Hekayə diskurs kimi:
"Abyssalis"
Orxan Həsəninin "Abyssalis"
hekayəsi ağrı
və işarələri
dərində gizlənən
mətndir. Tale süjetində
simvol və arxetiplər yetərincədir.
Fəlsəfi-bədii havasını
bəlkə də Z.Freydin ata
kultuna bağlamaq olar. Uşaqlıq travması, yaddaş faktoru, qəmli, ümidsiz xatirələr,
psixoloji depressiyalar və s. Ata tərəfindən
atılıb, ana dəlixanada
özünü asıb,
keçmiş boşluq,
gələcək yoxluq
içində. Oğulun
atası ilə söhbəti əsnasında
məlum olur ki, atası da öz keçmişi, atası üçün darıxır,
heçlik arasında
var-gəl edir.
Orxan Həsəninin üslubunda
ən mühüm çalar dilimizin poetik imkanlarından uğurla yararlanması, qəhrəmanlarının daxili
aləmini təmkinli və ifadəli oyun tərzi ilə açmasıdır.
Dil vasitələri xarici effekt və
təəssürat yaratmaqdan
daha çox xüsusi məntiqi gücü olan dəlil və əsaslara çevrilir. Bu
hekayədə də yazıçı həmin
keyfiyyəti qorumağa
çalışır. İlk baxışda qəhrəmanın
ömür məkanının
üfüqlərində daha
ata obrazına yer yoxdur: "Atam məni çağıranda, açığı,
təklifini qəbul etmək istəmədim. Bütün bunlar nəyə lazımdır?
Dedi, gəl, görüşək, danışaq,
ancaq nə danışacağıq? Hər
şey uzun zaman öncə danışılıb
qurtarıb".
Amma gedişat zamanı aydın olur ki, hələ bağlar diridir. Qəhrəmanı
dəniz kənarına,
atası ilə görüşə gətirən, hər situasiyada özü ilə atası arasında oxşarlıqlar
qurmağa vadar edən içindəki o bağlılıqdır. Onun
metaforik-simvolik yaddaşında
keçmişlə bağlı
hər şey yüksək işlənmə
dərəcəsinə malikdir.
Bütün mətn boyu yaddaş köhnə yara kimi sızıldayır:
"Bütün dünyanı
gəzib ayaqdan saldım, bu sahili və bu şəhəri həmişə özümlə
gəzdirdim.
- Səni bura yaddaşından başqa heç nə bağlamır.
- Bəyəm yaddaş elə-belə şeydir?".
Elə qəhrəmana da əzab verən xatirələri, keçmişidir. Atası
ilə dialoqunda, ona hər baxdığında
işə düşən
yaddaş elementləri
daxili səsin köməyi ilə açılır. Bu daxili
səs addımbaşı
obrazın düşüncəsində,
davranış və ruhunda əks-səda verir: "Birinci görüşdə qarnının
böyük olduğunu
hiss eləməmişəm. Özünü bəyaz
polo klassik geyiminin altında yaxşı gizləmişdi. Nə deməli? Gizlənməyi
yaxşı bacarır".
Orxan Həsəninin nəsr dili üçün xarakterik olan məziyyətlərdən biri
də ən minimal parçalarda situativ məqamlara vurğu etməsidir. O məqamlar
ki, konkret ünsiyyət
məzmunundan əlavə obrazın
keçmişi ilə
uğurla motivlənirlər:
"Çiyinləri ağır
bir yük daşıyırmış kimi
çöküb. Qocalıq
özünü yavaş-yavaş
bədənində büruzə
verir. Cavanlıq şəklini görməmişəm
deyə, nə vaxtsa cavan olduğunu
təsəvvür eləmək
çətindir".
Bu hekayə əslində, qəhrəmanın öz
taleyinə mövqeyini
müəyyənləşdirən məna strukturlarının
açılması deməkdir.
Mətndə üç
yaş senzini simvolizə edən - uşaqlıq, gənclik və qocalıq qarşılaşdırılır, qurulan və dağıdılan qəsr
- ümidlərin ovulub
tökülməsi, görüş
- ayrılıq, dondurma
istəyi - ölümün
mistik işarəsi kimi hər biri
məchulluğa müncərdir.
Bəlkə də
real olan yazıdır
ki, qəhrəman da bunu
(ölümsüzlüyü!) seçməklə ömür
mətnini əbədiləşdirməyə
çalışır: "- Axı yazmağa dəyən nəyin var?
Doğrudanmı, danışmaq istədikləri
bunlar idi?
- Anam özünü dəlixanada asdı. Yazmağa dəyən şeyim budur".
Amma müəllif qəhrəmanın
travmatik əzablarını,
daxili konfliktini dərinləşdirsəydi, daha
iri planlarla, psixoloji rakurs və mizanlarla ötürməyə çalışsaydı
psixoloji effekt yaradardı. Halbuki atasının soyuqluğu,
biganəlik altında
gizlənən iztirabları
daha toxunandır və təhtəlşüura
birbaşa işləyir.
Hekayədə refren kimi verilən öskürək
səsləri çox
yaxında olan ölümün müjdəçisi
kimi mənalanır. Bəlkə öz "qəzavü-qədəri" atasının
ürəyinə damdığına
görə oğlunu dondurma almağa göndərir (ölüm
ayağında olan öz atası da ondan dondurma istəmişdi). Geri qayıdan
qəhrəman uşaqların
qurduğu qəsrin dağıdıldığını görür. Bu dağılma
yaşanmamış uşaqlığın,
yarımçıq qalmış
duyğuların, ovulub
tökülmüş arzuların
rəmzi olaraq modelləşir.
Elnarə AKİMOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 3 oktyabr, ¹36.- S.5.