Məlumat bürosu, zəhmət olmasa!
Hekayə
Mən balaca olanda atamın
telefonu var idi. Bu tərəflərdə telefonu
olan tək-tük ailələrdən idik. Divara bərkidilmiş o köhnə, üstü pardaqlı qutunu yaxşı xatırlayıram.
Bir tərəfindən par-par parıldayan dəstək asılmışdı. Boyum
balaca olduğundan telefona əlim çatmırdı, amma tez-tez anamın onunla danışmağına
tilsimlənmiş kimi
qulaq asardım. Zamanla mən özüm üçün
kəşf etdim ki, bu möcüzəli qutunun içində nəsə qəribə bir varlıq yaşayır və onu "Məlumat bürosu, zəhmət olmasa!" deyə çağırırlar. Yer
üzündə elə
bir şey yox idi ki, bu
varlıq onu bilməsin. "Məlumat
bürosu, zəhmət
olmasa!" vaxtı və bütün telefon nömrələrini
dəqiq deyirdi. Mənim bu "şüşədəki cin"lə
ilk təcrübəm anam
qonşulara qonaq getdiyi gün baş tutdu.
Zirzəmidəki dülgər dəzgahını
qurdalayırdım və
təsadüfən barmağımı
çəkiclə əzmişdim.
Ağrı dəhşətli
idi, amma ağlamağın nə mənası, çünki
onsuz da evdə heç kim yox idi, mənə
kimin yazığı
gələcəkdi ki?!
Zoqquldayan
barmağımı ağzıma
soxub, evdə o baş-bu başa gəzə-gəzə gəlib
pilləkənin yanına
çatmışdım ki, budur, telefon! Cəld qaçıb qonaq otağından kətili götürdüm
və onu pilləkənin yanına gətirdim. Telefonun dəstəyini götürüb
qulağıma sıxdım:
"Məlumat bürosu,
zəhmət olmasa!"
Bir-birinin ardınca iki şıqqıltı gəldi və incə, təmiz səs qulağımda səsləndi: "Məlumat
bürosudur".
"Mən barmağımı
zədələmişəm", - mən telefonda ağlamağa başladım.
İndi özümə dinləyici
tapdığım üçün
göz yaşlarımı
rahatca axıda bilərdim.
"Anan evdə deyil məgər?" - sual səsləndi.
"Evdə heç kim yoxdur, mən
təkəm", - deyə
zarıdım.
"Qan axır?"
"Yox", - deyə cavab verdim. "Mən barmağımı
çəkiclə əzmişəm
və çox ağrıdır".
"Bəs sən buz dolabını aça bilərsən?"
- o soruşdu. Mən cavab verdim ki, bəli, bilərəm.
"Onda buz dolabından
kiçik bir buz parçası qopart və yaranın üstünə
qoy", - səs dedi.
Bu hadisədən sonra mən hər dəfə bir bəhanə ilə "Məlumat bürosu, zəhmət olmasa!" adlı o qəribə varlığa zəng edirdim. Bir dəfə ondan mənə coğrafiyadan kömək
eləməyini xahiş
etdim və o, mənə Filadelfiyanın
harda yerləşdiyini
söylədi. Riyaziyyatdan
ev tapşırıqlarımda
əməlli-başlı kömək
edirdi, bir gün əvvəl parkda tutduğum dələ haqda ona danışanda isə, onu qoz
və meyvələrlə
bəsləyə biləcəyimi
söyləmişdi. Sonra bir
dəfə, bizim bülbülümüz Piti
öləndə mən
yenə "Məlumat
bürosu, zəhmət
olmasa!"ya zəng etdim və ona bu
ürək parçalayan
xəbəri çatdırdım.
O, məni sonadək dinləyib böyüklərin
uşaqları sakitləşdirmək
üçün dedikləri
o sözlərdən söylədi.
Ancaq mən sakitləşmək bilmirdim
və ondan soruşdum ki: "Niyə
belə olur axı? Məgər bu qədər gözəl nəğmələr
oxuyub evlərə sevinc bəxş edən quşlar bu dünyaya günlərin bir günü bir yumaq lələk kimi qəfəsin küncündə ölmək
üçün gəliblər?"
O, deyəsən, mənim
nə qədər narahat olduğumu hiss etdi və buna görə də sakitcə dedi: "Pol, yadında saxla: başqa dünyalar da mövcuddur və o dünyalarda da nəğmə
oxumaq gərəkdir".
Bu sözlərdən sonra
mən bir az özümə gəldim.
Bir dəfə mən yenə ona zəng
etmişdim: "Məlumat
bürosu, zəhmət
olmasa!"
"Məlumat bürosudur,"
- dəstəyin o biri
başında artıq
mənə tanış
olan səs eşidildi.
- Fikus sözü necə yazılır?
***
Bütün bunlar Sakit okeanın şimal-qərb
sahilində yerləşən
kiçik bir şəhərdə baş
vermişdi. Mənim doqquz yaşım olanda isə biz ölkənin ta o biri başında yerləşən
Boston şəhərinə köçdük. Mən
öz dostum üçün çox darıxırdım. Amma düşünürdüm
ki, "Məlumat bürosu,
zəhmət olmasa!"
adlı varlıq yalnız əvvəlki evdə olan o köhnə taxta qutuya aid ola bilər. Nədənsə, onu təzə evimizin zalındakı kiçik masanın üstündə
yerləşən yepyeni,
par-par parıldayan telefon
aparatından yığmaq
ağlıma gəlmirdi.
Bu vaxt ərzində mən böyüyüb yeniyetmə olmuşdum, lakin uşaqlığımda
qalan o söhbətlərin
xatirəsi bircə an
da olsa, məni tərk etmirdi. Rahatsız və təlaş içində
olduğum anlarda, o vaxtlar məni əhatə edən o hüzurlu asudəlik duyğusunu tez-tez xatırlayırdım. Və
məhz o anlarda dərk edirdim: nə qədər xeyirxah, nə qədər səbrli və anlayışlı olmaq gərəkdi ki, öz zamanını balaca bir oğlana
sərf edəsən?!
Bir neçə il sonra mən kollecdə oxumaq üçün Qərbə yola düşdüm. Təyyarə
Sietldə yerə endi. O biri təyyarəyə
minmək üçün
hələ yarım saata qədər vaxt vardı. Bu şəhərdə yaşayan
bacımla təxminən
on beş dəqiqə
telefonla danışdıqdan
sonra mexaniki olaraq, nə etdiyimi tam dərk etmədən öz doğma şəhərimin
operatorunu yığdım
və "Məlumat bürosu, zəhmət olmasa", - deyə xahiş etdim. Bu, inanılmaz idi, lakin illər sonra mən çox yaxşı tanıdığım o incə,
təmiz səsi yenidən eşitdim: "Məlumat bürosudur".
Əslində, heç
nə soruşmağı
planlaşdırmamışdım, amma qəfildən ağzımdan "Fikus sözü necə yazılır?" kəlmələri
çıxdı. Uzun
bir sükutdan sonra dəstəyin o başından cavab gəldi: "Deyəsən,
barmağın tamamilə
sağalıb, hə?"
Mən güldüm. "Yəni
bu, doğrudanmı, sizsiniz? - deyə soruşdum. Bir biləydiniz,
bütün bu zaman ərzində siz mənim üçün necə böyük əhəmiyyət kəsb
etmisiniz". "Bilirəm,
- dedi. Sən də bilməlisən ki, zənglərin mənim üçün nə qədər vacib idi. Onları elə gözləyirdim
ki... Axı mənim heç vaxt öz övladım olmayıb..."
Mən ona bu illər
ərzində onu tez-tez xatırladığımı,
onun haqqında düşündüyümü dedim, soruşdum ki, bacımgilə qonaq gələndə ona yenə zəng edə bilərəmmi?
- Çox xahiş edirəm, zəng elə, - o dedi. - Sadəcə olaraq, Sallini telefona istə.
Üç ay sonra mən yenə Sietlə gəlmişdim. Yenə həmin operatoru yığdım. Bu dəfə
başqa səs cavab verdi. Mən
ondan Sallini çağırmasını xahiş
etdim. "Siz onun dostusunuz?" "Bəli, lap köhnə dostuyam," - mən cavab verdim. "Çox təəssüflə
söyləməliyəm ki, - qız dedi, - xəstə olduğu üçün Salli son beş ildir ki, yarımştat çalışırdı.
O, beş həftə
əvvəl vəfat etdi".
Elə dəstəyi asırdım
ki, qəfildən qız
soruşdu. "Siz təsadüfən Pol deyilsiz
ki?" "Bəli, özüdür".
"Bilirsiz, Salli sizə məktub yazıb. İşdir, birdən zəng vurub-eləsəniz, onu sizə oxumağımı xahiş
eləmişdi".
Məktubda deyilirdi: "Ona çatdırın
ki, mən bizim nəğmələrimizi gözləyən
başqa dünyaların
mövcud olduğuna hələ də möhkəm inanıram.
O, mənim nəyi nəzərdə tutduğumu
anlayacaq". Mən o
qıza təşəkkür
edərək dəstəyi
asdım. Sallinin nəyə işarə elədiyini anlayırdım.
Pol
VİLLARD
Tərcümə etdi: Dinar Həmidova
Ədəbiyyat
qəzeti.- 2025.- 11 oktyabr, ¹37.- S.20.