Yaddaş çölünün
çağıran çiçəkləri
(Əvvəli ötən nömrələrimizdə)
Sənədli povest
Bu yazı yadın,
yəni yadımda qalanların yadırğalanmayan yollarıdır. O yad və yaddaş yolları qəfildən pıçıldadı
ki, bizi də yaz, bu fani
dünyada yazıdan böyük sığınacaq
yoxdur. Və mən də yaddaş
çölünün çağıran çiçəklərinə
qulaq asdım, xəyalı körükləyən xatirələr
dünyasına üz tutdum.
llif
***
Azərbaycan Dövlət Universitetinin
Filologiya fakültəsini bitirib, Azərbaycan
Yazıçılar İttifaqının katibi, böyük
insan və yazıçı Hüseyn Abbaszadənin məsləhəti
və göndəriş məktubu ilə o vaxt əsl əmək
cəbhəsi sayılan Neft Daşlarına getdim. Rəhbərliyin
Geoloji Kəşfiyyat idarəsində və "Neft
Daşları" qəzetində yüngül iş təkliflərinə
qəti etiraz edərək, ən ağır sahəni -
Quyuların Yeraltı Təmiri sexini seçdim və altı
aylıq razılaşmaya baxmayaraq, düz bir il həmin
ağır işdə çalışdım.
Bu bir ildə əsl
həyat universitetini bitirdim; üstəlik "Ədəbiyyat
və incəsənət" qəzetində ondan artıq
hekayəm, bir qədər sonra - "Azərbaycan"
jurnalında Hüseyn Abbaszadənin təqdimatıyla,
"Ön sözü"ylə "Əbədi sevginin xatirələri"
romanım, "Ulduz" jurnalında "Sükutun sonu"
povestim çap olundu və çox böyük maraqla
qarşılandı.
Sonra Cəlil Məmmədquluzadənin
ev-muzeyində elmi işçi, Azərbaycan
Kitabsevərlər Cəmiyyətində redaktor işlədim.
Sonra Azərbaycan Televiziyasında, "Ədəbi-dram
verilişləri" redaksiyasında ştatdankənar
müxbir oldum.
Və günlərin bir günü sadə, işıqlı, halal bir
adam olan baş redaktor Nahid Hacızadə mənə dedi ki:
- Mirzə, Elşad müəllim sənin "Palitra"
verilişini yaman bəyənib, sabah toy kostyumunu geyinib gəlsən,
sədrin qəbuluna gedəcəyik.
Allahımdan çox razıyam
ki, həyat yolumun mühüm məqamlarında həmişə
rastıma xeyirxah insanlar çıxıb. Azərbaycan
Teleradio Verilişləri Komitəsinin sədri Elşad Quliyev
də belə xeyirxah, işıqlı insanlardan biri idi...
Təxminən, bir saatlıq görüşdən, mənim Azərbaycan
Televiziyası ilə bağlı coşqun "fəlsəfi"
danışığımdan, bir qədər də tənqid
və tərifimdən çox razı qalan rəhmətlik
Elşad Quliyev Nahid müəllimə dedi:
- Yarım saata bu cavan oğlanın raportunu yaz gətir.
Nahid müəllim özünəməxsus
təbəssüm və məmnunluqla dilləndi:
- Oldu... - Bir qədər susub əlavə etdi: -
Yəqin ədəbi işçi ştatına...
O vaxt Azərbaycan Televiziyasının redaksiyalarında qələm
adamlarının ən aşağı ştat vəzifəsi
ədəbi işçi idi. Nahid müəllim ənənəvi
olaraq mənim də jurnalist karyerama ədəbi işçi
kimi, ilk pillədən başlayacağımı
düşünürdü, sədrin susduğunu görüb
bir də təkrar etdi:
- Ədəbi işçi ştatına? İlk pillədən başlasa
yaxşıdır...
Və Elşad Quliyev otuz beş illik televiziya yolumun ən
böyük, unikal cümləsini dilə gətirdi:
- Nahid, yaxşılığı yaxşı
eləyərlər, demirsən ki, hazır, bişmiş
kadrdır, niyə on-on beş il sürünməlidir, qoy
başqaları ilk pillədən başlasın, bunu isə
birbaşa böyük redaktorluğa yaz...
Səhv
etmirəmsə, mən
Azərbaycan Televiziyasında ştatdankənar
müxbirlikdən böyük redaktor ştatına birbaşa
qəbul edilən ilk jurnalistlərdən oldum...
Bir neçə başqa yazılarımda, "Mənim mövqeyim"
adlı publisistik kitabımda da minnətdarlıqla
xatırladığım bir epizod həyat və
yaradıcılıq yolumun Azərbaycan Televiziyası ilə
qovuşmasında həlledici amil oldu. Düzdür, hələ
tələbəlik vaxtlarından Azərbaycan Radiosu ilə əməkdaşılıq
edirdim, "Ədəbi-dram" və "Uşaq"
verilişləri redaksiyalarına ssenarilər yazırdım.
Mən tələbə olanda və pulum olmayanda
"Bulaq", "Gənclik", "Savalan baba" və
başqa verilişlərə (Bu məqamda istedadlı
yazıçı-publisist, böyük xeyirxahım Rafiq
Savalanın - Rafiq Ağayevin o vaxt mənə etdiyi təmənnasız
yaxşılıqları qədirşünaslıqla
xatırlayıram, ona Allahdan uzun və xoşbəxt
ömür arzulayıram - S.E.) ssenarilər gətirər,
sonra bir ərizə yazıb əvvəlcədən 60 manat
alar və kasıb tələbəçiliyimin min bir
qayğısını yola verərdim...
Beləcə, tələbəlik illərimdən,
yəni yaradıcılığın
sirli-sehrli, acılı-şirinli, əzablı yollarına
çıxdığım ilk vaxtlardan Azərbaycan Radiosu və
Televiziyası əllərimdən tutdu, mənə arxa, dayaq
oldu, ömrümün, taleyimin dogma yurd yerinə, əzəli
vətəninə döndü. İllər ötdü, Azərbaycan
Televiziyasındakı fəaliyyətimə görə
respublikanın Əməkdar jurnalisti, Naxçıvan Muxtar
Respublikasının Əməkdar İncəsənət
xadimi fəxri adlarına, Beynəlxalq Rəsul Rza, Mikayıl
Müşfiq mükafatlarına, Azərbaycan Teatr Xadimləri
İttifaqının "Sənətkar" medalına,
bütövlükdə ondan artıq müxtəlif təltiflərə
layiq görüldüm. Jurnalistlər məhəlləsinin
ilk on yeddi mərtəbəli binasında mənə
ikiotaqlı ev verildi.
***
Günlərin
bir günü AzTV-nin yeni sədri, köhnəlməyən
köhnə dostum Məmməd İsmayıl məni təzə
kabinetinə çağırdı və səmimiyyətlə
dedi ki, sən orada ola-ola dostum Aydın İbrahimovu -
Köçərlilərin kürəkənini Ədəbi-drama
baş redaktor təyin edə bilmirəm, vicdanım yol vermir.
Dedim ki, Aydın müəllim istedadlı, layiqli adamdır, mənə
görə heç bir problem yoxdur, onu baş redaktor təyin
edin.
- Yox, - əlini ürəyinin
üstünə qoydu, - bu, imkan vermir. Səni "Azərbaycantelefilm"ə
direktor göndərirəm, sənin yüksək səviyyənə
tarix üçün işləmək yaraşar...
Və bir müddət sonra AzTV-yə yeni Sədr təyin olunan
professor Nizami Xudiyev məni çağırdı həmin
kabinetə:
- Sənin kimi yüksək səviyyəli
yazıçı-jurnalistin "Azərbaycantelefilm"də
nə işin var; sən tarix üçün yox, bu gün
üçün işləməlisən! Bu gün ciddi, səviyyəli
verilişlərə daha çox ehtiyacımız var...
- Qısa müddətdə
ondan artıq sənədli film, "Bəsdir,
ağlama" adlı bədii televiziya filmi çəkmişik,
xeyli yarımçıq, istehsalatda olan filmimiz var...
- Onlara da müvəqqəti
olaraq nəzarət edərsən, amma əsas işin
"Ədəbi-dram"ı ayağa qaldırmaq olacaq!
Beləliklə, AzTV-nin ən böyük redaksiyasına - "Ədəbi-dram
verilişləri baş redaksiyası"na baş redaktor təyin
edildim. Qısa müddətdə keyfiyyətli, yeni verilişlər
dalğasına qapı açdıq.
Epoxal dəyişikliklər başlayır,
Vətən inadla, ümidlə
çağırırdı; o müqəddəs
çağırışlara üz tutub "Vətən"
verilişini yaratdıq.
İstedadlı yazıçı, öz
yolunu yaradan dramaturq, yüksək səviyyəli
ədəbiyyatşünas-alim, fədakar ziyalı,
sözün böyük mənasında millət fədaisi, həqiqi
vətən təəssübkeşi (Bu ürəkdən gələn
sözləri yaza-yaza onu da düşünürəm ki,
Elçin nəhəngliyinin tam, dolğun miqyaslarını dəqiqliklə
ifadə edə bilmirəm - S.E.) Elçin "Vətən"
cəmiyyətinin sədri, eləcə də "Vətən"
verilişinin aparıcısı kimi o qarışıq,
qaynar-qanlı dövrdə möhtəşəm ziyalı
missiyasını layiqincə həyata keçirə bildi,
zamana öz mübarək möhürünü vurdu. Sonralar
baş nazirin müavini olan Elçin bir an da yorulmadan,
usanmadan, bezmədən, çəkinmədən öz tarixi
missiyasını on illər boyu şərəflə davam və
inkişaf etdirdi, M.F.Axundzadələrin,
H.Zərdabilərin, Sabirlərin, Mirzə Cəlillərin
müqəddəs tarix yolunun milli-mənəvi
davamçısı, məğlubedilməz bayraqdarı oldu.
Yeni dövr yeni dəyərlər,
yeni vətəndaşlıq missiyası tələb edirdi; o tələblərə
qoşularaq "Vətəndaş" verilişini
yaratdıq. Aparıcısı professor Vaqif Arzumanlı oldu. Vətənin
quzeyindən güneyinə, Arazın tikanlı məftillərlə
bağlı o tayına boylana-boylana "Araz" verilişinə
yol açdıq. Qədim və qüdrətli dilimizin tarixi və
çağdaş uğurlarını layiqincə qiymətləndirmək,
yuxulu yaddaş yollarına güzgü tutmaq ümidiylə
"Azərbaycan dili" elmi-publisistik proqramını
ekranlara gətirdik. "Azərbaycan dili" elmi-publisistik
proqramının ilk aparıcısı akademik Tofiq Hacıyev,
sonra professor Nizaməddin Şəmsizadə, daha sonra uzun illər
boyu akademik Nizami Cəfərov oldu.
Dahi dərdkeşimiz Mərzə
Cəlil Məmmədquluzadənin
"Sizi deyib gəlmişəm"
çağırışına qoşularaq "Molla Nəsrəddin"
satirik telejurnalına yaşıl işıq yandırdıq.
Klassik və müasir poeziyamızın aşkar gizlinlərini,
zirvə həqiqətlərini yeni zamanın gündəminə
gətirmək məqsədiylə "Şam
işığında", "Poeziya",
"Gülüstan" ədəbi-bədii verilişlərinə
meydan verdik... Beləcə onlarla yeni, aktual teleproqram AzTV-nin
ekranlarını bəzədi, zamanın sözünü
sözün zamanında deməyə, əsil həqiqətləri
car çəkməyə başladı. Elçin, Anar, Kamal
Abdulla, Tofiq Hacıyev, Nizaməddin Şəmsizadə, Nizami Cəfərov,
Məhərrəm Qasımlı, Füzuli Bayat, Cəfər
Qiyasi, Əjdər Ol, Yunus Oğuz, Azər Turan, Rəşad Məcid
kimi əsil elm, ədəbiyyat, mədəniyyət fədailərinə
AzTV-nin qapılarını taybatay açdıq; kütlədə
xalq, xalqda millət oyadan, Azərbaycanı yuxulu və qüdrətli
yaddaş enerjisi ilə qovuşduran, səfərbər edən
verilişlər uğrunda yorulmadan, bezmədən mübarizə
apardıq; uğurlarımız Qızıl fondda tədqiqatçılarını
gözləyir...
Son əlli ildə yazdığım, dövri mətbuatda və
kitab halında çap olunan beş romanımı, on bir
povestimi, yüzdən artıq hekayəmi oxuyanlar, "Azərbaycantelefilm"in
direktoru, daha sonra AzTV-nin "Ədəbi-dram verilişləri
baş redaksiyası"nın baş redaktoru kimi çəkdiyim
yetmişdən artıq sənədli filmlərə, minlərlə
verilişlərə baxanlar, eləcə də on illər boyu
çap olunan, sayı yüzü çoxdan keçən ədəbi-publisistik
yazılarımla tanış olanlar şahiddir ki, mən həmişə
Azərbaycanın tarixi və müasir dövləti və dövlətçiliyinin
yanında olmuşam. Fəxrlə deyə bilərəm: Fatehlər
fatehi ulu Atilla, nəhənglər nəhəngi, dahi
şair-hökmdar Şah İsmayıl Xətai, milli dövlətçilik
yaddaşımızın zirvə sərkərdəsi, qaliblər
qalibi Nadir şah Əfşar, "Bir kərə yüksələn
bayraq bir daha enməz" inam və inadıyla şərqdə
ilk türk cümhuriyyətini - Azərbaycan Demokratik
Respublikasını yaradanların önündə gedən Məhəmməd
Əmin Rəsulzadə ... haqqında ilk fundamental teletəqdimatların,
eləcə də Ulu öndər Heydər Əliyev
haqqında çəkilən "Tikdim ki, izim qala"
adlı ilk sənədli teleserialın, bütövlükdə
H.Əliyevə həsr olunan 22 sənədli filmin ssenari
müəllifi və redaktoru olmuşam, on illər boyu AzTV-nin
ağır yükünü çəkənlərdən
biri kimi Azərbaycan xalqına və dövlətinə şərəflə
xidmət etmişəm və bundan zərrə qədər də
peşman deyiləm.
(Davamı olacaq)
Sadıq ELCANLI
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, №45-46.- S.19.