Matah
Hekayə
İnstitutun
üçüncü qatında pəncərənin
önündə göyərçinlərin qurultusu gəlir,
heç xoş səs deyil, amma neyləmək olar, bir-biri ilə
savaşmadığına inandığımız bu sülh
quşları ilə biz də barışmağa məcburuq.
Onları qapı-pəncərəmizə builki taxıl
qıtlığı gətirmişdi. Əslində bu
qıtlıq təbiətin şıltaqlığından
deyil, 30 ildən çox davam edən müharibə
ucbatından təbiətin bu qanadlı canlılara bəxş
etdiyi başaq dəni yoxa çıxmışdı.
Elmi-Texniki
Şurada müzakirə olunan məsələlərdən
biri də milli genefonda aid olan mədəni bitkilərin yeni
sort və formalarının çoxaldılıb reintroduksiya
edilməsi və yüksək repreduksiyalı çeşidlərlə
taxıl sahələrinin genişləndirilməsi idi.
Seleksiya
İnstitutunun təcrübə sahələrinin məhsulu
yığılıb toplanmalı, təmizlənib
qurudulmalı, çeşidli elit sortları seçilib
laboratoriyada işlənməli, xüsusi mühafizə olunan
soyuducu kameralarda qorunub saxlanması üçün Milli
Genbanka təhvil verilməli idi.
...Düşüncələrdən
yorulmuşdu...
İki il
əvvəl idi, taclı virus Çin səddini aşıb
dünya ölkələrinin sərhədlərini
bağlamışdı.
İki il
əvvəl idi, uzaq rayonlarındakı quraq ərazilərdə,
dəmyə sahələrdə uzun illərdən bəri
seleksiya yolu ilə əldə olunmuş çox perspektivli
buğda sortunu toplayıb işləsə də, nümunələri
təhvil vermək fürsəti olmamışdı...
Topladığı bir neçə kisə ən yaxşı
buğda sortu çölün, biyabanın düzündə
- balaca anbarın küncündə qalmışdı.
Ətraf döyüş meydanına çevrilmişdi.
Qarabağın
bu qəhrəman şəhərinə atılan mərmilərin
sayı on mini keçmişdi. Adamlar on min dəfə
diksinmiş, uşaqlar on min dəfə
böyümüşdü, qadınlar on min dəfə
göz yaşı tökmüşdülər. Kişilər
on min dəfə ah çəkib içdən
aşağılanmışdılar. Nankor düşmənin
yaxşı tanıdığı Qarabağ bölgəsinin
hər qarışı od tutub yanırdı, bu torpaqların
yaxın illərdə dən bitirəcəyi
inandırıcı deyildi.
...Düşüncələr
onu bir an rahat buraxmırdı.
Qrad mərmiləri
onsuz da boş qalmış uçuq binaların divarlarına
dəyib toz qaldırırdı. Dam-daş dağılır,
canlı aləmdən bir əsər-əlamət
qalmırdı, sanki bu yerlərdə heç vaxt həyat
olmayıb. Uzaqda tək-tük ağac kötükləri
gözə dəyirdi. Torpağın gözü tutulmuşdu,
nə bir ağac, nə arx, nə də artezian quyuları
görünürdü. Hər yanı, hər tərəfi nəfsi
bitib-tükənməyən müharibənin odu-alovu
qarsmışdı.
Atəş
səsləri yaxında idi, raketlərin uğultusu 27 il əvvəlki
kimi başı üstündən keçib
yaxınlıqdakı ərazilərə
düşürdü. Hamı qaçıb canını
qurtarmaq istəyirdi, təpənin arxasında gizlənən
bir neçə texniki işçidən savayı heç
kim görünmürdü. Təpəgöz, quyruqsuz bir kərtənkələnin
də çılpaq daşın üstündə süngər
tikanlı bədəni titrəyirdi.
Düşündü.
Yenə şanssızlıq, bu üçüncü cəhdi
də yarımçıq qalacaq. "Allahım, bu mənim
son şansım idi. Mənə köməyini əsirgəmə,
Allahım. Əcdadların - dədə-babaların bu əmanətini
artırıb çoxaltmaq, gələcək nəsillərə
çatdırmaq bizim borcumuz idi". Gücü çatan bir
neçə qıvraq kisə dəni qaldırıb
çiyninə atdı, bu əmanəti qorumaq
üçün qonşu rayonların birinə aparıb
saxlamaq, sonra bir eygili zamanda təhvil vermək olardı. Amma
hara, yaxın kəndlər, qəsəbələr müharibənin
cəngində idi.
Yüz
kilometr uzaqda şəhər vardı - Gəncə, hə, ora
arxayın olmaq olar. Atəş bölgəsindən
çıxdığına sevindi. İndi fikri yalnız
buğda kisələrində idi. Bu sort seçiminə aid
elmi məqaləsi xarici sertifikatlı jurnallarda dərc
edilmişdi, amma işin texniki tərəfinin icrası
müharibənin bitməsinə qalmışdı. Elmi-tədqiqat
işi bu bölgə üçün nəzərdə
tutulmuşdu, stres amillərinin statistik göstəricilərinin,
çoxtərəfli hibridlərin müşahidə altında
olan ölçülərinin, yumşaq buğdanın
çörək sənayesində vacib qida elementi
olmasının seminar şəklində müzakirəsi
bitmişdi. Onsuz da bir hissəsi işğal olunmuş ərazilərin
torpaq-iqlim şəraiti haqqında məhdud məlumat var idi, ərazilərin
şum altında olan münbit torpaqları, yəqin ki,
çoxdan aşınmış, eroziyaya
uğramışdı.
***
Taksi
sürücüsü yerli idi və tanıdığı yerə
sürməyi tapşırdı.
Gəncə
çayı payız dövrünü yaşayırdı,
suyu sovrulmuşdu, ancaq öz məcrasına sadiq qalmaq
gücündə idi, axarını itirməmək
üçün bulana-bulana axırdı. Köhnə
univermağın yanından keçib sağa buruldu. Ünvana
çatdı, döyüş yoldaşının
qapısı açıq idi. Telefonla zəng eləyib
gözlədiyini söylədi.
Maşın
getdi, torbaları səliqə ilə
qablaşdırmışdı. İndi rahat nəfəs almaq
olardı.
***
Noyabrda 65
yaşı olacaqdı, deməli, təqaüd yaşına
çatmışdı, işdən getməyə məcbur
eləməsələr, elmi işini davam etdirə bilərdi.
Yoldan
keçən maşınların işığında bir
vahimə vardı, nə isə çox narahat idi. Şəhərin
işığı bir siqaret közünün
işıqlandırdığı qədər idi. Bu
yarıqaranlıq dünyada darvazaya çatıb araladı və
kimsəsiz evinin qalın kölgəsinə buruldu. Evdən
neft iyi gəlirdi.
Lampanı
yandıran kimi qəfil divarda gözlərinə bir iri
kölgə göründü, uzun quyruqsuz, suyumsuz bir kərtənkələ
idi. Deyəsən, onun yaşadığı yeri
tanıyırdı. Gündüz titrəyən süngər
bədənli, bu soyuqqanlı sürünən deyəsən,
onu dişinə vurmuşdu. Deyəsən, onu çoxdan izləyirdi.
İri domba gözlərini bəni-adəmdən çəkmədən
sanki divardan yapışıb qalmışdı. Bu boz kabusun
kölgəsi çox böyük idi, yarı pəncərədə
tamamlanırdı. Soyunmadı, yatağa uzandı, yuxuda həmin
kərtənkələ ilə sevişirdi. Bu quyruqsuz məxluq
onun altında enib qalxır və onun boyu bərabərində
böyüyürdü... Deyəsən, hiss etmişdi ki, uzun
zamandı sevgi yaşamır, sevişməyi
yadırğamışdı. Bu gecələrdə Ay
doğulmamışdı, ulduzlar da seyrəlmişdi.
Əslində göyə boylanmağa vaxt
tapmamışdı, gözünü göyə çəkən
işıqlı və amansız atəşlər idi.
İşıq saçan mərmilər, markalı raket səsləri
idi onu yuxarı baxmağa cəlb edən. Göydən səpələnən
ölüm oxları isə hamını yerə yatmağa,
torpağa sinməyə məcbur etmişdi. Bu torpaq uğrunda
savaşan ərlər həmin an nicatını yerdə -
torpaqda tapırdı. Qorunmaq üçün yerə
yatırdı, yenidən dikəlirdi. Torpaq bizimdi, həm də
bizim gorgahımızdı, əzəli və son mənzilimizdi.
Həm sevgimizin, həm də eyibimizin son
örtüsüdü.
Qəfil
səslərə oyandı, ətrafdakı təlaş həmişəki
kimi deyildi, sanki bu təlaş yüz kilometr aralıda -
Suqovuşanda baş vermişdi. Yoox, bu təlaş - hadisə
bir qədər şimalda - Gəncədə idi. Nə baş
verirdi? Terror törədilmişdi, Gəncəyə mərmi atılmışdı.
Dinc əhalidən ölən, yaralanan var idi. Düşmən
qəddar və azğın idi; son gücünü
toplayıb bu qədim şəhərdə iğtişaş
salmağa çalışmışdı. Amma gəncəlilər
terrora dözümlü bir gülüşlə cavab
vermişdi. "Qadan alım" kəlməsi dillərindən
bir an belə düşmədi. Qadınlar öz ləyaqətlərini
qorumaq üçün bütün savaş boyu paltarlı
yatdılar, paltarlı durdular. Şəhər öz həyatını
- gecəsini, gündüzünü daha çox sevdi, adamlar
deyir, gülür, yaşamağa davam edirdilər.
Bu
davamın arxasında itmiş buğda dənələrini
axtaran O da vardı, eşidən kimi Gəncəyə yol
almışdı, zənginə cavab gəlməmişdi.
Dostunun
telefonu əbədi olaraq susmuşdu.
Qəmgin
baxışların selində işıqlanan göz də
vardı, o idi, itiyi tapılmışdı. Kisələri
körpə balası kimi qucaqlamışdı. Bir el
misalı fikrindən keçdi: kasıb itirdiyini tapanda sevinir.
Mühafizəçilərin sorğularına cavab verib ərazidən
aralandı. "İndi nə etməli?", "hara getməli?"
sualları bir-birini əvəz edirdi.
Səndələdi,
qəflətən bir ayağına dirənib durdu və
eşidiləcək səslə "Bərdə" dedi. Bu
ümid qoluna girib onu sual içindəki bulanıq
düşüncə gölündən çıxardı.
"Gərək elə əvvəldən əmanəti bu qədim
Nüşabə şəhərinə aparaydım". Bərdədə
bazara yaxın kollecdə müəllim tanışı
vardı. İndi orada ehtiyatda olan əsgərlərin yeməkxanasında
inzibatçı idi.
Müharibə
adamları ürəyiyuxa etmişdi. Kisələri rayona gətirməyə
razı olan taksi sürücüsü onu haqq almadan mənzilə
çatdırdı. Müəllim onu qarşıladı, hər
zaman şux görməyə adət etdiyi
tanışının üst-başına, əzginliyinə
baxıb nəsə baş verdiyini duydu, təlaşla nə
olduğunu soruşdu, rahatlanmaq üçün yer göstərib
özü də onunla üzbəüz oturdu.
Bir
neçə zabit yuxusuz gözləri ilə onu
süzürdü. Dostu ilə dilləşdi, kisələri
ona təslim edib toxdadı, ara sakitləşəndə bu kisələr
üçün gələcəyini dönə-dönə təkrarladı.
Bu ara zabitlərin biri müəllimi kənara çəkib nəsə
sorğu-sual edirdi. Heç vaxt eyninə gəlməzdi ki,
ondan şübhələnə bilərlər. Əslində
hər nabələd adam yoxlamasız keçə bilərdi.
Amma deyəsən, müəllim bu peşəkar hərbçiləri
inandıra bilməmişdi. Əvvəl kisələri
yoxladılar, yarlıqların üstündəki latın
qrafikalı yazıların - genetik nümunənin latın
adı onları çaşdırmışdı: Start, Lider,
Maya, Turan...
Yarıqaranlıq
otaqda onu yenidən sorğularla bezdirirdilər. Sinirləri gərilir,
bu qarışıq vaxtda cəncələ
düşdüyündən qəzəblənirdi. Artıq mənasız
suallardan yorulmuşdu və bu vaxt telefonuna zəng gəldi,
institutdan idi. İnstitutun direktoru, akademik Təbriz Gəncəli
təmkinli səsi ilə onu zabitlərin cəngindən xilas
etdi. Rahat nəfəs almaq olardı. Əmanətin etibarlı
əldə olduğuna arxayınlaşdı, getdi, öz neft
iyi verən mənzilinə qayıtdı.
Yadına
düşdü ki, dünəndən bəri təhlükəsiz
yerdə sığınacaq tapan övladları ilə
danışmayıb. Danışdı və toxtadı.
***
Düşmən
geri çəkilirdi, deməli, qələbə
yaxındı. Düşmən geri çəkilirdi, deməli,
tezliklə bu şəhərdə də həyat öz
axarına düşər. Bağ-bağçalarda
payızlıq bar-bəhər sahibinin ürəyinə qut
salar. Adamlar çoxdan unutduğu muğam sədalarını
dinləyə-dinləyə halallıqla gün-güzəranını
babatdaşdırar. Söküklərini gözüyər,
uçuqlarını, əyrisini dikəldər.
Keçən
bir həftə də sakit ötüşmədi. Hər
gün top, güllə səsi eşidilsə də, buna adət
etmiş insanları qorxutmurdu. Əvvəllər dəfn mərasiminə,
məzarlığa da raket atan erməni ordusu son nəfəsində
yenə harda gəldi dinc insanları hədəfə
alırdı.
"Düşmən
uduzduğunu eşşək balası kimi başa
düşürdü". Gəncəyə atılan raket mərmiləri
bütün dünyaya bəlli idi, amma dünya dövlətlərinin
susqunluğunu görən erməni Qarabağdan uzaq bu
böyük şəhəri ikinci dəfə də raket atəşinə
tutdu. Səkkiz körpə uşaq qəbri...
Daha bir həftə
keçdi, böyük şəhərə yenə raket
atılmışdı, dağıntı, tələfat
haqqında xəbərlər vardı, düşündü
ki, nə yaxşı, bu genetik nümunələri gətirib
Bərdədə saxlamağa qərar verib. "Nə bilmək
olardı, bəlkə... yox, yox, Allah uzaq eləsin, qoy
heç kim bu müharibənin acısını çəkməsin".
Günortaya
az qalmışdı, amma axşam yediyinin üstündə
idi, aclığını hiss etsə də, tələsmədi.
Bərdəyə gedib müəllim dostuna baş çəkib
gələr, həm də əmanətindən bir xəbər
rahatlığı tapardı. Avtobus sanki getmək istəmirdi.
Sürücü də arın-arxayın siqaret çəkir,
daha çox sərnişin toplamaq üçün hərdən
səslənirdi. Nəhayət, yola düşdü,
ağaclıqların arasındakı asfalta
çıxdı. Əslində uzaq yol da deyildi. Şəhərə
az qalırdı. Amma ağaclar da, kollar da, yol nişanları
da, elektrik dirəkləri də təhlükə hiss
edirmiş kimi geriyə qaçırdı. Bir an doğrudan
da, güclü bir səs qulaqlarının pərdəsini
yelləndirdi.
Yaxınlıqdakı
mərkəzi yolda maşınlar da, adamlar da vahimə içərisində
idi. Böyük partlayış səsi idi. Mərmilər
yaxında partladı. Dağıdıcı raketlər
insanların sıx olduğu ticarət yerlərinə
atılmışdı.
Şüşə
cingiltiləri... sınan nə varsa, sınmışdı,
onlarla maşın yanırdı, ticarət obyektləri,
marketlər od tutmuşdu. Hər yanda qışqırıq
haraylanırdı. Adamlar bu qədər həyasızlıq
gözləmədiyindən çaşbaş
qalmışdı. Düşmən öz düşmənçiliyinin
ən yaramaz məqamında idi. Öz hiyləsini, fitnəsini
saldırmaqda davam edirdi.
Kisələrin
saxlandığı həmin bina da alovun içində idi.
Tanış müəllim yox idi, qaranəfəs ora-bura
qaçır, bir kimsəyə nə
axtardığını anlada bilmirdi. "Genetik nümunə"
desə də, heç kim anlamırdı, "buğda
toxumu" deyən kimi onun kontuziya aldığını
düşünürdülər, "kisə" deyəndə,
"Bu hay-hayda kisə vaxtdırmı?" söylənirdilər.
Üzünü
göyə tutdu: "Allahım, bu nümunələr axı
hər kəsə lazımdı, bütün bəşər
buğdaya möhtacdı axı. Niyə bu matahı salamat
saxlamaq belə çətindi, Allahım? Niyə bir ovuc
buğdanı saxlamağa salamat bir yer tapmaq olmur?
Bir
gün göy yarılsa, yer üzünü su alsa, şumumuz
necə ola bilər?
Dənsiz
torpaq kimə gərəkdi?
Bu
müharibələri kimlər törədir axı, bu qırğınları
kim salır?
Yer
üzündə hər gün nə qədər uşaq
acından ölür. Bilirsənmi, aclıq bəndəni necə
rəzil edir? Aclıq, qıtlıq adamı adamlıqdan
çıxarır, onu oğruya, qatilə çevirir.
Eşidirsənmi, Allahım, yoxsa ağır eşidirsən?
Allahım, ətəyindən öpürəm, əllərindən
öpürəm, insanlara yazığın gəlsin.
Onları buğda dənəsinə möhtac eləmə,
qarşında diz çökürəm, yalvarıram.
Mən
qonşu Həsrətin, Hicranın, ağlı-qaralı,
irqli-irqsiz yer üzünün bütün adamlarının,
onların nəvə-nəticələrinin aclıq çəkməsini
istəmirəm. Mən, hətta torpağıma göz dikən
bu mənfur düşmənin də ac-yalavacları
üçün üzümü sənə tuturam. Bu
taxıl zəmilərini müharibə alovlarından qoru,
insan soyuna yazığın gəlsin.
Qoy
günəş buğda zəmiləri üçün
parlasın, ay işığında rüzgarın xəfif əsintisindən
saçaq sünbüllər dalğalansın. Qar
örtüyü taxılları soyuqdan, şaxtadan qorusun. Qoy
güllələr sussun, toplar, mərmilər arxivdə
çürüsün. Qoy insanlar dibi dəhnədən
bir-birlərini sevsinlər. Birlikdə əksinlər, becərsinlər,
biçsinlər. Qoy insanların taxıl sarıdan
gözü tox olsun!"
Ey Adəm
övladları, eşidin! Təbiətin
tarazlığını pozdunuz, Allahın bu əmanətini -
Matahını qoruyun. O zaman özünüzü qorumuş
olarsınız. Torpağınızı qoruyun, əkin,
biçin, qoy taxılınız bol olsun. Qarışqa qədər
təpəriniz olsun. Şumlanmış torpaqların ətrini
ciyərlərinizə çəkin. Torpaqdan qalxan istilikdən
həzz alın. Ruhunuzla, cisminizlə nəfəs verin, dənləriniz
cücərsin, tale bu şansı verib ki, insanlar taxıl
sarıdan korluq çəkməsin. İnsanlar çörək
qıtlığı ilə təkbaşına qalmasın. Təbiət
öz matahını sizdən əsirgəmədi, siz də
onun matahını özünüz üçün
saxlayın, qoruyun, səmərəli istifadə eləyin,
çörək bolluğu yaradın.
Bu
yumşaq elit buğda sortundan keyfiyyətli, qidalı
çörək olur.
Dikəldi
və...
Anbara
keçdi, qapı açıq idi, küncdə bir
tığ un taylarının yanında balaca kisələrini
gördü, genetik nümunələr sağ idi. Kisələri
qucaqlayıb uşaq kimi ağladı.
Öz təmkini,
ağırlığı ilə tanınan ahıl kişi bu
yaşda göz yaşları axıdırdı, sel, su
yanaqlarını isidirdi. İtmiş geninin bərpası
üçün çalışmaq ən böyük
hünər idi, O, sevinirdi, sevincindən ağlayırdı.
...Hə,
iki il əvvəl idi.
Bakı,
Azadlıq prospekti 155.
2022-ci il
Xosrov
NATİL
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, №45-46.- S.25.