"Qara
paltarlı qadın"ın
məhəbbəti
Maqsud İbrahimbəyov imzası
nəsr,
teatr və
kino dramaturgiyası
tarixində
özünəməxsus yer tutur. Keçən əsrin
60-cı illərinin ədəbiyyat,
teatr və kino mənzərəsini bu imzasız, imzaya baxmadan belə, dərhal tanınan xəfif yumorlu, incə istehzalı, lirik-psixoloji realizm qatlı dəsti-xətti olmadan təsəvvür etmək çətindir.
Bəhram
Osmanov Akademik Milli Dram
Teatrının səhnəsində
"Bayquş gəldi,
yaxud bir az məhəbbətdən
danışaq" tamaşasına
quruluş verib. Tamaşa "Maqsud İbrahimbəyovun 90 illiyinin
qeyd edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
13 fevral 2025-ci il tarixli
sərəncamının icrası
ilə bağlı Mədəniyyət Nazirliyinin
Tədbirlər planı
çərçivəsində, dövlət sifarişi ilə hazırlanıb.
Quruluşçu rejissor və səhnələşdirmə müəllifi
ədibin bir neçə əsərinin
süjetini bir-birilə
əlaqələndirərək (zatən, hər bir yaradıcı insan ömrü boyu eyni bir
əsərin "əsirliyində",
eyni bir mövzunun "girovunda"
olur) vahid bir fabula canlandırmağa
çalışıb. Kamera
tamaşası tərzində
təqdim edilən səhnə işini seyr etmək üçün teatrsevərlərə
elə səhnədə
şərait yaradılmışdı.
Səhnənin dekorasiyası
isə (quruluşçu
rəssam Sahib Əhmədov)
personajlarının sayı
çox olan və eyni zamanda
əsl kamera tamaşasının oynanılacağını
vəd edirdi. Səhnədə isə nələr yox idi?! Divarboyu ekranda dəniz video-audio instalyasiyası, sahildə
balıqçı guşəsi,
keçən əsrin
ortalarına aid masa, miz,
yazı makinası, birinin başına quru budaq bərkidilmiş
(tamaşa boyunca bayquşun nə səsi, nə də fiquru yoxdur, onun personajların
həyatına bədlik
gətirməsi bu quru budaqla rəmzləşdirilib
- bayquş, ya xarabalıqda məskən
salır, ya da tez-tez uçub gəldiyi yer bu və ya
digər mənada xaraba qalır), digəri isə yazı makinası olan masanın yanında quraşdırılmış
dar ağacını andıran iki dirək, 1970-ci illərə
aid avtobus, kinokamera və bir də
sahilboyu düzülmüş
mizlər... Aktyorlar bu mizlərdə oturub personajının səhnəyə çıxmaq
vaxtını gözləyirlər.
Əsas hadisələr
Maqsud İbrahimbəyovun
1975-ci ildə qələmə
aldığı "Bayquş
gələndə" və
son əsəri olan
"Qara paltarlı qadın" romanına köklənib, bir-birindən
tamamilə fərqlənən
bu iki dövrün
insanları, onların
dünyaya baxışı,
həyatı qavraması,
yaşadıqları ictimai
ab-hava, düşdükləri
tarixi dönəmin əlaqələndirilməsinə cəhd edilib. Daha doğrusu, "Bayquş gələndə"
povestinin bayquş və onun özü
ilə gətirdiyi bədbəxtlik əhvalı
qabardılıb. Bu bədbəxtlik
xəstəlik də
ola bilər, ölüm
də ola bilər, xəyanət, xainlik də ola bilər. Məsələn, bütün
günü makinada nəsə yazan, mehriban, dürüst, bir qədər adamayovuşmaz Kamilin (Ayşad Məmmədov) həyatının son sevgisi,
ikinci evlilik obyekti kimi qəbul
etdiyi Nailə (Nigar Güləhmədova)
ilə münasibətinin
puçluğu kimi. Burada bir haşiyə
çıxmağa ehtiyac
var: tamaşa kino çəkilişi
meydançasında növbəti
epizodun lentə alınmasına hazırlıqla
başlayır. Valideyn
himayəsindən məhrum,
uşaq evində böyümüş, bununla
belə, özünə
kifayət qədər
ad-san qazanmağı bacarmış kinorejissor Əkrəm (Sabir Məmmədov)
sevgi haqqında film çəkir. Gənc oğlanla qıza kinokamera qarşısında
öpüşmək tapşırığı
verilir. Amma onlar bu tapşırığın
öhdəsindən gələ
bilmirlər, deyirlər
ki, biz başa düşmürük
nəyə görə
öpüşməliyik?! Bu "başa düşməmək",
"anlamamaq", "anlaşılmamaq"
xətti sonrakı səhnələrdə çəkiliş
meydançasına gəlib-çıxan
Nailənin Əkrəmlə
öpüşməsi, daha
əvvəl isə çox gənc Vasifə (Elnur Qədirov) qoşulub qaçmağı təklif
etməsi kimi, yumşaq desək, qəribə davranışına
aid olur: tamaşaçı
Nailəni anlamır, özündən 30 yaş
böyük Kamillə
həyatını bağlamaq
üçün çamadanını
yığıb Abşeronun
kəndlərindən birinə
gəldiyi halda, əks cinsin digər nümayəndələri
ilə bu dərəcədə qeyri-adekvat
davranışı ikrah
hissindən savayı heç nə doğurmur, çünki tamaşaçı Nailənin
belə davranışları
niyə tamamilə mümkün saymasının
nədən qaynaqlandığından,
başqa sözlə,
Nailənin kim olduğundan, həyat hekayəsindən xəbərsiz
qalır, bizə yalnız indiki haldakı Nailə təqdim edilir. Halbuki bayquşun hər gecə məhz Kamilin bağındakı əncir
ağacına qonduğunu,
özü ilə Nailə adlı rüsvayçı bədbəxtlik
gətirdiyini, bayquşun
bədlik rəmzi olmaqdan başqa, həm də müdriklik, dərrakə
simvolu olduğunu nəzərə alsaq, tamaşada iştirakına
geniş yer ayrılmış Nailə
obrazı tam açılmalı
idi.
Bəhram
Osmanov "Bayquş gəldi, yaxud bir az məhəbbətdən
danışaq" tamaşasında
iki müxtəlif
zaman kəsiklərini çulğaşdırmaqla
çətin bir vəzifəni öhdəsinə
götürüb. "Bayquş
gələndə" povestindən
tamaşada yalnız Kamillə Nailə və Kamilin hər yayı bağda, nənəsi ilə keçirən gənc dostu iştirak edir - əsərdə hadisələr
bu personajın dilindən, onun prizmasından təqdim edilir, tamaşada isə bu obraz
bütün yayı balıq ovlayıb kənd içində satmağı digər iki dostundan daha
yaxşı bacaran Vasifin adı ilə adlandırılıb.
Tamaşanın süjetini
formalaşdıran digər
böyük nəsr əsərinin, "Qara paltarlı qadın" romanının hadisələri
səhnədə daha
böyük üstünlük
təşkil edir. Bu
roman keçən əsrin
80-90-cı illərinin özü
ilə anlaşılmazlıqlar
və buna görə
də narahatlıqlar gətirmiş ab-havasından
bəhs edir. Abşeronun balıq vətəgələrinin üstündə
gedən qarşıdurmalar
fonunda bacarıqlı
balıqçılıqdan rəsmi vəzifəli şəxsə, qəsəbə
idarəedicisinə kimi
yüksəlmiş Cavanşirlə
(Nurəddin Mehdixanlı)
seçib-sevib evləndiyi
ömür-gün yoldaşı
Zəhranın (Mehriban Zəki)
məhəbbəti tamaşanın
da əsas mənzərəsini
cizgiləyir. Bəllidir
ki, Maqsud İbrahimbəyov
əsərlərinin süjetlərinin
xeyli hissəsini qəzet materiallarından götürürdü və
bu, tamaşada əks edilib - tamaşaçı sanki qəzetin səhifələrini
nəzərdən keçirdikcə
müxtəlif hadisələrdən
xəbər tutur, səhnədə
baş verənləri
izlədikcə tamaşaçını,
yaxud qəzet mütaliəçisini ən
çox tutan Cavanşir-Zəhra əhvalatı
olur. Nurəddin Mehdixanlı ilə Mehriban
Zəkinin yaradıcılıq
yollarında bu ilk tərəf-müqabili təcrübəsidir.
Lakin tamaşa boyunca müşahidə edilən
iki təcrübəli,
bacarıqlı, fərqli
aktyor üslubunun təmsilçilərinin tandeminin
sanki uzun illərin daha bir mükəmməl tərəfdaşlığıdır - teatr və kino dramaturqları, rejissorlar Nurəddin Mehdixanlı-Mehriban
Zəki tandeminin səhnəmiz və yəqin ki, ekranımız
üçün yeni bir
tapıntı olduğunun
fərqində olmalıdırlar.
Bu tapıntını kəşf
etmiş Bəhram Osmanovun haqqında bəhs etdiyimuz tamaşasına gəldikdə
isə, Cavanşir-Zəhra
xətti, başqa sözlə, Maqsud İbrahimbəyovun nəsr
əsərlərinin səhnə
versiyasının "...bir
az məhəbbətdən
danışaq" hissəsi
Mehriban Zəkinin ilanı
yuvasından çıxaran
Zəhra, qara paltarlı qadın obrazına yanaşmasında
mistik qatın qədərində qabardılması,
iki aktyorun bir-birini son dərəcə
üzvi şəkildə
tamamlaması, müxtəlif
məzmunlu dialoqlarından
tutmuş, Cavanşirin
Xəzər dənizində
həlak olmasına kimi bütün mizanlarda, bütün səhnələrdə məzmunlu,
inandırıcı, təbii
aktyor oyunu, canlandırdıqları obrazları
anlayıb sevmək bacarığı, kişi
və qadın başlanğıclarının, bir-birinin həyatındakı
əhəmiyyətin və
hər birinin müstəqil təfəkkürlü
şəxsiyyət olmasının
fərqinə varmaq kimi daxili mədəniyyəti
çox gözəl ifadə olundu. Razılaşın ki, sadalanan
keyfiyyətlər müasir
dövrün insanları
arasında təbii gedişat, özü-özünə
mümkün olan səciyyə dərəcəsindən
təəssüf ki, xeyli
aşağı düşüb.
Bu mənada "Bayquş
gəldi, yaxud bir az məhəbbətdən
danışaq" tamaşasının
"...bir az məhəbbətdən danışaq"
hissəsi ayrıca diqqətəlayiq səhnə
əsəri kimi dəyərləndirilməyə layiq rejissor və aktyor işidir.
Samirə BEHBUDQIZI
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, №45-46.- S.32.