Qəvvas deyilsənsə...
Bir atmacalı ustadnamə söyləyək, feyziyyab
olun.
Qəvvas
deyilsənsə, girmə
dəryaya,
Dalğa
şahə qalxar, su boğar səni.
Baharda toxum səp, dərzi vur yaya,
Payızda döyərsən taxılı,
dəni.
Ustadlar yanında sakit dayansan,
Naşılıq eyləyib, hərzə
deməzsən.
Səhərlər yuxudan erkən oyansan,
Deyingən arvaddan tənə
yeməzsən.
Zəhmətə alışsan, günün
ağ olar,
Tənbəlin qisməti yavan çörəkdi.
Niyyətin safdırsa, canın
sağ olar,
Bədxahı çürüdən xəbis ürəkdi.
Özünü bilənə dünya
cənnətdi,
Qanmaza, nadana zillətdi ömür.
Yaşamaq Tanrıdan lütfü-minnətdi,
Axırda
hamını torpağa
gömür.
Abuzər,
baş vurma dərin mətləbə,
Dostlara sadiq ol, ürəkdən,
candan.
Ucalsan
da hər gün neçə mərtəbə,
Təklənsən, vurarlar səni
hər yandan.
28.09.2025
Aqillər atmacalı ustadnaməni
bir
yox, iki deyərlər, biz də deyək,
əhvalınız durulsun.
El anası olubdu
El doyuran el anası
olubdu,
Kül başına kəc zəmanə, tərs dövran.
Həlləhuşlar dörd bir yana dolubdu,
Süd əvəzi göydə gedir turş ayran.
Elin gözü tərəzidi,
mizandı,
Sərrast görər əyrini
də, düzü də.
Günahları mələk kimi
yazandı,
Yığılsa da, fitnəkarın yüzü
də.
Hiylənin min üzü, min yolağı
var,
Şeytana dərs verər
biclikdən, şərdən.
Dul arvadı qız yerinə sırıyar,
Tələ qurar, mərdi salar yəhərdən.
Düzlük bir dənədir
əzəl binadan,
Qılınctək doğrayar yalan-palanı.
Qahmar dursa nər kişiyə yad nadan
Süngüsar eyləyər olub-qalanı.
Abuzər,
de gəlsin sözün
məğzini:
Ömür-gündən ləzzət alana əhsən!
Qoçaqdır, kim tutsa həyat nəbzini,
Yaxşılıqda adı qalana əhsən!
11.10.2025
Müdriklər atmacalı ustadnaməni
iki yox, üç söyləyərlər,
biz də söyləyək, kefiniz kökəlsin.
Əppək gəzəndə
Yeri-göyü xəlq eyləyən
əzəldən
Nizam qurub, saz yaradıb
hər şeyi.
Kamil insan ləzzət duyar qəzəldən,
Handan-hana dilə vurar al meyi.
Adəm
oğlu şəyird durdu şeytana,
Əyri
düzə, nahaqq haqqa can dedi.
Qol çırmayıb, oğru
girdi meydana,
Bicbalalar
gecə-gündüz bal
yedi.
Namus, qeyrət satlıq mala dönübdür,
Nakişilər zənən satıb
varlanır.
Sanki mərdin gur çırağı sönübdür,
Çərxi-fələk daha tərsə fırlanır.
Qantarğasız minib haram halalı,
Mahmızlayır, dəhmərləyir durmadan.
Şərlə xeyir əlbir qurub cəlalı,
Toplayırlar sərvət, təpik
vurmadan.
Qazı,
cani xısınlaşıb
dil tapır,
Araçıdı para adlı nazəndə.
Ay Abuzər, tülüngülər
var qapır,
Kasıb
bircə loxma əppək gəzəndə.
18.10.2025
Abuzər TURAN
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, №38-39.- S.21.