"Əsl poetik
sözün heç bir
səsə, pafosa
ehtiyacı yoxdur"
Xalq şairi Ramiz Rövşənlə
müsahibə
Həmsöhbətimiz - Azərbaycan ədəbiyyatına yeni nəfəs, ruh, ahəng və rəng gətirən, yaradıcılığında insanın daxili aləmini, həyatın fəlsəfi və milli mənzərələrini poetik incəliklə əks etdirən, əsərləri oxucuların qəlbində dərin iz buraxan, çağdaş poeziyanın ən duyğulu və düşüncəli simalarından biri, şair, tərcüməçi və publisist, Azərbaycanın Xalq şairi Ramiz Rövşəndir.
- Sizcə,
yazıçı
və şairin ədəbiyyat aləmində öz səsini tapması
üçün istedad,
zəhmət, axtarış və istək kifayət edirmi? Yoxsa bunun üçün
insanın içində illərlə formalaşan gizli bir mənəvi
məktəb də olmalıdır?
-
Şairlik, rəssamlıq, bəstəkarlıq... Ümumiyyətlə,
bədii istedad Allah vergisidir. Əgər bu vergi yoxdursa,
heç bir mütaliə ilə, zəhmətlə, tər
tökməklə bu boşluğun yerini doldurmaq mümkün
deyil. Uzaqbaşı, qrafoman olacaqsan. Amma təkcə istedada
arxayın olmaqla da əsl sənətkar olmaq çətin məsələdir.
Uzaqbaşı, diletant olacaqsan. Ümumiyyətlə,
istedadın ən böyük və cazibədar düşməni
arxayınçılıq və tənbəllikdir. Mənim
haçansa yarımçıq qoyduğum yazılar bu günəcən
də yarımçıq qalır. Və mən o
yazıların qarşısında özümü
günahkar sayıram. Ona görə də irili-xırdalı
bütün yazdıqlarınızı elə o yazı
prosesindəcə mütləq tamamlamağa
çalışın, bu işi sonraya saxlayıb günah
sahibi olmayın.
O ki
qaldı, yazdıqlarımıza...
Hər
hansı bir şeir ani bir təsadüfdən yarana bilər.
Amma o şeirin oxucuya hansı bədii və mənəvi dəyərləri
aşılaması müəllifin özünün hansı bədii
və mənəvi dəyərlərin sahibi olmasından irəli
gəlir.
- "Öz
səsi" şairə Tanrıdan gələn bir bəxşişdirmi,
yoxsa həyat, təcrübə və sınavların
içində cilalanan bir sənətkarlıqmı?
-
Şairin səsi, intonasiyası geniş anlayışdır.
Amma öz şeirindəki hansısa boşluqları səsiylə,
nəfəsiylə doldurmağa çalışması
şairin gücsüzlüyünün ifadəsidir. Əsl
poetik sözün heç bir səsə, pafosa ehtiyacı
yoxdur.
- Bizdə
şair həmişə "haqq aşiqi" sayılıb.
Yəni, Allahı və həqiqəti sevən.
-
Haqqın yox, gücün yanında olmağa və bundan bəhrələnməyə
çalışmaq şair üçün də, şeir
üçün də öldürücüdür.
Təəssüf
ki, sovet dövründə biz bunun bir çox nümunələrini
gördük. Amma aldıqları bütün o fəxri adlar,
mükafatlar o şairləri unudulmaqdan xilas eləyə bilmədi.
- Azərbaycan
şeirinin canında yaşayan musiqi, xalq nəfəsi və rəmzlər
- bunlar sizin üçün nə qədər önəmlidir
və necə bir bədii güc daşıyır?
-
Bütün o saydıqlarınız hər bir azərbaycanlı
kimi, mənim də ruhumda, yaddaşımın alt qatında həmişə
var və onlardan təkan alan, qidalanan şeirlərim də az
deyil. Amma əsrlər boyu formalaşmış o rəmzlərin
tam əksinə olan şeirlərim də var. Onlardan ən məşhuru
"İlan balası"dır.
-
Yaş artdıqca zamanın axışı dəyişir.
"Tez keçən zaman" duyğusu sizin qəlbinizdə
hansı xatirələri, hansı həyəcanları
oyadır?
- Nə qədər
bayağı səslənsə də, ən acı həqiqət
budur ki, zamandan etibarsız heç nə yoxdur. Və gəncliyində
arzularla yaşayan insan qocalığında xatirələrlə
yaşamağa məhkumdur. Bu da olanların qədrini bilməyib
olmayanlarla yaşamağın ən acı nümunəsidir.
- Sizcə,
zamanın şair qəlbində qoyduğu ən dərin iz -
itkilərdirmi, yoxsa qazanılanlar?
-
Haçansa bir şeirimdə məncə, bu
sualınızın cavabını vermişəm:
Nələr
qazanmışam, çıxar yadımdan,
Nələr
itirmişəm, düşər yadıma.
- Bugünkü
gənc şairlər yaradıcılığında sizi ən
çox sevindirən xüsusiyyətlər hansılardır?
Onlarda hansı poetik nəfəs sizi ümidləndirir?
-
Bugünkü gənc şairlərin
yaradıcılığında ən müsbət cəhət
siyasi konyukturadan azad olmalarıdır. Və bundan doğan sərbəstlik
və səmimiyyətdir.
- Gələcəyin
şeiri sizcə, necə olacaq - daha çox minimalizm və fəlsəfəyə
meyillənəcək, yoxsa tamamilə yeni bir poetik yol
açacaq?
- Biz
audiovizual (səs və təsvir) dünyada
yaşayırıq. Və poeziyanın bugünkü təbliğat
imkanları heç vaxt olmayıb. Amma televiziyanın hələ
təzə meydana çıxdığı uzaq 1960-cı illərdəki
kimi stadionları dolduran çoxminlik auditoriyası olan poeziya
gecələrini indi təsəvvür eləmək
mümkündürmü? Təəssüf ki, yox.
Ümumiyyətlə,
insanların düşünməkdən daha çox, əylənməyə
meyilli olduğu bugünkü dünyada poeziyanın bu
günü və gələcəyi haqqında
düşünmək və danışmaq çox kədərlidir.
- Şeirlərinizdə
tez-tez görünən rəmzlər və metaforaların
arxasında dayanan şəxsi fəlsəfənizi necə
izah edərdiniz?
-
Oxuduqlarınla, yazdıqlarınla bu dünyanı dərk eləməyə
çalışanda, təəssüf ki, yüz illərdir
deyilən eyni bayağı nəticəyə gəlib
çıxırsan:
"Bu
dünyada təzə heç nə yoxdur. Ən təzə ən
yaxşı unudulmuş köhnədir".
-
Köhnə şeirlərinizə dönüb baxanda, bəzən
özünüzü o dövrün adamı kimi
tanımadığınız anlar olurmu?
- Köhnə
şeirlərə baxmaq həmişə bir az kədərlidir.
Çünki o şeirləri yazan adamdan bu gün nə qədər
fərqli olduğunu hiss edirsən. Özü də, təkcə
zahirən yox.
- Ramiz
Rövşən özünü anlamaq üçün daha
çox sözün gücünəmi, yoxsa sükutun dərinliyinəmi
söykənir?
- Ən dəqiq
sözlər sükutun dərinliyindən doğulur. Səs-küydə
nəinki özünü anlamaq, heç özünü
eşitmək belə mümkün deyil.
-
Əgər həyatınızı yalnız üç
sözlə ifadə etməli olsaydınız, hansı
sözləri seçərdiniz?
- Mənə
elə gəlir ki, bu sualın cavabını bizim gözəl
şairimiz, rəhmətlik Musa Yaqubdan daha dəqiq demək
mümkün deyil: "Eləmədiklərim yandırır məni".
Xalq
şairi Ramiz Rövşən
Müsahibəni
apardı:
Cahangir
NAMAZOV
Ədəbiyyat
qəzeti.- 2025.- 3 oktyabr, №36.- S.4.