunda
canlarından keçsə də, müəllif poemanın son
misralarında oxucudan nikbinliklə ayrılır:
Dava qəhrəmanları
bizdən ayırdı, ancaq
Xalq
öz igidlərini daim yada salacaq,
O adlar nəğmələrdə
sonsuzadək qalacaq!..
Onu da
deyim ki, kitabın "Şərhlər"
bölümündə İlisu sultanlığının
süqutunu "fəlakət" adlandıran F.Bodenştedt
Daniyal Sultanla şəxsi tanışlığının
olduğunu, eləcə də haqqında bəhs etdiyi xalq
üsyanının və əksər döyüş səhnələrinin
həqiqi hadisələrə əsaslandığını
yazmışdır...
-
Kitabınızın bölmələrindən biri
"Bodenştedtin İrəvan səfəri" adlanır.
Bu adın dastan başlığına oxşaması təsadüfdürmü?
-
Bodenştedtin İrəvan səfəri, sonradan
"Ömrümdən xatirələr" kitabında
yazdığı kimi, yaxın
dostu, Şərq xalqlarının dillərini və tarixini
yaxşı bilən cavan şərqşünas Georq Rozenin təşəbbüsü
ilə olmuşdu. Berlin Akademiyasının əməkdaşı
olan G.Rozen əvvəl Osmanlıya, oradan da Tiflisə akademiya tərəfindən
rəsmi ezamiyyətə göndərilmişdi. Onun tədqiqat
planına Ağrı dağının ətəyindəki
Eçmiəzdin kilsəsinin kitabxanası ilə bağlı
hesabat hazırlamaq da daxil idi.
Bodenştedt
İrəvan səfəri zamanı Rusiyaya qarşı itaətsizliyini
qaçaq hərəkatı ilə ifadə edən azərbaycanlılar
ilə imperiyanın imtiyaz verdiyi erməni məmurların mənəviyyatsızlığını
qarşılaşdırır. Maraqlı məqam budur ki, XIX əsrdə
Rusiya siyasəti "Böyük Ermənistan" mifi
yaratdığı kimi, ayrı-ayrı insanlar da özləri
haqqında "kökü" mifik zamanlara gedib
çıxan "şahzadə", "bəyzadə",
"knyaz" mifləri yaradırdılar. Bodenştedt
sarkastik kinayə ilə yazırdı: "Məsələ
kişinin özü deyil, onun ulu babalarının kim
olduğudur..."
Ümumiyyətlə,
Bodenştedtin erməni və fars etnosları haqqında fikirlərində
radikal tənqidi mövqe olduğunu görürük. O
yazır: "Ermənilərin ən güclü və onlara
fəlakət gətirən, yalnız ölkənin siyasi
süqutuna səbəb olmaqla qalmayıb, uzunmüddətli və
zərərli təsiri ilə xalqın əxlaqını da
pozan daimi düşməni qonşusu farslar olmuşdur. Son
dövrlərdə bu rolu Rusiya öz üzərinə
götürmüş və onu sanki sırf fars üsulunda
davam etdirməkdədir"...
Onu da nəzərə
almaq lazımdır ki, Bodenştedt İrəvanda olmazdan 16 il əvvəl
- 1828-ci ildə Rusiya imperiyası tərəfindən İrəvan
xanlığının yerində "Erməni vilayəti"
yaradılmış, Naxçıvan xanlığının ərazisi
bu vilayətə birləşdirilmiş, İrandan və
Osmanlı imperiyasından ermənilər kütləvi şəkildə
buraya köçürülmüşdü.
Bodenştedtin
İrəvanda müşahidə etdiyi ən əhəmiyyətli
məqamlar buradakı ermənilərin, hətta öz
aralarında belə, Azərbaycan dilində
danışdıqları, öz nağıllarını Azərbaycan
dilində söylədikləri barədə qeydlərdir. O,
gürcülərin məclislərində gördüyü və
ermənilərin də riayət etdiyi bir ritualı xüsusi
vurğulayır: gürcülər və ermənilər
şərab içərkən xristianlıqdan gələn məzmuna
malik süfrə duasını
azərbaycanca söyləyirlər. Mənə elə gəlir
ki, xristian ritualının azərbaycanca yerinə yetirilməsi
mədəniyyətşünaslıq baxımından son dərəcə
maraqlı tədqiqat mövzusu ola bilər.
Bodenştedt
"Şərqdə min bir gün" kitabında
aşıq sənəti, onun bir qolu olan deyişmə
haqqında da məlumat vermiş, Ağ Aşıqla
Aşıq Keşişoğlunun deyişməsini alman dilində
təqdim etmişdir...
-
Kitabınız bu cümlə ilə tamamlanır:
"Yaddaşın qorunmadığı yerdə tarix başqasının
yazdığı hekayəyə çevrilir".
- Çox istərdim ki, müsahibəmiz
də bu cümlə ilə tamamlansın.
Söhbətləşdi:
Mehrəngiz
Qurbanova
BDU-nun
filologiya fakültəsinin
tələbəsi,
Heydər Əliyev təqaüdçüsü
Ədəbiyyat
qəzeti.- 2025.- 14 noyabr, ¹42.- S.24-25.