Hekayə və hekayəçilik
haqqında
1
Ədəbi
cameədə küləklər əsir, mussondumu, xeyr, o deyil,
başqa küləklərdi və məncə, nəm gətirir.
Hər şey yapışır bir-birinə; qopmağı
dağıdıcı olur. Səslər qarışır,
bayaqdan aydın olan, anlaşıqlı olan səslər ayaq
altında qalıbmış kimi dağılıb, əzilib
gedir. Heç kim heç nə eşitməsə də,
başa düşübmüş kimi, hamı bir-birinə
baxıb başını yelləyir, "hə" deyir.
Ədəbiyyat çöldən evə
yığışmır, insan şəhərin küçələrində
addımlayaraq yazır, telefonun ipisti düyməsini basıb
yazını yaddaşa göndərir, ən sonda məlum
olacaq ki, yaddaş korlanıb, saxlanc yeri artıq yoxdur, bu anda nə
desən, odu yazılan və pozulan. Dövr, zəmanə belədi,
ey ədiblər, kimsəni də tərifləməyin, yadda
qalmayacaq, ünvana çatmayacaq, solub gedəcək hər
şey, dünya, zaman fanilik üstündə köklənib.
Yaddaşsızlıq
nə törədib? Bir dəstə ədib bir yerə
yığışıb mətnləri dəyərləndirirlər,
həm də necə? Özləri anlamadıqları mətnləri.
Ölkədə bədii mətni, əsl mətni kimlər
yazır? Neçə adam yazır? Ümumən varmı? Amma
ekspert nə qədər desən.
Bir babat mətn
yaranan, çap edilən kimi hamı cumur üstünə,
voleybolda hündürdən gələn top kimi. Əli Kərimin
şeirində var bu detal, sevgilisindən ayrılmış
qız topu ən uzaq yerlərə vurur, vurur ki, oğlan
qaytara. Top boşluğa toxunub yatır yerə.
Məncə,
həm də duyum itib. Yaxşıya pis, pisə yaxşı
deyilir.
Bunlar
ağrılı məsələlərdir. Keçək mətləbə:
hekayə və hekayəçilik.
2
Orxan
Cuvarlının "Musson küləkləri" hekayəsi
dilin enerjisini gözəl çatdırır, arada heç
bir qırıqlıq yoxdur. Dil dedikdə, iki şey nəzərdə
tutulur: hekayə mətnində dilin sərrastlığı,
hamar səthiylə bərabər, incə duyumlu daxili
layları, bir də mətn, nəsr
dili - metadil. Hekayələrdəki əhvalatlar, hekayət və
söyləmlər aydındır, hamılıqla bilinən nəsnələrdi,
biz bunu danışaraq çatdırırıq, Umberto Eko nə
deyir? Nağıl, hekayət danışırıq ki, sağ
qalaq... nağılın, dolayısıyla təhkiyənin məğzi
budur. Metadil o bilinənləri heç kəsin bilmədiyinə
çevirir. Janr transformasiyası ilk burdan, bu məqamdan
başlayır. Başqa bir müdrikin dedikləri: əgər
bəşəriyyət nağılçılarını
itirsə o, tez bir zamanda uşaqlığını itirər.
Hər
bir təhkiyədə iki dil var, ikisi də güzgü...
Bunların arasında nisbət, harmonik nisbət normal olanda, yəni
bu iki nəsnə bir-birini örtdükdə, örtə
bildikdə ikinci dil, mətn dili səni öz cazibəsində
saxlayır. Dünyada xeyli dilsiz mətnlər var; bizdə də.
Mətn oxucuyla danışa bilmir, yaxud danışma anında
dili tutulur. Bəzən bu hekayələri tərifləyirlər,
halbuki baş tutmayıb onlar...
"Min
bir gecə" nağılları danışaraq sağ
qalmağın bariz nümunəsidir.
Çoxdan
hiss edilir: bu tipli mətnlərdə əsas olan əhvalat
deyil, dillə çatdırılan, ötürülən
şeylərin hadisəyə
çevrilməsidir. Məsələn, mənim fikrimcə,
Çexovda çox ibrətamiz hadisələr qəfildən,
dillə anlatmanın stixiyasından doğur. Dillə anlatmaqsa
həddindən artıq çətin şeydir. Bu
stixiyanın elə bir məqamı gəlir ki, hadisələr
bir cərgədən o birinə keçir, yerdəyişmələr
sehrli dünya yaradır. "Çöl" povestində bu kateqoriya ideoloji mövqedədir.
İkinci
dilin bu şəkildə işlətdiyi ən müxtəlif əhvalatları
içində həll və ya emal edərək, müxtəlif
duyğu refrenləri yaradır, bu hekayədə bizi sevindirən,
ruhumuzu bir anda qəfil oxşayan elə mətn dilinin, metadilin
işləkliyidir. Alber Kamüdə bu işlədik real tonla
nəql edilən hadisələr şəbəkəsində
bir çaşqınlıq yaradır, məsələn,
"Yad" romanında birdən adama elə gələ bilər
ki, təhkiyə artıq qətlə yetirilmiş,
başı bədənindən ayrılmış şəxs,
- Merso tərəfindən həyata keçirilir.
Bəzi nəsr
mətnlərində hadisələr sanki bir-birinə təmas
edərək, sürünərək keçir, bəzən təhkiyə
massivində hər şey qarışıq düşür,
bəzi mətnlərdə təhkiyə ilə o qədər
işarələr göndərilir ki, özünü
bunların kəməndində hiss edirsən. Orxanın
"Musson küləkləri"ndə olaylar paralel, yəni aralı, məsafədən
görünürlər. Bu paralellik baxış
bucağını bir nöqtədə sabitləşdirir.
Şərifin
kompozisiyası etibarı ilə son dərəcə mürəkkəb
olan "Rəng mühəndisi" romanında, o
qatmaqarışıq işarələr üçün
şadara da yaradılıb: təəllüq səhrası. Gerçək dünyanın
qarmaqarışıq, səs-küyü baş çatladan
hadisələrin rəngləri nazilib solmağa üz qoyur, hər
şey üst-üstə qalansa da, təəllüq diskursu
onun gərginləşib partlamasına mane olur. Bu roman
başdan-ayağa və əksinə janr transformasiyası
hadisəsidir. Məhəmməd Füzulinin türkcə
divanı gerçək dünya ilə o səhra
arasındakı ərazinin bağrının başından
keçən cərəyan sayəsində modern romana
çevrilir. Modern roman keçmiş ədəbi dəyərlərin
buta kimi formalaşdığı şəbəkə
dizaynıdır. Azərbaycan ədəbiyyatının
çox sayda mətni bu romanda nəsr mətninə
çevrilir.
"Musson
küləkləri" nə deyir? "...İndi də həyətə
keçəndə gözüm hasarın dibini aldı. Evin
artırmasına qədər xırda qum təpəcikləri
topalanmışdı. Ayaq saxlayıb bağa göz gəzdirdim.
Ağacların əhəngi axıb, yerə tökülən
meyvələr quruyub, bəziləri şirə verib,
üstünə qarışqalar daraşıb. Evin hasara
bitişik divarında tala-tala kiflər əmələ gəlmişdi.
Ən çox ot-alaq ürəyimi qısdı. Gərək,
imkan edib adam tutum, həyət-bacanı səliqəyə
salsın, ağacları, barını əhəngləsin,
evin suvağını təzələsin. Nə çoxdur qəsəbədə
işsiz cavan. Bir günə abadlaşar buralar. Yaxşı,
imkanı tapdım, deyək, bəs məndə vaxt
hardandır gəlib başlarının üstündə
dayanım, çay-çörək verim, işlərinə
göz qoyum?! Dərslərə də iki gün qalıb,
bayramacan çətin yolum bura düşə..."
Orxan,
yuxarıda dedik ki, hadisələrin arasıyla, o dərin
şırımların arasıyla keçərək
yaxından duyduğunu uzaqdan görürmüş kimi nəql
edir. İlk baxışdan heç nə bir-birini tutmur,
solğun işarələrin bətnindəki məzmuna
mikroskopla baxıb nəsə anlamaq, bəzən çox
çətin olur, amma bütün bu çətinliklər
Musson küləkləri və yağışlarının
tamını bildirmək üçündür.
Yuxarıdakı
fikrimizə qayıdaq: təbii dilin parlaqlığı,
gözəlliyi, maneəsiz axması
müəyyən məqamlarda problemli situasiyalar
yaradır. Doğrudan da, bizim nəsrdə kifayət qədər
nümunə var ki, axıcı dil mətnin zənginliyinə
yox, kasıblığına dəlalət edir. Bu, ikinci dilin,
metadilin yaranmadığı mətnlərdir, nəsri yaradan daxili
təəssüratın olmadığı mətnlər.
Lap
başda yazdığımız mətləb-dilin enerjisinin
getdikcə daha qabarıq hiss edilməsi nəyin sayəsində
meydana gəlir? Əşya və hadisələrə işarələrə
diqqət edin: bu işarələri bir cərgəyə
düzməli olsaq, onların arasındakı virtual məsafə
zaman və məkanı içinə yığıb hekayə
məkanındakı hər şeyin daxilini səth kimi
göstərər, o səthin üzərində havanın
soyuması, temperaturun oynaması, evin çöl
divarlarının suvağının ovulub tökülməsi,
küləyin təsiri ilə qum dənəciklərinin bir
küncə toplanması, bir sözlə, hər şey seyr
edilə bilər. Bu cərgədə
işarələr üzü bulanıq güzgü effekti
yaradır, belə olduğu üçün də ağacdan
qopan yarpağın küləyin
ovcunda titrəməsindən üşüyərsən.
İlk
abzasdan keçmişə ekskurs həm də ondan qəti və
birdəfəlik ayrılığı işarələyir, bu
mətn o keçmiş nöqtəsindən oyanıb gözləntiyə
odaklanır. Sözlə bağlardan şəhərə
axışan maşın seli təsvir edilir, həm də xəbər
kimi, getdilər, burdan ayrıldılar, hər kəs buranı
soyunub getdi, gözləntisi həsrət, iztirab ladlarında
çalınır, gəlməyəcək...
Bu mətnin
poetika ölçüsü nədir? Zamanın küləklərinin
dolaşdığı məqamda nəyin yazılmalı
olduğunu bilmək...
Bir məqama
da toxunaq. Ədəbi dəyərlər, ədəbi
düşüncələr fərqli olduqları qədər
də bir-brinə yaxındır. Dünyanın harasındasa
bir möhtəşəm nəsr mətni yalnız özü
olaraq ucala bilməz, onun doğuşu məhz
oxşadığı mətnlərdən ayrılması ola
bilər, həm də sürətlə düz yoldan döngəyə
dönürmüş kimi. Şərifin "Rəng mühəndisi"
romanında da belə bir məqam müşayiət edilir.
"Parfümer" və ondan ayrılma, qopma nöqtəsi.
Vaxtilə Yusif Səmədoğlunun romanı haqqında nələr
deyilmirdi?! Müəllif özü buna belə reaksiya verirdi:
"Onlar mənim daha nələrdən təsirləndiyimi
bilmirlər". Bizdə kifayət qədər dünyaya
çılpaq gözlə baxan ekspert var. Rəng mühəndisində qəsdən
və bilməyərəkdən (istəmədən, qəfil
əldən çıxıbmış kimi - !) işarələr
var. Bu mətndə Rolan Bart da var, onun dərin nəzəri
mülahizələri də.
Əsas məsələ
nədir? Xüsusən, taleyüklü məsələlərdə
mövqeyin düzgün seçilməsi, ideyalar silsiləsində
hansı məqamın qabardılması və sair. Qələm
əhlinin də hansı dərəcədə və səviyyədə
yazıçı olması məhz bu seçimdən
asılıdır.
"Çoxölçülü"
nasirlər varmı? - Var, məsələn, Ataqam. Onun "Nanəli
konfet" hekayəsi ilə "Dişlək alma" hekayəsi
fərqli estetik meyarlara əsaslanır. Bu fərqliliyi
yazıçının daxilində gedən, daha çox
özünə qarşı duran mülahizələri
yaradır.
Orxan
Cuvarlı bu hekayəsi ilə həmin o
çoxölçülüyün formalaşmasına
doğru bir addım atıb...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, ¹45-46.- S.15.