"Musson küləkləri" hekayəsində
vizual narrativ və atmosferin poetikası
Yaxşı
hekayə bir tarixçədən, əhvalatdan daha
çoxudur; bir az sirr, bir az dərddir, bəlkə də. Mətnin
içində maraqlı əhvalat axtarışına
çıxan oxucunu məyus edən "Musson küləkləri"nin
üstünlüyü nədədir bəs? Öncə qeyd
edim ki, təmkinli təhkiyəsi ilə seçilən bu mətndə
dil israfı yoxdur. Kinematoqrafik narrativə əsaslanan minimalist
hekayədə hər abzas bir "natamam" əhavalat təsiri
bağışlasa da, sonadək heç bir hadisə
açılmır, personajların hekayəti
danışılmır; oxucu bu ailəni evin hər yanında
qalan izlərdən oxuyur.
Simvolika
ilə süni ağırlıq\yük yaratmadan hekayə
öz toxumasından yaranır. Mətn boyunca astagəlliklə
üzərinə işıq salınan bütün detallar əvvəl
və sonranın - ailənin və xüsusən ata
obrazının zaman içrə dəyişiminin,
bugünkü halının vizual ekvivalentidir. Sanki bir Nuri Bilgə
Ceylan filmi izləyirsən. Bu tempdə üzə
çıxan atmosfer gerçəkliyin içindəki
poetikliyi formalaşdırır.
Mətnin
estetikası rutin detal və elementlərlə emosional mənzərə
yaratmağa köklənib. Hekayədə bir ailənin
tarixçəsini keçmişlə indi arasındakı
keçidlər nəql edir: ötən zaman içrə
ağırlığı həyətdəki akasiyanın
budaqlarına yüklənmiş, qarışqaların
axınına qarışmış birgə ömürlər
haçalanıb. Həyət-bacanın
dağınıqlığı, əhəngin axması, kif
tutmuş divar, böyüyən alaq otları, boyası
qopmuş qapı, rütubət qoxusu, yığılmayan
çarpayı, yerdə çürüyən meyvələr
kimi "dekor" elemenləri dağılan nizamın
metaforudur.
Vizuallığın
ritmi, emosional tonu, yaddaş keçidlərini, daxili monoloqu, məkan
psixologiyasını daşıyan əsas narrativ elementi kimi
seçildiyi hekayədə baxmaq\görmək
danışmağın önünə keçib: birinci
cümlədən başlayaraq sanki əldə kamera bucaq-bucaq
bu həyəti, evi, otaqları gəzən personajı izləyirik.
"İndi də həyətə keçəndə
gözüm hasarın dibini aldı." cümləsindən
də göründüyü kimi, söhbət gözü
sataşmaqdan deyil, məhz "kadra" almaqdan gedir.
Ümumiyyətlə, hekayənin vizual fokusa hədəflənməsi
Orxan Cuvarlının bundan öncəki hekayələri
üçün də bu və ya digər dərəcədə
xarakterikdir.
Müəllifin
"Daş" hekayəsindəki kimi, "Güzgü"də
də əsas detal xatirəni özünə yığıb
saxlayandır. Burada real və irreal dünyanı özünə
sığdıran güzgü görünən və
görünməyən gerçəkliyi əhatə edəcək
qədər "böyüyən" əşyadır.
Müəllif adi interyer elementini "kamera"ya çevirir.
Hekayədə reallığın əksinədir:
güzgü insanlara baxır - amma güzgünün
yaddaşı ona baxan insanların anlarından ibarətdir.
Dolayısı ilə, güzgünün "nəzəri"
onun yaddaşına möhürlənmiş baxışlardan
- insanın daha öncəki özündən, dünənindən
baxılan, dəyərləndiriləndir. Beləcə, hekayə
insana özünə güzgü
spektrindən baxmağa imkan verir.
Əhvalat
danışan mətnlərdən fərqli olaraq "Musson
küləkləri" atmosfer hekayəsi də
özünü izah etmir, nəticələr
çıxarmır, münasibətləri
açıqlamır; detalların içərisində gizlənmiş
ötən illərin oxucu yaddaşında bərpa
olunmasına\qurulmasına imkan yaradır...
Ümumi
ab-havada da, ata ilə övladının ünsiyyətində
də ortaya çıxan naqolay səssizliyin ritmi
("Başımı aşağı salıb susdum.",
"Çaydanın fitinə fikirdən ayıldım.",
"Qara təsbehin iri, daş muncuqlarını çevirdikcə
otağın səssizliyi pozulurdu." və s.), məkan və
əşyaların dilinin ön plana çəkilməsi hekayəni
adi məişət təsvirindən çıxarıb dərin
psixoloji qata yönləndirir. Bu qədər aram bir atmosferdə
bütün detallar danışır: "Çayından bir
qurtum alanda pişik qucağından atlanıb mətbəxə
qaçdı, sobanın qabağında, boz xalının
üstündə qıvrılıb uzandı. Nəlbəkini
tumarlaya-tumarlaya divardakı çata baxırdı. Bezgin astagəlliklə
yerini rahatladı, mütəkkəyə söykənib təsbeh
çəkməyə başladı. Qara təsbehin iri,
daş muncuqlarını çevirdikcə otağın səssizliyi
pozulurdu."
"Musson
küləkləri"ndə məkan yaxınlaşdıran
deyil, ayırıcı qüvvədir - dünya bir yanadır,
oğulun olduğu məkan bir yana. Xəritədə "Kimsə
Bakıdan Kazana qədər olan hissəni qələmlə
qaralamışdı." - kim qaralamışdı:
oğlunun yolunu gözləyən atamı, getməyi
planlaşdıran oğulmu, ya bəlkə, vəfatından
öncə ana? Hekayədə ilk dəfə bol bəhərlə
xatırlanan ananın yoxluğu meyvənin həyət-bacaya
aşıb-daşması ilə assosiasiya olunur: "Anamın
barlı-bərəkətli yaylardakı sevincini
xatırladım. Bu meyvələrdən nələr
hazırlamazdı?! Qurusu quru, mürəbbəsi mürəbbə,
kompotu kompot. Nə bu əncir heyif olardı, nə bu ağ
şanı yiyəsiz qalardı, nə bu xartutlara
qarışqa daraşardı. Hünərimiz nə idi
yaxamızı qırağa çəkək? Qardaşım
da, mən də ovuclarımız qabar bağlayana qədər
meyvələri vedrə-vedrə mətbəxə daşıyardıq."
Ananın yoxluğu bağın məhsulunun çoxluğu qədər
çox hiss olunur.
Əvvəl
və son(ra), varlıq və yoxluqla bağlı gerçək
hekayə müqayisələrdə üzə
çıxır: ananın yoxluğunda aram-aram aşınan
ev\həyət-baca kimi, ata da tənhalaşır, qocalır.
Uşaqlıqda akasiyanın kölgəsində oturduğunu
xatırlayan personaj-narrator sonda həyəti evin pəncərəsindən
izləyir: "Külək boğuq-boğuq uğuldayır,
akasiya ağacının budaqlarını hiddətlə pəncərənin
tutqun şüşələrinə
çırpırdı." Bu bədii "qapanma"
zamanın keçidini, keçmişlə bu gün
arasındakı qırılmış
davamlılığı nümayiş etdirir. (Qeybdən gələn
nəfəs kimi), musson küləkləri nə zamandır nə
özü, nə xəbər-ətəri gələn, zəng
vurmayan oğulun təşrifi kimi ləngdir; gəlsə, bəlkə
də, dağıdıcıdır, sükutu qovandır.
"Onun
ağlamağını ilk dəfə babam öləndə
görmüşdüm" cümləsi ilə başlayan
hekayədə sonadək atanın göz yaşlarına bir
daha şahid olmuruq. Elə isə bədii mətnin ilk cümləsinə
xüsusi həssaslıq göstərilməli olduğu halda,
Orxan Cuvarlı niyə belə bir "səhvə" yol
verib? Hekayədə ata ilə övlad arasındakı o
narahat səssizliyin, hətta "İlin-günün bu
vaxtı musson küləklərini, gecə və
gündüz brizlərini niyə oxuyasan?" sualı
qarşısındakı gur səslə ürəkdən
gülməyinin səbəbi nə idi bəs? Bütün
hekayə atanın ilk cümlədə xatırlanan, amma bir
daha axmayan\və ya gizlədilən göz yaşlarını,
susdurulmuş ağrılarını göstərir. Musson
küləkləri hekayənin daxili atmosferi ilə həmahəngləşir:
evin mürgülü imiş kimi səssizliyinin alt
qatındakı narahatlıqları, gözləmə vəziyyətində
olan atanın ruh halının təbii ekvivalenti kimi
çıxış edərək təbiətin dili ilə
ifadə olunan dəyişim zamanını xəbər verir.
Mətanət
VAHİD
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, №45-46.- S.14.