Dərvişin şeiri
Hara getsəm sonsuz səma maviliyi mənimlə,
Çıxmaq olarmı bu göy qübbənin altından?!
Sən də, sən də, sən də
Göy üzü kimi mənimləsən.
Sən həm sürgün yerimsən,
Sənsiz
həm də hər yer
vətənsizlik hissi ilə yandırır içimi.
Məni
çarmıxa çək
bədənində!
Desinlər, onu sonuncu dəfə bu bədəndə gördük,
Desinlər, o bu bədənin
içindən keçib
getdi harasa,
Harasa qayıtması mümkün
olmayan çox uzağa.
Bədənindən yüksəlim meraca.
Məni
bədəninin müqəddəsliyində
peyğəmbər,
Məni
bədəninin küfründə
kafir et!
Məni
bədəninin səhrasında
Məcnun et!
Məni
bədəninin Məryəm
tərəfindən doğ!
Sevginin tələsinə eyni yerdən sal məni,
Eyni səhvin axmaqlığından
yıxılım sənə,
Eyni səhvin seçimindən
sıxılım sənə,
Eyni yerdən min dəfə qaz quyumu.
Bir gecə daha uzat bu sevgi
nağılını, ey
Şəhrizad!
Bütün günahların yerini
bircə-bircə göstər
mənə,
Bütün almaları dişləyək,
buğdaları oğurlayaq
səninlə.
Çək məni çarmıxa
bədənində, adımı
İsa qoy,
İkiyə böl ömrümü:
səndən əvvələ,
səndən sonraya,
Musa çağır məni,
Anamdan qızımacan içimdəki
bütün qadın bütlərini sındır,
Məhəmməd de mənə.
Qəlbinin quyu dərinliyinə
ipsiz at,
Qanlı
köynəyimi göstərib
aldat dünyanı,
Elə bilsinlər daha yoxam, sən Yusifim - çağır məni.
Gözlərimi gözəlliyinin əsarətində
saxla, Yaqub de adıma.
Əllərinin qurbanı olum, qurbanı olum əllərinin, İsmail de mənə.
Sevda dənizinin tufanlarıyla sına, Nuhum de, ruhum de!
Öldür məni yüz dəfə, min dəfə,
çoxalt məzarını
bu miskin Yunusun.
Aç
mədəniyyət qapılarını
üzümə,
Körpülərindən keçir, keçidlərindən apar,
Bədəninə zəncirlə, dörd
divar hör,
sənə məhkum, sənə
məhbus et məni.
Bircə-bircə, dənə-dənə, zərrə-zərrə, damla-damla
ən başından, lap əvvəlindən
başla,
"A"-dan
başla - "andan",
"aydan", "ağdan",
"aynadan",
Hər gün yenidən "A"dan başla,
Cahilin olum, məzun etmə məni səndən.
Dodaqlarımın yanğısını öpüşlərinlə
söndür!
Ayaqlarımı yollarında yor, əllərimi tellərində.
Qulaqlarımın atəşkəsini məxməri
səsinlə güllələ,
Göz-göz, hissə-hissə, parça-parça
böl məni,
Sonra yenidən,
bədəninin Məryəm
tərəfindən doğ
məni.
İndi sənə
mühacirin vətəninə
xəritədə baxdığı kimi baxıram.
Ey mənim
ən,
lap,
çox,
ötə,
daha,
bir az da
uzağım!
Çiləsi dolmuş dərvişin
Yolun qırxıncı pilləsində
Zülmət hücrəsində
Səni
gözləyir,
Səni
gözləmədən...
Ramil ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, №45-46.- S.13.