Aqibətnamə
Nizami Gəncəvinin "Yeddi gözəl" əsərində
ölüm məqamları
Aqibət əkizləri
(Rast Rövşənin ölümü)
Bəhram
şah günlərin
bir günü şəhərdən kənara
ov etməyə çıxanda görür
ki, uzaqdan qara tüstü qalxır, sanki nəsə böyük bir şey yanmaqdadır. Yaxınlaşıb görür
ki, bir çoban ocaq çatıb, həm də iri bir çoban
itini ayaqlarından asıb.
Qoca, Bəhram şahı - qonağı tanımasa
da, onu mehribanlıqla qarşılayıb qarşısına
yemək qoyur, lakin Allah qonağı yeməyə əl uzatmır. Bəhram şah deyir ki, əgər iti niyə ayaqlarından asdığını deməsən,
səninlə bir süfrədə çörək
kəsməyəcəm. Çoban
başından keçənləri
bircə-bircə ona nağıl eləyir. Deyir: "O it mənim sürümün keşikçisi
idi, hətta deyərdim, sürüyə
mən yox, o, çobanlıq edirdi. Ona etibarım sonsuz idi. Hətta sürünü ona tapşırıb bazarlığa,
işlərimin dalınca
gedirdim. Günlərin
bir günü qoyunları sayanda gördüm ki, onlardan biri çatmır, sonrakı günlər yenə sürüdəki
heyvanları hesablayanda
azalmanı anladım və başladım iti güdməyə. Bir gün gördüm, dişi qurd gəlib itimin altına yatır, it ondan kamını alandan sonra xoşhallanıb
mürgüləyir, dişi
qurd da bunun əvəzində qoyunların
ən seçməsini
parçalayıb yeyir.
Nəhayət, bu minvalla qoyunlarım tamam azaldı, daha sürü sahibi deyildim. Ona görə də bu iti xəyanətinə
cavab kimi ayaqlarından asmışam
ki, digər xəyanətkarlara
da dərs olsun".
Bəhram
şah bu əhvalatın nəticəsini
özünə aid edir,
anlayır ki, çoban
sürünü itə
tapşıran kimi, bu da şahı olduğu ölkənin idarəçiliyini vəzirə
həvalə edib və heç də onun vilayətinin
halı çobanın
sürüsünün vəziyyətindən
ürəkaçan deyil.
Məsələləri dərindən
araşdırandan sonra
məlum olur ki, vəzir Bəhram şahı gözdən salmaq üçün camaata belə bir fikir çatdırıb:
"Şahın işi
cəzalandırmaq, vəzirinki
isə bağışlamaqdır".
Beləcə, o, xalq arasında şahı əzazil, özünü
mərhəmətli kimi
qələmə verərək
insanları öz ətrafına yığır,
camaatı həqiqətdən
uzaq salır.
Xalqın
say-seçmə övladlarını
pis günə qoyan, zindanlara dolduran vəzir günlər keçdikcə
tamamilə həddini aşır. Bəhram onu dərhal zindana atdırır və hamıya da bu barədə xəbər çatdırır.
Şahın öz vəzirinin həbsi barədəki xəbərin
hamıya çatmasını
istəməsi heç
də səbəbsiz deyildi. Vəzirin işinin başında, vəzifədə olduğunu
düşünsələr, heç kəs onun barəsində həqiqətləri deyə
bilməyəcək. Ancaq
vəzifədən getdiyini
bilsələr, o saat onun əməllərindən
zəlil günə qalmışlar axışıb
şikayətə gələcəklər
və nəticədə
indiyə qədər
ört-basdır olunan,
yaxud bilərəkdən
üzə çıxarılmayan,
həmçinin çoxlarının
qorxudan, çəkingənlikdən
demədikləri həqiqətlər
də üzə çıxacaq. Bəhram,
bəlkə də, bütün xəzinəsini
xərcləsəydi, hər
ziyan çəkənə
min qızıl versəydi
belə, heç kəs vəzir vəzifədə ola-ola həqiqəti
tam mənada dilə gətirməzdi. Amma sadəcə,
vəziri vəzifədən
uzaqlaşdıraraq bir
qızıl belə xərcləmədən həm
vəzirin iç üzünü açır,
həm də zərər görənlərin
dilinin qıfılını
açıb həqiqətləri
öyrənir. Müdrik
Bəhram məhək
daşı effektli bu qərarını belə izah edir:
Əgər onu öz mənsəbində qoysam,
Heç
kəs onun əleyhinə qabağa qələm çıxarmaz.
Onu əzəmətdən uzaqlaşdırsam,
Qaranlıq gecədə işıq
yaxşı görünər.
Bəhram
vəziri Rast Rövşənə deyir
ki, mən sənə
nemət verdim, sənsə onu tapdaladın. Ona verilən
nemətin haqqını
itirmək dinsiz olmaqdan daha pisdir.
Şah onu zindana atdırır və camaata da bildirir ki, hər kim Rast Rövşən
tərəfindən zülm
görübsə, gəlib
müşkülünü çəkinmədən danışsın
və onun haqqını bərpa edək, ona dəyən ziyanı ödəyək. Çünki
Rast Rövşən zülmü dövlətin
onun əlindəki imkanları vasitəsilə
həyata keçirib,
ona görə də o cəzalansa da, dövlət insanların tapdanan haqlarını bərpa etməyə, onlara dəyən ziyanı ödəməyə
borcludur. Nizami Gəncəvi bununla da hüquqi dövlət anlayışını diqqətə
çatdırır.
Bəs nə üçün itini ayaqlarından asan çoban Bəhrama nümunə, örnək olur? Nizami göstərmək istəyir ki, bu dünyada Allahın nemət verdiyi Adəm oğlu insan kimi yaşaya
bilməyəndə sonda
it kimi ölür. Heyvanlar aləmi ilə insanlar aləmi sanki bir-birinin güzgüsüdür.
Şikayətçilər şahın hüzuruna gəlib başlarına gələnləri
danışırlar və
yeddi məzlum öz çəkdiyi zillətdən yeddi hekayət söyləyir:
- Birinci məzlumun var-dövləti əlindən
alınıb, haqqını
tələb edən qardaşı zindana atılıb.
- İkinci məzlumun gözəl bağı varmış, vəzirin həmin bağa gözü düşüb,
oranı ucuz qiymətə satın almaq istəyib, bağ yiyəsi gülzarını satmayanda
vəzir onun əlindən bağı zorla alıb, özünü də zindana salıb.
- Üçüncü məzlum
şikayətlənir ki, mən
tacir idim, gözəl bir dürrüm vardı, vəzir onu məndən satın almaq adı ilə aldı, sonra pulunu ödəmədi,
özümü də
qazamata göndərdi.
- Dördüncü məzlum
ahu-zar edir ki, dünyalar gözəli bir xanımla sevgili idim, vəzir
onu özününkü
elədi.
- Beşinci məzlum nalə edir ki, rəsədxana rəisi idim, yaxşı sərvətim vardı, vəzir topladığım
nə vardısa, yağı kimi yağmaladı.
- Altıncı məzlum - döyüşçü göz
yaşı axıdır
ki, vəzir əkin sahəmi əlimdən aldı, şahın yanındakı qulluğumdan,
işimdən məni
məhrum elədi.
- Yeddinci məzlum gileylənir ki, mən zahid adamam, heç
nəyim yoxdur, sadəcə, vəzir məni ona görə
zindana atdırıb
ki, birdən xalqa elədiyi zülmə görə ona bəddua edərəm,
Allah da onu cəzalandırar.
Bir sözlə, vəzir sərvətli insanlardan tutmuş, heç nəyi olmayan zahidə qədər hər kəsə zülm edib. Bəhram şah zalım vəzirin vurduğu bütün ziyanları ödəyir, onun özünüsə xalqın gözü qarşısında dara çəkir. Vəzirin cəzalanmasını Nizami
belə mənalandırır:
Heç
kəs deməsin ki, ədalət acizdir,
Yer və göy ədalətin
bərqərar
olunmasına xidmət
edir.
Yəni
insanlar ədalətsizliklərlə
üzləşəndə elə hesab eləməsinlər ki, Allah ətalətə
qapılıb, dünya
fırlanırsa, deməli,
yer də, göy də hərəkətdədir və
o hər kəsi bu hərəkətliliklə
öz aqibətinə
çatdıracaq. Zülmkarların
istəyi xalqa ədalətin acizliyini isbat eləməkdir.
Sonra Bəhram həmin çobanı saraya dəvət edib ona vəzifə verir. Ədalət bərpa olunduğuna görə Bəhramın
ölkəsi durmadan zənginləşir, firavanlaşır.
Nizami göstərir ki, insan əgər hansısa xoşagəlməz bir hadisədən ibrət alırsa, o bütün itirdiklərini bərpa edə, yenidən qazana bilər. Yəni Bəhram vəziri vasitəsilə şahlıq etibarını
itirir, ancaq ədaləti bərpa edərək yenidən nüfuz qazanır. Ədaləti bərpa etmək - Allah qarşısında
borcunu ödəmək
deməkdir. Çünki
Allahın qaydalarına
tabe olsaq, ədalətsizlik etmərik.
Ədalətsizlik etmişiksə,
deməli, Allah qarşısında,
vicdanımız önündə
borcluyuq. İnsan Allaha olan borcunu
ödəyə bilsə,
heç kəsə də borclanmağa razı olmaz.
Nizami göstərir ki, həqiqətin
ayağına gedənin
sonda başı ucalır. Bəhram çobanın ayağına
getməklə ucalığa
yüksəlir. Çobanın
qaladığı ocaq,
Bəhramın o tüstünü
görüb ora getməsi də rəmzidir. Əslində,
o yanan yer Bəhramın şahlıq
etdiyi ölkənin simvoludur. Yanan ocaq Bəhramın hakimiyyətidir. Yanan yerdə tüstü içəridən görünmür,
Bəhram saraydan kənarlaşaraq o ocağı
görür.
Nizami gizlətmir ki, baş verən hadisələrdə
vəzir qədər cəmiyyət də günahkardır. Çünki
heç kəs səlahiyyət sahibi ilə bağlı qüsurları zamanında
demir, əksəri onun vəzifəsini itirəcəyi günü
gözləyir. Bəhram
məzlumları danışdırmaqla
həqiqətin özünü
də sanki zindandan azad edir. Bir ölkədə
ki həqiqətin özü
həbsdədir, orada nəinki insan insana, hətta heyvanlar da insana xəyanət edəcək.
Çobanın əhvalatı,
əslində bunu göstərir.
Nizami deyir ki, əgər bir vəzirin həbsi dünyadakı bu qədər zülmün səbəbini
bizə göstərirsə,
onda məhşər günü bütün hökmdarların haqq-hesab
vaxtı bu cahanın bir "zülm mədəni" olduğunu görəcəyik.
Nizami göstərir ki, hər kəsin acı aqibəti onun öz riyasına bənzəyir: əgər
etibarını ehtirasına
qurban verən it xislətlisənsə, gec-tez
ayağından asılacaqsan...
Nizami yadımıza salır ki,
bu hadisədə Bəhram şah sadəcə şah statusunda deyil, həm də sanki Allahı simvolizə edir. İnsanlar ona sonsuz səlahiyyət verilmiş vəzirlərdir.
Allah insana onun öz iradəsi sayəsində sonsuz səlahiyyətlər verib,
insansa çox zaman o səlahiyyətləri sonsuz
ehtiraslarını yemləməyə
sərf edir.
Nizami söyləyir ki, vəziri
ilə iti eyni ağılda olan ölkədə zülm hər yerdə çilçıraqtək
parlayır, ədalət
isə qaranlığa
məhkum olur.
Nizami qəsdən yeddi məhbusu birdən danışdırır: Bununla
göstərir ki, hamı
qəlbinin dərinliyində
hər şeydən agahdır. Zülmə isə o zaman son qoyulur ki, hər kəs hər şeyin fərqinə birdən varır, yəni eyni zamanda. Şah
çobanla eyni anda həqiqətə çatır, məzlumlar
eyni anda dilə gəlirlər, itlə vəzir də oxşar aqibəti eyni zamanda bölüşürlər.
Qiyamət də elə budur - hər kəs öz qiymətini birdən və küllən alır...
Qorxunun əcələ nə
faydası?
(Yəzdigirdin ölümü)
Nizami Gəncəvi əsərlərində
qələmə aldığı
əksər ölüm
hadisəsini obrazını
canlandırdığı qəhrəmanların
xarakterinə uyğun
şəkildə əks
etdirir. Sanki əksər
qəhrəman öz həyatına, davranışına,
dünyaya münasibətinə
uyğun da öz əcəlini tapır.
"Yeddi gözəl" əsərinin baş qəhrəmanı Bəhramın
atası Yəzdigirdə
xəbər verirlər
ki, oğlun Bəhram hər yanda döyüşərək ad
çıxarır, o, aslandan
daha cürətlidir, qurddan daha qüvvətlidir,
igidlikdə, şücaətdə
şöhrəti gün-gündən
hər yana yayılmaqdadır. Oğlunun
qüdrətini, gücünü,
zəkasını hakimiyyətinə
təhlükə hesab
edən ata onu özündən uzaq saxlamağa çalışır ki, Bəhram
haçansa şahlıq
sevdasına düşüb
onun səltənətini
devirə bilməsin. Bəhramsa gününü
ovda, eyş-işrətdə
keçirir, onun hakimiyyət hərisliyi yoxdur, atasını taxtdan salmaq heç onun ağlının ucundan belə keçmir.
Günlərin bir günü Yəzdigirdi taxtdan salırlar, həmin məqamda onu heç kəs müdafiə etmir, xalq ona arxa
durmur. Bir müddət
atasının ölümü
ilə bağlı xəbəri Bəhramdan gizlədirlər ki, o, geri
qayıdıb atasının
taxtına sahib çıxa
bilməsin, ona qədər də başqa bir şahın dövlət üzərindəki qüdrəti
tam bərqərar olunsun.
Bəhrama cürətinə,
qorxmazlığına görə
Yəmən padşahı
böyük bir vilayət bağışlamışdı.
İnsanlar atasının
ölümündən Bəhramı
xəbərdar etməyə
həm də ona görə qorxurlar ki, birdən yeni şah ona vilayət
bağışlamış Yəmən padşahına
- ərəblərə xərac
verər, dövlət
idarəçiliyində böyük
tarixləri olan farsları əsl iqtidar saymaz. Fəqət bu qorxuların heç bir real əsası yox idi. Bəhram
heç də ona vilayət bağışlayan ərəblərə
tabe olmaq fikrində deyildi.
Bəhram
hakimiyyətini itirən,
ölən atası barədə xəbər tutan kimi dərhal
hərəkətə keçir,
vuruşaraq, igidlik, şücaət göstərərək,
nəhayət, atasından
qalma taxt-taca sahib çıxır.
Nizami Gəncəvinin "Xəmsə"sində
ən ucuz, bivec ölümlərdən
biri də Yəzdigirdin aqibətidir.
Dahi qələm ustasının bu ölümü bu qədər üzdən əks etdirməsinin səbəblərindən biri
Bəhramın atasına,
atasının da ona olan qarşılıqlı
biganəlikləri hesab
edilə bilər. İnsanın öz əzizlərinin həyatına
münasibəti ölənin,
vəfat edənin urvatla dünyadan köçməsinin əsas
göstəricilərindəndir. Əgər ən doğmaları tərəfindən
kiminsə həyatı
dəyərsizdirsə, ölümü
onun üçün
o qədər də yandırıcı, ağrılı
olmayacaq.
Eyni zamanda bu ölümdə
böyük bir ibrət dərsi var. Belə ki, Yəzdigird hakimiyyətinə təhlükə
saydığı oğlunu
özündən uzaqlaşdırmaqla
düşmənlərinə meydan açmış olur. Oğlunu tanımayan şah ətrafını, əhatəsindəki
adamları necə dəqiq qiymətləndirə
bilər? Ona görə
də yan-yörəsindəki
insanlar onu taxtdan salaraq axırına çıxırlar.
Nizami bu ölüm vasitəsilə göstərir
ki, insan ölümdən
qaçdıqca ona daha da yaxınlaşır.
Uzun yaşamaq planları insanların əcəlini onlara doğru yaxınlaşdırır.
Eyni zamanda məsələyə
əks rakursdan baxanda belə də düşünmək
olar ki, əgər Yəzdigirdin yaşaması
Bəhramı taxtdan uzaq saxlayırdısa, ölümü Bəhramın
taxta sahiblənməsinə
gətirib çıxarır.
Axı atasının
səltənətinin devrildiyini
eşidən Bəhram
onu taxtdan salanlara qarşı vuruşaraq hakimiyyətə
yiyələnir. Yəni
bu ölüm hadisəsi Bəhramı ayaqlanmağa, qəti qərarını həyata
keçirməyə sövq
edir. Beləliklə, həyatın (eyş-işrət,
gündəlik kef-damaq,
ucuz yaşam həvəsi və s.) onun əlindən aldığı qüdrəti
(taxta yiyələnmək
hünərini) ölüm
(atasının ölümü)
sanki ona geri qaytarır. Nizami Gəncəvi bununla da göstərir ki,
ölüm əgər
birini aramızdan aparırsa, yerdə qalanları yenidən yerbəyer edir - biri ölərək dünyadan köçür,
başqa insansa yaşayaraq öz yerini, həyati təyinatını tapır.
Qayibanə son
(Bəhramın "ölümü")
Əslində, Nizami Gəncəvinin
"Yeddi gözəl"
məsnəvisinin baş
qəhrəmanı Bəhram
obrazının ölümü
ilə bəzi tədqiqatçılar razılaşmır,
bu qənaətdə olanlar qeyd edirlər
ki, Bəhram şah yoxa çıxıb, qeybə çəkilir və bunu ölüm
faktı kimi qəbullanmaq yanlış
nəticədir. Lakin Nizami
Bəhramın aqibəti
ilə bağlı elə detalları diqqətə çatdırır
ki, onların izinə
düşüb irəlilədikcə
Bəhramın ruzigarının
sonuna çatması ilə barışmaya bilmirsən. İndi isə
gəlin, hadisələrin
axarına nəzər
salaq:
Göylərdən Bəhrama səda
gəlir ki, yeddi gözəlin toplandığı
yeddigünbəzli qəsri
- sənəmxanaları tərk
edərək dünyadan
uzaqlaş ki, ölüm
də səndən uzaqlaşsın. Bəhram
həmin yeddigünbəzli
qəsri günaha batdığı - eyş-işrət
çəkdiyi yer kimi tərk etmir, həmin yer yenə də
müqəddəslik statusunu
qoruyur, çünki
o yeddi günbəzi yeddi möbidə - zərdüşt kahininə
tapşırıb gedir.
Bundan sonra o, müştəbehlikdən, şahlıq
iddiasından ayrılmağa,
dünyadan uzaqlaşmağa
qərar verir və bu qərarından
sonra ən yaxın adamlarını götürüb ova gedir.
Şikar edən zaman yan-yörəsindəkilərin "hərəsi bir guru ovlamaq istəyərkən
Bəhram istəyir
ki, onu da tənhalıq
goru ovlasın". Ov zamanı bir gur gəlib
Bəhramın önündə
dayanır və şah dərhal başa düşür
ki, onun aqibətinin sonudur və bu, adi bir
heyvan deyil, onun cənnət mələyidir və onun dalınca düşərək durmadan
atını çapır.
Uzun yolları, xarabalıqları keçə-keçə
gur gəlib bir mağaraya yetişir, heyvan (cənnət mələyi)
mağaraya girir, Bəhram da ardınca. Nizami Bəhramın artıq kamilləşərək
xəzinəyə çevrildiyini
söyləyir. Əlbəttə,
xəzinənin yeri harada olur? Mağarada.
Bəhramın adamları da çapa-çapa
gəlib mağaraya girirlər, günlərlə
şahı axtarırlar,
amma tapa bilmirlər. Gedib Bəhramın anasına xəbər verirlər ki, oğlu mağaraya girib, ancaq onu nə
illah etsələr də, tapmırlar. Anası da həmin mağaraya gəlib şahı axtaranlara qoşularaq oğlunu arayır. Nizami bu məqamda çox maraqlı bir düşüncəsini
bölüşür, ananın
övladını axtarmasını
belə mənalandırır.
Yazır:
"Ana da şahı axtarır, amma başqaları kimi yox, o, canı ilə axtarırdı, başqaları isə gözləri ilə".
Qırx gün mağaranı axtarırlar,
mağaranın divarlarını
göz yaşları ilə yuyurlar. Nizami bu bihudə
zəhməti belə
qiymətləndirir: "Özünə
göylərdə yer
salmış adamı
yerdə axtarıb tapmaq çətindir".
Artıq Bəhram ölüm mələyinin
ardınca qaçıb
ona təslim olub.
Qayıdaq Bəhramın ölməsi,
yoxsa qeyb olması sualının cavabı məsələsinə.
Gurun "cənnət
mələyi" adlandırılmasının
özü də artıq Bəhramın ölümünə ciddi
bir işarə sayılır. Axı ölməyən adamın
cənnətdə nə
işi var?!
Bu ölüm hadisəsi ilə bağlı başqa bir misala da diqqət çəkək. Nizami yazır: "İnsanın iki anası var, biri torpaqdır, o biri isə qan. Qan
anası insanı bəsləyib böyüdür,
torpaq anası isə öz qoynuna alır. Bəhramın torpaq anası daha mehriban çıxdı, onu elə geri
aldı ki, bir də vermədi". Bu bənzətmə də Bəhramın ölümünə
işarə sayıla
bilər, çünki
bu fikirlərin məntiqi ona gətirib çıxarır
ki, Bəhram şah daha torpağa qarışıb.
Şahın ölümünə başqa bir dəlil də budur ki, oğlunu axtarmaqdan bezməyən qadına - Bəhramın anasına qeybdən səs gəlir ki:
"Allah sənə bir
əmanət tapşırmışdı,
vaxtı çatanda
da onu səndən geri aldı". Bu sədadan sonra ana oğlunu axtarmaqdan əl götürür, belə demək mümkünsə, o da oğlunun
ölümü ilə
dolayısıyla barışır.
Sonra Nizami bu axtarış
işinə belə yekun vurur: "Ey Bəhram Gurdan xəbər verən (Nizami), Bəhramın gorunu axtarmaq işindən vaz keç, nəinki Bəhram Gur bizimlə bir yerdə deyil, heç Bəhramın gorunun yeri də
məlum deyil". Bu fakt - Bəhramın goru olması da onun ölümünə əlavə bir dəlildir.
Nizami Bəhramın bu cür aqibətinə dünyanın hesablaşması
kimi anlam qazandırır: Bəhram
bu dünyadan neçə-neçə Guru vuraraq,
sonra da özüylə
aparır, Gur da axırda
Bəhramı aparır.
"Əvvəllər onun
Gur dağlamasına baxma,
gör Gur - gor onu necə dağladı".
Bəhram gurbaz idi, ancaq dörd
yaşına qədər
olan gurları tutanda adını onların üstünə
damğalayaraq buraxırdı
ki, onlar böyüsünlər,
körpəykən öldürülməsinlər.
Bəhramın gurları
damğalaması onları
başqa təhlükələrdən
də qoruyurdu. Çünki həmin nişanı onların bədənində görən
digər ovçular onları vurmağa cürət etmirdilər. Şahın gurları damğalaması onlara həyat verir, ancaq gurun Bəhramı
"damğalaması" - insanlar arasından seçib aparması şahın ölümünə
səbəb olur:
"Bəhram guru ovlayırdı,
amma gün gəldi ki, gor da Bəhramı ovladı",
- deyir Nizami.
Mədəmizdə müxtəlif rəngli
xılt olur, biz nə rəngdə qida yesək də, o, içimizdəki
- mədəmizdəki həmin
xıltın içində
onun rənginə boyanır. İnsan bu dünyanı öz daxilində necə duyursa, ətrafdakı şeylər
də onun qiyafəsinə uyğunlaşır.
Bizim ətrafımızdakı
gözəlliklər içimizdəki
gözəlliklərdən asılıdır. Ona görə
də insanın daxili dünyasını Nizami boyaqçı küpünə bənzədir.
Dahi şair bunu nə üçün
deyir? Dünyadan getmişlər üçün
göz yaşı tökmək onları geri qaytarmaq üçün canfəşanlıqdan
başqa bir şey deyil. Nizami isə "üzləri örtülüb
qeyb olanlar bu rəng və
qorxulardan xilas olublar" yazır. Bu
"üz örtülmək"
məsələsi də
öz-özlüyündə Bəhramın ölümünə
işarədir.
Bu məsnəvidə Nemanın
qeyb olması ilə bağlı da ayrıca bir hissə var. Amma həmin hissədə Nemanın ölümü təsvir edilmir, onun yox
olması dünya ilə dinin bir araya sığmamasının
nəticəsi kimi əks etdirilir. Müəllif göstərir
ki, Nemana bir nəfər dedi ki, Allahı dərk eləyəndən sonra dünya insanın gözündən düşür
və cahanın nemətləri onu daha özünə çəkmir. Beləcə,
dinin tərəfini tutan Neman dünyadan uzaqlaşmağa qərar verir. Fəqət Bəhramın qeyb olması bir qədər fərqli mənada canlandırılır,
belə ki, Nizami Bəhramın qeybə çəkilməsini onun
aqibətinə yürüməsi
kimi göstərir,
Neman isə, sadəcə,
hər şeydən əl üzmək yolunu seçir.
Məsnəvidə Bəhramın uzun-uzadı
axtarılmasının canlandırılması
heç də təsadüfi deyil, Nizami bununla göstərir ki, ölənlərə
ağlamaqla, yanıb-yaxılmaqla
insanlar dünyadan köçənlərin Allaha
qovuşması ilə
qəlblərinin dərinliklərində
barışa bilmirlər,
ona görə də gecə-gündüz
aralarından ayrılan
üçün göz
yaşı axıdırlar.
Hər axan göz yaşı itirilmiş adamı axtarmaq deməkdir. Ancaq insan yoxa
çıxanın Allaha
qovuşduğuna sidq-ürəkdən
inansa, onda həmin ölümlə rahatca barışar və itirdiklərini "taparlar". İnsanlar itirdiklərini ona görə tapmırlar ki,
bu dünyadan gedənləri Allahın olduğu yerdə yox, bədənlərin çürüyəcəyi yerdə
- fani dünyada arayırlar.
Nizami Bəhramın son andakı
halını, əcəli
ilə barışmağını
bu dua qarışıq
öyüdlərlə diqqətə
çatdırır: "Canın
nədən ibarət
olduğunu bilən adamın canı bədənsiz də yaşaya bilər". Yəni insan ruhun ölməzliyini anlayandan sonra, əlbəttə ki, o, Bəhram
kimi yoxluq aləminə meyil edər və bu qərar onun
üçün qətiyyən
çətin addım
olmaz. İkinci öyüdü isə bu olur ki, dünyada
insanın ağlını
sınaqdan keçirən
çox şeylər
var, amma onlar arasında Adəm övladının çatdığı
ən ali qənaət budur: "Az yemək və çox bağışlamaq".
Əgər insan aza qane olub,
olanını da bol-bol
bağışlaya bilirsə,
deməli, onun ağlı, zəkası və qəlbinin qüdrəti ən uca həddə yüksəlib. Aliliyin bundan üstün məqamı yoxdur. Və Nizami nemətlər barədə
bir dua edir
ki, bu alqış öz-özlüyündə insanın
əzəli xislətinə
aid edilə bilər:
"Ey Allah, bizə elə şey ver ki, asanlıq gətirsin, peşmanlıq
yox". Dünya sərvəti çox
zaman insanın axirətdəki
halını çətinləşdirir,
nəinki ona rahatlıq bəxş edir. Bu dünyada asan nemət əldə edənlər
o dünyada çətin
cavablar qarşısında
qalacaqlar. Necə ki Bəhram şah gecələr sevinc və nazla yeddi
günbəzdə büsat
qurardı və günbəzdə bənzər
gözəllər onun
üzünə yeddi günbəzin sirr qapısını açardı.
Şahın bəsirət
gözü açılmış
və həqiqət sirrindən bidar olmuşdu.
Həqiqət yoluna düşən aşiqin oyaq (bidar) olması sufizmdə mühüm şərtdir. Nizami öz qəhrəmanını
hekayələrdə qoyulan
ideyalar vasitəsilə
mərhələlərlə (pillələrlə) ucaldır.
Şah yeddi gözəlin söylədiyi
hekayələr vasitəsilə
yeddi həqiqətə
asanca çatır, ancaq çatdığı
həqiqətin cavabını
Bəhram şah canı ilə ödəməli olur, yəni özünün yoxluğu ilə İlahi həqiqətə
qarışır.
Nizami bu cür ölümlərdən
- baş qəhrəmanlarının
- həm Xosrovun, həm Məcnunun, həm də İskəndərin vəfatından
sonra dünyanın mahiyyətini təsvir edir. Dünyanın gözlənilməz, zalım,
aldadıcı olduğunu
diqqətə çatdırır.
Sanki insanlığa xəbərdarlıq
edir ki, ən müdrik hökmdar olan Xosrov dünyaya
aldandı, ən çox sevən Məcnun cahanda səadət üzü görmədi, ən cəsur sərkərdə
Bəhram yoxluq mülkünə əsir oldu, dünyanın sahibi İskəndər boş əlini tabutdan çölə çıxarıb bu aləmdən heç nəsiz getdiyini hamıya nümayiş etdirdi. Dünya onların - ən güclülərin hərəsinə
bir şey vəd etdi, ancaq heç birinə də sonda heç nə vermədi. Xosrova sonsuz iqtidarla ailə səadəti vəd etdi, amma sonda
o, oğlu tərəfindən
öldürüldü, Məcnun
ən ali eşqə sahib oldu, amma dünyadan bircə an da kam ala bilmədi, Bəhram yeddi gözəl vasitəsilə
dünyanın bütün
aqibətinə bələd
oldu, lakin öz aqibətindən üz çevirə bilmədi, fənaya uğradı. İskəndər
əbədi həyat arzulayırdı, qızdırma
xəstəliyi qarşısında
aciz qaldı. Ən qüdrətlilər
arasında belə incidilməyən, qara günə yoldaş olmayan, qəflətə düşməyən kimsə
olmayıb. Əgər
dünya bu qədər fitnəkar, oyunbaz, gözlənilməzdirsə,
niyə peşman olanların aqibətindən
dərs almır, müvəqqəti qələbələrindən
həvəslənirik?
Həqiqətin məntiqi ilə
insanın məntiqi bir-birinə ziddir? Həqiqətin məntiqi odur ki, əslinə qalanda, Adəm övladı ondan güclülərin məğlubiyyətindən
həvəssizləşməliykən, sanki özündən əvvəlkilərin məğlubiyyətindən,
acı aqibətindən
şövqə gəlib
dünyadan beşəlli
yapışır. Kim bilir,
bəlkə də, dünyanı daimi qılan elə bu ziddiyyətin əbədiyyətidir?!
Fərid HÜSEYN
Ədəbiyyat
qəzeti.- 2025.- 11 oktyabr, ¹37.- S.14-15.