Arif Buzovnalıya vida  

 

Mən yox olmaqdan qaçıb, yoxluqçün ünvan olmuşam...

Arif Buzovnalı

 

Azərbaycan ədəbiyyatı 22 noyabrda ağır bir itki ilə üzləşdi. Şair, qəzəlxan, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri, klassik poeziya ənənəsinin müasir dövrdə yaşadılmasına özünəməxsus töhfə vermiş Hacı Arif Buzovnalı haqq dünyasına qovuşdu.

Arif Buzovnalı müasir Azərbaycan ədəbiyyatında klassik şeir estetikasını, xüsusilə, əruz vəznini, qəzəl janrını, ədəbi məclis ənənəsini yaşadan və inkişaf etdirən Bakı şairlərindəndir. Onun poeziyasında sevgi və eşq, vətənpərvərlik, dini, irfani düşüncə, ictimai-tənqidi baxış klassik poetik sistem daxilində yüksək bədii ifadəsini tapmışdır. Şair Azərbaycan poeziyasında ilk dəfə sərbəst əruzu tətbiq etməsi ilə də ədəbi prosesdə yeni mərhələ açmışdır.

Hacı Arif Buzovnalı yalnız fərdi yaradıcılığı ilə deyil, həm də təşkilatçı fəaliyyəti ilə seçilirdi. 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair, 2016-cı ildə təsis edilmiş Xəzər Yazıçılar Birliyinin, 2017-ci ildən isə "Poeziya klubu"nun sədri kimi klassik poeziya ənənəsinin müasir mühitdə yenidən formalaşmasına xidmət etmişdir. Onun ətrafında toplaşan gənc şairlər - Elsər Qədri, Kamal Hüseynzadə, Vəlixan Vəli, Zaur Rəxşan və başqaları qəzəl və klassik forma üzərində yeni yaradıcılıq istiqamətləri açmış, ustadın yaratdığı poeziya mühiti XXI əsr Azərbaycan şeirində mühüm hadisəyə çevrilmişdir.

Arif Buzovnalının yaradıcılıq irsi zəngindir. "Ömrün ötən anları", "Mərifətdən həqiqətə", "Səhərimə nə qalıb ki?", "Xəzərim", "Sarı güllər", "Vadi", "Qəzəllər" kimi kitabları, eləcə də "Xətai və Füzuli... Düşüncələr", "Nəsimi bir baxışda", "Qırx qəzəl - Qırx şərh", "Çün "əhsəni təqvim" idi" kimi məqalələri onun həm şair, həm də ədəbiyyatşünas təfəkkürünə malik olduğunu təsdiq edir. Xüsusilə, "Xəzər Təzkirəsi"nin tərtibi müasir dövrdə klassik şeir məktəbinin sənədli şəkildə qorunması baxımından mühüm elmi-ədəbi hadisə hesab olunur.

Arif Buzovnalının poeziyasında Cənubi Azərbaycan mövzusu xüsusi yer tutur. Şair Təbrizi "şəhərlər şahı", "Şərqin rəşadət rəmzi" kimi təqdim edir, otuz milyon soydaşımızla bağlı milli yaddaşı dirçəldir, ictimai şüurun formalaşmasına töhfə verirdi.

2020-ci il Vətən müharibəsində qazanılmış qələbə onun poeziyasında yeni mərhələ yaratmış, həsrət notlarının yerini zəfər, qürur və dirçəliş ruhu tutmuşdur. "Zəngəzurdan məktub" kimi nümunələr bu dəyişimin poetik ifadəsidir.

Hacı Arif Buzovnalının yaradıcılığı ənənə ilə çağdaş düşüncənin sintezidir. O, əruzun rəməl, müzare, həzəc, müctəs, münsərih və xəfif bəhrlərindən ustalıqla istifadə etmiş, eyni zamanda heca və sərbəst vəzndə şeirlər yazaraq poetik əhatəsinin genişliyini nümayiş etdirmişdir. Bu xüsusiyyətlər onun həm klassik məktəbin davamçısı, həm də yenilikçi sənətkar olduğunu göstərir.

"Xatirə" rədifli qəzəlin məqtə beyti Arif Buzovnalının poetik özünüdərkini və sənətə münasibətini ən dolğun şəkildə ifadə edən nümunələrdəndir:

 

Arifin canı qəzəldir, canını qurban dedi,

Hər sözü qalsın sizə bu canfədadan xatirə.

 

Bu beyt yalnız poetik bir deklarasiya deyil, şairin yaradıcılıq fəlsəfəsinin, həyat mövqeyinin sənətə sədaqətinin bədii manifestidir. Arif Buzovnalı poeziyanı sadəcə ifadə vasitəsi kimi deyil, varlığının mahiyyəti, nəfəsi mənəvi dayağı kimi qəbul edir. O, "canını qurban" deməklə, sənət uğrunda fədakarlığını, sözə bağlılığını, poeziyanın onun üçün yaşamağın özü olduğunu bəyan edir. Bu misralarda şairin gələcək nəsillərə ünvanladığı mənalı bir vəsiyyət gizlənir: dünya fani olsa da, şairin sözü, qəzəlləri xatirə olaraq oxucuların qəlbində yaşamağa davam edəcək. Bu beyt Arif Buzovnalının ədəbi ömrünün simvolik yekunu kimi dəyərləndirilə bilər.

Şairin "Apardı" rədifli şeirinin misraları bu gün, elə bil özünün dünyadan köçməsini əvvəlcədən xəbər verirmiş kimi səslənir:

 

Fələk yelə verdi insan karvanın,

Hərəsin bir yana çəkib apardı.

Bir ömür rəngbərəng bəzədi onu,

Sonda əskiyə büküb apardı.

 

sonda ürəkləri titrədən həmin kədərli etiraf:

 

Arif, sən öldün, başladı adət,

Bir az qurdalanıb getdi cəmaət,

Bircə çadır qaldı yasdan əlamət,

Onu da sahibi söküb apardı.

 

Bu misralar onun poeziyasının acı taleyini, dünyanın faniliyi ilə bağlı poetik fəlsəfəsini əks etdirən sanki bir vida sözüdür.

Bakı ədəbi mühitinə bələd olanlar bilirlər ki, hal-hazırda Buzovnada klassik şeir, irfan təsəvvüf mövzusunun iki bilicisi var: Hacı Soltan Əlizadə Hacı Arif Buzovnalı. Artıq Hacı Arif haqq dünyasına qovuşub onun yoxluğu həm Bakı ədəbi mühiti, həm bütövlükdə Azərbaycan ədəbiyyatı üçün böyük boşluq yaratdı. İndi bütün yük məsuliyyət Hacı Soltanın çiyinlərində qaldı.

Bu gün klassik irfani şeirlə bağlı mürəkkəb mövzularda dolaşıq suallar ortaya çıxanda cavabı yalnız, ya Hacı Soltan, ya da Hacı Arif verir. Onlar klassik poeziyanı universitet auditoriyalarında yox, birbaşa mənbəyindən, köklərindən öyrənmiş, hər sözün, hər misranın ruhunu dərindən qavramış, irfani düşüncə təsəvvüfi zənginliyi gənc nəslə ötürmüşlər.

Hacı Arif Buzovnalının vəfatı Azərbaycan ədəbiyyatı üçün böyük itkidir. O, klassik poeziya ənənəsinin qorunması, yaşadılması yeni məzmunla zənginləşdirilməsi sahəsində xidmətlər göstərmiş, yaratdığı məktəb yetişdirdiyi şagirdlər vasitəsilə özünün mənəvi ədəbi ömrünü davam etdirəcəkdir.

Azərbaycan poeziyasının yaddaşında onun səsi qəzəl ahəngi ilə yaşamağa davam edəcək.

Allah rəhmət eləsin! Ruhu şad olsun!

 

Vüsalə MUSALI

 

Ədəbiyyat qəzeti.- 2025.- 28 noyabr, №45-46.- S.8.