Kiçik hekayələr ustası
Zemfira Məhərrəmlinin yaradıcılığı üzərində
düşüncələr
Tanınmış yazıçı Zemfira
Məhərrəmli insan
məskəni olan Yer kürəsini dar yer kimi
təsvir edəndə
onun bəşəri sevgisinə şübhə
yeri qalmır. Yəni, biz hamımız bir beşikdə böyümüşük, mərhəmətli
olun, ey insanlar! Təsadüfi deyil ki, "dağ dağa rast gəlməsə də, insan insana rast
gələr" atalar
sözü bizim müdriklərin fikridir. Atalar sözlərimiz ulu Türkün milli-mənəvi
dəyəri kimi bizi doğru yola səsləyən hikmət xəzinəsdir.
Zemfira xanım yığcam, məna yükü cahanşümul olan "Dünya gör necə dardır..." hekayəsində iki nakam insanın taleyinə Moskvada yaşayan Azərbaycan ailəsinin həssas münasibətini qələmə
alıb. Yazıçının
duyğulu ürəyi
hekayəni daha da maraqlı edib, o, düşünüb-daşınmaq, mənən durulmaq üçün çox incə məqamlara toxunub. Özümü hekayədəki hadisələrin,
söhbətlərin şahidi,
iştirakçısı hesab
etdim. Bəri başdan deyim ki, bu, yazıçı istedadının, həssaslığının
əzəmətidir, duyğulanmaq,
duyğulandırmaq, özünəqayıdış
özünüredaktənin bir mərhələsidir. Yazıçı bunu bacarıb. İnanıram
ki, hekayəni yazmağa
başlayandan son nöqtəni
qoyana qədər Zemfira xanımın gözləri nəmli olub. Ana ürəyidir, məhz belə də olmalıdır.
Qürbətdə yaşayan (indi
Moskva da qürbətdir), bir
mehriban üz görəndə, ana dilimizdə
şirin ləhcə ilə danışan həmsöhbət (özü
də başqa xalqın nümayəndəsi)
tapanda sevinən Sərvər və Ağgülün ailəsi
soyuducu ustası Dimanın həyat hekayətini duyğusuz dinləyə bilməzdi. Armudu stəkanda limonlu, mürəbbəli
çay süfrəsi,
gülərüzlə qonaq
qarşılamaq da xalqımızın
bir mədəniyyət
nümunəsidir.
Zemfira xanım Dimanın və azərbaycanlı balası, körpə vaxtından avtomobil qəzasında hər iki valideynini itirən Ruslanın Ufadakı uşaq evində keçirdiyi mənəvi sarsıntıları
çox kövrək
hisslərlə qələmə
almışdır. Düşünürsən
ki, nə yaxşı
dünya mərhəmətli
insanlardan xali deyil.
Hekayədəki obrazlar - Ağgül,
Sərvər, onların
övladları Azər,
Günel, həmçinin
Niyaz dayı, Məsumə
xala, Dima, onun oğlu İqor və Ruslan kimi insanlara, bəlkə də hər gün rast gəlirik,
ancaq onların daxili dünyasından xəbərdar deyilik. Yazıçı bu insanları bizə elə tanıdır və sevdirir ki, onlar hamımızın doğmasına çevrilir.
Hafiz Xarəzmiyə görə,
ancaq məhəbbətlə
yaşanan günlər
ömürdəndir. Ağgül
xanım da belə ömür yaşayır.
Vətəndən uzaqlarda
məskunlaşan bu türk xanımı doğma məmləkətini,
torpağını, ailəsini,
iki övladını
sevgiyə, mərhəmətə
bələmiş xeyirxahlıq
və zəriflik mücəssəməsidir. Zemfira
xanım Ağgülün
timsalında elə bir ana, ömür-gün yoldaşı, həssas qadın obrazı yaradıb ki, hamı ona qibtə edər. Mənə elə gəldi ki, Ağgül Zemfira xanımın prototipidir, rəssamların dili ilə desək, avtoportretidir.
Ədəbiyyatın ən ümdə vəzifəsi
milliliklə bəşəriliyin
sintezini yaratmaq, insana diqqət, qayğı, sevgi hisslərini aşılamaqdır.
Kimin sözünün
qüdrəti buna çatırsa,
onun yazdıqları uzunömürlü olur.
Bu gün ən önəmli məsələ
milli ruhdan uzaq düşməyən, əslinə,
kökünə, kimliyinə
sahib duran, bəşəri
işıqlandıra biləcək
insan yetişdirməkdir.
Dünya nə qədər dar olsa da, bəşərin işıqlı övladları
onu geniş və sevimli edəcək. Bu, "Dünya
gör necə dardır..." hekayəsinin
müəllifinin əsas
missiyasıdır. Ona görə
də hekayədəki
obrazların hamısı
insanlığa nümunədir.
Bu, yazıçının arzusu, amalıdır.
***
Fridrix Şillerə görə,
"heç bir şeyə cəsarət edə bilməyən heç bir şeyə ümid bəsləməsin". Xalqımızın
ölməzliyini yaşadan
cəsarətli, qeyrətli,
namuslu, ismətli insanların birliyidir. Rəfiq Özdəkin
"Türkün qızıl
kitabı"nda ərəb
səyyahı İbn Fədlanın
(877-960) səyahət qeydləri
belə təqdim olunur: "Türk qadınları yerli və yabançı kişilərdən qaçmazlar,
vücudlarını gizlətməzlər,
amma zinalıq deyilən bir şey də bilməzlər. Belə bir suç işləyəni ortaya çıxararlarsa, onu iki parçaya bölərlər".
Tomris, Nigar, Qaçaq Gülsüm xalqımızın qəhrəmanlıq, milli mənlik, ismət, namus örnəyidir. Belə qadın obrazlarından biri də Zemfira Məhərrəmlinin "Bir qaranlıq gecədə" hekayəsindəki əri avtomobil qəzasında dünyasını dəyişəndən sonra dörd körpə balası ilə tənha qalan, övladlarını təmiz adı, halal zəhməti, cəsarəti ilə böyüdən Güldəstədir.
Abşeronda doğulan, böyüyən, Bakıda yaşayan yazıçının tipik ucqar kənd həyatını, onun çoxumuzun diqqətindən yayınan incəliklərini, gündəlik qayğılarını mükəmməl bilməsi və bu hekayədə zəngin dillə təsvir etməsi sözün müsbət mənasında məni heyrətləndirdi:
"Güldəstə həyət-bacanı süpürmüş, toyuq-cücəni hinə salmış, qapalağını bərkitmişdi. Qonşusu Tamaşa xalanın kürt düşmüş çil toyuğunu tülkü aparandan sonra gözü yamanca qorxmuşdu, toyuq-cücənin yaxın həyətlərə dadanan bu şələquyruğa yem olmasından ehtiyatlanırdı.
Ocağın közünə atmaq üçün bir qucaq çırpı gətirmişdi. Örüşdən qayıdan mal-qaranı tövlədə rahatlayıb, altını təmizləmiş, yemini-suyunu vermişdi. Yanıbalalı Bəzək inəyini sağmış, üzlü süddən qatıq çalıb, qazanın üstünü bərk-bərk basdırmışdı".
Hekayəni oxuduqca ən azı 50-55 il geriyə döndüm, analı günlərimin nostalji hissləri məni uşaqlıq və gənclik illərimə apardı. Anamın bişirdiyi kürə çörəyinin, üstünü sütül fındıq ləpələri ilə bəzədiyi kökənin, təzə-tər pencərin ətrini, dadını-tamını burnumda, ağzımda duydum ədəbi sözün ilahi sehriylə.
Vaqif OSMANLI
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, ¹38-39.- S.20.