XIX əsr
Azərbaycan
ədəbiyyatına aid yeni
nəşr
XIX əsr Qarabağ ədəbi mühiti və dövrün çoxsaylı şairlərinin
zəngin poetik irsi daim ədəbiyyatşünasların
diqqət mərkəzində
olmuşdur. Mənbəşünas
tədqiqatçılar hər
dəfə ilkin əlyazma qaynaqlarına baş vurduqca, çağdaş oxucuların
indiyədək, ya heç vaxt adını belə eşitmədiyi yeni bir müəllif ədəbi
müstəviyə gətirilir,
ya da uzun illər tanıyıb-bildiyimiz
hansısa ədibin işıq üzü görməyən yeni-yeni əsərləri
aşkara çıxarılır.
Son günlər görkəmli
ədəbiyyatşünas alim, uzun illərdən bəri XIX əsr Qarabağ ədəbi mühitinin mükəmməl
araşdırıcısı və həmin dövrün şairlərinə
aid çoxsaylı tədqiqat
əsərlərinin müəllifi,
professor Raqub Kərimovun
XIX əsrin birinci yarısında yaşayıb
yaratmış Baba bəy
Şakirin həyat və yaradıcılığına
aid araşdırması ilə
bərabər, şairin
əlyazma mənbələri
əsasında müxtəlif
şeir nümunələrindən
ibarət tərtib etdiyi kitabı çapdan çıxmışdır
(Baba bəy Şakir. Əsərləri. Ön söz və yeni əlavələrlə tərtib
edib nəşrə hazırlayan: filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov. Rəyçi: akademik Teymur Kərimli. Redaktor: filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğlu. Naşir: Turan İbrahimov.
Bakı, SkyF, 2025, - 96
s.).
R.Kərimovun nəşrə yazdığı
"Baba bəy Şakir"
adlı giriş sözü bu cümlə ilə başlayır: "Azərbaycan
ədəbiyyatında ictimai
satiranın təməlini
qoyan sənətkarlardan
biri Pənahəli xan Cavanşirin böyük qardaşı
Fəzləli bəyin
nəvəsi Baba bəy
Məhəmmədəli bəy
oğlu Cavanşir təqribən, 1778-ci ildə
Qarabağın Mehribanlı
kəndində anadan olmuş, 1845-ci ildə vəfat etmişdir"
(s.3). Qeyd edək ki,
Baba bəy Şakirin yaradıcılığı bugünkü
geniş oxucu kütləsinə, eyni zamanda çağdaş ədəbi mühitə də çox az tanışdır. Bunun
başlıca səbəbi
şairin yazmış
olduğu əsərlərin
əlyazmalarının böyük
hissəsinin bizə gəlib çatmaması və bundan başqa, XIX əsrdə Mirzə Yusif Qarabaği, Adolf Berje, Mir Möhsün Nəvvab kimi təzkirə müəlliflərinin tərtib
etdikləri ədəbi
toplularda Baba bəy Şakirə yer verilməməsidir. Son illərədək
Azərbaycan ədəbiyyatında
şairin həyat və yaradıcılığı
bir sıra kiçik tədqiqatlar istisna olmaqla, demək olar ki, çox az araşdırılmışdır.
Əski mənbələrdə
onun haqqında yalnız XIX əsrin məşhur təzkirəçisi
Məhəmməd ağa
Müctəhidzadə "Riyazül-aşiqin"
ədəbi toplusuna
Baba bəy Şakirin vəfatı ilə əlaqədar Qasım bəy Zakirin qələmə aldığı
"Müsibət salinin
tarixi amma oldu tarixim; Köçüb
ustad, Zakir, bihünər
şagird mən oldum" məqtəli bir qəzəlini və şairin özünün yalnız
bir fərdini daxil etmişdir [M.Müctəhidzadə. "Riyazül-aşiqin",
2024, s.76]. Beytdən də
aydın görünür
ki, Qasım bəy
Zakir kimi qüdrətli
bir şair Baba bəy Şakiri özünün ustadı
hesab etmişdir.
Sovet dövründə isə
Baba bəy Şakirin yazılı mənbələrdən
toplanmış az sayda əsərləri iki dəfə çap olunmuşdur. Görkəmli ədəbiyyatşünas
alim Salman Mümtaz ilk dəfə
Baba bəy Şakirlə
bağlı qələmə
aldığı yazısını
və bundan başqa, şairin 6 şeirini də əlavə etməklə,
1927-ci ildə əski
əlifbada kiçik kitabça şəklində
nəşr etdirmişdir
(Azərbaycan ədəbiyyatı.
Baba bəy Şakir.
"Azərnəşr", 1927). Nəşrdə "Ön
söz" başlığı
ilə getmiş yazını bugünkü
oxucular üçün
də əhəmiyyətini
nəzərə alan R.Kərimov əski əlifbadan çağdaş
əlifbaya çevirərək
təqdim olunan hazırkı kitabına daxil etmişdir (s.33-37).
Baba bəy Şakirin məlum əsərləri
sonuncu dəfə araşdırıcı Fərhad
Yəhyayev tərəfindən
nəşr olunmuş
("Yazıçı" nəşriyyatı, 1985) və
tanınmış tədqiqatçı-alim
Ənvər Çingizoğlu
da şair haqqında yığcam da olsa, bəzi yeni faktları aşkara çıxarmışdır.
Mövzu uzun müddət ədəbi müstəvidə aktual olaraq qalırdı. Bu zərurətdən irəli
gələrək, R.Kərimov
son illərdə apardığı
araşdırmalar nəticəsində
şairin həyat və yaradıcılığı
haqqında bəlli olan bilgiləri yeni-yeni ədəbi faktlarla zənginləşdirmək üçün,
öncəki nəşrlərdən
fərqli olaraq, Baba bəy Şakirin həyat və yaradıcılığına aid yeni qaynaqlardan - müxtəlif
əlyazma cünglərindən,
klassiklərimizin şəxsi
fondlarından indiyədək
məlum olan şeirlərin fərqli nüsxələrini aşkara
çıxarmış və
bu da öncəki nəşrlərdəki hər
bir ədəbi mətnin müqayisəli-tekstoloji
üsulla dürüstləşdirilməsində
tədqiqatçıya geniş
imkanlar yaratmışdır.
Baba bəy Şakir xan nəslindən olsa da, güzəranı,
həyatıboyu o qədər
də xoş keçməmişdir.
Bütün bunlara baxmayaraq, şair heç kəsə boyun əyməmiş, el içində qürur və ləyaqətini qoruyub saxlaya bilmişdir. Tədqiqatçı yazır:
"Çox güman
ki, şairi müasirlərinə,
xüsusilə, yaxın
dostu və qohumu Qasım bəy Zakirə sevdirən də onun qürurlu, əyilməz, ötkəm
xarakterə malik olması
idi. Qasım bəy Zakirin qardaşı Şahsevən
bəyin qızı ilə Baba bəyin oğlu İbrahim bəyin
izdivacı onların qohumluq əlaqəsini daha da möhkəmlətmişdi.
Lakin onları yaxınlaşdıran
əsas cəhət xarakter oxşarlığı,
hər ikisinin eyni xasiyyətə - mərd, qorxmaz, sözübütöv olması
idi. Bu səbəbdən
əksər dönəmlərdə
onların düşmənləri,
tənqid hədəfləri
də eyni olmuşdur" (s.3). Onların
dünyagörüş, məslək,
ədəbi məfkurə
yaxınlığını görən Salman Mümtaz
yazırdı ki, "Seyid
İmadəddin Nəsimi
öz təxəllüsünü
Şah Fəzlullahın
təxəllüsü olan
"Nəimi" vəznində
intixab etdiyi kimi, Qasım bəy Zakir də təxəllüsünü öz
ustadı, pişvazı
olan Baba bəyin təxəllüsü olan
Şakir vəznində
seçmişdir" (s.36). Baba bəy Şakirin qələmə aldığı
şeirlərdə ictimai
mövzu əsas yer tutmuş, cəmiyyətdə baş
verən hər cür haqsızlıqlara,
ədalətsizliklərə biganə qalmayaraq, daha çox rus məmurlarının o
zaman yerlərdə yaratdığı
üsul-idarədən narazılığını
bildirmiş, hakimiyyətdəkilərə
arxalanan və hər cür özbaşınalıqlar törədən
əyalət çinovniklərini
də tənqid edirdi:
Quberniya
bina olandan bəri,
Oğrunun hər biri bir xana dönüb.
Yox, yetişib ərzə divan
eyləyən,
Dağılıb vilayət, virana
dönüb.
Murovlar buyurur: "Oğurlayın
at,
Naçalnikdən eləməyin ehtiyat!"
Olmaz urusluqda eləmək isbat,
Onunçün tülkülər aslana
dönüb (s.44).
Tədqiqatçı öncəki nəşrlərə tənqidi
yanaşaraq, şairin
bəzi şeirlərində
bu və ya digər səbəbdən
bir sıra səhvlərə yol verildiyini qeyd etmişdir. O, bu nöqsanları az sayda bizə gəlib çatmış
ilkin qaynaqları köçürən katiblərin
diqqətsizliyi, yeri gələndə, onların
mətnə yersiz müdaxiləsilə əlaqələndirir
və müəllifin
avtoqraf nüsxəsinin
ortada olmadığı
halda, klassik ədəbi mətnin dürüstləşdirilməsi üçün müxtəlif
nüsxələr arasında
arxetip nüsxənin olmasının vacibliyini bildirmişdir. Amma təəssüf
ki, şairin avtoqraf nüsxələri bizə
gəlib çatmadığına
görə, problemin həllinin yalnız nəşrə hazırlanan
əsərin müxtəlif
əlyazma nüsxələrinin
müqayisəsi ilə
mümkünlüyünü qeyd etmişdir. Vaxtilə tərtib olunan "Əlyazmalar kataloqu"nun II cildində
(1977-ci il) Baba bəy Şakirə
aid 17 mənbə göstərilməsinə
baxmayaraq, onlardan yalnız bir neçəsində şairin
şeir nümunələri
verilmişdir. Məhz
mənbə məhdudluğuna
görə az sayda aşkar olunan şeirlər üzərində öncəki
tədqiqatçılar üçün
müqayisəli-tekstoloji təhlilin
aparılması mümkün
olmamış və nəticədə, tədqiqatçılar
böyük çətinliklərlə
üzləşmişlər. Son vaxtlar AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutuna
yeni əlyazmaların daxil
olması ilə, bu gün artıq
Baba bəy Şakirin vaxtilə nəşr olunan əsərlərindəki
bir sıra qüsurları aradan qaldırmaq üçün
müəyyən şəraitin
yarandığını tədqiqatçı
yazmışdır.
Tədqiqatçı-alimin Əlyazmalar İnstitutu xəzinəsində
mühafizə olunan
B-1369/2992 şifrəli cüngdə
Baba bəy Şakirin Qarabağda deputat seçkiləri haqqında
yazdığı və
yaxın dostu Zakirə ünvanladığı
49 bənddən ibarət
mənzuməsinin mətni
üzərində apardığı
müqayisəli-tekstoloji təhlil
yolu ilə mətnin səhihliyinə
necə nailolma metoduna diqqət yetirək:
- Kitab variantında (Seçilmiş
əsərlər, 1985 - Ə.M.) XIII bəndin "O heys-beysdə
gəlib qubernat" misrasındakı "heys
beysdə" birləşməsi
cüngdə "heysü
bəhsdə" kimi
verilmişdir ki, bu da düzgün variantdır.
- Kitab variantında XIV bəndin ikinci: "Deyiblər urusa haman əhvalı"
misrası cüng variantında "Qubernata deyib olan əhvalı"
kimi verilmişdir. Fikrimizcə, cüng variantı daha məqbuldur. Çünki
burada müraciət olunan obyekt konkret
olaraq qubernator göstərilir və məsələni müzakirə
edib nəticə çıxaran da odur.
- Kitab variantında XVII bəndin
I misrasında "kəşakəş"
sözü səhv olaraq "kəşə-kəş"
kimi, XXI bəndin IV misrasında "Herat" sözü
kiçik hərflə
yazılmışdır.
- XXXI bəndin kitab variantının
birinci: "Çünki
Allah alıb ağılların"
misrası cüngdə
"Çünki Allah alıb
ağlın bunların"
kimi verilmişdir ki, bu da daha məqbuldur.
Tədqiqatçı bu cür müqayisəli-tekstoloji
üsul ilə şairin şeirlərinin
indiyəqədərki çap
variantını son illərdə
araşdırıb üzə
çıxardığı yeni-yeni əlyazma mənbələrilə
tutuşdurmuş və
mənzumənin bütün
mətnini dürüstləşdirməyə
nail ola bilmişdir.
Baba bəy Şakirin əsərlərini müxtəlif
əlyazma məcmuələrindən,
toplularından araşdırıb
üzə çıxaran
R.Kərimov yazır:
"Baba bəy Şakirin
əlimizdə olan şeirləri təsdiq edir ki, o həm lirik və həm
də satirik üslubda yazan istedadlı şair olmuşdur. Əfsuslar olsun ki, çox müasirləri kimi, onun şeirlərinin də cüzi bir hissəsi - cəmi 7 satirik mənzuməsi, 2 aşiqanə
qoşması, bir gəraylı və bir neçə natamam beyti gəlib
bizə çatmışdır.
Lakin əminliklə deyə
bilərik ki, Baba bəy
Şakir kimi istedadlı bir şairin yaradıcılığı
əldə olan bir neçə şeirlə məhdudlaşa
bilməz. Heç şübhəsiz, onun müxtəlif janrlarda yazdığı çoxlu
sayda şeirləri olmuşdur" (s.23).
Tədqiqatçı-alim Baba bəy Şakirin yeni əsərlərinin
axtarışını davam
etdirərək, daha bir gizlində qalan mənbədə - Əlyazmalar İnstitutu xəzinəsinin şəxsi
arxivlər fondunda böyük mütəfəkkir,
filosof, dramaturq Mirzə Fətəli Axundzadənin arxivində
F-2, saxlama vahidi 418 şifri altında saxlanılan Qasım bəy Zakirə məxsus Divanda iki şeirini aşkara çıxarmışdır.
Hər iki şeir dövrün konkret bəlli şəxslərinə ünvanlanaraq
qələmə alınmışdır.
Bunlardan biri Qasım bəy Zakirin yaxın qohumu, yaşca ondan kiçik olmasına baxmayaraq, şairin zarafatla "əmi", deyə müraciət etdiyi Şuşanın tanınmış
bəylərindən olan
Behbud bəyin oğlu Böyük bəyə, başqa biri isə yenə
də Zakirin dostlarından olan Kərbəlayi Səfi Valehə ünvanlanmışdır.
Araşdırma nəticəsində Əlyazmalar İnstitutu xəzinəsində saxlanılan
cünglərdə və
ayrı-ayrı əlyazma
mənbələrində "Şakir" təxəllüslü
bir neçə şairin şeirləri aşkara çıxarılmışdır.
"Əlyazmalar kataloqu"nun
II cildinin indeksasiyasından
məlum olur ki, burada "Şakir Baba bəy" adı ilə 17, "Baba bəy"
adlı 4 və
"Baba bəy Qarabağlı"
adı qarşısında
isə 2 əlyazmanın
şifri göstərilmişdir.
Nəhayət, araşdırmanın
nəticəsi olaraq buradakı əlyazma cünglərindən yalnız
bir neçəsində
köçürülmüş bəzi şeirlərin
Baba bəy Şakirə
məxsus olduğu təsdiqlənmişdir. Tədqiqatçı,
bəzən cünglərdəki
şeirlərin üslubca
Baba bəy Şakirə
mənsub olmasında qəti qərara gəlmədiyinə görə,
bir sıra şeirləri şairin hazırkı təqdim olunan kitabının Əlavələr bölməsinə
daxil etməklə kifayətlənmişdir.
Baba bəy Şakir Qarabağdan kənarda da məşhur olmuşdur. Onun qonşu regionların şairləri
ilə sıx yaradıcılıq əlaqəsi
olmuş və tədqiqatçının aşkara
çıxardığı yeni əlyazma mənbələrindən
məlum olur ki, Baba bəy Qarabağ şairlərindən başqa,
Ordubad ədəbi mühitinin
şairləri, ən
çox da şair Qüdsi Vənəndi ilə qarşılıqlı
əlaqə yaratmışdır.
O, hər iki şairin sıx yaradıcılıq əlaqəsindən
bəhs edərək yazır: "...Qüdsi Vənəndinin Qarabağ
ədəbi mühitində
daha çox əlaqə saxladığı
şairlərdən biri
Baba bəy Şakir olmuşdur. Qüdsinin bu seçimi etməsi təsadüfi deyildir. Bununla o, həm də özünün epiqonçuluqdan
uzaq, realizmə meyli olan bir
sənətkar olduğunu
sübut etmişdir"
(s.30). Qüdsi Vənəndi
Baba bəy Şakirə
həsr etdiyi "Baba
bəy" rədifli
qəzəlində onu
böyük şairimiz
Füzuli və Əbdi ilə müqayisə etməklə
bərabər, Qarabağ
şairləri arasında
onu istedadlı şair və xoştəb, xoşəxlaq
biri kimi səciyyələndirir, özünü
isə onun şagirdi hesab etməkdən qürur duyur:
Ey şairi-xoştəbi-Qarabağ, Baba bəy!
Ey əhli-məzaq içrə
xoşəxlaq, Baba bəy!
Əbdimi
deyim mən sana, yaxud da Füzuli?
Sən kimi gərəkməz ola zəri-çağ, Baba bəy!
Mülki-Qarabağ içrə şövkəti-təbin,
Salmış şüəra didəsinə
ağ, Baba bəy!
Bu mülkdə
çox dürr çəkib rişteyi-nəzmə,
Nəzm əhli,
dutubsan vəli sən tağ, Baba bəy!
Ovsafını qayətdə eşitdim, vəli könlüm
Olmuş yüzünü
görməyə müştaq,
Baba bəy... (s.30)
Filologiya üzrə
elmlər doktoru, professor Raqub Kərimov uzun illərdir ki, klassik ədəbiyyatımızın,
xüsusilə, Qarabağ
ədəbi mühitinin
öyrənilməsində və əlyazma mənbələrini araşdıraraq
yeni-yeni ədəbi nümunələrin üzə
çıxarılmasında böyük rolu olan tanınmış ədəbiyyatşünas alimdir.
Onun hazırda haqqında bəhs etdiyimiz "Baba bəy Şakir. Əsərləri" kitabı
ilə eyni vaxtda işıq üzü görən
"Qasım bəy Zakir. Əsərləri"
kitabı da alimin böyük zəhmət hesabına araya-ərsəyə gətirərək
ədəbiyyat tariximizə
verdiyi növbəti yeni bir töhfədir.
Sonda bildirmək istəyirəm ki, hər iki kitabın
meydana gəlməsində
himayədarlığını, qayğıkeşliyini əsirgəməyən,
vaxtilə Əlyazmalar
İnstitutunda çalışmış
böyük yazıçımız,
professor Əzizə xanım Cəfərzadənin yadigarı,
çox hörmətli
Turan bəy İbrahimova "gizlində"
qalmış əlyazma
mənbələrimizin aşkara
çıxarılması və
onların nəşr
olunmasında göstərdiyi
köməkliyə görə
sonsuz təşəkkürümüzü
bildiririk.
Əli
MƏMMƏDBAĞIROĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 14 noyabr, ¹42.- S.23.